Məhkəmə qərarları › İş №2-2(103)-517/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-517/2021

04.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-517/2021 04.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə2 və cavabdehlərin nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-130/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 31.03.2021-ci il tarixli qərardadından cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan QSC «Bank Standard» Kommersiya Bankı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda Cavabdeh1 MMC və Cavabdeh2 ilk iddia ilə birlikdə baxılmaq üçün ləğv prosesində olan QSC «Bank Standard» Kommersiya Bankına qarşı zaminlik müqaviləsinə xitam verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin 31.03.2021-ci il tarixli e-2-2(113)-130/2021 saylı qərardadı ilə qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır. Cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 şikayət verərək, həmin qərardadın ləğv edilməsi və qarşılıqlı iddia ərizəsinin icraata götürülməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 12.04.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi və vəkili X2 şikayəti müdafiə etdi, iddiaçının nümayəndəsi Nümayəndə2 isə şikayətə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 155.1 və 155.2-ci maddələrindən görünür ki, qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir. Eyni zamanda məhkəmə baxışı zamanı da qarşılıqlı iddia verilə bilər. Lakin bunun üçün əsaslar yalnız məhkəmə baxışı gedişində əmələ gəlməlidir. Hazırkı iş üzrə verilmiş qarşılıqlı iddia isə qeyd olunan prosessual normaların tələblərinə uyğun deyildir. Çünki iş materiallarından görünür ki, qarşılıqlı iddia ərizəsi işin baxılmasına başlanana qədər verilməyib, həmçinin onun verilməsi üçün əsasların məhkəmə baxışı gedişində yaranmasını təsdiq edən hallar mövcud deyildir. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq qarşılıqlı iddia ərizəsini icraata qəbul etməmiş, şikayətin dəlilləri isə əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Eyni zamanda kollegiya qeyd edir ki, cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia mahiyyət etibarı ilə iddiaya qarşı etiraz məzmununda tərtib olunmuşdur. Eyni məzmunlu (zaminliyə xitam verilməsi ilə bağlı) iddiaya etiraz isə artıq verilmişdir (i/v 62). Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-130/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 31.03.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar