Məhkəmə qərarları › İş №2-2(103)-523/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-523/2021

10.06.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-523/2021 10.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X2 cavabdeh “xxxx” ASC-yə qarşı “üç il geriyə sayğacsız ödənilən məbləğin geri qaytarılması tələbinə dair” kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-513/2021 saylı 22.02.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, məhəllə-540) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İ. İddiaçı X3 cavabdeh “xxxx” ASC-yə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 3 il geriyə sayğacsız ödənilən 50.000,00 manat məbləğin iddiaçıya geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı fiziki şəxs kimi qanuna müvafiq qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla, əhəng daşı karxanasında daş kəsilməsi ilə qanuni fəaliyyət göstərir. İddiaçı tərəflər ararasında olan mövcud müqavilə əsasında saygac vasitəsi ilə elektirik enerjisi istelak edərək pulunu vaxtında ödəyir. Cavabdeh ona saygacdan kənar olaraq 3 il geriyə sahibkar kimi əlavə 50.000,00 manat məbləğ ödətdirmişdir. Cavabdehlə razılaşmayaraq hesab edir ki, sözügedən 50.000,00 manat ödəmə saygacı ilə deyil, havadan götrülərək, iddiaçıya qanunsuz tətbiq edilən məbləğ olduğuna görə məhkəmə tərəfindən iddiaçıya geri qaytarılması haqda qətnamə çıxarılmalıdır. İddiaçı intizamlı işiq pulu ödəyən abonentdir. Bu mübahisənin məhkəmədən başqa qanuni müstəvidə həlli olmadığına görə məhkəməyə müraciət etməyə məcbur qalmışdır. Cavabdehin birinci instansiya məhkəməsində iştirak edən nümayəndəsi R.Hüseynova cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilmədiyini, iddia tələbini təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilmədiyini bildirərək, iddia ərizəsinə etiraz etmiş və rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-513/2021 saylı 22.02.2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədən razı deyil. Qətnama maddi va possesual hüquq pozuntusu ila qəbul edildiyindən qanunsuz va ədalətsizdir. Apellyasiya qaydasında ləğvi üçün ciddi əsasdır. Bələ ki, iddiamın qanuni ve ədalətli halli üçün mühasibatlıq ekspertizasımn tayin edilmasina dair vəsatət vermişdir. Ekspertiza istəyinə baxmayaraq, məhkəmə tez tələsik ekspertiza rəyi olmadan iddianı təmin etmişdir. Hesab edir ki, 3 il geriyə sayğacdan kənar ödədiyi məbləğin dəqiq bilinməsi üçün ancaq maliyə-mühasibatlıq sənədləri əsasında ekspertizası təyin edilib müvafiq rəy alınmalıdır. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı (səlahiyyətli nümayəndəsi) məhkəməyə gəlməmiş, Azərbaycan Respublikasınının Mülki Prosessual Məcəlləsinin (“MPM”) 135.5, 135.8 və 376.2-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi R.Hüseynova məhkəməyə verdiyi izahatında göstərmişdir ki, iddiaçının fəaliyyət göstərdiyi daş karxanasınnda elektrik enerjisinin alqı-satqısı üzrə 2019-cu ilə qədər “Vüqar-Ə” Xüsusi firması ilə müqavilə bağlanmış, iddiaçı ilə isə cavabdeh arasında 2018-ci ilin sonunda (21.11.2018-ci il tarixində) yalnız müqavilənin bağlanmışdır. Onun, 2019-cu ildə borcu sayğac üzrə 11604,10 manat, transformator itkisi üzrə 5933,34 manat, aktlar üzrə 378 manat təşkil etmiş və cəmi 17.015,00 manat ödənişi olmuş, 2020-ci ildə isə sayğaca görə 11.370,03 manat, transformator itkisi 4.111,38 manat, aktlar üzrə 4.929,30 manat borcu olmuş, 16.535,00 manat ödəniş etmişdir. Heç bir əsassız borc hesablanmamışdır. Odur ki, məhkəməyə təqdim etdiyi iddiaçıya verilmiş hesabları və borca dair açıqlama cədvəlini də nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsini qüvvəsində saxlanılmasını məhkəmədən xahiş edir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətindən isə göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsinə əsasən iddia tələbinin rədd olunması ilə razılaşmayraq hesab edir ki, məhkəmə mühasibatlıq ekspertizası təyin edilməklə, məsələyə aydınlıq gətirməlidir. Məhkəmə kollegiyası iddiaçının qeyd olunan dəlilləri ilə razılaşmır. Belə ki, MPM-in 97.1-ci maddəsinin tələbinə görə işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Qanunun qeyd olunan tələbindən göründüyü kimi, xüsusi biliyə zərurt olduğu hallarda yalnız məhkəmə tərəfindən ekspertiza təyin edilir. Konkret halda isə iddiaçının qeyd etdiyi məhkəmə ekspertizasının təyin edilməsinə və mühasibatlıq sənədlərinin araşdırılması zərurəti yoxdur. Çünki, iddiaçı İ.Hacıyev mübahisəli daş karxanasında cavabdehlə aralarında 21.11.2018-ci il tarixində bağlanmış müqavilə əsasında 2018-ci ilin sonundan fəaliyyət göstərməyə başlamış və 2019-2020-ci illərdə onun istehlak etdiyi elektrik enerjisi işə əlavə olunmuş “Abunə haqqında” məlumat invoysunda bütün göstəriciləri (sayğaca, itkiyə və aktlara görə hesablanan borcun həcmi, abonentin ödənişləri və.s.) ilə təsbit olunmuşdur. Digər tərəfdən, hazırkı mərhələdə təqdim edilmiş hesab-faktura və həmin illər üzrə açıqlamadan (cədvəl) görünür ki, “Abunə haqqında” məlumatlarında öz əksini tapmış olan göstəricilərə uyğun olaraq da iddiaçıya ödəniş üçün hesablar verilmişdir. Qeyd olunan sənədlərə əsasən hesablanmış borcun miqdarı aydın oxunur və manatla ifadə olunan borc və ödəniş həcminin müəyyənləşdirməsi heç bir çətinlik doğurmur və adi riyazi üsulla və qarşılıqlı təhlillə iddiaçının istehlak etdiyi enerjiin miqdarı və ödənişlərin aydınlıq gətirilməsi, ekspertiza keçirmədən də mümkündür. Tərəflər arasında bağlanmı elektrik enerjisinin alqısı-satqısı müqaviləsinin 10-cu bəndindən görünür ki, 1 kvts aktı elektrik enerjimsi üçün 0,09 manat tarif qiyməti müəyyən edilmişdir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.2-ci bəndi isə nəzərdə tutur ki, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin Qaydaların 8.11-ci bəndinə əsasən istehlakçının (məişət abonenti istisna olmaqla) baş transformatorunun yüksək tərəfinə onun balansında olan elektrik veriliş xətti qoşulduqda və hesablaşma elektrik sayğacı baş transformatorun yüksək və ya orta (alçaq) tərəfində quraşdırıldıqda göstərilən elektrik veriliş xəttindəki elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyənləşdirilir, hesablaşma elektrik sayğacının göstərişi ilə cəmlənir və onun dəyəri müəyyən edilmiş tarif üzrə istehlakçı (məişət abonenti istisna olmaqla) tərəfindən ödənilir. Tədqiq olunan sənədlərə əsasən müəyyən odlunur ki, 21.11.2018-ci il tarixində elektrik enerjisinin alqı-satqısı bağlandıqdan sonra iddiaçının aşağıdakı borcları və ödənişləri olmuşdur: -2019-cu ildə hesablanmış borcu üzrə: sayğaca görə 11.604,10 manat; transformator itkisinə görə 5.933,34 manat; aktlara görə 378,00 manat; İddiaçı tərəfindən ödənilən məbləğ 17.015,00 manat. -2020-ci ildə hesablanmış borcu üzrə: sayğaca görə 11.370,03 manat; transformator itkisinə görə 4.111,38 manat, aktlara görə 4.929,30 manat; İddiaçı tərəfindən ödənilən məbləğ 16.535,00 manat. Göründüyü kimi, 2018-ci ilin sonundan etibarən sonrakı iki il ərzində iddiaçının daş karxanasında istehlak etdiyi elektrik enerjisinə görə ödənişi 33.550,00 (17.015,00 + 16.535,00) manat təşkil etmiş, bundan əvvəl isə daş karxanasında abonent iddiaçı yox, “Vüqar-Ə” Xüsusi firması olmuşdur. Beləliklə də qeyd olunanlardan göründüyü kimi, cavabdeh tərəfindən “havadan götrülərək” iddiaçıya 50.000 manat məbləğində borc hesablandığı iş materialları ilə sübuta yetirilmir. Ümumiyyətlə, iddiaçı tərəfindən ödəniş üçün ona təqdim olunmuş hesabların hansının əsassız olduğu, hansı hissələrində ödənilən məbləğin qanunsuz olduğunu əsaslandırılmamış və bununla bağlı istinad etdiyi sənəd-sübut mövcud deyil. MPM-nin 14.2-ci maddəsinin tələbindən isə görünür ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda, «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur (§68). Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddianın rədd olunmasını faktlar-nöqteyi nəzərindən qanuni və mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir və MPM-in 385.2-ci maddəsinin tələbi baxımından, hesab edir ki, həmin qətnamə iddiaçının formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qətnaməsinin maddi va possesual hüquq pozuntusu ilə qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-513/2021 saylı 22.02.2021- il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 402- 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı X2 apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-513/2021 saylı 22.02.2021-il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar