Məhkəmə qərarları › İş №2-2(103)-520/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-520/2023

14.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-520/2023 14.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kommersiya işi Açar söz: kredit müqaviləsi üzrə borcun ödənilməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-374/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 06 avqust 2013-cü il tarixli, 105 saylı kredit müqaviləsinə əsasən bank borc alana 60 ay müddətinə illik 7 faiz dərəcəsi ilə 200000 (iki yüz min) manat məbləğində kredit verməyi, borc alan isə krediti qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada kredtin məbləğini və ona hesablanacaq faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür.

2. xx.xx.2022-ci il tarixli, **********3269 saylı maliyyə arayışında qeyd edilir ki, Cavabdeh 06 avqust 2013-cü il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 12 sentyabr 2022-ci il tarixə əsas borcu 194773,34 manat (bir yüz doxsan dörd min yeddi yüz yetmiş üç manat otuz dörd qəpik), müqavilə müddəti üçün hesablanmış faiz borcu 47920,66 manat (qırx yeddi min doqquz yüz iyirmi manat altmış altı qəpik), gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanan məbləğ 25670,45 manat (iyirmi beş min altı yüz yetmiş manat qırx beş qəpik) olmaqla, cəmi 268364,45 manat (iki yüz altmış səkkiz min üç yüz altmış dörd manat qırx beş qəpik) borcu mövcuddur.

3. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən xx.xx.2022-ci il tarixdə **********3266 saylı pretenziya qaydasında xəbərdarlıqla Cavabdeh müraciət edilərək, kredit müqaviləsi üzrə yaranmış ümumilikdə 268364,45 manat məbləğində borcun 3 (üç) gün müddətində ödənilməsi xahiş edilmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət etmək məcburiyyətində qalacaqları bildirilmişdir.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 194773,34 manat (bir yüz doxsan dörd min yeddi yüz yetmiş üç manat otuz dörd qəpik) əsas, 47920,66 manat (qırx yeddi min doqquz yüz iyirmi manat altmış altı qəpik) faiz borcu və AzərbaycanRespublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 25670,45 manat faiz borcu, ilkin mediasiya sessiyasın keçirilməsi ilə bağlı ödənilmiş 400 manat məbləğində xərc və 159 manat dövlət rusumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin İmişli filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 105 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 60 (altmış) ay müddətinə illik 6 (altı) faiz dərəcəsi ilə 200000 (iki yüz min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə xx.xx.2022-ci il tarixli, **********266 saylı bildirişin göndərilməsinə baxmayaraq, cavabdeh banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. İddiaçı tərəfindən cavabdehə xx.xx.2013-cü il tarixli, 105 saylı kredit müqaviləsi üzrə borcu üzrə yaranmış borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması üçün mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. Cavabdeh təklifə cavab vermədiyi üçün iddiaçı tərəfindən Mediasiya Şurasına yaranmış borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması üçün müraciət olunmuşdur. Təyin olunan mediator tərəfindən banka və cavabdehə mediasiya dəvət məktubu göndərilmişdir. xx.xx.2022-ci il tarixinə Cavabdeh kredit üzrə cəmi borcu 268364,45 manat (iki yüz altmış səkkiz min üç yüz altmış dörd manat qırx beş qəpik) təşkil edir.

6. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli e-2-2(113)-374/2023 nömrəli qətnaməsi ilə ( hakim Zeynəb Axundova) iddia tələbi rədd edilmişdir.

7. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi əsasında cavabdehə yuxarıda qeyd olunan müddətə və məbləğdə kredit verilmişdir. İddiaçı ASC göstərilən müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh kredit məbləğləri və kredit üzrə hesablanmış faizləri müəyyən edilmiş müddətdə və qaydada iddiaçıya tam qaytarmamış, bununla kredit müqavilələri üzrə öhdəliklərini pozmuş, nəticədə iddiaçıya borcu yaranmışdır.

8. Məhkəmə hesab etmişdir ki, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehdən 06 avqust 2013-cü il tarixli, 105 saylı kredit müqavilələri üzrə yaranmış borcun ödənilməsinı tələb etməkdə haqlı olmuşdur.

9. Cavabdeh tərəfindən məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edilmişdir. Müəyyən olunmuşdur ki, tərəflər arasında xx.xx.2013-cü il tarixli, 105 saylı kredit müqaviləsi 60 ay müddətinə bağlanmış və müqavilə üzrə öhdəliyin müddətinin son icra tarixi – xx.xx.2018-ci il tarixədək müəyyən olunmuş, iddiaçı isə hazırkı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmiş və bununla da sözügedən iddia ərizəsi məhkəməyə üç illik iddia müddəti keçdikdən sonra daxil olmuşdur (müqavilə üzrə sonuncu ödəniş 2016-cı ildə edilmişdir). İş üzrə mülki qanunvericilikdə nəzərdə tutulan müddətin axımının dayandırılması və kəsilməsi halları müəyyən edilmədiyindən iddia müddəti keçdiyi üçün iddia rədd edilmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-374/2023 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçı apellyasiya şikayətini onunla əsaslanmışdır ki, Bank iddia tələbini təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Lakin məhkəmə həmin sübutlar üzrə tam araşdırma aparmadan, yalnız cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsini rəhbər tutaraq iddia müddətinin keçməsi qənaətinə gəlmişdir. 1 saylı Bakı İnzibati-İqdisadi Məhkəməsinin 22 iyul 2016-cı il tarixli, 2-1(81)-3620/2016 saylı Qərarı ilə İddiaçı ASC məcburi ləğv edilmiş, Əmanətlərin Sığortalanması Fondu ləğvedici təyin edilmişdir. Məhkəmə Bankın hazırda ləğv prosesində olmasını və iş yükünün kəskin artmasını nəzərə almamışdır. İş üzrə xüsusi qərardadın çıxarılması barədə vəsatət və izahat verilmişdir. Belə ki, cavabdehlə bank arasında imzalanmış kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və tam icra etməməsi ilə əlaqədar Banka məhkəməyə müraciət etdikdən sonra məlum olmuşdur ki, Bankın ləğvetmə prosesinə başlanılmasına baxmayaraq, fəaliyyət göstərən “İnam” filialında daxili araşdırma zamanı adını müəyyən etmək mümkün olmayan əməkdaşı xx.xx.2016-cı il tarixdə öz vəzifə səlahiyyətlərindən sui istifadə edərək, Bankda olan kreditlərin elektron qeydiyyatının aparıldığı ARB bank əməliyyat sistemində qəsdən, bilərəkdən, özbaşına və hər hansı əsas olmadan kredit müqaviləsinin guya qüvvədə olma müddətinin uzadılmasını qeyd edib və kredit müqaviləsi üzrə müqavilə müddətinin guya xx.xx.2020-ci il olmasını göstərən dəyişiklik etmişdir. Halbuki Banka kreditlərin elektron qeydiyyatının aparıldığı “ARB” bank əməliyyat sistemində kredit müqaviləsinin uzadılmasına yalnız borcalanla kreditor arasında kağız formatda imzalanmış saziş əsasında yol verilir. Lakin mübahisələndirilən kredit müqaviləsi üzrə kredit müqaviləsinin uzadılması ilə bağlı hər hansı bir məlumat və ya müqavilə tərəflərinin iradəsini ifadə edən əsas mövcud olmamışdır. Belə olan halda Bankın kreditlərin elektron qeydiyyatının aparıldığı “ARB” bank əməliyyat sistemində kredit müqaviləsinin müddətinin əsassız uzadılması ilə bağlı cinayət əməlinin olması ilə bağlı əsaslı şübhələr yaranmışdır. Bankın “ARB” bank əməliyyat sistemindən çıxarışı məhkəməyə təqdim edilmişdir. Lakin məhkəmə qətnaməsində bu hal iş üçün əhəmiyyətli olmasına və məlum olan fakt barədə izahatlar iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmamış və qiymətləndirilməmişdir. Məhkəmə işi məhkəmədə baxılmağa hazırlamaq qaydasında yazılı sənədləri tamamlamağı, onlarla bağlı izahlar verməyi, iş üçün əhəmiyyətli olan sənədləri və digər sübutları işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim etməyi təklif etmişdir, lakin Cavabdehişin məhkəmədə baxılmağa hazırlanması zamanı məhkəmə iclaslarında iştirak etməmiş, sənədlərlə bağlı izahlar verməmiş və əhəmiyyətli olan sənədləri və digər sübutları işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim etməmiş, yalnız formal xarakter daşıyan ərizəni elektron məhkəmə vasitəsi ilə məhkəməyə təqdim etmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

13. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq (elektron kabinetə bildiriş yerləşdirilməklə) məhkəmə iclasında iştirak etməmişdir.

14. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

15. Qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

16. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-374/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma apararaq hesab edir ki, iddia müddəti ötürüldüyündən iddianın rədd edilməli olduğuna dair birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslıdır. İş materiallarından göründüyü kimi, xx.xx.2013-cü il tarixli, 105 saylı kredit müqaviləsi 60 ay müddətinə bağlandığından müqavilə üzrə öhdəliyin icra müddəti xx.xx.2018-ci il tarixdə bitmişdir. İddiaçının özünün bildirdiyinə görə sistemdə görünsə də öhdəliyin icra müddətinin artırılması barədə tərəflər arasında yazılı razılaşma mövcud deyil. Hazırkı halda MM-nin 377.2-ci maddəsinin tələbinə əsasən iddia müddəti xx.xx.2018-ci il tarixdə başlamış, xx.xx.2021-ci il tarixdə bitdiyindən, iddiaçı isə 2022-ci ilin oktyabr ayına mediasiya təşkilatına, xx.xx.2022-ci il tarixdə isə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyindən üç illik iddia müddəti ötürülmüşdür. İşdəki hesabdan çıxarışa əsasən müqavilə üzrə sonuncu ödəniş 2016-cı ildə həyata keçirildiyindən iddia müddətinin axımı kəsilməmişdir.

18. İddiaçının apellyasiya şikayəti ilə bağlı məhkəmə qeyd edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğv prosesində olması, ləğvedicinin iş yükünün çoxluğu, bankın məlumat sistemində bankın hansısa əməkdaşı tərəfindən öhdəliyin icra müddətinin uzadıldığına dair dəyişiklik edilməsi iddia müddətinin üzürlü səbəbdən ötürülməsi və bu əsasla bərpası barədə ərizə verildiyi halda müzakirə oluna bilərdi. İddiaçının belə bir ərizəsi olmadığından qeyd edilən hallar iddianın təmin edilməsi üçün əsas ola bilməz.

19. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 374/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

20. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

İddiaçı LPO İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-374/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar