Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-517/2020 13.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X1 və cavabdehin nümayəndəsi və vəkili X2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-715/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh «xxxxxxxxxxx» Kiçik Müəssisəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı QSC X7 Təşkilatı cavabdeh «xxxxxxxxxxx» Kiçik Müəssisəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16730 manat əsas borc, 4497,56 manat faiz borcu olmaqla cəmi 21227,56 manat məbləğində kredit borcunun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması və borc tələbinin cavabdeh “xxxxxxxxxxx” Kiçik Müəssisəsinə məxsus daşınmaz və daşınar əmlaklara (nəqliyyat vasitələri və texnikalara) yönəldilməsi, həmin əmlaklar üzərində mülkiyyət hüququna xitam verilməsi və İddiaçı QSC X7 Təşkilatının həmin əmlaklar üzərində mülkiyyət hüququnun tanınması, müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və digər səlahiyyətli orqanların üzərinə İddiaçı QSC X7 Təşkilatının yuxarıda qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-715/2020 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh «xxxxxxxxxxx» Kiçik Müəssisəsi həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi iddia müddətinin tətbiq edilməsi barədə ərizəni nəzərə almamış, bununla da maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X4 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi X3 isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə «xxxxxxxxxxx» Kiçik Müəssisəsi arasında xx.xx.2008-ci il tarixli 247 saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən cavabdehə 12 ay müddətinə illik 19 faiz ödəmək şərti ilə 30000 manat məbləğində kredit verilmişdir. xx xxxxxxx 2009cu il tarixdə həmin müqavilənin tərəfləri arasında 01 saylı əlavə bağlanılmış və həmin əlavəyə əsasən kreditin qaytarılma müddəti xx xxxxxxx 2010-cu il tarixə qədər uzadılmışdır. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2015-ci il tarixli 570 nömrəli Fərmanının və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli 101s saylı Sərəncamının icrası ilə əlaqədar olaraq, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə məxsus problemli aktivləri (borcları) üzrə tələb hüququ xx xxxxxx 2015-ci il və xx xxxxx 2017-ci il tarixli müqavilələr əsasında “İddiaçı" Qapalı Səhmdar Cəmiyyəti X7 Təşkilatına keçmişdir. Həmin Sərəncamın icrası ilə bağlı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin “xxxxxxxxxxx” kiçik müəssisəsinə qarşı müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ da xx.xx.2017-ci il tarixli S-80 saylı təhvil-təslim aktı əsasındaİddiaçı QSC X7 Təşkilatına keçmişdir. İddiaçı bildirir ki, cavabdeh öz öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və onun əsas borcu 16730 manat, faiz borcu 4497,56 manat, cəmi borc isə 21227,56 manat təşkil edir. Cavabdeh iddiaya etiraz edir və iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək, iddia müddətinin tətbiq edilməsi və iddianın rədd edilməsini xahiş edir. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi və ona dair əlavənin şərtlərinə görə kreditdən istifadə müddəti xx.xx.2010-cu il tarixdə başa çatır. Hazırkı iddia ərizəsi isə xx.xx.2020-ci il tarixdə, yəni xx.xx.2010-ci il tarixdən hesablanmaqla 9 il 4 ay keçdikdən sonra verilmişdir. Mülki Məcəllənin 372.1 və 372.2-ci maddələrinin tələblərinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İddiaçının Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini, cavabdeh tərəfindən xx.xx.2010-cu il tarixdən sonra ödənişlərin aparıldığını təsdiq edən sübutların təqdim edilmədiyini (əksinə məhkəmə iclasında iddiaçının nümayəndəsi sonuncu ödənişin 2010-cu ildə edildiyini bildirdi), yəni hazırkı işdə Mülki Məcəllənin 379 və 380-ci maddələrində göstərilən iddia müddəti axımının dayandırılması və kəsilməsi hallarının müəyyən olunmadığını, həmçinin iddiaçı tərəfindən iddia müddətinin üzrlü səbəblərdən ötürülməsi barədə sübutların təqdim edilmədiyini və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddia müddətinin keçməsi səbəbinə görə borcun tutulması barədə iddia rədd edilməlidir. Eyni zamanda həmin iddia tələbləri rədd edildiyinə görə borcun tutulmasının borcluya məxsus əmlaklara yönəldilməsi tələbləri də hüquqi dəyərləndirmə və araşdırma aparılmadan rədd edilməlidir. Birinci instansiya məhkəməsinin iddia müddəti ilə bağlı mövqeyi isə səhvdir və maddi hüquq normalarının tələblərinə ziddir. Belə ki, bununla bağlı məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin 6.1-ci bəndinə əsasən bu müqavilənin 4.5-ci bəndi ilə nəzərdə tutulmuş vaxt borc öhdəliyinin tam həcmdə icra edilməsinin son tarixi kimi müəyyən edilmişdir. Həmin müqavilənin 6.2-ci bəndinə uyğun olaraq kreditin tam həcmdə qaytarılması tarixi kredit üzrə əsas borcun və hesablanmış faizlərin borcverənin hesabına daxil olduğu tarix hesab olunur. Bununla da mübahisə predmeti olan müqavilənin 16-cı bəndinə əsasən “müqavilənin qüvvədə olma müddəti” müqavilə imzalandığı gündən qüvvəyə minir və bu müqavilə üzrə borcalanın öz üzərinə götürdüyü öhdəliklər borcalan və ya üçüncü şəxs tərəfindən vaxtında və ya vaxtından əvvəl tam həcmdə yerinə yetirildikdə xitam olunmuş hesab edilir. Tərəflər arasında bağlanmış müqavilənin qüvvədə olma müddəti tərəflərin öhdəliklərini tam yerinə yetirdiyi tarixədək müəyyən edilmişdir. Qeyd olunan öhdəliklər başlandığı tarix xx.xx.2008-ci il qəbul edilməlidir. Hazırki mübahisə predmetinin əsasını qeyd olunan müqavilə təşkil etdiyindən öhdəliyin tam olaraq yerinə yetirilmədiyi başa düşülməlidir. Belə olan halda qeyd olunan müqavilənin qüvvədə olma müddəti həmin müqavilənin 16-cı bəndi üzrə müəyyən edilməlidir. Cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsində göstərdiyi hallar məhkəmə tərəfindən əsassız hesab edilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır və qeyd edir ki, müqavilənin qüvvədə olma müddətinin öhdəliklərin tam icra edilməsi ilə əlaqələndirilməsi Mülki Məcəllənin 372-384-cü maddələrində nəzərdə tutulmuş iddia müddətinin və həmin Məcəllənin 550-554-cü maddələrində nəzərdə tutulmuş müddətin keçməsinə görə öhdəliyin xitamının tətbiqini qeyri-mümkün edir. Çünki bu halda öhdəliklər icra edilməyənədək müddətin axımı başlanmır, öhdəliklər tam icra olunduqda isə müddətin hesablanmasına ehtiyac olmur. Mülki Məcəllənin 554.4-cü maddəsində də təsbit edilmişdir ki, müddətin keçməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Tərəflər müddətin keçməsinin sadələşdirilməsi, o cümlədən onun qısaldılması barədə razılaşa bilərlər. Qeyd olunanlara əsasən kollegiya qeyd edir ki, müqaviləyə daxil edilən belə şərtlər Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən etibarsızdır və mübahisənin həlli baxımından hər hansı əhəmiyyət daşımır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə iddia rədd edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh «xxxxxxxxxxx» Kiçik Müəssisəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-715/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı QSC X7 Təşkilatının cavabdeh «xxxxxxxxxxx» Kiçik Müəssisəsinə qarşı 16730 manat əsas borc, 4497,56 manat faiz borcu olmaqla cəmi 21227,56 manat məbləğində kredit borcunun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması və borc tələbinin cavabdeh “xxxxxxxxxxx” Kiçik Müəssisəsinə məxsus daşınmaz və daşınar əmlaklara (nəqliyyat vasitələri və texnikalara) yönəldilməsi, həmin əmlaklar üzərində mülkiyyət hüququna xitam verilməsi və İddiaçı QSC X7 Təşkilatının həmin əmlaklar üzərində mülkiyyət hüququnun tanınması, müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və digər səlahiyyətli orqanların üzərinə İddiaçı QSC X7 Təşkilatının yuxarıda qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması barədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-517/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-517/2020
13.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver