Məhkəmə qərarları › İş №2-2(103)-519/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-519/2021

22.06.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-519/2021 22.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili X1 və cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-239/2021 nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi 26.01.2021-ci il tarixli qətnaməsindən İddiaçı MMC və Cavabdeh MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətdə olan SHANTUİ SD 22 markalı, Az 10P-411 dövlət qeydiyyat nişanlı, buraxılış ili 2011-ci il, SD22AA113598 zavod nömrəli nəqliyyat vasitəsinin təhvil verilməsi və İddiaçı MMC-yə dəymiş 64000 manat maddi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 26.01.2021-ci il tarixli e-2-2(113)-239/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, SHANTUİ SD 22 markalı, Az 10P-411 dövlət qeydiyyat nişanlı, buraxılış ili 2011-ci il, SD22AA113598 zavod nömrəli nəqliyyat vasitəsi Cavabdehndən alınaraq İddiaçınə təhvil verilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. İddiaçı MMC və Cavabdeh MMC həmin qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Apellyasiya şikayətlərində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında iddiaçı və cavabdehin nümayəndə və vəkilləri təmsil etdikləri şəxslərin apellyasiya şikayətini müdafiə etdilər və əks tərəfin apellyasiya şikayətinə isə etiraz etdilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, Cavabdeh MMC ilə İddiaçı MMC (keçmiş adı - “xxxx” MMC) arasında 05.09.2012-ci il tarixli 063 Rİ-GR nömrəli və 21 sentyabr 2017-ci il tarixli 0093 Rİ-GM/17 nömrəli ehtiyat hissələrinin satışı müqavilələri bağlanmış və müqavilələrə əsasən satıcı müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə (Əlavə 1. Əlavə 2 və s.) göstərilmiş malları alıcıya satmağı və alıcı isə öz növbəsində bu mallar üçün razılaşdırılmış qiyməti ödəməyi öhdəsinə götürmüşdür. Həmin tərəflər arasında 05.09.2012-ci il tarixli TXM-00134C nömrəli və 23 avqust 2017-ci il tarixli TXM00052C/17 nömrəli Texniki xidmət müqavilələri bağlanmış və müqavilələrə əsasən sifarişçinin və yaxud sifarişçi tərəfindən təyin edilmiş məsul şəxsin tapşırığına əsasən icraçı sifarişçiyə məxsus olan yeni və yaxud işlənmiş texnikaları üzrə servis xidməti göstərilməsini və anbarda olan ehtiyat hissələri ilə təchiz edilməsini öz üzərinə götürmüşdür. Hazırki mübahisə predmeti olan və İddiaçı MMC-yə məxsus SHANTUl SD22 markalı, AZ 10P-411 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi təmir olunması üçün 30 avqust 2018-ci il tarixdə Cavabdeh MMC-yə təhvil verilmiş, nəqliyyat vasitəsi təmir olunmuş, təmir dəyəri İddiaçı MMC tərəfindən tam olaraq ödənilmiş, lakin nəqliyyat vasitəsi Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə geri qaytarılmamışdır. İddiaçı Cavabdeh MMC cavabdeh İddiaçı MMC-yə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edilmiş və 21 sentyabr 2017-ci il tarixli 0093 Rİ- GM/17 saylı “Ehtiyat hissələrinin Satışı müqaviləsi”nə əsasən 14100,67 manat məbləğində əsas borcun, gecikdirilmiş günlərə görə hesablanmış 262,27 manat cərimə məbləğinin, 05 sentyabr 2012-ci il tarixli TXM00134C saylı “Texniki Xidmət müqaviləsi”nə əsasən 20113,61 manat məbləğində əsas borcun, gecikdirilmiş günlərə görə hesablanmış 1690,21 manat cərimə məbləğinin, 23 avqust 2017-ci il tarixli TXM-00052C/17 saylı “Texniki xidmət müqaviləsi”nə əsasən 15177,63 manat məbləğində əsas borcun, gecikdirilmiş günlərə görə hesablanmış 1274,30 manat cərimə məbləğinin, ümumilikdə 52618,69 manat məbləğində vəsaitin və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdeh “xxxx” MMC-dən tutularaq Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Gəncə İnzibati-iqtisadi Məhkəməsinin 07.03.2019-cu il tarixli 2-2(083)- 109/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, “xxxx” MMC-dən 21.09.2017ci il tarixli 0093 Rİ-GM/17 saylı “ehtiyat hissələrinin satışı müqaviləsi”nə əsasən 14.100 manat 67 qəpik əsas məbləğin, gecikdirilmiş günlərə görə hesablanmış 26 manat 20 qəpik məbləğində cərimə məbləğinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq Cavabdeh MMC-yə ödənilməsi, iddianın qalan hissədə, yəni cavabdehdən 05.09.2012-ci il tarixli TXM-00134C saylı “texniki xidmət müqaviləsi”nə əsasən 20113,61 manat əsas məbləğin, gecikdirilmiş günlərə görə hesablanmış 1690,21 manat cərimə məbləğinin, 23.08.2017-ci il tarixli TXM-00052C/17 saylı “texniki xidmət müqaviləsi”nə əsasən 15177,63 manat əsas məbləğin, gecikdirilmiş günlərə görə hesablanmış 1274,30 manat cərimə məbləğinin tutularaq iddiaçıya ödənilməsi hissəsində təmin edilməmişdir. Qətnamədən narazı qalan iddiaçı və cavabdeh apellyasiya şikayəti vermiş və Gəncə Apelyasiya Məhkəməsinin 21.10.2019-cu il tarixli, 2-2(104)-91/2019 nömrəli qərardadı ilə Gəncə Apelyasiya Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh MMC-nin cavabdeh “xxxx” MMC-yə qarşı “pul” tələbinə dair 2-2(104)-91/2019 saylı mülki iş üzrə icraat, 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin icraatında olan iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “istehlakçı hüquqlarının müdafiəsi tələbinə dair” 2-2(81)- 998/2019 saylı iqtisadi iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır. İddiaçı “xxxx” MMC Cavabdeh MMC-yə qarşı “texnikanın yenisi ilə əvəz olunması, əks təqdirdə həmin texnika üçün ödənilmiş pulun geri qaytarılması və 180.000 manat məbləğində əldən çıxmış faydanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26.12.2019-cu il tarixli, 2-2(81)-998/2019 nömrəli qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir. Göstərilən qətnamədən iddiaçı tərəf apelyasiya şikayəti vermiş və Bakı Apelyasiya Məhkəməsinin 17.06.2020-ci il tarixli 2- 2(103)-267/2020 nömrəli qətnaməsi ilə iddiaçı “xxxx” MMC-nin apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26.12.2019-cu il tarixli, 2-2(81)-998/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında tərəflərin nümayəndələri bildirdilər ki, həmin mübahisə üzrə yekun məhkəmə qərarı qəbul edilmiş və İddiaçı MMC-dən Cavabdeh MMC-nin xeyrinə 52000 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. İddiaçı bildirir ki, cavabdehə hər dəfə müraciət etdikdə müxtəlif bəhanələr gətirmiş, 2019-cu ilin dekabr ayında isə nəqliyyat vasitəsini qaytarmayacaqlarını bildirmişlər. Buldozerin 16 aydan artıq bir müddətdə işləməməsi nəticəsində hər ay şirkətə 4000 manat, ümumilikdə 64000 manat məbləğində maddi zərər dəymişdir. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, mübahisə predmeti olan nəqliyyat vasitəsinin təmir işləri Cavabdeh MMC ilə “xxxx” MMC arasında bağlanmış 23 avqust 2017-ci il tarixli, TXM-00052C/17 nömrəli “Texniki Xidmət müqaviləsi”nə əsasən həyata keçirilmişdir. Həmin müqavilənin 3.6-cı bəndinə görə “İcraçı” tərəfindən “Sifarişçi”nin öhdəliyinə möhlət verilmədiyi halda, “Sifarişçi” ödənişləri dərhal həyata keçirməlidir. Əks halda “İcraçı” ona məxsus olan texniki-təmir ərazisində, ödənişlər baş verənə qədər müvafiq texnikaların saxlanılması hüququna malikdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, nəqliyyat vasitəsinin geri qaytarılması barədə iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan maddənin dispozisiya şərtlərinə görə iddia irəli sürmüş şəxs (iddiaçı) mübahisəli əmlakın mülkiyyətçisi olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Yalnız həmin şərtlərin mövcudluğu halında bu növ iddialar təmin edilə bilər. Hazırkı işdə də qeyd olunan maddənin dispozisiya şərtləri mövcuddur. Belə ki, mübahisəli SHANTUİ SD22 markalı nəqliyyat vasitəsinin iddiaçının mülkiyyətində, cavabdehin isə sahibliyində olması işin mübahisəsiz halıdır. Hazırda mübahisəli məqam həmin sahibliyin qanunsuz olub-olmaması ilə bağlıdır. Bunu müəyyən etmək üçün isə tərəflər arasındakı münasibətlərə aydınlıq gətirilməlidir. Belə ki, tərəflər arasında bağlanmış texniki xidmət müqaviləsi mahiyyət etibarı ilə podrat müqaviləsidir. Çünki cavabdeh iddiaçı qarşısında ikincinin avtonəqliyyat vasitələrinə texniki xidmət göstərməyi, sonuncu isə həmin xidmətlərin dəyərinin ödənilməsini öz öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Hazırkı işdə də iddiaçı mübahisəli SHANTUİ SD 22 markalı nəqliyyat vasitəsini təmir etdirmək üçün cavabdehə təhvil vermiş, cavabdeh həmin nəqliyyat vasitəsini təmir etmiş, iddiaçı təmirin dəyərini tam olaraq cavabdehə ödəmiş, lakin cavabdeh iddiaçının digər nəqliyyat vasitəsi ilə bağlı ödənişi həyata keçirmədiyi üçün öz tələblərinin təminatı kimi hazırki mübahisə predmeti olan nəqliyyat vasitəsini girov kimi özündə saxlamışdır. Bunun əsası kimi isə cavabdeh tərəflər arasında bağlanmış 23 avqust 2017-ci il tarixli TXM-00052C/17 nömrəli texniki xidmət müqaviləsinin 3.6-cı bəndinə istinad etmişdir. Həmin bəndə əsasən “İcraçı” tərəfindən “Sifarişçi”nin öhdəliyinə möhlət verilmədiyi halda, “Sifarişçi” ödənişləri dərhal həyata keçirməlidir. Əks halda “İcraçı” ona məxsus olan texnikitəmir ərazisində, ödənişlər baş verənə qədər müvafiq texnikaların saxlanılması hüququna malikdir. Göründüyü kimi tərəflər arasında bağlanmış podrat müqaviləsində podratçının girov hüququ ilə bağlı müddəalar nəzərdə tutulmuşdur. Mülki Məcəllənin 757-ci maddəsində də təsbit olunmuşdur ki, əgər podratçının hazırladığı və ya təmir etdiyi sifarişçiyə məxsus daşınar əşya hazırlanma və ya təmir məqsədilə onun sahibliyindədirsə, podratçı öz tələblərinin təminatı üçün həmin əşyaya girov hüququndan istifadə edə bilər. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, cavabdehin həmin dəlilləri əsaslı hesab edilə bilməz. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh tərəflər arasında bağlanmış digər müqavilə üzrə İddiaçı MMC-nin 52000 manat məbləğində borcunun təminatı kimi NEW HOLLAND D-255 markalı nəqliyyat vasitəsini girov qismində özündə saxlamışdır. Eyni zamanda iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 30 avqust 2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən müəyyən olunur ki, NEW HOLLAND D-255 markalı nəqliyyat vasitəsinin dəyəri 271186,44 manat təşkil edir. Göründüyü kimi Cavabdeh MMC Mülki Məcəllənin 757-ci maddəsində təsbit olunmuş hüquqlarından istifadə etmiş və 52000 manat məbləğində borcun ödənilməsinin təmini məqsədi ilə dəyəri bundan dəfələrlə çox olan nəqliyyat vasitəsini girov qismində saxlamışdır. Belə olan halda isə həmin borcun təminatı kimi əlavə olaraq hazırki mübahisənin predmeti olan və təmir pulu iddiaçı tərəfindən tam ödənilmiş SHANTUİ SD 22 markalı nəqliyyat vasitəsinin də girov kimi saxlanılması cavabdehin öz hüquqlarından sui-istifadə kimi qiymətləndirilməlidir. Halbuki Mülki Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Ona görə də kollegiya hesab edir ki, cavabdehin mübahisəli SHANTUİ SD 22 markalı nəqliyyat vasitəsinə sahibliyi qanunsuzdur və həmin nəqliyyat vasitəsi cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Bununla yanaşı kollegiya hesab edir ki, zərərin əvəzinin ödənilməsi barədə iddia tələbləri rədd edilməlidir. Belə ki, Mülki Məcəllənin 21.2-ci maddəsindən göründüyü kimi əldən çıxmış fayda zərərin tərkib hissəsidir. Həmin Məcəllənin 443.4-cü maddəsində isə göstərilmişdir ki, əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Lakin hazırki işdə qeyd olunan maddənin dispozisiya şərtləri mövcud deyildir. Belə ki, iddiaçı həmin halları sübut etmək üçün yalnız bir sübuta, yəni icarəyə verən İddiaçı MMC ilə icarəçi X3 arasında bağlanmış 16 iyul 2018-ci il tarixli 16 saylı icarə müqaviləsinə istinad etmişdir. Həmin müqaviləyə əsasən icarəyə verən özünə məxsus Buldozer SHANTUİ SD 22 markalı nəqliyyat vasitəsini icarəçinin istifadəsinə verməyi, icarəçi isə alınmış əmlakın müqabilində istismar olunan günə görə hər tam aya 3500 manat icarə haqqı ödəməyi öz öhdəsinə götürmüşdür. Kollegiya hesab edir ki, həmin icarə müqaviləsi özü-özlüyündə Mülki Məcəllənin 443.4-cü maddəsində nəzərdə tutulan qaydada kreditorun əldən çıxmış faydanı əldə etmək üçün tədbirlər görməsini təsdiq edən mötəbər sübut qismində qəbul edilə bilməz. Belə ki, iddiaçı həmin icarə müqaviləsinin real və işlək icarə müqaviləsi olmasını təsdiq edən heç bir sübutu (ödəniş sənədləri və s.) məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Bundan başqa məhkəmə iclasında müəyyən olundu ki, həmin müqavilənin digər tərəfi iddiaçının öz işçisidir. Qeyd olunan hallar isə həmin müqavilənin real müqavilə olmasına əsaslı şübhələr yaradır. Göründüyü kimi iddiaçı qeyd olunan maddənin dispozisiya şərtinə uyğun olaraq fayda əldə etmək üçün tədbirlər gördüyünü və bu məqsədlə hazırlıq işləri apardığını təsdiq edən mötəbər sübutları təqdim etməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, zərərin əvəzinin ödənilməsi barədə iddia tələbləri təmin edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı MMC və Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-239/2021 nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi 26.01.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar