Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-521/2022 29.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-358/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 17 mart 2022-ci il və 29 mart 2022-ci il tarixli qərardadlarından İddiaçı MMC tərəfindən verilmiş şikayəti nəzərdən keçirib, müəyyən e t d i: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cаvаbdеhdən 2370,66 (iki min üç yüz yetmiş manat, altmış qəpik) manat məbləğində icarə haqqının və ona hesablanmış 1422,39 (bir min dörd yüz iyirmi iki manat, otuz doqquz qəpik) manat cərimə borcunun, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 60 (altmış manat) manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 17 mart 2022-ci il tarixli, e-2-2(113)-358/2022 saylı qərardadı ilə iddia baxılmamış saxlanılmışdır. İddiaçı MMC həmin qərardaddan şikayət vermişdir. Bakı Kommersiya Məhkəməsinin 29 mart 2022-ci il tarixli, e-2-2(113)-358/2022 saylı qərardadı ilə prosessual qanunvericilikdə təsbit olunan formaya uyğun tərtib edilmədiyindən şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Daha sonra İddiaçı MMC Bakı Kommersiya Məhkəməsinin həm 17 mart 2022-ci il tarixli, həm də 29 mart 2022-ci il tarixli qərardadından birgə şikayət vermişdir. Bakı Kommersiya Məhkəməsinin 22.04.2022-ci il tarixli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 17 mart 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilən şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Bakı Kommersiya Məhkəməsinin 17 mart 2022-ci il tarixli, e-2-2(113)-358/2022 saylı qərardadı Mülki Prosessual Məcəllənin 135.5 və 135.6-cı maddələrinin tələblərinə uyğun olaraq 18.03.2022-ci il tarixdə İddiaçı MMC-yə məxsus şəxsi elektron kabinetdə yerləşdirilmiş və ona bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada çatdırılmışdır. Lakin iddiaçı tərəfindən verilmiş şikayət 22.04.2022-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Halbuki Mülki Prosessual Məcəllənin 268.1-ci maddəsinin tələblərinə görə şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Göründüyü kimi şikayətin verilməsi müddəti 28.03.2022-ci il tarixdə bitdiyi halda, borclunun şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülərək, 22.04.2022-ci il tarixdə verilmişdir. Eyni zamanda kollegiya qeyd edir ki, şikayətin birinci dəfə vaxtında verilməsi məsələnin həllinə təsir etmir. Çünki şikayəti Mülki Prosessual Məcəllənin 268.1-ci maddəsində göstərilən 10 gün müddətində prosessual qaydalara tam riayət edilməklə verilməlidir. Ona görə də, həmin müddətdə verilmiş, lakin hər hansı səbəbə görə geri qaytarılmış şikayət yenidən verildikdə də 10 gün müddətə riayət olunmalı, bu mümkün olmadıqda isə prosessual müddətin bərpası barədə ərizə verilməlidir. Əks yanaşma həm Mülki Prosessual Məcəllənin 268.1-ci maddəsinin tələblərinə, həm də hüquqi müəyyənlik prinsipinə ziddir, həmçinin işlərin prosessual qanunvericiliklə müəyyən edilən və ümumiyyətlə ağlabatan müddətlərin pozulması ilə baxılmasına səbəb ola bilər. Mülki Prosessual Məcəllənin 363.1.3-cü maddəsinin tələblərinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Bu baxımdan kollegiyası hesab edir ki, iddiaçının Bakı Kommersiya Məhkəməsinin 17 mart 2022-ci il tarixli qərardadından verdiyi şikayət qeyri-mümkün hesab edilməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Bundan əlavə Mülki Prosessual Məcəllənin 269-cu maddəsinə əsasən qərardaddan verilmiş şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə kasasiya instansiyası məhkəməsinə göndərilir. Birinci instansiya məhkəməsi isə Bakı Kommersiya Məhkəməsinin 29 mart 2022-ci il tarixli qərardadından verilmiş şikayətə Mülki Prosessual Məcəllənin 269-cu maddəsinin tələblərinə uyğun baxmadan şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Mülki Prosessual Məcəllənin 366.2-ci maddəsində isə təsbit olunmuşdur ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Bu baxımdan kollegiyası hesab edir ki, iddiaçının Bakı Kommersiya Məhkəməsinin 29 mart 2022-ci il tarixli qərardadından verdiyi şikayət də qeyri-mümkün hesab edilməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 363, 366 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-358/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 17 mart 2022-ci il və 29 mart 2022-ci il tarixli qərardadlarından İddiaçı MMC tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-521/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-521/2022
29.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver