Məhkəmə qərarları › İş №2-2(103)-522/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-522/2025

15.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-522/2025 15.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Şirinovun sədrliyi və məruzəsi ilə, X5 və X1 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-408/2025 nömrəli qətnaməsindən cavabdeh Premier Beton MMC-nin qanuni təmsilçisi Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin Halları

1. İddiaçı ASC ilə borcalan PREMİER BETON MMC arasında bağlanmış 24 may 2023 il tariхli, 108875-658643/1 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, illik 17% dərəcəsi ilə 50000 (əllimin) manat məbləğində krеdit vеrilmişdir.

2. Еyni zamanda, bank və digər cavabdehlər – Cavabdeh3 arasında 24 may 2023 il tariхli, 108875- 658643/1 nömrəli və Cavabdeh2 arasında 24 may 2023 il tariхli, 108875- 658643/1/2 zaminlik müqavilələri bağlanmışdır.

3. 14.08.2024-cü il tarixli maliyyə arayışına əsasən, borcalanın banka 33196,11 manat əsas borc və 2951,36 manat faiz borcu olmaqla, cəmi 36147,47 manat borcu mövcuddur və kredit müqaviləsi üzrə gecikmə 140 gün təşkil edir.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər PREMİER BETON MMC-dən, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 33,196.11 manat məbləğində əsas bоrcu və 2,951.36 manat faiz borcu оlmaqla, cəmi 36,147.47 (Otuz altı min bir yüz qırx yeddi manat qırx yeddi qəpik) manat borcun və 198.44 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-408/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdеhlər «Premier Beton” MMC-dən, Cavabdeh2 Şaqi oğlundan və Cavabdeh3 müştərək qaydada xx.xx.2023-cü il tarixli 108875- 658643/1 saylı müqavilə üzrə 33.196,11 manat əsas borc, 2156 manat faiz borcu və dövlət rüsumunun əvəzi olaraq 196 manat tutularaq İddiaçı ASC-yə ödənilməsi, ödənilməsi, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin cavabdehlər «Premier Beton” MMC-dən, Cavabdeh2 Şaqi oğlundan və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

3. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçının xx.xx.2023-cü il tarixli, 108875-658643/1 saylı kredit müqaviləsi üzrə tələb etdiyi əsas və faiz borcu məbləğləri ekspert rəyində göstərilən məbləğlərlə eynilik təşkil etmir, ekspert rəyində göstərilən məbləğlər iddia tələbində göstərilən əsas borcdan yüksək və faiz borcu məbləğindən aşağı məbləğdə müəyyən edilmişdir. Kredit müqaviləsi əsas borcu məbləği ekspert rəyində müəyyən edilən məbləğdə deyil tərəflərin hər ikisinin mövqeyini nəzərə almaqla iddia tələbinə uyğun və əsas borca hesablanmış faiz borcu ekspert rəyində müəyyən edilmiş məbləğə uyğun olaraq cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli olduğu qənaətinə gəlmişdir. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin kredit və zaminlik müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiklərini, nəticədə cavabdеhlər «Premier Beton” MMC-dən, Cavabdeh2 Şaqi oğlundan və Cavabdeh3 müştərək qaydada xx.xx.2023-cü il tarixli 108875-658643/1 saylı müqavilə üzrə 33196,11 manat əsas borc, 2156 manat faiz borclarının yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, borc məbləğləri cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.

4. Cavabdeh Premier Beton MMC-nin qanuni təmsilçisi Cavabdeh2 apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-408/2025 saylı qətnaməsinin qismən, yəni İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı iddiasının təmin edildiyi hissədə ləğv edilməsini , iddianın Cavabdeh1 MMC-yə və Cavabdeh2 münasibətdə tamamilə rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

5. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 24 may 2023-cü il tariхli, 108875-658643/1 nömrəli istehlak krеditi müqaviləsi üzrə Cavabdeh1 MMC tərəfindən aparılmış ödənişlər əsas borcun, yəni borclu üçün daha ağır olan tələbin ödənilməsinə yönəldilməli idi. Buna baxmayaraq, banka edilən ödənişlər, xüsusilə faizlərin silinməsinə yönəldilmiş, nəticədə Cavabdeh1 MMC-nin vəziyyəti süni şəkildə ağırlaşdırılmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi Azərbaycan RespublikasıMülki Məcəlləsinin 425.2, 440.1-440.2-ci maddələrində ifadə olunan hüquq normasını tətbiq etməli olduğu halda tətbiq etməmiş, nəticədə maddi hüquq normasinın pozuntusuna yol vermişdir. Məhkəmə cavabdehlərin məhkəmə iclas(lar)ında iştirakını təmin etməmiş və çəkişmə prinsipinin pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi həqiqətə nail olmaq, iş üzrə qanuni qətnamə qəbul etməkdən ötrü, işdə olan ekspert rəyi ilə razılaşmamalı və təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin etməli idi. Belə ki, cavabdeh tərəfindən iddiaçıya edilmiş ödənişlərə dair sənədlərlə ekspert rəyində göstərilən məqamlar ziddiyyətlidir. Buna baxmayaraq, məhkəmə təkrar ekspertiza təyin etməkdən yayınmış, nəticədə prosessual hüquq normasını pozmuşdur. Məhkəmə işdə olan sübutlara obyektiv və qərəzsiz baxmaqla, qanunvericilik normalarına uyğun qiymət verməli olduğu halda, yalnız özünün düzgün olmayan, subyektiv mülahizəsinə əsasən qiymət vermiş, yenidən prosessual hüquq normasının pozuntusuna yol verməklə, iş üzrə düzgün olmayan məhkəmə aktı qəbul etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

6. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

5. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

8. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

9. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

10. Həmin Məcəllənin 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

11. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.

12. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

13. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

14. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

15. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərinin iddianın təmin olunan hissəsinə yönəldiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı iddianın təmin olunan hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası hesab edir ki, əsas və faiz borcu barədə apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi mübahisləndirilən hissədə mahiyyəti üzrə düzgündür.

19. Belə ki, işin müəyyən olunmuş halları ondan ibarətdir ki, Expressbank” ASC ilə borcalan PREMİER BETON MMC arasında bağlanmış 24 may 2023 il tariхli, 108875-658643/1 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, illik 17% dərəcəsi ilə 50000 (əllimin) manat məbləğində krеdit vеrilmiş, müqavilənin 1.1-ci bəndinə əsasən müqaviləyə görə bank borcalana 50000 manat məbləğində kredit verməyi, borcalan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə kreditdən istifadəyə görə müqavilənin 1 saylı əlavəsi olan ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə illik 17 faiz dərəcəsi ilə hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürür.

20. Müqavilənin 1.2-ci bəndinə əsasən kredit 24 ay müddətinə verilir.

21. Müqavilənin 1.3-cü bəndinə əsasən kredit dövriyyə vəsaitinin artırılması məqsədi üçün verilir.

22. Müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə əsas borc və fazilər ödəniş cədvəlinə əsasən bankdakı AZ53AZEN********************1 nömrəli cari hesabına köçürmə yolu ilə və ya nağd şəkildə mədaxil edilməklə həmin vəsaitin silinməsi yolu ilə kredit müddətində tam həcmdə qaytarılır.

23. Müqavilənin 3.3-cü bəndinə əsasən kredit müddətinin axımı borcalanın cari hesabına köçürüldüyü təvqim tarixindən başlanır və müddətin sonuncu günü, əgər bu tarix qeyri-iş gününə düşərsə, növbəti iş günü qurtarır.

24. Müqavilənin 3.4-cü bəndinə əsasən faizlər kreditin verilmə tarixindən etibarən kredit tam həcmdə qaytarılan günədək müqavilə ilə müəyyənləşdirilən ssuda hesabı üzrə borc məbləğinə aylıq 30, illik isə 360 gün hesabı ilə gündəlik olaraq hesablanır.

25. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in xx.xx.2024-cü il tarixli, 9/8447 saylı ekspert rəyinə əsasən xx.xx.2023-cü il tarixli, 108875-658643/1 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 MMC-nin İddiaçı ASC-ə olan borcu ümumilikdə 35726,90 manat (əsas borc üzrə 33570,90 manat, faiz borcu üzrə 2156 manat) müəyyən edilmişdir.

26. Birinci instansiya məhkəməsində cavabdehin iştirakı olmadan işə baxılması və qərəzli qətnamə qəbul edilməsi dəlilinə münasibətdə kollegiya qeyd edir ki, cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq nə birinci instansiya məhkəməsində, nə də apellyasiya instansiya məhkəməsində iştirak etməmişdir.

27. Apellyasiya şikayətinin təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməsi, rəylə sənədlər arasında ziddəyyət təşkil etməsi dəlillinə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən ekspert rəyini şübhə altına alacaq, ziddiyyətlərin nədən ibarət olması, təkrar ekspertiza keçiriliməsinin zəruriliyi ilə bağlı hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Ona görə apellyatorun borcun düzgün hesablanmaması dəlili heç bir sübutla möhkəmləndirilmədiyindən əsassız hesab edilməlidir.

28. Göründüyü kimi məhkəmə əsas borcla bağlı ekspert rəyini deyil, iddia tələbində göstərilən məbləği əsas götürmüş, faiz borcunu isə ekspert rəyində müəyyən edilmiş məbləği əsas götürmüşdür. Ekspert rəyində faiz borcu iddiada göstəriləndən daha aşağı olmuşdur.

29. Kollegiya bildirir ki, əsas və faiz borcunun silinməsi üçün edilən ödənişlərin nəzərə alınmaması şikayətdə qeyd olunsa da, cavabdehlər tərəfindən ödənişlər edilməsi ilə bağlı müvafiq sübutlar məhkəməyə təqdim olunmamışdır. Məhkəmə düzgün və qanuni nəticəyə gəlmişdir.

30. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

31. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh Premier Beton MMC-nin qanuni təmsilçisi Cavabdeh2 tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

32. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh "xxxx" MMC-nin qanuni təmsilçisi Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-408/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar