Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-515/2023 12.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Cavabdeh3 MMC-nin nümayəndəsi və vəkili Vəkil1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3 MMC, X2 və Cavabdeh2 qarşı borcun ödənilməsi və tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-37/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi və iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3 MMC, X4 və Cavabdeh2 254155,07 ABŞ dolları əsas borc, 26235,72 ABŞ dolları faiz, illik beş faizlə hesabalnmış 6071,48 ABŞ dolları cəmi 286462,27 ABŞ dolları məbləğində pulun xeyrinə tutulması, tutmanın ilkin satış qiyməti müəyyən edilməklə tam mülkiyyət hüququ üzrə Cavabdeh3 MMC-yə məxsus 0.05733 ha torpaq sahəsinə və onun üzərində yerləşən ümumi sahəsi 669.3 m2 olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına (Nübar kafesi) yönəldilməsi, ipoteka predmeti satıldıqdan sonra 1 ay ərzində boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azər-Türk Bank” ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli 01 saylı Kredit Müqaviləsinə əsasən Cavabdeh3 MMC-yə illik 8 % dərəcəsi ilə 36 ay müddətinə 350000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit Müqaviləsinin təminatı olaraq, tam mülkiyyət hüququ üzrə Cavabdeh3 MMC-yə məxsus ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binası (Nübar kafesi) ipoteka götürülmüş. Cavabdeh3 MMC tərəfindən xx.xx.2018-ci il tarixli 01 saylı kredit müqaviləsi üzrə öhdəliklər vaxtında yerinə yetirilmədiyi üçün ona pretenziya məktubu göndərilmiş, lakin bunun heç bir nəticəsi olmamışdır. xx.xx.2018-ci il tarixli 01 sаylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin еtmək məqsədilə xx.xx.2018-ci il tarixli 01 saylı zaminlik müqavilələrinə əsasən, Cavabdeh3 MMC-nin Bank qarşısında öhdəlikləri tam yеrinə yеtirilənədək X4 və Cavabdeh2 Cavabdeh3 MMCyə zamin durmuşdur Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-37/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Həmin qətnamədən narazı qalan hər üç cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətlərinin dəlilləri və tərəflərin izahatları : Cavabdehlərin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı ve onlardan istifadə etməli olduğu halda, yalnız iddiaçının iddia ərizəsinde qeyd edilənləri nəzərə almaqla kifayətlənmişdir. Cavabdehlər apellyasiya şikayətində pretenziya məktublarının, iddiaçı tərəfindən cavabdehlərə kredit borcunun tələb edilməsi və borcunun ipoteka predmentinə yönəldilməsi barədə bildirişlərin göndərilmədiyini bildirmişlər. Tərəflərin izahatları: Kollegiyanın iclasında iştirak edən cavabdehlər Cavabdeh3 MMC-nin və X3 vəkilləri (nümayəndələri) apellyasiya şikayətlərini müdafiə etmişlər. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı tərəf isə apellyasiya şikayətlərinin əsassız olması səbəbindən təmin edilməməsini, mübahisələndirilən qətnamənin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq cavabdeh X4 məhkəmə iclasında iştirak etməmiş və bunun hər hansı üzrlü səbəblə bağlı olması barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, məhkəmə hazırkı işə cavabdeh X1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya Məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alaraq iş mаtеriаllаrını və аpеlyаsiyа şikаyətinin dəlillərini аrаşdırаrаq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. AR MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarında olan: -06 mart 2018-ci il tarixli 01 saylı kredit müqaviləsindən görünür ki, kreditor İddiaçı ASC, borcalan Cavabdeh3 MMC-yə xx.xx.2021-ci il tarixədək 350000 ABŞ dolları məbləğində kredit verir. -Borcalan kreditin istifadəsinə görə illik 8% ödəyir. 06 mart 2018-ci il tarixli 01 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə zamin Cavabdeh1 borcalan ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. -06 mart 2018-ci il tarixli 01 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə zamin Cavabdeh2 borcalan ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. -07 mart 2018-ci il tarixli və 04 iyul 2019-cu il tarixli 1 nömrəli ipoteka müqaviləsi və 001-İPƏ-1/1-2019 nömrəli əlavədən görünür ki, ipoteka saxlayan Azər-Türk Bank ASC, Cavabdeh3 MMC tərəfindən kredit təminatı kimi ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 669.3 m2 olan və mülkiyyət hüquqları AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 27 iyun 2019-cu il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona məxsus daşınmaz əmlakı ipoteka saxlayana ipotekaya verir. -"xxxx" MMC-nin qeyri yaşayış binasının qiymətləndirilməsi barədə 01/21-351 saylı 29 iyun 2021-ci il tarixli hesabatından görünür ki, Cavabdeh3 MMC-yə məxsus olan ünvan 3 ünvanında yerləşən 2 mərtəbəli, 669,30 m2 ümumi sahədən ibarət qeyri yaşayış binasının bazar dəyəri ******* manat, likvid dəyəri ******* manat təşkil edir. -Azərbaycan respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin qeydiyyat tarixi xx.xx.2018-ci il və qeydiyyat nömrəsi ********** olan ******* nömrəli çıxarışından görünür ki, Cavabdeh3 MMC-yə məxsus olan ünvan 3 ünvanında yerləşən torpaq sahəsi dövlətin mülkiyyətindədir. -Cavabdeh3 MMC-nin xx.xx.2018-ci il tarixli 01 saylı Kredit müqaviləsi üzrə İddiaçı ASC-yə xx.xx.2021-ci il tarixə olan borcu barədə maliyyə arayışından görünür ki, ödənilmiş əsas borc 95844,93 ABŞ dolları, ödənilmiş faiz borcu 55845,14 ABŞ dolları, ödənilməli əsas borc 254155,07 ABŞ dolları, ödənilməli faiz borcu 26235,72 ABŞ dolları, xx.xx.2021ci il tarixdən xx.xx.2021-ci il tarixə ödənilməsi gecikdirilmiş əsas borc məbləğinə hesablanmış illik beş faiz 6071,48 ABŞ dolları, ümumi borc 286462,27 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1, 386, 421.1 və 445.7-ci maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. “İpoteka haqqında” Qanunun 59.3-cu maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Göründüyü kimi iddiaçı və cavabdehlər arasında qanunvericiliyə uyğun olaraq kredit və ipoteka müqavilələri bağlanmış, iddiaçı tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdehlər bankın qarşısında olan borcu ödəməməklə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/7862 saylı 29 noyabr 2021-ci il tarixli ekspert rəyindən görünür ki, 06 mart 2018-ci il tarixli 01 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh3 MMC-nin 06 mart 2018-ci il tarixli 01 saylı kredit müqaviləsi üzrə "xxxx" Bank ASC-yə olan borcu xx.xx.2021ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) əsas borc üzrə 253443,66 ABŞ dolları, faiz borcu üzrə 14777,43 ABŞ dolları, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək illik 5%-lə hesablanmaqla faiz borcu 5948,89 ABŞ dolları təşkil edir. Tədqiqatın dəyəri 150 manatdır. Kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianı qismən təmin etmiş, 9/7862 saylı 29 noyabr 2021-ci il tarixli ekspert rəyinə əsaslanaraq əsas borc 253443,66 ABŞ dolları, faiz borcu 14777,43 ABŞ dolları, illik 5%-lə hesablanmış faiz borcu 5948,89 ABŞ dolları məbləğində müəyyən etmişdir. Cavabdehlərin apellyasiya şikayətində məhkəmə qətnaməsinin əsassız və qanunsuz olması ilə bağlı əsaslı sübut təqdim edilməmiş, yalnızca formal mülahizələrə əsaslanılmışdır. Hər üç cavabdeh eyni məzmunlu apellyasiya şikayəti verərək, şikayətlərdə iddiaçı tərəfindən onlara müvafiq xəbərdarlıqların göndərilməməsi və ya düzgün qaydada məlumatlandırılmamaqları bildirilsə də, qeyd edilən iş materialları və məhkəmə araşdırması zamanı təkzib olunmuşdur. Belə ki, iddiaçının təqdim etdiyi sənədlərdən görünür ki, pretenziya məktubları, iddiaçı tərəfindən cavabdehlərə kredit borcunun tələb edilməsi və borcunun ipoteka predmentinə yönəldilməsi ilə bağlı bildirişlər cavabdehlərin ünvanlarına göndərilmiş, yəni iddiaçı öz öhdəliklərini yerinə yetirmişdir. Yuxarıda qeyd edilənlərə məcmu halda qiymət verən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdehlərin apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallları düzgün qiymətləndirildiyindən və işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 77.1 və 14.2-ci maddələrinin tələblərinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0 və 384.0.2-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdehlərin apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdehlərin apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-37/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Кollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Кollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Kamran Əkbərov Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2-2(103)-515/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-515/2023
12.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver