Məhkəmə qərarları › İş №2-2(103)-523/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-523/2024

18.07.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-523/2024 18.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı kommersiya işi Açar söz: alqı-satqı müqaviləsi üzrə borc Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)- 3442/2023 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İddiaçı MMC Cavabdeh MMC -dən aralarında bağlanmış 28 fevral 2020-ci il tarixli 004/198/S nömrəli alqı-satqı müqaviləsi üzrə alıcıya göndərilmiş 7 elektron qaimə üzrə təqdim edilmiş mallara görə borcu tələb edir: -xx.xx.2020-ci il tarixli EBAM seriyalı 106761 saylı elektron qaimədən görünür ki, İddiaçı MMC Cavabdeh MMC-yə 3859,19 manat (ƏDV daxil) məbləğində mal təqdim edilməsi barədə; - xx.xx.2020-ci il tarixli EBAN seriyalı 342101 saylı elektron qaimədən görünür ki, İddiaçı MMC Cavabdeh MMC-yə 449,58 manat (ƏDV daxil) məbləğində mal təqdim edilməsi barədə; -xx.xx.2020-ci il tarixli EBAM seriyalı 589296 saylı elektron qaimədən görünür ki, İddiaçı MMC Cavabdeh MMC-yə 90413,72 manat (ƏDV daxil) məbləğində mal təqdim edilməsi barədə; -xx.xx.2020-ci il tarixli EBAM seriyalı 698377 saylı elektron qaimədən görünür ki, İddiaçı MMC Cavabdeh MMC-yə 303,97 manat (ƏDV daxil) məbləğində mal təqdim edilməsi barədə; -. xx.xx.2020-ci il tarixli EBAQ seriyalı 124243 saylı elektron qaimədən görünür ki, İddiaçı MMC Cavabdeh MMC-yə 48472,38 manat (ƏDV daxil) məbləğində mal təqdim edilməsi barədə; - xx.xx.2020-ci il tarixli EBAM seriyalı 994591 saylı elektron qaimədən görünür ki, İddiaçı MMC Cavabdeh MMC-yə 347391,87 manat (ƏDV daxil) məbləğində mal təqdim edilməsi barədə; -xx.xx.2020-ci il tarixli EBAK seriyalı 500184 saylı elektron qaimədən görünür ki, İddiaçı MMC Cavabdeh MMC-yə 1408342,31 manat (ƏDV daxil) məbləğində mal təqdim edilməsi barədə (bu qaimə üzrə qalıq borc 194831,04 manat).

2. ƏDV sub-uçot hesabından çıxarışdan görünür ki, Cavabdeh MMC tərəfindən xx.xx.2020-ci il tarixdə xx.xx.2020-ci il tarixli EBAK seriyalı 500184 saylı elektron qaimə üzrə alınmış malların 45819 manat məbləğində ƏDV-si ödənilmişdir.

3. İddiaçı MMC-nin hesab üzrə çıxarışından görünür ki, Cavabdeh MMC tərəfindən xx.xx.2020-ci il tarixdə EBAK seriyalı 500184 saylı elektron qaimə üzrə 254550 manat məbləğində borc ödənilmişdir.

4. xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən göstərilən xidmətlərə dair arayışdan görünür ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə 685721,75 manat borcu var.

5. xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı MMC 825,22 manat dövlət rüsumu ödəmişdir.

6. xx.xx.2023-cü il tarixli MŞB/MT015/2023-000190-03 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı MMC ilkin mediasiya sessiyasında iştirak etmiş və 400 manat məbləğində mediasiya xərcini ödəmişdir.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 685721,75 manat əsas borcun, 98377,78 manat faiz məbləğinin, 149772,31 manat bank uçot dərəcəsinə uyğun faizlərin, 1346,52 manat əldən çıxmış faydanın, ümumilikdə 935218,36 manat məbləğin, 400 manat mediasiya xərcinin, 825,22 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

8. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında yaranmış qarşılıqlı işgüzar əməkdaşlıq çərçivəsində Cavabdeh MMC-nin sifarişi əsasında tərəflər arasında 28 fevral 2020-ci il tarixli 004/198/S nömrəli müqavilə bağlanmışdır. Bu müqaviləyə görə icraçı sifarişçinin sifarişinə əsasən qiymətlərin razılaşdırılması protokollarında göstərilmiş malları sifarişçiyə satmağı və sifarişçi də öz növbəsində alınan malların dəyərini razılaşdırılmış qiymətlərə əsasən İcraçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən cavabdehə 2.843.620,03 manat məbləğində mallar satılmış, cavabdeh tərəfindən qarşılığında 300.369 manat pul vəsaiti ödənilmişdir. Bundan əlavə cavabdeh tərəfindən iddiaçıya avans kimi ödənilmiş 1.857.529,28 manat məbləğ satılmış mal-materialın bir hissəsi ilə əvəzləşdirilmişdir. Yekun olaraq cavabdehin iddiaçıya 685721,75 manat ödənilməmiş borcu qalmışdır. Tərəflər arasında bağlanılmış müqavilənin 3.1-ci bəndinə əsasən sifarişçi mallara görə icraçı tərəfindən təqdim edilmiş hesab fakturalara və qaimə-fakturalara uyğun olaraq aldığı malların dəyərini icraçının hesabına ödəməyi öhdəsinə götürmüşdür. Dəfələrlə cavabdehlə şifahi danışıqlar aparılmasına baxmayaraq cavabdeh tərəf həmin borcu ödəməmişdir. Cavabdehdən əsas borcla yanaşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə borcun gecikdirilməsinə görə illik gecikmə üzrə 98377,78 manat faiz borcu (AR MM-nin 445.7-ci maddəsi), 149772,31 manat bank uçot faiz dərəcəsi (AR MM-nin 449-cu maddəsi), 1346,52 manat əldən çıxmış fayda (AR MM-nin 21-ci maddəsi) tutulmalıdır.

9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3442/2023 nömrəli qətnaməsi ilə (hakim Emin Əliyev) iddia qismən təmin edilmiş, Cavabdeh MMCdən 195280,62 manat əsas borcun, Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə əsasən 29286,48 manat cərimənin və 400 manat mediasiya xərcinin tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, məhkəmə baxışında təhvil-təslim aktların ilə bağlı təhlili aparılsa da, həmin aktların hansı elektron qaimələrə aid olduğunu müəyyən etmək mümkün olmamış, həmçinin həmin aktlarda göstərilən malları qəbul etmiş şəxslərin Cavabdeh MMC-nin səlahiyyətli şəxsləri olması ilə bağlı heç bir sübut təqdim edilməmişdir.

11. Məhkəmə həmçinin qeyd etmişdir ki, bununla yanaşı iddia ərizəsində göstərilən 7 ədəd elektron qaimədən, yalnız 2-si (EBAK 500184 və EBAN 342101) Cavabdeh MMC tərəfindən təsdiq edilmiş, digər 5-i (EBAM 106761, EBAM 589296, EBAM 698377, EBAM 994591 və EBAQ 124243) isə vergi sistemi tərəfindən təsdiq edilmişdir.

12. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab etmişdir ki, İddiaçı MMC-nın EBAK 500184 (194831,04 manat qalıq borc) və EBAN 342101 (449,58 manat borc) elektron qaimələr üzrə yaranmış borcla bağlı tələbi əsaslıdır, belə ki, həmin elektron qaimələr Cavabdeh MMC tərəfindən təsdiq edilməklə yanaşı, cavabdeh xx.xx.2020-ci il tarixdə xx.xx.2020-ci il tarixli EBAK seriyalı 500184 saylı elektron qaimə üzrə alınmış malların 45819 manat məbləğində ƏDV-ni, həmçinin ümumi borcun bir hissəsi olan 254550 manat məbləğində vəsait ödəməklə, həmin elektron qaimələr üzrə təhvil verilmiş malların aldığını təsdiq etmişdir.

13. Həmçinin məhkəmə hesab etmişdir ki, iddiaçının Azərbaycan Respublikası MMnin 445.7-ci maddəsi ilə 3 il üçün tələb etdiyi EBAK 500184 (29224,66 manat) və EBAN 342101 (61,82 manat) cərimə tələbi əsaslı olduğuna görə təmin edilməli və cavabdehdən 29286,48 (29224,66 + 61,82) manat cərimə tutularaq iddiaçının xeyrinə ödənilməlidir.

14. Eyni zamanda məhkəmə hesab etmişdir ki, 149772,31 manat məbləğində faiz ödənilməsi tələbi ilə bağlı iddia rədd edilməlidir, belə ki, həmin vəsaiti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən tələb edilsə də, cavabdehin ödənilməyən pul vəsaitindən faydalanması ilə bağlı iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətlərinin dəlilləri

15. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3442/2023 nömrəli qətnaməsinin iddianın təmin edilməmiş hissəsində ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 612.61 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 2843620,03 manat məbləğində mallar satılmış, cavabdeh tərəfindən isə avans olaraq ödənilmiş 1.857.529,28 manat məbləğ əsas borc məbləği ilə əvəzləşdirilmiş, bundan əlavə cavabdeh 300369 manat ödəniş etmiş və nəticədə iddiaçıya 685721.75 manat ödənilməmiş əsas borcu qalmışdır. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş elektron qaimələr, həmin elektron qaimələrə uyğun 4 ədəd təsdiqlənmiş təhvil-təslim aktı (cəmi 91490 azn təşkil edir), cavabdehin bank ödəniş çıxarışları (cəmi 300369 azn təşkil edir), eləcə də elektron qaimələrdən 5-nin (EBAH215523, EBAF071673, EBAD847274, EBAK500184, EBAH342101) Cavabdeh MMC tərəfindən təsdiqlənməsini sübut edən elektron vergi sisteminin çıxarışı məhkəməyə təqdim edilmişdir. Məhkəmə əsassız olaraq elektron qaimələrin yalnız 2-ni təmin etmişdir (EBAK500184, EBAH342101). Belə ki, yaranmış borc məbləği ilə bağlı məhkəməyə elektron qaimələr təqdim edilmiş, lakin məhkəmə yaranmış borc məbləği ilə bağlı heç bir araşdırma aparmamışdır. Lakin elektron qaimələrdən də göründüyü kimi cavabdehin 685721.75 manat ödənilməmiş borcunun olmasına baxmayaraq məhkəmə yalnız həmin borcdan 195280,62 manat məbləği təmin etmişdir. Tərəflər arasında xeyli müddət ərzində işgüzar münasibətlərin də yaranmasına baxmayaraq, məhkəmə iddianı qismən qəbul etməklə bu fakta heç bir əhəmiyyət verməmişdir. Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsaslanaraq cavabdehdən haqlı olaraq 98377.78 manat məbləğində faiz məbləği tələb edilmişdir. Məhkəmə tərəfindən heç bir əsas olmadan 149772.31 manat məbləğində bank uçot faizi təmin edilməmişdir.

17. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3442/2023 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı Hidro Park” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh MMC arasında bağlanmış 28 fevral 2020-ci il tarixli 004/198/S nömrəli müqaviləyə və ona əlavə “X3 Protokol”a uyğun olaraq cəmi 93610,70 (ƏDV daxil) dəyərində malların alqı-satqısı ilə bağlı tərəflər razılığa gəlmişlər. Belə olan halda məhkəmə tərəfindən hərtətərli, tam və obyektiv araşdırma aparılmadan əsasssız olaraq iddia tələbi təmin edilmiş və müqavilədə, eləcə də müqavilənin ayrılmaq tərkib hissəsi olan 1 nömrəli X1 göstərilən malların dəyərindən 2 dəfədən çox miqdarda (195280,62 manat əsas borc) borc tələbi təmin edilmişdir. İddiaçı və cavabdeh arasında xx.xx.2022-ci il tarixli hüquqların ötürülməsi haqqında 1 saylı müqaviləyə əsasən sifarişçi işlərin davam etdirilməsindən faktiki olaraq imtina etmiş və işlərin "xxxx" MMC tərəfindən davam etdirilməsi, malların alışının və ödənişinin də həmin cəmiyyət tərəfindən həyata keçirilməsi razılaşdırılmışdır. İddiaçı faktiki olaraq cavabdehə təhvil vermədiyi, cavabdehin öhdəlik daşımadığı öhdəliklərin icrası üçün məhkəməyə iddia vermiş və təəssüf ki, məhkəmə tərəfindən isə həmin iddia kifayət qədər araşdırılmadan qismən təmin edilmişdir. Nəticədə gələcəkdə iddiaçının 195280,62 manat məbləğində əsassız olaraq varlanması üçün şərait yaranmışdır. Cavabdeh əslində öhdəlik daşımadığı müqaviləyə görə ona aid olmayan öhdəliyə əsasən 195280,62 manat vəsaitindən məhrum ola bilər. Birinci instansiyası zamanı cavabdeh tərəf olaraq Cavabdeh MMC-nin təmsilçisi, direktoru və faktiki rəhbəri olan Süleyman Babayev məhkəmə proseslərində üzürlü səbəblərdən iştirak edə bilməmişdir. Çünki həmin dövrdə onun barəsində Yasamal Rayon Məhkəməsində cinayət işi araşdırıldı. Məhz bu səbəbdən cavabdeh məhkəmə proseslərindən məlumatsız olmuş və Kommersiya Məhkəməsində iştirak edə bilmədiyi üçün hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə baxışı iclaslarında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

20. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir.

21. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi; 567-ci maddə-alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427- ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 445.7-ci maddə-bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 9.1-ci maddə-ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddə-hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 77.1-ci maddə-hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 372.2-ci maddə-yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

22. Qətnamə iddiaçı və cavabdeh tərəfindən iddianın təmin edildiyi və iddianın rədd edildiyi hissələrdə mübahisələndirdiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

23. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3442/2023 nömrəli qətnaməsi qismən ləğv edilərək iddia Cavabdeh MMC-dən iddiaçı "Hidro Park” MMC-nin xeyrinə 194831,04 manat əsas borc və 29224,66 manat illik 5 %-lə hesablanmış pulun tutulması hissəsində rədd edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

24. İş materiallarından görünür ki, cavabdehin məhkəmə iclaslarında iştirakının təmin edilməsi üçün birinci instansiya məhkəməsi tərəfindən zəruri tədbirlər görülməmiş, hüquqi şəxsin elektron kabinetinə məhkəmə bildirişi yerləşdirilməsi barədə sübutlar işə əlavə edilməmiş, nəticədə cavabdeh tərəfin iddiaya qarşı etirazını və etirazın əsası kimi istinad etdiyi hallara dair sübutları məhkəməyə təqdim etmək imkanı olmamışdır. Bu səbəbdən cavabdeh tərəfindən apellyasiya şikayətinə əlavə edilmiş sübutların qəbul edilməsi MPM-nin 372.2-ci maddəsinə əsasən mümkün hesab edilir.

25. Apellyasiya şikayətinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli Cavabdeh MMC, "Hidro Park” MMC, "xxxx" MMC arasında bağlanmış “Hüquqların ötürülməsi” adlı müqavilədən görünür ki, İddiaçı MMC Cavabdeh MMC -dən aralarında bağlanmış 20 may 2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 2.329.043,08 manat dəyərində mallar Hidro Park” MMC tərəfindən EBAQ 124243 saylı, EBAM 994591 saylı, EBAK 500184 saylı, EBAİ 268271 saylı elektron qaimələr ilə Cavabdeh MMC-yə satılmış, bu məbləğdən 2.124.550 manat ƏDV-siz ödənilmiş, 204493,08 manat ödənilməmişdir. Bu müqavilə əsasında Cavabdeh MMC-nin İddiaçı MMC -yə olan 20 may 2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 204.493,08 manat qalıq borcunun ödənilməsini "xxxx" MMC öz üzərinə götürmüşdür.

26. Qeyd edilən sübuta əsasən müəyyən olunur ki, tərəflər arasında iddia ərizəsində istinad edilmiş 28 fevral 2020-ci il tarixli 004/198/S nömrəli alqı-satqı müqaviləsindən başqa eyni zamanda 20 may 2019-cu il tarixdə də alqı-satqı müqaviləsi bağlanmışdır və hazırkı iddia ərizəsində istinad edilmiş EBAQ 124243 saylı, EBAM 994591 saylı, EBAK 500184 saylı elektron qaimələr 20 may 2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə təqdim edildiyindən həmin elektron qaimələr əsasında tələb edilən borcla bağlı hissədə iddia rədd edilməlidir.

27. Birinci instansiya məhkəməsi EBAQ 124243 saylı, EBAM 994591 saylı elektron qaimələr əsasında tələb edilən borcla bağlı hissədə iddianı digər əsasla rədd etsə də, EBAK 500184 saylı elektron qaimə ilə bağlı hissədə iddia təmin edildiyindən məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qətnamə həmin qaimə əsasında tələb edilən 194.831,04 manat əsas borc və əsas borca 29224,66 manat illik 5 %-lə hesablanmış pulun tutulması hissəsində ləğv edilərək, iddia bu hissədə də rədd edilməlidir.

28. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 sonuncu məhkəmə iclasında Cavabdeh MMC-nin 28 fevral 2020-ci il tarixli 004/198/S nömrəli alqı-satqı müqaviləsi əsasında göndərilmiş xx.xx.2020-ci il tarixli EBAN seriyalı 342101 saylı elektron qaimə üzrə İddiaçı MMC-yə 449,58 manat (ƏDV daxil) borcu olduğunu etiraf etmişdir. MPM-nin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Məhkəmə kollegiyası cavabdehin etirafını nəzərə alaraq hesab edir ki, qətnamə 449,58 manat əsas borc və bu borca MM-nin 445.7-ci maddəsi əsasında hesablanmış 61,82 manat borcun tutulması cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində qanuni və əsaslı hesab edilərək dəyişdirilmədən saxlanılmalıdır.

29. İddia ərizəsində istinad edilmiş, cavabdehin özü tərəfindən deyil, elektron vergi sistemi tərəfindən təsdiqlənən digər elektron qaimələrin 28 fevral 2020-ci il tarixli 004/198/S nömrəli alqı-satqı müqaviləsi əsasında göndərildiyi və həmin qaimələr üzrə malların Cavabdeh MMC-yə təqdim edildiyi iddiaçı tərəfindən sübut edilməmişdir. Belə ki, 28 fevral 2020-ci il tarixli 004/198/S nömrəli alqı-satqı müqaviləsinə əlavə edilmiş qiymətlərin razılaşdırılması protokolundan görünür ki, bu müqavilə üzrə satılacaq malların cəmi dəyəri 93610,70 manat olmalı idi. İddiaçının iddia ərizəsinə əlavə etdiyi elektron qaimələrin ümumi məbləği isə 685721,75 manat təşkil etmiş, 3 elektron qaimənin isə yuxarıda qeyd edildiyi kimi ümumiyyətlə 28 fevral 2020-ci il tarixli 004/198/S nömrəli alqısatqı müqaviləsi əsasında göndərilmədiyi müəyyən olunmuşdur. Elektron qaimələrdə qaimənin tərtib edilmə əsası kimi hesab və sifariş nömrələri, anbar çıxış qaiməsi qeyd edildiyindən həmin qaimələrin hansı alqı-satqı müqaviləsi üzrə göndərildiyini müəyyən etmək mümkün olmamışdır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsi ilə vəsatət təqdim edərək tərəflər arasında barışıq sazişi bağlanması ilə bağlı danışıqlar getdiyi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, məhkəmə iclaslarının vaxtı barədə xəbərdar edilsə də iclaslarda iştirak etməmiş, apellyasiya şikayətinə yazılı münasibət bildirilməmişdir.

30. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergihesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.

31. İddia ərizəsində istinad edilmiş elektron qaimələr tərtib edilərkən qüvvədə olmuş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 2.2.4-cü bəndində qeyd edilir ki, elektron qaimədə əsas (qaimələr, qəbzlər, çeklər, müqavilələr, təhvil-təslim aktları, ödəniş sənədləri, malların alınması üçün vəkalətnamə və s.) göstərilməlidir. 1.3cü bənddə qeyd edilmişdi ki, bu Qaydalara uyğun tərtib edilməyən elektron qaiməfaktura mal (iş, xidmət) təqdim edilməsinin rəsmiləşdirilməsinə əsas vermir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının sübut olaraq istinad etdiyi elektron qaimələr qaydaların tələblərinə uyğun tərtib edilmədiyindən tələbin əsaslı olduğu mötəbər sübutlarla təsdiq edilmədiyi üçün iddianın rədd edildiyi hissədə qətnamə qanuni və əsaslıdır. 32 Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3442/2023 nömrəli qətnaməsi qismən ləğv edilərək iddia Cavabdeh MMC-dən iddiaçı "Hidro Park” MMC-nin xeyrinə 194831,04 manat əsas borc və 29224,66 manat illik 5 %-lə hesablanmış pulun tutulması hissəsində rədd edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

33. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3442/2023 nömrəli qətnaməsi qismən ləğv edilsin. İddia Cavabdeh MMC-dən iddiaçı "Hidro Park” MMC-nin xeyrinə 194831,04 manat əsas borc və 29224,66 manat illik 5 %-lə hesablanmış pulun tutulması hissəsində rədd edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar