Məhkəmə qərarları › İş №2-2(103)-523/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-523/2022

01.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-523/2022 01.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin cavabdeh "xxxx" ASC-yə qarşı icarə müqaviləsi üzrə borcun tutulmasına dair kommersiya işi üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin 18.03.2022-ci il tarixli, 2-2(113)-1550/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC cavabdeh “X2 Company” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən icarə müqaviləsi üzrə yaranmış 104627,06 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 08 aprel 2016-cı il tarixli icarə müqaviləsinə əsasən “Zəyəm Texnologiyalar Parkı ASC-nin “Qurğular”ı “X1 Company” MMC-yə icarəyə verilmişdir. İcarə müddəti 08.04.2016-cı il tarixdən 01.10.2017-ci il tarixədək davam etmişdir. Müqavilə üzrə cəmi icarə haqqı 104627,06 manat (ƏDV daxil) hesablanaraq 30.06.2018-ci il tarixində EVHF təqdim edilmişdir. Müqavilədə qeyd olunduğu kimi 3.2.2-ci bəndinə əsasən “İcarəçi” müqaviləyə əsasən icarə haqqının ödənilməsini təmin etməli və 2.3-cü bəndinə əsasən ödəniş hər ayın 15- dən gec olmayaraq həmin ay üçün həyata keçməli idi. Lakin bu günədək cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Bakı Kommersiya Məhkəməsinin 11.03.2022-ci il tarixli qərardadı ilə cavabdeh “X2 Company” MMC hüquq varisi "xxxx" ASC ilə əvəz edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 18.03.2022-ci il tarixli, 2-2(113)-1550/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə qəul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı məhkəməyə iddiasının əsası kimi, 08 aprel 2016-cı il tarixli icarə müqaviləsini təqdim etmişdir. Həmin müqavilə əsasən, avadanlıqlar “təhvil-təslim aktı” ilə icarəçiyə təqdim edilir. Lakin iş materiallarında təhvil aktı olmasına baxmayaraq avadanlıqları icarədara geri qaytarılması ilə bağlı akt mövcud deyil. Halbuki, iddiaçının nümayəndəsi izahatında qeyd etmişdir ki, avadanlıqları geri təhvil almışdırlar. Yaranmış borcun hansı dövrü əhatə etməsi ilə bağlı iddiaçı məhkəməyə sübut təqdim edə bilməmişdir. İddiaçı müqavilə üzrə yaranmış borcun dövrünü təsdiq edən sənədi- təhvil-təslim aktını təqdim edə bilməməsinə baxmayaraq, məhkəmə buna əhəmiyyət verməmiş və heç bir əsas olmadan iddiaçının iddia tələbini təmin etmişdir. Qərarda göstərilir ki, məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarının qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Lakin məhkəmə bu normanın tələbinə də əməl etməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasında iştirakını təmin etməmiş və beləliklə də cavabdeh öz müdafiəsini təşkil edə bilməmişdir. İşə apellyasiya qaydasında baxılması 01.06.2022-ci il tarixə təyin edilmiş, cavabdehə işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə MPM-in 376.2ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası izahatı, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 18.03.2022-ci il tarixli, 2-2(113)-1550/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin sübutlar əsasında müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, "xxxx" ASC ilə “X1 Company” MMC arasında 08 aprel 2016-cı il tarixdə “Qurğuların icarəyə verilməsi haqqında” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı cavabdehə ona məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasındakı istehsalat avadanlıqlarını hər ay 5900 manat məbləğində (ƏDV daxil) haqq müqabilində icarəyə vermişdir. Müqavilənin 5.1-ci bəndinə əsasən müqavilə imzalandığı andan qüvvəyə minir və 1 il müddətində hüquqi qüvvəyə malikdir; 5.2.-ci bənində əsasən müqavilənin müddəti başa çatanadək istənilən tərəf, digər tərəfə 15 təqvim günü qabaqcadan yazılı müraciət etməklə, həmin müddətin tamamında, müqaviləyə birtərəfli qaydada xitam verə bilər. Əks təqdirdə müqavilə eyni müddətə və eyni şərtlərlə uzadılmış hesab ediləcəkdir. 08.04.2016-cı il tarixli aktdan görünür ki, həmin tarixli icarə müqaviləsi üzrə maddi qiymətlilər icarəyə verən tərəfindən icarəçiyə təhvil verilmiş, aktın hər səhifəsi tərəflərin nümayəndələrinin imzaları ilə təsdiq edilmişdir. İddia ərizəsində qeyd edilənlərə əsasən müqavilə münasibətləri 01.10.2017-ci il tarixədək (17 ay 22 gün) davam etmişdir. İddiaçı müqavilənin qüvvədə olduğu dövr üzrə yaranmış ƏDV daxil 104627,06 manat icarə haqqı borcunun ödənilməsini tələb edir. Qeyd edilən borcla bağlı cavabdehə 30.06.2018-ci il tarixli EAAJ seriyalı, 984716 nömrəli elektron qaimə göstərilmişdir. İddianın hüquqi əsasını aşağıdakı normalar təşkil edir: Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1.-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2.-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, işdə olan sübutlarla tərəflər arasında bağlanmış 08.04.2016-cı il tarixli icarə müqaviləsinə və həmin müqaviləyə əlavə edilmiş Təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən ona məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasındakı istehsalat avadanlıqlarının cavabdehə icarəyə verildiyi təsdiq edildiyindən, cavabdeh tərəf isə həmin müqavilə üzrə icarə haqqı ödənişlərinin həyata keçirildiyini sübut edə bilmədiyindən iddianın təmin edilməsi barədə məhkəmənin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Cavabdehin nümayəndəsi işə birinci instansiya qaydasında baxılarkən qiyabi qətnamənin ləğvi barədə ərizə təqdim etdikdən və qiyabi qətnamə ləğv olunduqdan sonra yalnız 11.03.2022-ci il tarixli məhkəmə iclasında iştirak edərək iş materialları ilə tanış olmaq üçün iclasın təxirə salınmasını xahiş etmiş, vəsatət təmin edilərək iclas 18.03.2022ci il tarixə təxirə salınmış, lakin cavabdehin nümayəndəsi həmin iclasda hər hansı üzürlü səbəb göstərmədən iştirak etməmiş, iddiaya yazılı etiraz təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin məhkəmə iclasında iştirakının təmin edilmədiyinə dair apellyasiya şikayətində qeyd edilənlər əsassızdır. Cavabdeh apellyasiya şikayətində avadanlıqların icarədara geri qaytarılması ilə bağlı aktın mövcud olmadığını, yaranmış borcun hansı dövrü əhatə etməsi ilə bağlı iddiaçının məhkəməyə sübut təqdim edə bilmədiyini qeyd edərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işdə icarəyə verilmiş əmlakın icarədara hansı tarixdə geri qaytarıldığına dair sübutun olmaması iddianın rədd edilməsi üçün əsas ola bilməz. İcarə müqaviləsi üzrə ümumiyyətlə ödəniş edildiyi sübut edilmədiyindən müəyyən olunur ki, borc müqavilə üzrə avadanlıqlar cavabdehə təhvil verildiyi tarixdən icarə münasibətlərinə faktiki xitam verildiyi tarixədək olan dövrü əhatə edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 9.3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu cavabdehin üzərinə iddiaya qarşı etiraz edirsə etirazın əsaslarını yazılı və ya şifahi izahat verərkən bildirmək, öz etirazının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu özü sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda tərəflər arasında icarə müqaviləsinin bağlandığı və icarə predmeti olan istehsalat avadanlıqlarının müqavilə əsasında cavabdehə təhvil verildiyi işdəki sübutlarla təsdiq edildiyindən icarə münasibətlərinə iddiaçının göstərdiyi tarixdə deyil, daha əvvəl xitam verildiyini sübut etmək vəzifəsi və icarə haqlarının tam ödənildiyini sübut etmək vəzifəsi bunu iddia etdiyi halda cavabdehin üzərinə düşür. Hazırkı halda isə, cavabdeh nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsinə hər hansı sübut təqdim etməmiş, apellyasiya şikayətində icarə haqqı ödənişləri ilə bağlı, o cümlədən icarə münasibətlərinin hansı tarixədək davam etməsi ilə bağlı hər hansı məlumat qeyd etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Bakı Kommersiya Məhkəməsinin 18.03.2022-ci il tarixli, 2-2(113)- 1550/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 18.03.2022-ci il tarixli, 2-2(113)-1550/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar