Məhkəmə qərarları › İş №2-2(103)-519/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-519/2020

21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-519/2020 21.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundanibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdeh “xxxxxxxx” Mənzil - Tikinti Kooperativinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması barədə iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(113)-387/2020 saylı qətnaməsindən (hakim Fərrux Qasımov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdeh “xxxxxxxx” MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1.000.000 manat məbləğində əsas, 218.444,54 manat məbləğində faiz, 126.250 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faiz borcu olmaqla, ümumilikdə 1344694,54 manat məbləğində kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(113)-387/2020 saylı qətnaməsi ilə ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “xxxxxxxx” Mənzil - Tikinti Kooperativinə qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə iddiası qismən təmin edilmiş, 993333,33 manat məbləğində əsas borc, 22736,30 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 1.016.069,63 manat məbləğində pul vəsaitinin “xxxxxxxx” Mənzil - Tikinti Kooperativindən tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(113)-387/2020 saylı qətnaməsinin ləğv edilərək iddianın tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsi iddia tələbinin qismən təmin olunması barədə qətnamə qəbul etdikdə, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 18470 saylı məhkəməmühasibatlıq ekspertizasının rəyinə əsaslanmışdır. Ekspert rəyində xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixə əsas borc üzrə 993.333,33 manat, faiz borcu üzrə 22.736,30 manat müəyyən edildiyi üçün məhkəmə iddianın qismən təmin olunması qənaətinə gəlmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsini nəzərə almamışdır. Belə ki, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Bu hissədə məhkəmə səhv nəticəyə gəlmişdir. Belə ki, cavabdeh “xxxxxxxx” MTK ilə bank arasında bağlanmış kredit müqaviləsinin 2.5-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrakinə uygun olaraq həyata keçirilir. Borcalan kredit və (və ya) ona hesablanmış faizləri ödəniş qrafikin (əlavə 1) nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün aylıq ödəniş məbləğinin 1% cərimə və vaxtı keçmiş kredit üzrə 44% faizi ödəyir. Cavabdeh “xxxxxxxx” MTK tərəfindən imza edilən xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin 3.4.2-ci bəndinə əsasən isə, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri banka ödəmək borcalanın vəzifəsi kimi qeyd edilmişdir. Lakin məhkəmə qətnamə qəbul edərkən cavabdehdən tələb edilən 218.444,54 manat faiz borcunu tam təmin etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarına əsasən, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malik olması qeyd etmişdir. Həmin hüquqdan istifadə edərək iddiaçı tərəfindən tələb edilən kredit müqaviləsinin müddəti bitdiyi tarixdən sonra hesablanan 126.250 manat faiz borcu təmin edilməmişdir. İşə apellyasiya qaydasında baxılması xx.xx.2020-ci il tarixə təyin edilmiş, cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyərək, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(113)-387/2020 saylı qətnaməsi qismənillik 5 faiz tələbinin rədd edildiyi hissədə ləğv edilməli, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə cavabdeh “xxxxxxxx” Mənzil - Tikinti Kooperativindən öhdəliyin icra müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmış 124166 manat faiz borcu tutulmalı, qalan hissədə faiz tələbi rədd edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 372.6.-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İddiaçı qətnamənin tam ləğv edilməsini xahiş etsə də, iş üzrə qəbul edilmiş qətnaməni iddianın təmin edilmədiyi hissədə mübahisələndirir. Məhkəmə qətnaməni mübahisələndirilən hissədə yoxlayaraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən əsaslıdır. İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən, bank cavabdehə 12 ay müddətinə illik 8 faiz ödəmək şərti ilə 1.000.000 manat məbləğində kredit vermişdir. Müqavilənin şərtlərinə əsasən, borclu krediti və hesablanmış faizləri müəyyən olunmuş müddət ərzində qaytarmağı öhdəsinə götürsə də, üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Bank tərəfindən təqdim olunmuş maliyyə arayışına əsasən xx xxxxx 2019-cu il tarixə cavabdehin 1.000.000 manat məbləğində əsas, 218.444,54 manat məbləğində faiz, 126.250 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faiz borcu olmaqla, ümumilikdə 1.344.694,54 manat məbləğində yaranmışdır. İşə birinci instansiya qaydasında baxılarkən borc məbləğinin dəqiq müəyyən olunması məqsədilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın xx xxxxxx 2019-cu il tarixli, 18470 saylı rəyində qeyd olunmuşdur ki, müqavilə müddəti bitdiyi xx xxxxxxxx 2016-cı il tarixə “xxxxxxxx” MTK-nın banka 993.333,33 manat məbləğində əsas borcu, 22.736,30 manat məbləğində faiz borcu olmaqla ümumilikdə 1.016.069,63 manat borcunun olması müəyyən olunur. Birinci instansiya məhkəməsi işdəki sübutları, ekspert rəyini nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu, 427.3-cü maddələrinə istinad edərək cavabdehdən ekspert rəyi ilə müəyyən edilmiş məbləğdə əsas və öhdəliyin icra müddəti bitənədək hesablanmış faiz borcunun tutulması barədə nəticəyə gəlmiş, öhdəliyin icra müddəti bitdikdən sonra bank tərəfindən əsas borca illik 5 %-lə hesablanmış məbləğin tutulması hissəsinə iddiaçının tələbini təmin etməmiş, həmin tələbin təmin edilməməsinin səbəbi qətnamədə əsaslandırılmamışdır. Halbuki MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.1-ci maddəyə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə hesab edir ki, cavabdehin kredit müqaviləsinin qüvvədə olduğu müddət üçün ödəməli olduğu kredit borcunun hesablanması xüsusi bilik tələb etdiyindən birinci instansiya məhkəməsi düzgün olaraq iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş və ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən kredit öhdəliyi üzrə 16.06.016-cı il tarixdə həyata keçirilmiş 57.111,11 manat məbləğində ödənişin 50444,44 manatı əsas borc üzrə, 6666,67 manatı faiz borcu üzrə silinməli idi. Silinmə bu qaydada həyata keçirilərsə xx.xx.2016-cı il tarixə banka ödənilməli olan cəmi borcun məbləğinin 1.016.069,63 manat olduğu müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində ekspert rəyinin məhkəmə tərəfindən sübut kimi qəbul edilməməsi üçün əsaslı mülahizələr irəli sürülmədiyindən qətnamə müqavilə üzrə əsas və faiz borcunun tutulması hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, öhdəliyin icra müddəti bitdikdən sonra cavabdehə illik 5 %-lə hesablanmış faiz borcunun tutulması hissəsində iddiaçının tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarına əsasən, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etməyə haqlıdır. Hazırkı halda kredit öhdəliyinin icra müddəti xx.xx.2016-cı il tarixdə bitmiş, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2019-cu il tarixdə müraciət etmişdir. Belə olan halda öhdəliyin icrasının gecikdirildiyi 2 il 6 ay üçün 993.333,33 manat əsas borc məbləğinə illik 5 %-lə faiz hesablanarsa bu məbləğ 124.166 manat (993.333,33 x 5%=49666,6./12 ay=4138,88x30 ay) təşkil edir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2- 2(113)-387/2020 saylı qətnaməsi qismən- illik 5 faiz tələbinin rədd edildiyi hissədə ləğv edilməli, iddia həmin hissədə qismən təmin edilərək ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə cavabdeh “xxxxxxxx” Mənzil - Tikinti Kooperativindən öhdəliyin icra müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmış 124166 manat faiz borcu tutulmalı, qalan hissədə faiz tələbi rədd edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(113)-387/2020 saylı qətnaməsi qismən- illik 5 faiz tələbinin rədd edildiyi hissədə ləğv edilsin. İddia həmin hissədə qismən təmin edilərək ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə cavabdeh “xxxxxxxx” Mənzil - Tikinti Kooperativindən öhdəliyin icra müddəti bitdikdən sonra əsas borca illik 5 %-lə hesablanmış 124.166 manat faiz borcu tutulsun. Qalan hissədə faiz tələbi rədd edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına ( ünvan: Bakı şəhəri, Yusif Səfərov küçəsi, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar