Məhkəmə qərarları › İş №2-2(103)-524/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-524/2022

31.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-524/2022 31.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-412/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 28.03.2022-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 16.696,95 manat əsas borc, 3.870,98 manat faiz borcu, 928,03 manat cərimə borcu olmaqla, cəmi 21.495,96 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması və tərəflər arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 28.03.2022-ci il tarixli 2-2(113)-412/2022 saylı qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 qarşı “müqavilənin ləğv edilməsi və s.” tələbinə dair iddiası müqavilənin ləğv edilməsi tələbinə dair hissədə baxılmamış saxlanılmışdır. Bakı Kommersiya Məhkəməsinin 28.03.2022-ci il tarixli 2-2(113)-412/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, 21.02.2020-ci il tarixli kredit müqaviləsi (əlavə sazişlər də nəzərə alınmaqla) üzrə əsas borc üzrə 16.696,85 manat, faiz borcu üzrə 3.870,98 manat, cərimə borcu üzrə 800 manat olmaqla cəmi 21.367 (iyirmi bir min üç yüz altmış yeddi) manat, 93 (doxsan üç) qəpik məbləğində pulun Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə verilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə verilməsi, ekspertiza xərcinin əvəzi olaraq 100 manat məbləğində pulun Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh3 apellyasiya şikayəti verərək, həmin qətnamənin qismən, yəni iddia tələbinin 21.02.2020-ci il tarixli kredit müqaviləsi üzrə faiz borcu olan 3.870,98 manat, cərimə borcu üzrə 800 manat olmaqla cəmi 4.670,93 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ASC-yə verilməsi hissəsində ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, Cavabdeh1 uzun illər tanıdığından ona inanmış, etibar etmiş və zaminlik müqaviləsini imzalamışdır. Cavabdeh1 onu inandırmışdır ki, borcunu vaxtında ödəyəcək, heç bir problem olmayacaq və müqavilə formal xarakter daşıyır. Müqavilənin məzmununu ona izah etmədilər və müqavilə onun sərbəst iradə ifadəsini əks etdirmir. Belə olan halda o, heç bir məsuliyyət daşımır. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və şikayətin Cavabdeh3 tərəfindən verildiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız faiz və cərimə borcunun məbləğinə, habelə Cavabdeh3 aid hissədə yoxlanılır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 21.02.2020-ci il tarixdə kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən Cavabdeh1 18 ay müddətinə, 25 ödəmək şərti ilə 15.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC ilə Cavabdeh3 və Cavabdeh2 arasında 21.02.2020-ci il tarixli zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən zaminlər Cavabdeh3 və Cavabdeh2 borclu Cavabdeh1 bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və onunla birgə məsuliyyət daşıyırlar. 21.04.2020-ci il tarixdə Bankla Cavabdeh1 arasında 21.02.2020-ci il tarixli kredit müqaviləsi üzrə 1 saylı əlavə saziş bağlanmış və müqavilənin müddəti 21.01.2022-ci il tarixədək uzadılmışdır. Həmçinin Bankla Cavabdeh3 və Cavabdeh2 arasında 21.04.2020ci il tarixdə zaminlik müqaviləsinə 1 saylı əlavə saziş bağlanmışdır. Daha sonra Bankla Cavabdeh1 arasında 23.09.2020-ci il tarixdə kredit müqaviləsinə əlavə saziş bağlanmış və müqavilənin müddəti 21.04.2022-ci il tarixədək uzadılmışdır. Müvafiq olaraq 23.09.2020-ci il tarixdə Bankla Cavabdeh3 və Cavabdeh2 arasında zaminlik müqaviləsinə əlavə sazişlər bağlanmışdır. İddiaçı bildirir ki, Cavabdeh1 müqavilə öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Cavabdehin kredit müqaviləsi üzrə əsas borcu 16.696,95 manat, faiz borcu 3.870,98 manat, cərimə 928,03 manat, cəmi borcu isə 21.495,96 manat təşkil edir. Cavabdeh3 iddiaya etiraz edir və öz etirazını apellyasiya şikayətində göstərilənlərlə əsaslandırır. Tərəflər arasında bağlanmış 21.02.2020-ci il tarixli kredit müqaviləsinin şərtlərini, kredit müqaviləsinə aid ödəniş cədvəlini, iddiaçı tərəfindən təqdim olunmuş kredit borcunun hesablanması barədə arayışı, hesabdan çıxarışı araşdıraraq və Mülki Məcəllənin 741, 462, 467-ci maddələrinə əsaslanaraq kollegiya hesab edir ki, kredit müqaviləsi üzrə faiz və cərimə borcunun məbləğinə aid hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmçinin kollegiya hesab edir ki, həmin borcların Cavabdeh3 tutulması barədə nəticə də düzgündür. Belə ki, Mülki Məcəllənin 470.1-ci maddəsinin tələblərinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanılmış zaminlik müqaviləsində qeyd olunan maddi hüquq normalarından fərqli müddəalar müəyyən edilmədiyindən iddiaçı qarşısında zamin olan Cavabdeh3 borclu olan Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, Cavabdeh3 istinad etdiyi halların (aldadılma və s.) təsdiqi barədə heç bir sübut təqdim etməmişdir. Bundan əlavə Mülki Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Bu baxımdan kollegiya izah edir ki, zamin hazırki qətnamənin icra mərhələsində borclunun əvəzinə ödənişlər etdiyi təqdirdə daha sonra bununla bağlı çəkdiyi zərərin əvəzini ödəməyi borcludan tələb edə bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar mövcud deyil. Həmçinin qətnamənin mübahisələndirilən hissəsində iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 384.0.3, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-412/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 28.03.2022-ci il tarixli qətnaməsi faiz və cərimə borcunun məbləğinə və Cavabdeh3 aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar