Məhkəmə qərarları › İş №2-2(103)-519/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-519/2022

13.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-519/2022 13.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Məmmədov Vidadi Məmməd oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, iddiaçı ləğv prosesində olan “X1” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdehnə qarşı kredit xətti müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli, e-2- 2(113)- 405/2020 saylı qərardadından cavabdeh "xxxx" MMC tərəfindən şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan “X1” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06.04.2015-ci il tarixli 01 nömrəli kredit xətti müqaviləsi üzrə 108541,08 manat əsas borc, 46726,69 manat müqavilə müddəti üçün hesablanmış faiz borcu, 22369,39 manat cərimə, 6904,42 manat kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu olmaqla, cəmi 184541,58 manat kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə cavabdehin iştirakı olmadan baxılmış, Bakı Kommersiya Məhkəməsinin 24 fevral 2020-ci il tarixli, 2-2(113)-405/2020 saylı qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Qətnamə 19.04.2020-cil tarixdə tərəflərə göndərilmiş, 02.06.2020-ci il tarixdə icraya yönəldilmişdir. Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək (17.09.2021-ci il tarixdə göndərilmiş) qiyabi qətnamənin ləğv edilməsi və icraatın təzələnərək mahiyyəti üzrə baxılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Həmin ərizə Bakı Kommersiya Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, e-2- 2(113)- 405/2020 saylı qərardadı ilə elektron informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə verilmədiyi üçün geri qaytarılmış, cavabdehin elektron kabinet vasitəsi ilə göndərdiyi ərizə isə Bakı Kommersiya Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli, e-2- 2(113)- 405/2020 saylı qərardadı ilə 10 günlük prosessual müddət keçdikdən sonra verildiyi üçün geri qaytarılmışdır. Həmin qərardaddan cavabdeh "xxxx" MMC şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qiyabi qətnamə cavabdehə qanunvericilikdə müəyyən olunmuş qaydada təqdim edilməmişdir. Bakı Kommersiya Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, e-2-2(113)- 405/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə apelyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli, e-2-2(113)- 405/2020 saylı qərardadı ləğv edilməli, iş qiyabi qətnamənin ləğvi barədə ərizəyə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Həmin Məcəllənin 135.2.-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Həmin Məcəllənin 135.6-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" MMC-nin elektron kabineti olmadığından məhkəmə qətnaməsi cavabdehin hüquqi ünvanına (ünvan 1ərişi ilə göndərilmiş, məktubu qeyd edilən ünvanda “Vəliyev” və “Məmmədov F.” soyadlı şəxslər imza etməklə qəbul etmişlər. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi “Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında” çıxarış ilə müəyyən olunur ki, "xxxx" MMC-nin qanuni təmsilçisi X2r. İş materiallarında "xxxx" MMC-yə ünvanlanmış qiyabi qətnamənin 24.04.2020-ci il tarixdə alınması barədə poçt xəbərnaməsi olsa da, göndərilmiş sənədi hüquqi şəxsin adından qəbul edilmiş səxslərin hüquqi şəxsdə hansı vəzifə tutduğu və tam adları qeyd edilmədiyindən qətnamənin hüquqi şəxsin səlahiyyətli şəxsinə təqdim edildiyini dəqiq müəyyən etmək mümkün olmadığından birinci instansiya məhkəməsi qiyabi qətnamənin ləğvi barədə ərizəyə baxmalı və ərizənin təmin edilib-edilməməsi üçün əsasların olubolmadığını yoxlamalı idi. Məhkəmə bu nəticəyə gələrkən eyni zamanda nəzərə alır ki, "xxxx" MMC-nin hüquqi ünvanı kimi mənzil qeydə alınmış, həmin ünvana məhkəmə bildirişləri göndərilsə də hüquqi şəxsin nümayəndəsi məhkəmə proseslərində iştirak etməmiş, qətnamə yalnız iddiaçının təqdim etdiyi sübutlar əsasında qəbul edilmiş, məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilməmişdir. Bu da belə qənaətə gəlməyə əsas verir ki, hüquqi ünvan üzrə göndərilmiş bildirişlər hüquqi şəxsə çatdırılmamışdır. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Hacıyevin şikayəti üzrə 2020-ci il 14 iyul tarixli Qərarı). Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər mülki prosessual qanunvericilikdə də xüsusi yer tutur. Ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri). Məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, məhkəmə tərəfindən göndərilmiş sənədin ünvan sahibinə çatdırıldığına dair əsaslı şübhələr olduğu halda məhkəmə bu halı sənədi aldığını mübahisə edən tərəfin xeyrinə həll edərək tərəfə öz hüquqlarını müdafiə etməyə şərait yaratmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli, e-2-2(113)- 405/2020 saylı qərardadı ləğv edilməli, iş qiyabi qətnamənin ləğvi barədə ərizəyə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.2, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Cavabdeh "xxxx" MMC-nin şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli, e-2-2(113)- 405/2020 saylı qərardadı ləğv edilsin. İş qiyabi qətnamənin ləğvi barədə ərizəyə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar