Məhkəmə qərarları › İş №2-2(103)-522/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-522/2024

05.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-522/2024 05.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdeh "xxxx" MMC, "xxxx" MMC, Cavabdeh3, "xxxx" MMC, "xxxx" MMC-yə qarşı kommersiya işi Açar söz: pulun tutulması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı kredit borcunun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-34/2024 nömrəli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. xx.xx.2018-ci il tarixli 6-BİZ-1-0-217-18 saylı kredit müqaviləsindən görünür ki, «Yelo Bank” ASC ilə Cavabdeh4 MMC və Cavabdeh1 MMC arasında bağlanmış müqaviləyə əsasən illik 24%, qaytarılması gecikdirildiyi halda ödəniləcək gündəlik faiz dərəcəsi 0,1%-dən çox olmamaq şərti ilə, 72 ay müddətinə 2.821.000 ABŞ dolları məbləğində kredit limiti ayrılmışdır.

2. xx.xx.2018-ci il tarixli 6-BİZ-1-0-217-18/1 saylı kredit müqaviləsindən görünür ki, «Yelo Bank” ASC ilə Cavabdeh4 MMC arasında bağlanmış müqaviləyə əsasən illik 6%, 60 ay müddətinə 540.000 ABŞ dolları məbləğində kredit verilmişdir.

3. xx.xx.2018-ci il tarixli 6-BİZ-1-0-217-18/2 saylı kredit müqaviləsindən görünür ki, «Yelo Bank” ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış müqaviləyə əsasən illik 6%, 56 ay müddətinə ******* ABŞ dolları məbləğində kredit verilmişdir.

4. xx.xx.2020-ci il tarixli 01 nömrəli əlavə sazişdən görünür ki, 6-BİZ-1-0-217-18/1 saylı müqavilə üzrə kreditin müddəti xx.xx.2024-cü il tarixədək uzadılmış, müqavilə üzrə kreditin faiz dərəcəsi illik 6%-dən 8%-dək artırılmışdır. xx.xx.2020-ci il tarixli 01 nömrəli əlavə sazişdən görünür ki, 6-BİZ-1-0-217-18/2 saylı müqavilə üzrə kreditin müddəti xx.xx.2024-cü il tarixədək uzadılmış, müqavilə üzrə kreditin faiz dərəcəsi illik 6%-dən 8%dək artırılmışdır.

5. xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, Qəbələ rayonu Ovcullu kəndində yerləşən 9,127 ha torpaq sahəsi, Qəbələ rayonu Ovcullu kəndində yerləşən 4,9998 ha torpaq sahəsi, Qəbələ rayonu Ovcullu kəndində yerləşən 0,708 ha torpaq sahəsi, Qəbələ rayonu Ovcullu kəndində yerləşən 15,3718 ha torpaq sahəsi, Qəbələ rayonu Ovcullu kəndində yerləşən 7,5083 ha torpaq sahəsi, Qəbələ rayonu Ovcullu kəndində yerləşən 6,9207 ha torpaq sahəsi, Qəbələ rayonu Ovcullu kəndində yerləşən 3,8651 ha torpaq sahəsi, Qəbələ rayonu Mamaylı kəndində yerləşən 11,908 ha torpaq sahəsi, Qəbələ rayonu Mamaylı kəndində yerləşən 6,0733 ha torpaq sahəsi, Qəbələ rayonu Mamaylı kəndində yerləşən 3 ha torpaq sahəsi, Qəbələ rayonu Mamaylı kəndində yerləşən 3 ha torpaq sahəsi, Qəbələ rayonu Mamaylı kəndində yerləşən 27,8991 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir.

6. xx.xx.2018-ci il tarixli 6-BİZ-1-0-217-18 (2) saylı ipoteka müqaviləsindən görünür ki, Quba şəhəri 25-ci məhəllə ünvanında yerləşən 1.10 ha sahədən ibarət Cavabdeh4 MMC-yə məxsus torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Əmlak 275000 manat dəyərində qiymətləndirilmişdir.

7. xx.xx.2021-ci il tarixli 6-BİZ-1-0-217-18 (3) saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 MMC-yə məxsus Sabirabad rayonu Məmişlər kəndində yerləşən 19.5788 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Əmlakın bazar dəyəri 700000 manat dəyərində müəyyən edilmişdir. İpoteka müqavilələrinin və ipotekaya tutma yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınması barədə sübutlar iş materiallarına əlavə edilmişdir.

8. xx.xx.2018-ci il tarixli 6-BİZ-1-0-217-18(1) saylı zaminlik müqaviləsinə əsasən "xxxx" MMC və . xx.xx.2018-ci il tarixli 6-BİZ-1-0- 217-18(2) saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh3 kredit öhdəliyinin icrasına zəmanət vermişdir.

Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı "xxxx" ASC iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh4 MMC-dən, “Ecofruit “MMC-dən, “D.X2 “MMC-dən və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 2018-ci il 15 noyabr tarixli 6-BİZ-1-0-217-18/1 №li kredit müqaviləsi üzrə banka 382984,3 ABŞ dolları əsas, 59279,85 ABŞ dolları faiz, 8150,97 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 450415,12 ABŞ dolları məbləğində borcun və 2018-ci il 15 noyabr tarixli 6-BİZ-1-0-217- 18/2 №li kredit müqaviləsi üzrə banka 898629,20 ABŞ dolları əsas, 77623,62 ABŞ dolları faiz, 83835,12 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 1060087,94 ABŞ dolları məbləğində borcun və 1874 manat ödənilmiş dövlət rüsumunun, 200 manat ödənilmiş mediasiya xərcinin, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 65 manat dövlət rüsumunun və 270 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh4 MMC-yə məxsus olan Quba şəhəri, 25-ci məhəllə ünvanında yerləşən, 1.10 ha sahədən ibarət torpaq sahəsinə və “Ecofruit “MMC-yə məxsus olan Qəbələ rayonu, Ovcullu kəndində yerləşən, 9.127 ha sahədən ibarət torpaq sahəsinə Qəbələ rayonu, Ovcullu kəndində yerləşən, 7.5083 ha sahədən ibarət torpaq sahəsinə, Qəbələ rayonu, Ovcullu kəndində yerləşən, 6.9207 ha sahədən ibarət torpaq sahəsinə, Qəbələ rayonu, Mamaylı kəndində yerləşən, 11.908 ha sahədən ibarət torpaq sahəsinə və Sabfruit” MMC-nin mülkiyyətindəki Sabirabad rayonu, Məmişlər kəndində yerləşən 19.5788 ha sahədən ibarət torpaq sahəsinə yönəldilməsi, həmin torpaq sahəsinin açıq hərracdan satılması və borcun Cavabdeh4 MMC-yə məxsus olan Quba şəhəri, 25-ci məhəllə ünvanında yerləşən, 1.10 ha sahədən ibarət torpaq sahəsinin və “Ecofruit “MMCyə məxsus olan Qəbələ rayonu, Ovcullu kəndində yerləşən, 9.127 ha sahədən ibarət torpaq sahəsinin, Qəbələ rayonu, Ovcullu kəndində yerləşən, 7.5083 ha sahədən ibarət torpaq sahəsinin, Qəbələ rayonu, Ovcullu kəndində yerləşən, 6.9207 ha sahədən ibarət torpaq sahəsinin, Qəbələ rayonu, Mamaylı kəndində yerləşən, 11.908 ha sahədən ibarət torpaq sahəsinin və Sabfruit” MMC-nin mülkiyyətindəki Sabirabad rayonu, Məmişlər kəndində yerləşən 19.5788 ha sahədən ibarət torpaq sahəsinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh4 MMC-yə məxsus olan Quba şəhəri, 25-ci məhəllə ünvanında yerləşən, 1.10 ha sahədən ibarət torpaq sahəsinə və “Ecofruit “MMC-yə məxsus olan Qəbələ rayonu, Ovcullu kəndində yerləşən, 9.127 ha sahədən ibarət torpaq sahəsinə, Qəbələ rayonu, Ovcullu kəndində yerləşən, 7.5083 ha sahədən ibarət torpaq sahəsinə, Qəbələ rayonu, Ovcullu kəndində yerləşən, 6.9207 ha sahədən ibarət torpaq sahəsinə, Qəbələ rayonu, Mamaylı kəndində yerləşən, 11.908 ha sahədən ibarət torpaq sahəsinə və Sabfruit” MMC-nin mülkiyyətindəki Sabirabad rayonu, Məmişlər kəndində yerləşən 19.5788 ha sahədən ibarət torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh4 MMC-yə məxsus olan Quba şəhəri, 25-ci məhəllə ünvanında yerləşən, 1.10 ha sahədən ibarət torpaq sahəsinə və “Ecofruit “MMC-yə məxsus olan Qəbələ rayonu, Ovcullu kəndində yerləşən, 9.127 ha sahədən ibarət torpaq sahəsi, Qəbələ rayonu, Ovcullu kəndində yerləşən, 7.5083 ha sahədən ibarət torpaq sahəsi, Qəbələ rayonu, Ovcullu kəndində yerləşən, 6.9207 ha sahədən ibarət torpaq sahəsi, Qəbələ rayonu, Mamaylı kəndində yerləşən, 11.908 ha sahədən ibarət torpaq sahəsinə və Sabfruit” MMC-nin mülkiyyətindəki Sabirabad rayonu, Məmişlər kəndində yerləşən 19.5788 ha sahədən ibarət torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin torpaq sahələrinin boşaldılması və Banka təhvil verilməsi, «Yelo Bank” ASC ilə birgə borcalan Cavabdeh4 MMC və Cavabdeh1 MMC arasında bağlanmış 15 noyabr 2018-ci il tarixli Baş kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bununla yanaşı faiz borcun müqaviləyə xitam verildiyi tarixdən müqavilə faizi ilə tutulması mümkün olmadığı təqdirdə Mülki Məcələnin illik 5% hesablanmasını xahiş etmişlər.

10. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2018-ci il 15 noyabr tarixli 6-BİZ-1-0- 217-18 №li Baş kredit müqaviləsinə əsasən birgə borcalan Cavabdeh4 MMC-yə və Cavabdeh1 MMCyə «Yelo Bank” ASC-nin “MXM” filialından illik 24%-lə 72 ay müddətinə ******* ABŞ dolları məbləğində kredit limiti ayrılmışdır. 2018-ci il 15 noyabr tarixli 6-BİZ-1-0- 217-18/1 №li kredit müqaviləsinə əsasən Cavabdeh4 MMC «Yelo Bank” ASC-nin “MXM” filialından illik 6%-lə 60 ay müddətinə 540000 ABŞ dolları məbləğində, 2018-ci il 15 noyabr tarixli 6-BİZ1-0-217-18/2 №li kredit müqaviləsinə əsasən Cavabdeh1 MMC «Yelo Bank” ASC-nin “MXM” filialından illik 6%-lə 56 ay müddətinə ******* ABŞ dolları məbləğində kredit götürmüşdür. 2018-ci il 15 noyabr tarixli 6-BİZ-1-0-217-18/1 №li kredit verilməsinə dair razılaşmaya 31 yanvar 2020-ci il tarixli №01 saylı Əlavə Sazişə əsasən kreditin müddəti xx.xx.2024 tarixədək uzadılmışdır. Borcun təminatı olaraq, Cavabdeh4 MMC-nin mülkiyyətindəki Quba şəhəri, 25-ci məhəllə ünvanında yerləşən, 1.10 ha sahədən ibarət torpaq sahəsi 2018-ci il 10 noyabr tarixli ipoteka müqaviləsilə, “Ecofruit “MMC-nin mülkiyyətindəki Qəbələ rayonu, Ovcullu kəndində yerləşən, 9.127 ha sahədən ibarət torpaq sahəsi, Qəbələ rayonu, Ovcullu kəndində yerləşən, 7.5083 ha sahədən ibarət torpaq sahəsi, Qəbələ rayonu, Ovcullu kəndində yerləşən, 6.9207 ha sahədən ibarət torpaq sahəsi, Qəbələ rayonu, Mamaylı kəndində yerləşən, 11.908 ha sahədən ibarət torpaq sahəsi 2018-ci il 04 dekabr tarixli ipoteka müqaviləsilə, Cavabdeh2 MMC-nin mülkiyyətindəki Sabirabad rayonu, Məmişlər kəndində yerləşən 19.5788 ha sahədən ibarət torpaq sahəsi 17 may 2021-ci il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir, “D.X2 “ MMC ilə 2018-ci il 15 noyabr tarixli 6-BİZ-1-0-217-18(1) №li və Cavabdeh3 ilə 2018-ci il 15 noyabr tarixli 6-BİZ-1-0-217-18(2) №li zaminlik müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2018-ci il 15 noyabr tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 4.8-ci bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 0.1 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2022-ci il aprelin 21-dək birgə borcalan olan Cavabdeh4 MMC-nin və Cavabdeh1 MMCnin 2018-ci il 15 noyabr tarixli 6-BİZ-1-0-217-18/1 №li kredit müqaviləsi üzrə banka 387984,3 ABŞ dolları əsas, 29400,62 ABŞ dolları faiz, 759,5 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 418144,42 ABŞ dolları borcu vardır. 2022-ci il aprelin 21 Cavabdeh4 MMC-nin və Cavabdeh1 MMC-nin 2018-ci il 15 noyabr tarixli 6-BİZ-1-0-217- 18/2 №li kredit müqaviləsi üzrə banka 755099,85 ABŞ dolları əsas, 157028,27 ABŞ dolları faiz, 5121,66 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 917249,78 ABŞ dolları borcu vardır. 13 iyun 2022-ci il tarixdə tərəflər arasında X3 keçirilmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq birgə borcalan Cavabdeh4 MMC və Cavabdeh1 MMC borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir.

11. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-34/2024 nömrəli qətnaməsi ilə (hakim Emin Əliyev) iddia qismən təmin edilmiş, «Yelo Bank” ASC ilə birgə borcalan Cavabdeh4 MMC və Cavabdeh1 MMC arasında bağlanmış 15 noyabr 2018-ci il tarixli Baş kredit müqaviləsi xx.xx.2022-ci il tarixə ləğv edilmiş hesab edilməsi, cavabdehlər Cavabdeh4 MMC, “Ecofruit “MMC, “D.X2 “MMC və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 2018-ci il 15 noyabr tarixli 6-BİZ-1-0-217-18/1 №li kredit müqaviləsi üzrə banka 382984,3 ABŞ dolları əsas, 40681,44 ABŞ dolları faiz, 4897,93 ABŞ dolları cərimə borcu, illik 5% olmaqla 11436,33 ABŞ dolları, ümumilikdə cəmi 440000 ABŞ dolları məbləğində borc və 2018-ci il 15 noyabr tarixli 6-BİZ-1-0-217-18/2 №li kredit müqaviləsi üzrə banka 898629,20 ABŞ dolları əsas, 34489,42 ABŞ dolları faiz, 20047,32 ABŞ dolları cərimə borcu, illik 5% olmaqla 26834,06 ABŞ dolları, ümumilikdə cəmi 980000 ABŞ dolları məbləğində borcun və 1761 manat ödənilmiş dövlət rüsumun, 200 manat ödənilmiş mediasiya xərcin, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 65 manat dövlət rüsumu və 270 manat xidmət haqqının tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, tutmanın ilkin satış qiyməti 220000 manat olan Cavabdeh4 MMC-yə məxsus olan Quba şəhəri, 25-ci məhəllə ünvanında yerləşən, 1.10 ha sahədən ibarət torpaq sahəsinə, “Ecofruit “MMC-yə məxsus olan ilkin satış qiyməti 115000 manat olan Qəbələ rayonu, Ovcullu kəndində yerləşən, 9.127 ha sahədən ibarət torpaq sahəsinə, ilkin satış qiyməti 95000 manat olan Qəbələ rayonu, Ovcullu kəndində yerləşən, 7.5083 ha sahədən ibarət torpaq sahəsinə, ilkin satış qiyməti 85000 manat olan Qəbələ rayonu, Ovcullu kəndində yerləşən, 6.9207 ha sahədən ibarət torpaq sahəsinə, ilkin satış qiyməti 150000 manat olan Qəbələ rayonu, Mamaylı kəndində yerləşən, 11.908 ha sahədən ibarət torpaq sahəsinə və Sabfruit” MMCnin mülkiyyətindəki ilkin satış qiyməti 125000 manat olan Sabirabad rayonu, Məmişlər kəndində yerləşən 19.5788 ha sahədən ibarət torpaq sahəsinə yönəldilməsi, həmin ipoteka predmetləri olan daşınmaz əmlaklar hərracdan satılması və satışdan əldə olunan vəsaitin İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait borcun ödənilməsi üçün yetərli olmadığı halda, qalan borcun cavabdehlər Cavabdeh4 MMC, “Ecofruit “MMC, “D.X2 “MMC və Cavabdeh3 müştərək qaydada ümumi qaydada tutulması qət edilmişdir.

12. İşə birinci instansiya qaydasında baxılarkən ekspertizalar keçirilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/8138 nömrəli məhkəmə-mühasibat ekpertizasının rəyindən görünür ki, Ecodry MMC-nin xx.xx.2018-ci il tarixli 6-BİZ-1-0-217-18/1 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə 388210,34 ABŞ dolları əsas borc, faiz borcu üzrə 29676,52 ABŞ dolları, Ecofruit MMC-nin xx.xx.2018-ci il tarixli 6-BİZ-1-0-217-18/2 saylı kredit müqaviləsi üzrə xx.xx.2022ci il tarixə əsas borc üzrə 759568,01 ABŞ dolları, faiz borcu üzrə 28230,61 ABŞ dolları müəyyən edilir.

13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/7379-9/8368 nömrəli mühəndis texniki ekspertizasının rəydən görünür ki, Quba şəhəri 25-ci məhəllə ünvanında yerləşən 1,10 ha torpaq sahəsinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 253000 manat və likvid dəyəri təqribən 220000 manat, Qəbələ rayonu Ovcullu kəndində yerləşən 9,127 ha torpaq sahəsinin ümumi dəyəri təqribən 122300 manat və likvid dəyəri təqribən 115000 manat, Qəbələ rayonu Ovcullu kəndində yerləşən 7,5083 ha torpaq sahəsinin ümumi dəyəri təqribən 100600 manat və likvid dəyəri təqribən 95000 manat, Qəbələ rayonu Ovcullu kəndində yerləşən 6,9207 ha torpaq sahəsinin ümumi dəyəri təqribən 92700 manat və likvid dəyəri təqribən 85000 manat, Qəbələ rayonu Mamaylı kəndində yerləşən 11,908 ha torpaq sahəsinin ümumi dəyəri təqribən 160000 manat və likvid dəyəri təqribən 150000 manat, Sabirabad rayonu Məmişlər kəndində yerləşən 19,5788 ha torpaq sahəsinin ümumi dəyəri təqribən 137000 manat və likvid dəyəri təqribən 125000 manat məbləğində müəyyən edilir.

14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/5649 nömrəli məhkəmə-mühasibat ekpertizasının rəyindən görünür ki, xx.xx.2018-ci il tarixli 6-BİZ-1-0-217-18/1 saylı kredit müqaviləsi və xx.xx.2020ci il tarixli 01 saylı əlavə sazişin şərtləri nəzərə alınmaqla Ecodry MMC-nin xx.xx.2023-cü il tarixə banka olan əsas borcu 388210,34 ABŞ dolları, faiz borcu üzrə 59784,39 ABŞ dolları, xx.xx.2023-cü il tarixə banka olan əsas borc 388210,34 ABŞ dolları, faiz borcu 73759,96 ABŞ dolları məbləğində müəyyən edilir. xx.xx.2018-ci il tarixli 6-BİZ-1-0-217- 18/2 saylı kredit müqaviləsi və xx.xx.2020-ci il tarixli 01 saylı əlavə sazişin şərtləri nəzərə alınmaqla Ecofruit MMC-nin xx.xx.2023-cü il tarixə banka olan əsas borcu 898629,20 ABŞ dolları, faiz borcu üzrə 77623,62 ABŞ dolları, xx.xx.2023-cü il tarixə banka olan əsas borc 898629,20 ABŞ dolları, faiz borcu 109974,28 ABŞ dolları məbləğində müəyyən edilir.

15. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı və cavabdehlər arasında qanunvericiliyə uyğun olaraq müqavilələr bağlanmış, iddiaçı tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdehlər bankın qarşısında olan borcu ödəməməklə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçı ASC xx.xx.2022-ci il tarixə Bakı Kommersiya Məhkəməsinə müraciət etdiyinə görə 15 noyabr 2018-ci il tarixli Baş kredit müqaviləsi həmin tarixdən ləğv edilmiş hesab edilməli və həmin faiz borcu həmin tarixdən müqavilə şərtlərinə görə deyil, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən illik 5%-lə hesablanmalıdır.

16. Məhkəmə 2018-ci il 15 noyabr tarixli 6-BİZ-1-0-217-18/1 №li kredit müqaviləsi üzrə qeyd etmişdir ki, iddiaçı xx.xx.2023-cü il tarixə olan əsas borcu tələb etdiyinə görə ekspert rəyində isə müəyyən edilmiş əsas borc (388210,34 ABŞ dolları) iddia tələbindən daha çox olduğundan, əsas borc tələbi hissəsində iddia 382984,3 ABŞ dolları (iddia tələbi) həcmində təmin edilməli, faiz borcu isə xx.xx.2022-ci il tarixədək müqavilə şərtlərinə əsasən, həmin tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üçün illik 5% ekspert rəyinin təqdim etdiyi cədvələ uyğun olaraq hesablanaraq faiz borcu xx.xx.2022-ci il tarixədək 40681,44 ABŞ dolları (ekspert cədvəlinə əsasən faiz borcu olmayan xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan əsas borc 382984,30 x 8% : 360 x 478 gün) həcmində, həmin tarixdən sonra xx.xx.2023-cü il tarixədək illik 5% hesablamaqla 11436,33 ABŞ dolları (06.09.22-ci il tarixə olan əsas borc 382984,30 x 5% : 360 x 215 gün) həcmində müəyyən edilməlidir.

17. Məhkəmə 2018-ci il 15 noyabr tarixli 6-BİZ-1-0-217-18/1 №li kredit müqaviləsi üzrə iddia tələbinin cərimə hissəsi ilə əlaqədar qeyd etmişdir ki, cərimə pulu tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə həmin məbləğ azaldılaraq 4897,93 ABŞ dolları məbləğində müəyyən edilməlidir.

18. Məhkəmə 2018-ci il 15 noyabr tarixli 6-BİZ-1-0-217-18/2 №li kredit müqaviləsi üzrə qeyd etmişdir ki, iddiaçı xx.xx.2023-cü il tarixə olan əsas borcu tələb etdiyindən ekspert rəyində isə əsas borc eynilik təşkili etdiyinə görə əsas borc tələbi hissəsində iddia 898629,20 ABŞ dolları həcmində təmin edilməli, faiz borcu isə xx.xx.2022-ci il tarixədək müqavilə şərtlərinə əsasən, həmin tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üçün illik 5% ekspert rəyinin təqdim etdiyi cədvələ uyğun olaraq hesablanaraq faiz borcu xx.xx.2022-ci il tarixədək həmçinin cavabdehin 38000 ABŞ dolları ödəniş etdiyini nəzərə alaraq 34489,42 ABŞ dolları (ekspert cədvəlinə əsasən faiz borcu olmayan xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan əsas borc 898629,20 x 8% : 360 x 363 gün - 38000) həcmində, həmin tarixdən sonra xx.xx.2023-cü il tarixədək illik 5% hesablamaqla 26834,06 ABŞ dolları (06.09.22-ci il tarixə olan əsas borc 898629,20 x 5% : 360 x 215 gün) həcmində müəyyən edilməlidir.

19. Məhkəmə 2018-ci il 15 noyabr tarixli 6-BİZ-1-0-217-18/2 №li kredit müqaviləsi üzrə iddia tələbinin cərimə hissəsi ilə əlaqədar qeyd etmişdir ki, cərimə pulu tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə həmin məbləğ azaldılaraq 20047,32 ABŞ dolları məbləğində müəyyən edilməlidir.

20. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin torpaq sahələrinin boşaldılması və banka təhvil verilməsi hissəsində iddia tələbi rədd edilməlidir, belə ki, “istifadə hüquqlarının itirilmiş hesab edilməsi” tələbləri yaşayış sahələrdə qeydiyyatda olan fiziki şəxslərə qarşı irəli sürülə bilər, digər iki tələbi isə torpağın mülkiyyətçisi tərəfindən irəli sürülə bilər.

21. Məhkəmə həmçinin qeyd etmişdir ki, tutma ilkin satış qiyməti 220000 manat olan Cavabdeh4 MMC-yə məxsus olan Quba şəhəri, 25-ci məhəllə ünvanında yerləşən, 1.10 ha sahədən ibarət torpaq sahəsinə, “Ecofruit “MMC-yə məxsus olan ilkin satış qiyməti 115000 manat olan Qəbələ rayonu, Ovcullu kəndində yerləşən, 9.127 ha sahədən ibarət torpaq sahəsinə, ilkin satış qiyməti 95000 manat olan Qəbələ rayonu, Ovcullu kəndində yerləşən, 7.5083 ha sahədən ibarət torpaq sahəsinə, ilkin satış qiyməti 85000 manat olan Qəbələ rayonu, Ovcullu kəndində yerləşən, 6.9207 ha sahədən ibarət torpaq sahəsinə, ilkin satış qiyməti 150000 manat olan Qəbələ rayonu, Mamaylı kəndində yerləşən, 11.908 ha sahədən ibarət torpaq sahəsinə və Sabfruit” MMC-nin mülkiyyətindəki ilkin satış qiyməti 125000 manat olan Sabirabad rayonu, Məmişlər kəndində yerləşən 19.5788 ha sahədən ibarət torpaq sahəsinə yönəldilməli, həmin ipoteka predmetləri olan daşınmaz əmlaklar hərracdan satılmalı və satışdan əldə olunan vəsait İddiaçı ASC-nə ödənilməli, satışdan əldə olunmuş vəsait borcun ödənilməsi üçün yetərli olmadığı halda, qalan borc cavabdehlər Cavabdeh4 MMC, “Ecofruit “MMC, “D.X2 “MMC və Cavabdeh3 müştərək qaydada ümumi qaydada tutulmalıdır.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

22. Cavabdeh "xxxx" MMC qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-34/2024 nömrəli qətnaməsinin “6-BİZ-1-0-217-18/1 №li kredit müqaviləsi üzrə illik 5% olmaqla 11436,33 ABŞ dolları və 6-BİZ-1-0-217-18/2 nömrəli kredit müqaviləsi üzrə illik 5% olmaqla 26834,06 ABŞ dolları borcu və cərimə məbləğləri” hissəsində ləğv edərək həmin hissədə iddia tələbinin rədd edilməsi, həmçinin qətnamənin ipoteka predmetlərinin müəyyən olunmuş ilkin satış qiyməti hissəsində ləğv edərək həmin hissədə ipoteka predmetlərinin yenidən likvid qiymətlərinin ekspertiza keçirilməklə müəyyən edilərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. Cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmə ipoteka predmetlərinin qiymətlərinin müəyyən edilməsi məqsədilə tikinti-texniki ekspertizası təyin etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 10/77379-9/8368 nömrəli tikinti-texniki obyektlərinin tədqiqinə dair rəydə, torpaq sahələri eyni təyinatlı və eyni ərazidə yanaşı olmalarına baxmayaraq, torpaq sahələrinə qoyulmuş qiymətlər həqiqəti əks etdirmir. Lakin, məhkəmə araşdırması zamanı həmin rəy düzgün qiymətləndirilməmişdir. Belə ki, “Ecofruit“MMC-yə məxsus olan Qəbələ rayonu, Ovcullu kəndində yerləşən, 9.127 ha sahədən ibarət torpaq sahəsinin ilkin satış qiyməti 115.000 manat (1 sot torpaq sahənin qiyməti 12.566 manat edir), 6.92 ha sahədən ibarət torpaq sahəsi 85.000 manat (1 sot torpaq sahənin qiyməti 12.283 manat edir) və 11.908 ha sahədən ibarət torpaq sahəsi isə 150.000 (1 sot torpaq sahəsinin qiymət 12,596 manatedir) qiymətləndirilmişdir. Göründüyü kimi, eyni təyinatlı və yanaşı olan torpaq sahələrinə fərqli qiymətlər qoyulmuşdur. İş üzrə keçirilmiş xx.xx.2023-cü il tarixli məhkəməmühasibatlıq ekspertizasının rəyinə əsasən, 6-BİZ-1-0-217-18/1 və 6-BİZ1-0-217-18/2 kredit müqavilələrinin son müddəti xx.xx.2024-cü il olduğundan hazırki təhqiqatla 5 faiz borcun hesablanması aparılmamışdır. Bu zaman sual yaranır ki, məhkəmə “6-BİZ-1- 0- 217-18/1 №li kredit müqaviləsi üzrə illik 5% olmaqla 11436,33 ABŞ dolları və 6-BİZ-1-0- 217-18/2 nömrəli kredit müqaviləsi üzrə illik 5% olmaqla 26834,06 ABŞ dolları borcu” necə hesablamış və necə müəyyən etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki,“müqaviləyə xitam verildiyi tarixdən müqavilə faizi ilə tutulması mümkün olmadığı təqdirdə illkin 5 faiz hesablanmasını xahiş etmişdir”. İddia ərizəsində belə bir tələb qeyrimüəyyən bir tələbdir. Çünki, MPM-nin tələbinə əsasən sübutetmə vəzifəsi bir başa iddiaçının vəzifəsidir. İddiaçı həmin hissədə konkret tələbini göstərməmişdir. İddiaçı isə qeyri-müəyyən tələblə məhkəməyə müraciət etmiş və məhkəmənin də hansı əsasla bu tələbi təmin etməsi məlum deyildir. Hesab edirik ki, məhkəmə bu hissədə iddianın mahiyyətindən kənarlaşmışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

24. İddiaçının nümayəndəsi X4 məhkəmə iclaslarında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

25. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə (elektron kabinetlərinə bildiriş yerləşdirilməklə) baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər.

26. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi: (tərəflər arasında müqavilə bağlanan dövrdə qüvvədə olmuş redaksiyada) 739.1-ci maddə- borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddə- əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 462.1-ci maddə-dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 463.1-ci maddə-dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. 463.2-ci maddə-yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur.

467-ci maddə- məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

470-ci maddə- zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddə-borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

“İpoteka haqqında” Azərbaycan Respublakası Qanunu 1.0.9-ci maddə- ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. 39.3-ci maddə- məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 102.2-ci maddə-məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

27. Qətnamə cavabdeh "xxxx" MMC tərəfindən qismən – ondan cərimə, illik 5 faizlə faiz tutulması və ipoteka predmetlərinin ilkin satış qiyməti hissəsində mübahisələndirdiyindən həmin hissələrdə yoxlanılır.

28. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 34/2024 nömrəli qətnaməsi qismən ləğv edilərək iddia cavabdehlər Cavabdeh4 MMC, “Ecofruit “MMC, “D.X2 “MMC və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 2018-ci il 15 noyabr tarixli 6-BİZ-1-0-217-18/1 №li kredit müqaviləsi üzrə illik 5% olmaqla 11436,33 ABŞ dolları, 2018-ci il 15 noyabr tarixli 6-BİZ-1-0-217-18/2 №li kredit müqaviləsi üzrə illik 5% olmaqla 26834,06 ABŞ dolları tutulması hissəsində baxılmamış saxlanılmışdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

29. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-34/2024 nömrəli qətnaməsi cavabdehlər Cavabdeh4 MMC, “Ecofruit “MMC, “D.X2 “MMC və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 2018-ci il 15 noyabr tarixli 6-BİZ-1-0-217-18/1 №li kredit müqaviləsi üzrə 4897,93 ABŞ dolları cərimə borcu, 2018-ci il 15 noyabr tarixli 6-BİZ-1-0- 217-18/2 №li kredit müqaviləsi üzrə 20047,32 ABŞ dolları cərimə borcu tutulması, ipoteka predmetinin ilkin satış qiymətləri ilə bağlı hissədə dəyişdirilmədən saxlanılmalıdır.

30. İddia tələbinin cavabdehlərdən bankın xeyrinə pul öhdəliyinin gecikdirilməsinə görə MM-nin 445.7-ci maddəsinə əsasən illik 5 faizlə faiz tutulması barədə hissəsinə məhkəmə tərəfindən ayrıca qəbul edilmiş qərardadda hüquqi qiymət verildiyindən məhkəmə həmin hissəyə qətnamədə təkrarən hüquqi qiymət verilməsini zəruri hesab etmir.

31. “Ecofruit“MMC apellyasiya şikayətində ipoteka ilə yüklü edilmiş əmlakların ilkin satış qiymətinin ekspert tərəfindən düzgün müəyyən edilmədiyini, Qəbələ rayonu, Ovcullu kəndində yerləşən, 9.127 ha sahədən ibarət torpaq sahəsinin ilkin satış qiyməti 115.000 manat (1 sot torpaq sahənin qiyməti 12.566 manat), 6.92 ha sahədən ibarət torpaq sahəsi 85.000 manat (1 sot torpaq sahənin qiyməti 12.283 manat ) və 11.908 ha sahədən ibarət torpaq sahəsinin isə 150.000 (1 sot torpaq sahəsinin qiymət 12.596 manat) qiymətləndirildiyini, göründüyü kimi, eyni təyinatlı və yanaşı olan torpaq sahələrinə fərqli qiymətlər qoyulmasına məhkəmə tərəfindən əhəmiyyət verilmədiyini göstərmişdir.

32. Məhkəmə kollegiyası cavabdehin bu dəlili üzrə araşdırma apararaq hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023cü il tarixli 10/7379-9/8368 nömrəli mühəndis texniki ekspertizasının rəyi kifayət qədər əsaslandırıldığından məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar müəyyən olunmur. Belə ki, rəyin “Tədqiqat prosesinin təsviri” hissəsindən görünür ki, internet saytlarındakı elanlara əsasən Qəbələ rayonu Ovcullu və Mamaylı kəndlərində 1 sot torpaq sahəsinin orta bazar qiymətinin 134 manat olduğu müəyyən edilmiş, hər üç torpaq sahəsinin bazar dəyəri sahənin ölçüsü 134 manata vurularaq müəyyən edilmiş və bazar dəyərinə azalma əmsalı tətbiq edilməklə ilkin satış qiyməti müəyyən edilmişdir.

33. Məhkəmə eyni zamanda cərimə borclarının tutulması hissəsində də qətnamənin ləğv edilməsi üçün əsaslar müəyyən etmir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, öhdəliyin lazımı qaydada icra edilməməsinə görə cərimə ödəniləcəyinə dair tərəflər arasında MM-nin 463-cü maddəsində nəzərdə tutulmuş qaydada yazılı saziş imzalanmışdır. Kredit müqavilələrinin 4.8-ci bəndində nəzərdə tutulmuşdur ki, birinci borcalan bu müqavilənin 4.2-ci bəndinə uyğun olaraq tərəflər arasında yazılı tərib olunmuş ödəniş qrafiki üzrə ödənişlər vaxtında ödənilmədikdə gecikdirilən gündən gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün cərimə kimi gündəlik 0,1 faiz dəbbə pulu ödəyir. İşdəki hesabdan çıxarışdan və ekspert rəylərindən görünür ki, xx.xx.2018-ci il tarixli 6-BİZ-1-0-217-18/1 saylı kredit müqaviləsi üzrə sonuncu ödəniş xx.xx.2021-ci il tarixdə, 15 noyabr tarixli 6-BİZ-1-0-217-18/2 №li kredit müqaviləsi üzrə sonuncu ödəniş xx.xx.2021-ci il tarixdə edilmişdir. Borcalan kreditlərin ödəniş qrafikinə uyğun qaytarılması öhdəliyini icra etmədiyindən iddia cavabdehlərdən cərimə tutulması hissəsində qanuni və əsaslı, tutulmuş cərimənin məbləği isə əsas borca mütənasibdir.

34. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 34/2024 nömrəli qətnaməsi cavabdehlər Cavabdeh4 MMC, “Ecofruit “MMC, “D.X2 “MMC və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 2018-ci il 15 noyabr tarixli 6- BİZ-1-0-217-18/1 №li kredit müqaviləsi üzrə 4897,93 ABŞ dolları cərimə borcu, 2018-ci il 15 noyabr tarixli 6-BİZ-1-0-217-18/2 №li kredit müqaviləsi üzrə 20047,32 ABŞ dolları cərimə borcu tutulması, ipoteka predmetinin ilkin satış qiymətləri ilə bağlı hissədə dəyişdirilmədən saxlanılmalıdır.

35. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-34/2024 nömrəli qətnaməsi cavabdehlər Cavabdeh4 MMC, “Ecofruit “MMC, “D.X2 “MMC və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 2018-ci il 15 noyabr tarixli 6-BİZ-1-0-217-18/1 №li kredit müqaviləsi üzrə 4897,93 ABŞ dolları cərimə borcu, 2018-ci il 15 noyabr tarixli 6- BİZ-1-0-217-18/2 №li kredit müqaviləsi üzrə 20047,32 ABŞ dolları cərimə borcu tutulması, ipoteka predmetinin ilkin satış qiymətləri ilə bağlı hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar