Məhkəmə qərarları › İş №2-2(103)-515/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-515/2024

23.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-515/2024 23.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Qurbanovun məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4623/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 01 noyabr 2022-ci il tarixində 76 nömrəli icarə müqaviləsi əsasında yaranmış 22246 manat icarə haqqı borcunun və ilkin mediasiya sessiyası üçün 200 manat məbləğində ödənilmiş xərcin, ümumilikdə 22446 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 07 noyabr 2023-cü il tarixli, e-2-2(113)-4623/2023 nömrəli qiyabi qətnaməsinə əsasən iddia təmin edilmişdir. Qətnamə xx.xx.2023-cü il tarixdə qanuni qüvvəyə mindikdən sonra həmin tarixdə icra vərəqəsi tərtib edilərək icra edilməsi üçün Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə göndərilmiş, sonuncu tərəfindən 09 yanvar 2024-cü il tarixdə icra sənədi üzrə icraata başlama haqqında qərar qəbul edilmişdir. 01 mart 2024-cü il tarixdə Cavabdeh MMC tərəfindən elektron sistemə buraxılmış prosessual müddətin bərpa edilməsi ilə bağlı ərizə əlavə edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC olaraq Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4623/2023 №-li iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qiyabi qətnaməsi haqqında məlumatı Nərimanov Rayon İcra Şöbəsindən icra məmurunun icra verəqisi ilə bağlı xx.xx.2024-cü il tarixində Cavabdeh MMC-nin direktoru X3 zəngi nəticəsində əldə etmişlər. X2 Hüquqi şəxslərin dövlət reyestrində MMC-nin qanuni təmsilçisi kimi qalmasına baxmayaraq, əmək müqaviləsinə xx.xx.2023-cü il tarixindən etibarən xitam verilmişdir. xx.xx.2023-cü il tarixindən etibarən X2, həmçinin digər hər hansı əməkdaşın Cavabdeh MMC-də hər hansı əmək fəaliyyəti olmamışdır. Cavabdeh MMC-nin faktiki olaraq fəaliyyətinin olmaması səbəbindən işçiləri ilə bağlanılan bütün əmək müqavilələrinə xitam verilmişdir . Cavabdeh MMC-nin işçisi olmadığından elektron resurslar vasitəsilə MMC-yə ünvanlanan hər hansı məlumatları izləyən şəxs mövcüd olmamışdır. Hal hazırda Cavabdeh MMC-nin hər hansı ofisi də mövcüd deyildir. Qiyabi qətnamənin məhkəmə portalında yerləşdirilməsi və iş üzrə bütün materialların həmin portal vasitəsilə göndərilməsi barədə məlumatı yalnız icra məmurundan almışdır və xx.xx.2024-cü il tarixində həmin portala daxil olaraq qətnaməni yükləyib əldə etmişlər. Hazırda hüquqlarının məhkəmə instansiyasında müdafiə olunmasında maraqlıdır və hesab edir ki, qiyabi qətnamənin ləğvi barədə ərizənin verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddət qeyd olunan üzrlü səbəbdən ötürmüşlər. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-4623/2023 nömrəli qərardadı ilə ərizə təmin edilmişdir. İddiaçı MMC, həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Hazırki işdə də həmin əsaslar mövcuddur. Belə ki, Mülki Prosessual Məcəllənin 135.5-ci maddəsinə görə bu Məcəllənin 135.2ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.8-ci maddəsində isə göstərilmişdir ki, kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Lakin iş materiallarından müəyyən edilir ki, Cavabdeh MMC-nin “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindəki elektron kabineti xx.xx.2023-cü il tarixdə qeydiyyatdan keçmişdir. Ona görə də, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)- 4623/2023 nömrəli qiyabi qətnaməsi xx.xx.2023-cü il tarixdə cavabdehə məxsus həmin elektron kabinetə deyil, Azərbaycan Respublikasının İqtisadiyyat nazirliyi X7 Xidmətinin AVİS – X1 Sistemində qeydiyyatdan keçmiş elektron kabinetə yerləşdirilmişdir. Qətnamənin surətinin həmin elektron sistemdəki elektron kabinetə yerləşdirilməsi isə Mülki Prosessual Məcəllənin 135.5-ci maddəsinə əsasən məhkəmə qətnaməsinin rəsmi qaydada verilməsi hesab edilmir. Eyni zamanda işdə olan məhkəmə bildirişindən görünür ki, iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi müvafiq olaraq poçt rabitəsi vasitəsilə göndərilsə də, həmin ünvanda olmaması səbəbindən bildiriş geri qaytarılmışdır. Göründüyü kimi cavabdehin məhkəmə iclası və qəbul edilmiş qiyabi qətnamə barədə məlumatlı olması təsdiq olunmur. İşin qeyd olunan hallarını nəzərə alaraq kollegiya hesab edir ki, prosessual müddətin buraxılması üzrlü səbəblərdən baş vermişdir. Bu mənada, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq ərizənin təmin edilməsi nəticəsinə gəlmişdir. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4623/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar