Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-521/2025 16.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdeh qarşı ("xxxx" MMC və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) dəymiş ziyanın ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X22 Əliyevanın sədrliyi və məruzəsi ilə, X3 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçı X10, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-69/2025 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları:
1. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü tarixli e-2-2(113)-3638/2023 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh X12 (X13 müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) qarşı pul tələbinə dair iddiası təmin edilərək cavabdehdən 12.500 manat pul vəsaiti, vəkil xidmətlərinə görə xərclərin əvəzi olaraq 100 manat və mediasiya xərclərinin əvəzi olaraq 200 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. Bakı Apellyasiya Məhkəməsinin 2024-cü il 21 fevral tarixli 2-2(103)-102/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə ilə iddia tələbi rədd olunmuşdur. Həmin qətnamə ilə cavabdehə (X15) satılmış yemdə bakteriyanın olması malın keyfiyyətinə dair tələblərin əhəmiyyətli dərəcədə pozulması kimi qiymətləndirilmiş və mütəxəssis rəyinə əsasən bu bakteriyanın yemin saxlanma şəraiti ilə əlaqədar sonradan əmələ gəlməsi mümkün olmadığı nəzərə alınaraq mülki qanunvericiliyə əsasən yemdəki qüsur alıcıya (X15) təhvil verilənədək mövcud olduğuna görə satıcının (Cavabdeh) məsuliyyət daşımalı olması müəyyən edilmişdir.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-2(102)-363/2024 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 21 fevral tarixli 2-2(103)-102/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
4. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu X1 xx.xx.2022-ci il tarixli sınaq protokolundan görünür ki, sınaq nəticələrinə əsasən 0001 nömrəli quş yemində (götürülmüş nümunədə) faktiki olaraq “Clostridium perfringens” aşkar olunmuş, “Salmonella” və “E.Coli” aşkar edilməmişdir.
5. "xxxx" MMC (istehsalçı) ilə Cavabdeh (distribüter) arasında bağlanmış xx.xx.2023-cü il tarixli xx.xx.2023/GP SF-19 saylı distribüterluq müqaviləsinə əsasən istehsalçı yem məhsullarını istehsal edir və satış üçün distribütera təqdim edir, distribüter istehsalçının təqdim etdiyi yem məhsulunu qəbul edir və satışını təşkil edir. Müqavilə imzalandığı gündən qüvvəyə minir və 1 il müddətinə qüvvədədir.
6. Cavabdeh Bakı şəhər Xəzər RPİ-nin 3-cü Polis Şöbəsində izahat verərək bildirmişdir ki, təxminən bir ilə yaxındır ki, "xxxx" MMC şirkəti ilə müqavilə bağlayıb cücə yemlərinin satışı ilə məşğul olur və bu işdə ona rəsmi işçisi, X2 edir. Mahiyyəti üzrə bildirmək istəyir ki, 2022-ci ilin yay ayları olardı ki, işçisi Həsənin tanışları ondan və Həsəndən cücə yemi almaq istəmələri ilə bağlı müraciət etmişdir, lakin o onları tanımadığı üçün risk edib yem vermək fikrində yox idi, lakin Dilqəmin tanışı onlara xahişə çıxdığına görə və inam yarandığına görə onun işçisi Dilqəmlə öz aralarında razılaşma yolu ilə təxminən 23.000 manatlıq cücə yemi vermişdilər və pulunu hissə-hissə ödəyərək vermişdir və bundan sonra inam yarandığı üçün Dilqəmlə işləməyə davam etdilər. Bildirmək istəyir ki, 2022-ci ilin noyabr ayı olardı ki, Dilqəm onun işçisindən 12.500 manatlıq cücə yemi istəmişdir və yemin pulunu cücələri böyüdüb satışından sonra verəcəyi vədi vermişdir və buna görədə işçisi Həsən Dilqəmə ümumi dəyəri 12.500 manatlıq cücə yemini şirkətdən hissə-hissə çıxararaq Xəzər rayonu Binə qəsəbəsində yaşayan Dilqəmin cücə fermasına gətirib təhvil vermişdir, lakin 2022-ci ilin noyabr ayının sonları Dilqəm cücə yemindən şikayət etməyə başladı və bu səbəbdən də o Dilqəmə işçisi Həsənin verdiyi yemi yenisi ilə əvəz etdirdi. Lakin bundan sonra dekabr ayı olardı ki, Dilqəm yenidən başladı yemdən şikayət etməyə və bildirdi ki, guya onların verdikləri cücə yemindən onun təxminən 400- 500-ə yaxın cücələri yemdən zəhərlənib və ölüb və bundan sonra o şirkətin rəsmi baytar həkimi olan Nuran adlı həkimini və şirkətin rəsmi işçisi satış müdürü Rasim müəllimi Dilqəmin cücə sexinə dəvət etdi ki, Dilqəm qeyd etdiyi yemə və ölən cücələrə baxış keçirib və müayinə etsinlər, lakin sexdə olan zaman Dilqəm onlara heç bir ölü cücə təqdim etmədi, bundan sonra 2022-ci ilin dekabr ayının 2-si Dilqəm o və işçisi Həsən ilə birlikdə cücə yemini ekspertizadan keçirmək üçün yemi həkimə təqdim etdilər və həkim bir neçə həftədən sonra bildirdi ki, bu yemdən heç bir cücə ölə bilməz. Bundan sonra o və işçisi Həsən, Dilqəmdən 12.500 manat pullarını verməsini tələb etdilər, lakin Dilqəm sözdə bildirir ki, borcunu qaytaracaq, lakin əməlində isə pulunu qaytarmır və bildirir ki, şirkəti məhkəməyə verəcək və onun pulunu verməkdən boyun qaçırır. X15 ona ümumi 12.500 manat pul borcludur.
7. X15 Bakı şəhər Xəzər RPİ-nin 3-cü Polis Şöbəsində izahat verərək bildirmişdir ki, o ailəvi olaraq Xəzər rayonu Binə qəsəbəsi X18 cücə ferması ilə məşğul olur. Mahiyyəti üzrə bildirmək istəyir ki, təxminən bir ilə yaxın olar ki, cücə yemi satışı ilə məşğul olan Həsən adlı şəxslə tanış olmuş və o bildirdi ki, SR-Sook şirkətinin müdiri olan Fəxrəddin adlı şəxsin işçisidir. O onunla öz aralarında razılaşma yolu ilə ilkin olaraq hissə-hissə 23.000 manatlıq cücə yemi aldı və pullarını hissə-hissə Həsənə ödəniş etdi. Təxminən 2022-ci ilin noyabr ayı olardı ki, Həsənlə əlaqə saxladı, ona bildirdi ki, ona 12.500 manatlıq cücə yemi lazımdır və o da sözünü yerə salmayıb 12.500 manatlıq cücə yemini hissəhissə gətirərək, onun cücə fermasına çatdırdı. Lakin bir müddət keçdikdən sonra Həsənin gətirdiyi yemdə problem olduğu üçün cücələrinin qarnı açıldığı üçün Həsəndən xahiş etdi ki, yemi dəyişsin və Həsən bir tona yaxın yemi yenisi ilə əvəz etdi, lakin bundan sonra onun 400-500-ə yaxın cücələri öldü. Bu barədə o Həsənə bildirdi və onları fermaya dəvət etdi, onlar yemə baxış keçirdilər və onlar ilə birlikdə yemi ekspertizadan keçirdilər və ekspertizanın rəyində bakteriya, yəni cücələrə ziyan vura biləcək bakteriya aşkar olundu və ona 40.000 manatlıqmaddi ziyan dəydiyinə görə o 12.500 manat pulu Həsənə ödəməyəcək, lakin bir şərtlə ödəyər ki, ona dəymiş tam ziyanı Həsən ödəsə, o da onun 12.500 manatını ödəyəcəyinə söz verir.
8. X13 Bakı şəhər Xəzər RPİ-nin 3-cü Polis Şöbəsində izahat verərək bildirmişdir ki, o SR-Sook şirkətinin Bakı nümayəndəliyində satıcı işləyir. 2022-ci ilin noyabr ayında 12.500 manatlıq cücə yemi vermişdir. Həmin vaxt ona yemin pulunu vermədi, bildirdi ki, verəcək. 2022-ci ilin dekabr ayının 2-sində o, yemin pulunu almaq üçün Fəxrəddin müəllimlə birlikdə Dilqəmin yanına getdilər. Dilqəm bildirdi ki, yemdə problem var, cücə böyümür. Həmin gün o, Fəxrəddin müəllim və Dilqəm yemdən analiz vermək üçün AQTA laboratoriyasına getdilər, orada yemdən analiz verdilər. Təxminən ay yarımdan sonra Dilqəm Fəxrəddin müəllimə analizin cavabını göndərmişdir. Dilqəmə etibar edərək malı ona qaiməsiz nisyə vermişdir. O 12.500 manat məbləğində cücə yemini X12 yemi hissəhissə Xəzər rayonu Binə qəsəbəsi, Hövsan südcülük sovxozunda Dilqəmin qardaşının iştirakı ilə onlara təhvil vermişdir. Dilqəm ona cücə yemi üçün 12.500 manat pul borcludur.
9. Bakı şəhər Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinin sahə rəisi, polis mayoru Bəhruz Qurbanovun xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli arayışlarından görünür ki, Cavabdeh və X10 müraciətləri (alınmış izahatları) üzrə aparılmış araşdırma zamanı toplanmış material mülki xarakterli olduğu üçün dəftərxanada işə alınmasına məqsədəmüvafiqdir.
10. "xxxx" MMC-nin dəymiş maddi ziyanın müəyyən edilməsi barədə xx.xx.2023cü il tarixli UNİ/M 11-202/23 nömrəli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə Südcülük sovxozu ərazisində yerləşən, X12 məxsus bioloji aktivlərə - broyler toyuqlarına dəymiş maddi ziyanın ədalətli dəyəri xx.xx.2023-ci il tarixinə 45.000 manat (o cümlədən çəki azlığı səbəbindən satılmayan quşların dəyəri 41.250 manat, xəstəlik səbəbindən tələf olmuş quşların ümumi dəyəri (1 ədəd quşun (toyuğun) qiyməti 7,50 manat olmaqla cəmi 500 ədəd quşa görə) 3.750 manat) təşkil edir. Mütəxəssis rəyində əks olunmuş qiymətləndirmə obyektlərinin fotoşəkillərinə əsasən Ross cinsli broyler toyuqlarının tələf olduğu görünür.
11. Məhkəmə iclasında iş materiallarında olan telefon danışıqlarının və səsli video görüntünün qeyd edildiyi CD-diskə baxış keçirilərkən, səsli video görüntülərdən müəyyən edilmişdir ki, Həsən adlı şəxsə müraciət edilməklə (video-səs sahibinin deməsinə görə) 40-a yaxın iri çəkili cücələrin, 30-a yaxın isə nisbətən kiçik çəkili cücələrin tələf olduğu (öldüyü) müşahidə olunur. Həmçinin səsli video görüntülərdən müəyyən edilir ki, cücələrin saxlanıldığı (yemləndiyi) yerdə video-səs sahibi eksperiment apararaq, cücələrin qarşısına 2 cür (video-səs sahibinin deməsinə görə) birinə Gürcüstan, digər qaba isə iddiaçıdan aldığı yemlərin qoyulduğu, Gürcüstan yeminin olduğu qabdan cücələrin yem yediyini, iddiaçıdan alınan yemin olduğu qabdan isə cücələrin demək olar ki, yemdən istifadə etmədiyi, yemi qabın ətrafına dağıtdıqları müşahidə edilir.
12. Həmçinin CD-diskə əlavə olunan səsli fayl dinlənərkən müəyyən edilmişdir ki, Dilqəm adlı şəxslə Həsən adlı şəxs arasında telefon danışıqları olmuş və telefon danışıqlarından müəyyən olunur ki, Dilqəm adlı şəxs Həsən adlı şəxsə müraciət edərək, cücələrin böyümədəyini, ishal olduğunu və yalnız dərman verdikdən sonra bir müddət qaydaya düşdüyünü, lakin daha sonra yenidən həmin problemlərin meydana gəldiyini, cücələrə hər gün (anti-biotik) dərmanları verməklə onların bu problemlərini aradan qaldırmağın (onların vəziyyətinin stabil saxlanılmasının) mümkün olmadığını, düzgün olmadığını bildirməklə ondan aldığı yemlərdən şikayət edir, Həsən isə Dilqəmə cavabında yemlərdə heç bir problemin olmadığını, cücələrdəki yaranmış problemlərin cücələrin özündən və yaxud saxlanılma şəraitindən irəli gəlmə ehtimallarının olduğunu, bununsatdıqları yemlə əlaqəsinin olmadığını, digər alıcılara da həmin yemdən satıldığını və heç bir şikayətin olmadığını, əgər yemdə problem varsa yemdən nümunə götürülməklə laboratoriya analizindən keçirilməsi tövsiyyə olunmuş, əgər cücələrdəki problemin satdıqları yemdən qaynaqlandığı təsdiq olunarsa şirkətə bu barədə məlumat verməklə məsələləri həll edə biləcəyini bildirmişdir.
Birinci instansiya məhkəməsindəki icraat:
13. İddiaçı iddia ərizəsi, sonra isə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 45000 manat məbləğidə maddi ziyanın əvəzi və 5000 manat mənəvi ziyanın əvəzinin onun xeyrinə tutulmasını xahiş etmişdir.
14. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2022-ci ilin noyabr ayında cavabdehdən 12.500 manat dəyərində cücə yemi alıb. Həmin yemi cücələrə verdikdən sonra 10.000 cücədə ishal, inkişafdan qalma və ölüm baş vermişdir. Bu barədə cavabdehlər X8 məlumat verib və yemdən nümunə götürüb analiz üçün X6 müraciət ediblər. QTİ- nın komleks tədqiqatlar laboratoriyasının analizi nəticəsində yemdə “Clostridium perfringens” bakteriyası aşkar olundu və nəticədə iddiaçıya 45.000 manat dəyərində maddi ziyan dəymişdir. Həmin ziyanın ödənilməsi tələbi ilə ərazi üzrə Xəzər RPİ-nin 3-cü Polis şöbəsinə müraciət edib. Polis şöbəsində müvafiq araşdırıma aparılmış, iddiaçının və X5 izahatları alınmış, göstərilən xüsusatlarla bağlı mülki qaydada məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Polis şöbəsində aparılmış araşdırma zamanı izahat vermiş X14 izahatında göstərmişdir ki, 2022-ci ilin noyabr ayında 12.500 manatlıq cücə yemini iddiaçıya vermişdir. İddiaçı ona yemdə problem olduğunu və cücələrin böyümədiyini bildirib. Yemdən nümunə götürüb X7 müraciət ediblər. İddia ərizəsinə əlavə olunan "xxxx" MMC-nin 18 may 2023-cü il tarixli dəymiş maddi ziyanın qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə Südçülük sovxozu ərazisində yerləşən X12 məxsus bioloji aktivlərə-broyler toyuqlarına dəymiş maddi ziyanın manatla ifadədə ədalətli dəyəri 18 may 2023-cü il tarixə 45.000 manat təşkil edir. Həmin rəydən görünür ki, c.perfringens- insanlar və heyvanlar üçün patogen olmaqla, bir sıra xəstəliklərin (nekrotik enteritlər, qaz qanqrenaları və s.) eləcə də qida toksikoinfeksiyalarının törədiciləri hesab olunur. Spor şəkildə torpaqda, fekarda, durğun sularda, xarab olmuş yem və qida məhsullarının tərkibində rast gəlinən bu mikroorqanizmlər uzun müddət qeyri-stabil şəraitdə həyat fəaliyyətini qoruyub saxlaya bilir. Qeyd etmək lazımdır ki, C.perfringens bakteriyalarının müxtəlif tipləri tərəfindən bir sıra toksinlər (alfa- toksin, beta-toksin, delta-toksin, epsilon toksin, enterotoksin və b.) sintez edilir ki, onlardan epsilon toksin və enteroksinlər insan sağlamlığı üçün daha təhlükəli sayılır. Clostridium perfringens bakteriyaları ilə yoluxmuş heyvan mənşəli qida məhsulları ürəkbulanma, ishal, sancı və temperaturla müşayiət olunan zəhərlənmələrlə, həmçinin sinir sistemi xəstəliklərinə və şişlərin əmələ gəlməsinə səbəb ola bilər. Həmçinin həmin rəydən görünür ki, dəymiş ziyanın xərc metodu ilə müəyyən edilmiş dəyəri, yəni cücənin alış dəyəri, yemin dəyəri (bir quş üçün yetişmə dövrü ərzində), digər xərclər (dərman, işçilik haqqı, işıq və s.), yetişkən quşun yerində satış dəyəri, təbii tələf olma (5 %), satılmış quşların dəyəri, çəki azlığı səbəbindən satılmayan quşların dəyəri, xəstəlik səbəbindən tələf olmuş quşların dəyəri hesablanmışdır. İddia ərizəsinə əlavə olunan X4 X1 sınaq nəticələrindən ğöfüihür ki, təqdim olunmuş quş yemində “clostridium perfringens” bakteriyası aşkar olunmuşdur. İddiaçı iddianın maddi hüquqi əsası kimi AR Mülki Məcəlləsinin 21, 581, 587.1.3, 1096.1, 1097.1-ci maddələrinə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanununun 3, 5, 11, 26-cı maddələrinə istinad etmişdir.
15. İddia tələbinə qarşı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iş üzrə iddiaçı quşların dəyəri, çəki azlığı səbəbindən satılmayan quşların dəyəri, xəstəlik səbəbindən tələf olmuş quşların dəyəri hesablanmışdır. İddia ərizəsinə əlavə olunan X4 X1 sınaq nəticələrindən görünür ki, təqdim ölünmüş quş yemində “clostridium perfringens” bakteriyası aşkar olunmuşdur. İddiaçı tərəfindən iş üzrə sübut kimi təqdim edilmiş Uniprice MMC-nin sahibi Ramil Qasımzadənin imzaladığı «mütəxəssis rəyi» saxtadır. Bu necə rəydir ki, «mütəxəssis» bir dənə də ölü cücə görməmişdir? Bu necə rəydir ki, bir dənə də maliyyə sənədinə istinad etmir? Dilqəmin uydurmasına görə cücələr guya 2022-ci ilin dekabrında tələf olmuşlar. «Mütəxəssis» isə xx.xx.2023-cü ildə bir neçə ölü cücə fotoşəklinə baxaraq rəy vermişdir. Sadalananlara əsasən, cavabdeh AQTİ X1 1dh2hs4/LAB04-22001-T-001 nömrəli sınaq protokolunun saxtakarlıqla əldə edildiyini, İddiaçı əməlinin ifşa olunmasını nəzərə alaraq iddia tələbinin rədd edilməsi və özünü mütəxəssis kimi qələmə verən Ramil Qasımzadə, həmçinin Dilqəm Əlixanov barəsində xüsusi qərar çıxardaraq aidiyyəti üzrə prokurorluğa göndərilməsini xahiş edir.
16. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-69/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi rədd edilmişdir.
17. Məhkəmə işin mübahisəsiz halları kimi göstərmişdir, iddiaçı X15 ilə Cavabdeh arasında bağlanmış şifahi alqı-satqı müqaviləsinə əsasən iddiaçı X15 Cavabdeh 12.500 manat dəyərində cücə yemi almış, lakin yemdə qüsur olduğu üçün həmin yemlə qidalanan cücələrin xəstələndiyi və öldüyünü əsas gətirərək iddiaçıya yemin dəyərini ödəməkdən imtina etmişdir. Bununla bağlı iş üzrə cavabdeh yemin dəyərinin ödənilməsi tələbi ilə Bakı Kommersiya Məhkənəsinə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü tarixli e-2-2(113)-3638/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2024-cü il 21 fevral tarixli 2-2(103)- 102/2024 nömrəli, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-2(102)-363/2024 nömrəli qətnamələri ilə iddiaçı Cavabdeh X12 qarşı "alqı-satqı müqaviləsi üzrə borc" tələbinə dair iddiası rədd edilmişdir. Hazırda iddiaçı X15 Cavabdeh qarşıə iddia tələbi ilə müraciət edərək, Cavabdeh tərəfindən ona satılan yemdən cücələrinin tələf olduğunu bildirir və bunun nəticəsində ona dəymiş 45000 manat dəyərində maddi ziyan və 5000 manat məbləğində mənəvi ziyanın onun xeyrinə tutulmasını tələb edir. Cavabdeh isə iddia tələbini qəbul etmir, "xxxx" MMC-nin mütəxəssis rəyinin saxta olmasını, Azərbaycan Qida Təhlükəsizliyi X9 Laboratoriyasına başqa yemin təqdim edilməsini əsas göstərərək etiraz edir. Məhkəmə ilk növbədə cücələrin Cavabdeh tərəfindən İddiaçı satılmış cücə yemindən tələf olması, bununlada iddiaçıya zərər dəyməsi ilə bağlı qeyd etmişdir ki, digər kommersiya işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə yemin qüsurlu olması müəyyən edilmişdir. Lakin tələf olan cücələrin məhz cavabdehin satdığı yemdə olan qüsur nəticəsində tələf olması qeyrimüəyyəndir. Belə ki, Bakı Apellyasiya Məhkəməsində 2-2(103)-102/2024 nömrəli işə baxılarkən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyindən mütəxəssisi X17 izahatında bildirmişdir ki, bu yemlə qidalanan cücələr xəstələnə və ölə bilər, lakin cücələrin müalicə olunması da mümkün olduğundan cücələrin hansı səbəbdən öldüyünün müəyyən edilməsi üçün yaxşı olardı ki, ölmüş quşlar da analizə verilərdi. İddiaçı isə tələf olmuş quşları laboratoriya analizinə vermədən, müvafiq orqanlara müraciət edərək lazımı sənədləşmə aparmadan tanımadığı şəxslərə vermişdir. Belə olan halda isə həmin quşların ölüm səbəbini, sayını və cinsini dəqiq müəyyənləşdirmək mümkün olmamışdır. İddiaçının təqdim etdiyi mütəxəssis rəyinə münasibətdə məhkəmə qeyd etmişdir ki, həmin rəydə qiymətləndirici məlumatların tam dəqiq olmasına təminat verməmiş, iddiaçının təqdim etdiyi fotoşəkillər və məlumatlar əsasında təxmini hesablama aparmışdır. Halbuki, iddiaçı özü 10000 cücə almasını, aldığı cücələrin “Ross” cinsi olmasını və tələf olmuş quşların sayının 10000 olmasını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Hətta iddiaçı D.Əlixanov məhkəmə iclasında verdiyi izahatlarda cücələrdə problemlərin yaranmasına baxmayaraq cavabdeh tərəfindən ona satılan yemi cücələrə verməyə davam etdiyini bildirmiş, habelə cücələr tələf olduqdan sonra onların nədən tələf olmasını müəyyən etmək üçün Azərbaycan Respublikasinin X7 müraciət etməmiş və çəki yığa bilməyən bakteriyalı cücələri başqa şəxslərə satmışdır. Bununla yanaşı iddiaçı izahatında cücələrə mübahisə predmeti olan cücə yemindən də başqa yem verdiyini bildirmişdir. Göründüyü kimi iddiaçı tələf olmuş quşlar barədə Azərbaycan Respublikasinin X7 məlumat verməməklə, cücələrin laborotiyada tədqiq edilərəktələf olmasının səbəblərinin dəqiq aydınlaşdırılmasının və tələf olmuş quşların sayının müəyyən olunmasının qarşısını almış, məhkəməni, cücələrin hamısının cavabdehin satdığı yemdən tələf olması və sayının dəqiqləşdirilməsi faktını müəyyən etməkdən məhrum etmişdir. Bundan başqa məhkəmə cücələrin sayının müəyyən edilməsi üçün eskpertiza təyin edilməsini zəruri hesab etmiş, lakin tərəflər arasında cücələrin növü ilə bağlı mübahisə olması, iddiaçının tələf olan cücələrin cinsi barədə məlumat verə bilməməsi və bu halın məhkəmə üçün qeyri-müəyyən qalması səbəbilə iş üzrə ekspertiza tədqiqatının aparılması əhəmiyyətsiz olduğundan təyin edilməmişdir. Həmçinin iddiaçıya cücələrin saxlanıldığı fermanın sahəsi ilə bağlı müvafiq məlumatların məhkəməyə təqdim edilməsi təklif edilsə belə, iddiaçı cüələri saxladığı sexin hazırda başqa şəxsin istifadəsində olduğunu, artıq, cücələrin saxlanıldığı yerdən başqa məqsədlər üçün istifadə edildiyini bildirmiş, bununla da məhkəmənin, quşların saxlanıldığı sexin 10000 cücənin saxlanması üçün şəraiti olduğunu müəyyən etməsi mümkün olmamışdır. Hazırkı halda cavabdeh tərəfindən satılmış cücə yeminin qüsurlu olması təsdiq edilsə belə, iddiaçıya məxsus cücələrin hamısının bakteriyalı yemdən tələf olması və hansı sayda cücənin həmin yemdən ölməsi faktı, yəni cavabdehin əməli ilə iddiaçıya dəymiş zərərin arasında səbəbli əlaqənin mövcudluğunu, maddi zərərin miqdarını müəyyən etmək mümkün deyildir. Belə ki, iddiaçı D.Əlixanov 10.000 ədəd cücənin tələf olmasını cavabdeh tərəfindən ona satılmış qüsurlu yem ilə əlaqələndirsə də, nə cücələrin sayının 10.000 ədəd olduğunu, nə də həmin sayda cücənin məhz cavabdehin satdığı yemdən tələf olduğunu, yəni real zərərin və əldə çıxmış faydanın miqdarını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin iddiaçı cavabdehin hərəkətləri nəticəsində mənəvi sarsıntı keçirdiyini və mənəvi zərərin əvəzi kimi 5000 manat məbləğində pul tələb etməsini, həmin məbləğinin hansı səbəbdən 5000 manat təşkil etməsini əsaslandırmamış və bununla bağlı məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən cavabdehin hərəkəti nəticəsində 45000 manat maddi və 5000 manat mənəvi ziyan dəydiyi bildirilmiş, bu barədə hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Beləliklə, məhkəmə mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbinin rədd edilməsi qənaətinə gəlmişdir. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab etmişdir ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir.
18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni AR Mülki Məcəlləsinin 21, 1096, 1097.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına, Ali Məhkəmənin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli Qərarının 2-ci bəndinə istinadla əsaslandırmışdır.
19. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-69/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmiş, Bakı Kommersiya Məhkəməsinin 05 fevral 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin tələblərini nəzərə almamışdır. İddiaçıya zərər dəydiyini müəyyən etməyən məhkəmə 18 may 2023-cü il tarixli rəydə göstərildiyi kimi c.perfringens- insanlar və heyvanlar üçün patogen olmaqla, bir sıra xəstəliklərin (nekrotik enteritlər, qaz qanqrenaları və s.) eləcə də qida toksikoinfeksiyalarının törədiciləri hesab olunur. Spor şəkildə torpaqda, fekarda, durğun sularda, xarab olmuş yem və qida məhsullarının tərkibində rast gəlinən bu mikroorqanizmlər uzun müddət qeyri-stabil şəraitdə həyat fəaliyyətini qoruyub saxlaya bilir. Qeyd etmək lazımdır ki, C.perfringens bakteriyalarının müxtəlif tipləri tərəfindən bir sıra toksinlər (alfa- toksin, beta-toksin, deltatoksin, epsilon toksin, enterotoksin və b.) sintez edilir ki, onlardan epsilon toksin və enteroksinlər insan sağlamlığı üçün daha təhlükəli sayılır. Clostridium perfringens bakteriyaları ilə yoluxmuş heyvan mənşəli qida məhsulları ürəkbulanma, ishal, sancı və temperaturla müşayiət olunan zəhərlənmələrlə, həmçinin sinir sistemi xəstəliklərinə və şişlərin əmələ gəlməsinə səbəb ola bilər. Belə olan halda iddiaçı cavabdehdən aldığı qüsurlu yemi cücələrinə verəndən sonra zərər çəkdiyi aşkar olsa da, məhkəmə iclasında tərəflərin izahatları ilə həmin yemin cücələrə verildiyi təsdiq olunsa da məhkəmə həmin yemdən cücələrin öldüyünü müəyyən etməməkdə səhv nəticəyə gəlmişdir. Məhkəmə hazırlıq iclasında xx.xx.2024-cü il tarixdə şahidlərin dindirilməsi barədə vəsatət verilmiş, məhkəmə mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan şahidlərimin dindirilməsindən imtina etmişdir. Bundan başqa qüsurlu yemin satılması ilə əlaqədar iddiaçının keçirdiyi əsəb, stres, gərginliklə bağlı çəkdiyi mənəvi ziyan, hamıya bəlli olan hallar və ya faktlar olduğuna görə sübuta ehtiyacı olmasa da məhkəmə həmin hallarla bağlı sübut tələb etməkdə haqsız olmuşdur. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillər ondan ibarətdir ki, məhkəmə tələf olan cücələrin məhz cavabdehin satdığı yemdə olan qüsur nəticəsində tələf olub-olmamasını aydınlaşdırmamışdır. Buna dair özünün gəldiyi nəticədə Bakı Apellyasiya Məhkəməsində 2-2(103)-102/2024 nömrəli işə baxılarkən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyindən mütəxəssisi X11 ifadəsinə istinad etmişdir. Həmin şəxs də izahatında bu yemlə qidalanan cücələr xəstələnə və ölə biləcəyini bildirmişdir. Bundan başqa "xxxx" MMC-nin dəymiş maddi ziyanın müəyyən edilməsi barədə xx.xx.2023-cü il tarixli UNİ/M11-202/23 nömrəli mütəxəssis rəyində də həmin bakteriyanın nə qədər təhlükəli olduğu və cücələrin ölümünə səbəb olduğu barədə kifayət qədər ətraflı məlumat verilmiş və istinad olunan mənbə aydın şəkildə göstərilmişdir. Məhkəmə cücələrin cavabdehin satdığı yemdə olan qüsur nəticəsində tələf olubolmamasını aydınlaşdırarkən həmin rəydə istinad olunanlara qiymət verməmiş, özünün gəldiyi nəticəni şahidin cücələrin müalicə olunmasının da mümkün olduğu barədə bildirdikləri ilə əsaslandırmağa çalışmışdır. Ona görə ki, əgər özünün gəldiyi nəticədə "xxxx" MMC-nin mütəxəssisinin rəyində göstərilənlərə istinad etsə cücələrin məhz cavabdehin satdığı yemdə olan qüsur nəticəsində tələf olduğu aşkar olardı və həmin halları təkzib etmək məhkəmə üçün çox çətin olardı və iddianın rədd olunması nəticəsinə gələ bilməzdi. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillər ondan ibarətdir ki, məhkəmə cücələrin hamısının cavabdehin satdığı yemdən tələf olması və sayının dəqiqləşdirilməsi faktını müəyyən etməkdən məhrum edildiyini qeyd etsə də elə məhkəmənin özü iddiaçının şahidllərin dindirilməsi barədə vəsatətini təmin etməyərək iddiaçının göstərdiyi halların sübut edilməsinə maneə yaratmışdır. Belə ki, hələ məhkəmənin hazırlıq iclasında iddiaçı tərəf vəsatət verərək məhkəmənin baxış iclasında məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan X26 oglu və X19 şahid kimi dindirilməsini xahiş etmiş, hemin Şahidlərin cücə sexinde işçi kimi cücələrin sayi, xəstəliyi, ölümü ve inkişafdan qalmasi barədə məlumatlara malik olduğunu göstərmişdi. Məhkəmə isə iş üzrə əhəmiyyətli halların həmin şahidlər tərəfindən sübut edilə biləcəyinə əhəmiyyət verməmiş və həmin vəsatəti əsassız olaraq rədd etmiş, Özünün ekspertiza təyin edib göstərilən halların müəyyən edilməsi barədə maraqlı kimi göstərmiş, lakin bunun mümkün olmadığını qeyd etmişdir. Əgər şahidlər məhkəmə iclasında dindirilsə idi onlar qeyd olunan halları və faktları təsdiq edə bilərdi. Bu zaman məhkəmə həmin halları təkzib etməkdə çox çətinlik çəkərdi. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillər ondan ibarətdir ki, məhkəmə ilk növbədə qeyd edir ki, digər kommersiya işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə yemin qüsurlu olması müəyyən edilmişdir. Belə olan halda qüsurlu yemə görə iddiaçının mənəvi zərər çəkməsi aşkardır və hammıya bəlli olan haldır və onun heç bir sübuta yoxdur. Məhkəmə yemin qüsurlu olmasını müəyyən etməklə mənəvi ziyanın ödənilməsi barədə tələbi təmin etməli idi. İddiaçı tərəfindən 5000 manat mənəvi ziyan tələbi ağlabatan məbləğ olmaqla onun keçirdiyi mənəvi psixoloji əzab-əziyyətin dəyəri idi. Məhkəmənin bu məbləğə dair konkret sübut tələb etməsi iddiaçını həddindən artıq ağır sübut etmə yükü altında qoymaqla işin hallarına və istehlakçının hüquqlarının pozulmasına uyğun gəlmir. Bundan başqa əvvəlki kommersiya işində cavabdeh tərəf cücələrin sayının 10.000 olması ilə bağlı heç bir etirazını bildirməmiş, həmin məhkəmə iclasında ifadə verən şahidlər belə cücələrinin sayının 10.000-dən az olması barədə mübahisə etməmişdir. Həmçinin cavabdeh tərəfindən 10.000 cücə ilə bağlı sorğular vermişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
21. Apellyasiya şikayətinə qarşı yazılı etiraz məhkəməyə təqdim edilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
22. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi, təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etdi.
23. İddiaçı izahatında apellyasiya şikayətini müdafiə etdi.
24. Cavabdeh nümayəndəsi və vəkili apellyasiya şikayətinə etraz etdi və şikaətin təmnin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq:
25. Mülki Məcəllənin: -21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -442-ci maddəsinə görə hdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
26. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
27. - “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarına görə Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.
Apellyasiya baxışının hədləri:
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
30. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia rədd edilmiş və iddiaçı tərəfindən bütövlükdə mübahisələndirilmişdir. Odur ki, MPM-in 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam şəkildə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı X15 ilə Cavabdeh aralarında bağlanmış şifahi alqı-satqı müqaviləsinə əsasən cavabdeh tərəfindən iddiaçıya 12.500 manat dəyərində cücə yemi satılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2024-cü il 21 fevral tarixli 2-2(103)-102/2024 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə cavabdeh tərəfindən iddiaçıya satılmış yemdə C.perfringens bakteriyanın olması, həmin qüsurun yem iddiaçıya təhvil verilməmişdən əvvəl mövcud olması müəyyən edilmiş və göstərilən hallar malın keyfiyyətinə dair tələblərin əhəmiyyətli dərəcədə pozulması kimi qiymətləndirmişdir. Hazırda iddiaçı cavabdehdən aldığı yemi cücələrə verdikdən sonra cücələrdə bakteriya aşkar olunduğunu, nəticədə çoxlu sayda cücənin tələf olduğunu, qalan cücələrin çəki yığa bilmədiyini əsas göstərərək ona dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsini tələb edir. İşi yuxarıda göstərilən hallarından göründüyü kimi iddiaçı iddiasının faktiki əsası kimi tərəflər arasında bağlanmış şifahi alqı-satqı müqaviləsinə əsasən cavabdeh tərəfindən keyfiyyətsiz (qüsurlu) cücə yeminin təqdim edilməsinə, yəni cavabdeh tərəfindən alqı-satqı müqaviləsi üzrə öhdəliklərinin lazımi qaydada icra edilməməsinə və nəticədə ona maddi və mənəvi zərər vurulmasına istinad etmişdir. Odur ki, hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 443.1-ci, 21.1-ci maddələri təşkil edir.
1. Kollegiya ilk növbədə qeyd edir ki, müqavilə öhdəliklərinin pozulmasından irəli gələn maddi zərərin əvəzinin ödənilməsi tələblərinə baxılarkən məhkəmə tərəfindən cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərinin təqsirli pozuntusuna yol verilməsi, maddi zərərin (real zərər və ya əldən çıxmış fayda formasında) vurulması, həmin zərərin məbləği və pozuntu ilə dəymiş zərər nəticəsində səbəbli əlaqə müəyyən edilməlidir. Hazırkı halda cavabdeh tərəfindən lazımi keyfiyyət tələblərinə cavab verməyən mal(cücə yemi) təqdim edilməsi, yəni cavabdeh tərəfindən alqı-satqı müqaviləsi üzrə öhdəliklərinin pozulması faktı hər iki tərəfin iştirak etdiyi mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Odur ki, Mülki Məcəllənin 83.2-ci maddəsinə əsasən həmin hallar yenidən sübuta yetirilmir.
2. Cavabdeh tərəfindən müqavilə öhdəliklərinin pozulması nəticəsində iddiaçıya maddi zərər vurulub-vurulmamasına münasibətdə isə kollegiya qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən verilmiş keyfiyyətsiz yemin sahibliyində olan cücələrə verilməsi nəticəsində cücələrin tələf olması, çəki yığa bilməməsi (ümumilikdə 10.000 cücə) nəticədə ona 45.000 manat məbləğində zərər dəyməsini bildirsə də, nə sahibliyində 10.000 ədəd cücə olmasını, nə həmin cücələrin hansı hissəsinin tələf olmasını, hansı hissəsinin çəki yığmamasını, nə də ki, cücələrin bir hissəsinin tələf olması ehtimal edilsə belə, həmin halın cavabdehin təqdim etdiyi yemin cücələrə verilməsi ilə bağlılığını təsdiq edən mötəbər sübutları (ölüm barədə akt, utilizasiya və ya məhv edilməsi barədə, yarmanın nəticələri barədə sənədlər və s.) məhkəməyə təqdim etmişdir.
3. Cavabdehin təqdim edildiyi fotoşəkillərə münasibətdə kollegiya qeyd edir ki, ölmüş cücələrin şəkilləri əks olunmuş həmin fotoşəkillərə əsasən ölmüş cücələrin sayını və ölüm səbəbini müəyyən etmək mümkün deyil.
4. "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyinə münasibətdə kollegiya qeyd edir ki, həmin rəyin özündə tələf olmuş (500 ədəd) və çəki yığmamış(5500 ədəd) cücələrin sayının iddiaçının təqdim etdiyi məlumata əsasən müəyyən edildiyi qeyd edilmişdir. Belə olan halda isə, tərəflərdən birinin verdiyi məlumata əsasən tərtib edilmiş həmin rəy iddiaçıya dəymiş zərərin məbləğini müəyyən edən mötəbər sübut kimi qəbul edilə bilməz.
5. İddianın mənəvi zərər tələbinə dair hissəsinə münasibətdə kollegiya qeyd edir ki, hazırkı halda iddiaçı müqavilə öhdəliklərinin cavabdeh tərəfindən pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini sübuta yetirə bilməmişdir. Odur ki, həmin hissədə də iddia əsassız olmaqla rədd edilməlidir.
32. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur.
33. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
34. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
35. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı X15 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-69/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Ziya Şirinov