Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-52/2022 20.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, X6, cavabdehin nümayəndəsi Vəkil iştirakları ilə, iddiaçı "xxxx"xxxx"11 X3 Yolu Müəssisəsi" MMC-ə qarşı icarə müqaviləsi üzrə borcun, cərimənin tutulmasına dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 04.06.2021-ci il tarixli, e-2-2(113)-115/2021 saylı qətnaməsindən (hakim Zeynəb Axundova) iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh “11 X3 Yolu Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, 18.01.2019-cu il tarixli icarə müqaviləsinə əsasən (icarəyə verilmiş ağır texnikalar, yük maşınları və digər nəqliyyat vasitələrinə görə) icarə haqqı qismində 82083,31 (ƏDV daxil) manat əsas borc və gecikdirilmiş günlər üzrə hesablanmış 1517 manat cərimə daxil olmaqla, ümumilikdə 83600,31 manat (ƏDV daxil) məbləğində pul, həmçinin texnikaların əlavə iş saatlarına cəlb edilməsi səbəbindən 273318,24 manat əsas məbləğ və 49197,28 manat ƏDV məbləği, ümumilikdə 322515,52 manat olmaqla, cəmi 406115,83 manat və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdeh Azərbaycan Dəmiryolları” QSC “11 X3 Yolu Müəssisəsi” MMC-dən alınaraq iddiaçı "xxxx" LTD MMCnin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, e-2-2 (113)-115/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh “11 X3 Yolu Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətindən 82083,31 manat əsas borc, 1517 manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 6 manat olmaqla, cəmi 83606,31 manat məbləğində pulun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, e-2-2 (113)-115/2021 saylı qətnaməsinin qismən, iddia tələbinin təmin edilmədiyi hissədə ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbi təmin edilməyən hissədə işin hallarına düzgün hüquqi qiymət verməmişdir. Birinci instansiya məhkəməsinin e-qaimələrin cavabdeh tərəfindən qəbul olunmayaraq geri qaytarmasını sübut kimi qəbul etməsi və qaimələrin mötəbərliyini şübhə altına alması yanlışdır. Cavabdeh əlavə iş saatlarını qəbul etmədiyi üçün iş mübahisəyə çevrilmişdir. Cavabdeh qeyd olunan qaimələri qəbul etsəydi məhkəməyə müraciət olunmaz, məsələ tərəflər arasında həll olunardı. İddiaçının təqdim etdiyi qaimələr düzgündür və GPRS elektron sistemindən götürülmüş cədvələ əsasən texnikaların nə qədər əlavə iş saatlarına cəlb edildiyi müəyyən edildikdən sonra müqavilədə qeyd edilmiş düstura əsasən hesablanaraq tərtib edilmişdir. Məhkəmə əlavə ekspertiza təyin etməmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş təhvil-təslim aktı müqavilənin tələblərinə uyğun deyil, sübut kimi qəbul edilə bilməz. Müqavilədə icarəyə verilən texnikalara reyslərə görə ödəniş edilməsi və ya həmin reyslərə görə təhvil-təslim aktı tərtib edilməsi nəzərdə tutulmamışdır. Məhkəmə izahatları, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 04.06.2021-ci il tarixli, e-2-2(113)-115/2021 saylı qətnaməsi qismən-iddia tələbinin təmin edilmədiyi hissədə ləğv edilməli, iddia həmin hissədə təmin edilərək cavabdeh "11 X3 Yolu Müəssisəsi" MMC-dən iddiaçı "xxxx" MMC-nin xeyrinə texnikaların əlavə iş saatlarına cəlb edilməsinə görə 322.515,52 manat (ƏDV daxil) məbləğində pul tutulmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat pul “11 X3 Yolu Müəssisəsi Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6.-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş üzrə qəbul edilmiş qətnamə iddiaçı tərəfindən iddianın təmin edilmədiyi hissədə yoxlanıldığından məhkəmə qətnaməni həmin hissədə yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə ləğv edilməlidir. İddiaçının təmin olunmayan iddia tələbi cavabdehə icarəyə verilmiş texnikaların 2019-cu ilin yanvar-avqust aylarında əlavə iş saatlarına cəlb edilməsinə görə hesablanmış ƏDV daxil 322515,52 manat borcun cavabdehdən tutulmasıdır. İddiaçının bu tələbinin əsasını icarə müqaviləsinin 4.6-cı bəndi təşkil edir. Tərəflər arasında bağlanmış 18.01.2019-cu il tarixli, AZTX/312 saylı icarə müqaviləsinin 4.6-cı bəndinə əsasən icarəçi icarə obyektini gün ərzində 10 saatdan (nahar fasiləsi daxil olmaqla) artıq istifadə etdiyi təqdirdə GPRS sisteminə əsasən artıq iş saatları müəyyən olunaraq aylıq icarə haqqına əlavə olunur: (Aylıq icarə haqqı/ 234 saat)* əlavə iş saatı. İcarə verilmiş texnikaların və nəqliyyat vasitələrinin sayı, markası, modeli dövlət qeydiyyat nişanı, aylıq icarə haqqı müqaviləyə əlavələrlə müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Əlavələrə əsasən cavabdehə hər biri aylıq 5000 manata (saatlıq icarə haqqı 21,4 manat olmaqla) “Volvo” markalı özüboşaldan maşınlar, aylıq icarə haqqı 9500 və 6500 manat olan 3 ədəd “Volvo” markalı ekskavator, aylıq icarə haqqı 9500 manat olan komatsu markalı texnika icarəyə verilmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən iddiaçı məhkəməyə nəqliyyat vasitələrinin GPRS sistemindən çıxarış təqdim etmişdir. İş materiallarına əlavə edilmiş 01.02.2019-cu il tarixli müqavilədən görünür ki, iddiaçı ilə “A+A Security” MMC arasında iddiaçıya məxsus nəqliyyat vasitələrinə nəzarət sxeminin qurulması üçün müqavilə bağlanmışdır. “A+A Security” MMC-nin iş materiallarındakı 12.09.2020-ci il tarixli arayışı ilə həmin şirkət təsdiq etmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 2019-cu ilin yanvaravqust ayları üzrə nəqliyyat vasitələrinin dövlət nömrə-nişanları arayışda qeyd edilmiş cədvəldə göstərildiyi kimi webuser974 istifadəçi kodu vasitəsi ilə şirkətə aid X1 Sistemi üzərindən monitorinq imkanı verilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilmiş 10.03.2020-ci il tarixli maliyyə arayışından görünür ki, texnikaların əlavə iş saatları üzrə 273318,24 manat əsas məbləğ və 49197,28 manat ƏDV məbləğinə dair sistemə daxil edilən 17 fevral 2020-ci il tarixli- EBAG 180409, EBAG 186047, EBAG 235166, EBAG 239219, EBAG 249491, EBAG 252944, EBAG 255845, EBAG 267162 nömrəli E-qaimələr icarəçi tərəfindən qəbul edilməyərək geri qaytarılmış və geri qaytarılmaya səbəb “səhv” olaraq göstərilmişdir. Cavabdehin qeyd edilən iddia tələbinə etirazı bundan ibarət olmuşdur ki, icarəyə verilmiş nəqliyyat vasitələri və texnikaların işləmə qaydası, ümumi iş saatı və bina görə aylıq icarə haqqının məbləği barədə tərəflər arasında aktlar təsdiq edilmiş, həmin aktlarda əlavə iş saatları barədə qeyd olmamışdır. Qeyd edilən aktlar əsasında elektron qaimələr göndərilmişdir. Əlavə iş saatlarına görə tələb edilən borcla bağlı iddiaçı tərəfindən məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi cavabdehin etirazını əsaslı hesab edərək belə nəticəyə gəlmişdir ki, texnikaların əlavə iş saatlarına cəlb edilməsinə görə borcun tutulması hissəsində iddia mötəbər sübutlarla təsdiq edilməmişdir. Məhkəmə kollegiyası iddiaçının təqdim etdiyi X2ması Sistemindən (GPRS) sistemindən çıxarışın iddiaçının tələbinin əsaslı olduğunu təsdiq edən mötəbər sübut olmadığına dair birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, cavabdeh icarə müqaviləsini bağlayarkən icarəyə verilmiş nəqliyyat vasitələrinin və texnikaların gün ərzində razılaşdırılmış iş saatından əlavə iş saatlarında istifadəsinin GPRS sistemi vasitəsilə müəyyən edilməsinə dair şərtlə razılaşdığından həmin sistemdən çıxarışın mötəbərliyinə etiraz etməsi əsaslı hesab edilə bilməz. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı tərəfindən GPRS sistemindən çıxarışdakı məlumatlar əsasında icarə müqaviləsinin şərtlərinə uyğun hesablanmış 322.515,52 manat borcun hesablanma qaydasına dair izahlı maliyyə arayışı təqdim edilmiş, sonuncu məhkəmə iclasında isə iddiaçının nümayəndəsi “A+A Security” MMC-nin X2ması Sisteminə iclas zalında kompyuter vasitəsi ilə giriş edərək iddiaçıya məxsus nəqliyyat vasitələrinin və texnikaların işinə hansı qaydada nəzarət edildiyi, həmin sistemdən məlumatların hansı qaydada çıxarıldığını əyani şəkildə nümayiş etdirmişdir. Sistemə baxış nəticəsində müəyyən edilmişdir ki, sistemdəki məlumatların iddiaçı və ya digər kənar şəxs tərəfindən dəyişdirilməsi, o cümlədən sistemə müdaxilə edilməsi mümkün deyil. İddiaçı yalnız “A+A Security” MMC tərəfindən verilmiş giriş kodu vasitəsi ilə həmin sistemə daxil olaraq zəruri məlumatları əldə edə bilir. Məhkəmə eyni zamanda hesab edir ki, tərəflərin nümayəndələri arasında tərtib edilmiş, icarəyə verilmiş obyektlərin istifadə edildiyi günlərin və reyslərin sayı barədə aktlarda texnikaların və nəqliyyat vasitələrinin əlavə iş saatlarının qeyd edilməməsi və həmin saatlara görə tələb olunan borcun iddiaçı tərəfindən hər ay təqdim edilmiş elektron qaimədə öz əksini tapmaması iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, tərəflər arasında cavabdehin öz etirazında istinad etdiyi aktlarda icarəyə verilmiş texnikaların və nəqliyyat vasitələrinin iş saatları deyil, iş günlərinin və reysərin sayı qeyd edilmişdir. İddiaçının icarəyə verilmiş obyektlərin əlavə iş saatlarına görə ödənişi üç illik iddia müddəti ərzində (müqavilədən irəli gələn tələb olduğu nəzərə alınarsa) cavabdehdən tələb etmək hüququ olduğundan bu ödənişlərin hər ay tələb edilməməsi iddianın rədd edilməsi üçün əsas ola bilməz. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının təqdim etdiyi sübutlara və işin hallarına düzgün hüquqi qiymət vermədiyindən qətnamə mübahisələndirilən hissədə ləğv edilərək iddia cavabdehdən iddiaçının xeyrinə 322515,52 manat (ƏDV daxil) məbləğində pulun tutulması hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.3-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəməaktınınapellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 04.06.2021-ci il tarixli, e-2-2(113)-115/2021 saylı qətnaməsi qismən-iddia tələbinin təmin edilmədiyi hissədə ləğv edilməli, iddia həmin hissədə təmin edilərək cavabdeh "11 X3 Yolu Müəssisəsi" MMC-dən iddiaçı "xxxx" MMCnin xeyrinə texnikaların əlavə iş saatlarına cəlb edilməsinə görə 322515,52 manat (ƏDV daxil) məbləğində pul tutulmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat pul “11 X3 Yolu Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 04.06.2021-ci il tarixli, e-2-2(113)-115/2021 saylı qətnaməsi qismən-iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilsin. İddia həmin hissədə təmin edilərək cavabdeh "11 X3 Yolu Müəssisəsi" MMC-dən iddiaçı "xxxx" MMC-nin xeyrinə texnikaların əlavə iş saatlarına cəlb edilməsinə görə 322515,52 manat (ƏDV daxil) məbləğində pul tutulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat pul “11 X3 Yolu Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-52/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-52/2022
20.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver