Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-525/2020 29.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Lalə Adil qızı Əbdürrəhimovanın katibliyi ilə, cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1705/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadından cavabdeh "Cavabdeh" Sığorta Şirkəti ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “İddiaçı" ASC cavabdeh "Cavabdeh" Sığorta Şirkəti ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən qanunvericiliklə müəyyən olunmuş əmlaka dəymiş zərər görə 5000 manat məbləğində sığorta ödənişinin, gecikdirilmiş hər günə (xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinədək - 185 gün) hesablanmış 925 manat dəbbə pulu və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı iddianın təmin tədbiri barədə ərizə verərək, cavabdehin mülkiyyətində olan “MİTSUBİSHİ PAJERO” markalı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-1705/2020 saylı qərardadı ilə ərizə qismən təmin edilərək, cavabdeh "Cavabdeh" Sığorta Şirkəti ASC-nin mülkiyyətində olan **-AB-*** dövlət qeydiyyat nişanlı “MİTSUBİSHİ PAJERO” markalı avtomobilin özgəninkiləşdirilməsinin qadağan edilməsi və ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Cavabdeh "Cavabdeh" Sığorta Şirkəti ASC həmin qərardaddan şikayət vermişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadı qəbul edərkən iddiaçının ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsini əsaslandırmadığına diqqət yetirməmiş və qiymət verməmiş, iddia tələbi ilə avtomobilin üzərinə həbs qoyulması və ya özgəninkiləşdirilməsinin qadağan edilməsi arasında əlaqənin, ümumiyyətlə məhdudiyyət tətbiq edilmiş əmlakla iddia tələbi arasında bağlılığın mövcud olmasını yoxlamamış, iddia tələbi 5000 manat olduğu halda cavabdehin dəyəri 20000 manatdan yuxarı olan əmlakının özgəninkiləşdirilməsini qadağan etmişdir. Bundan əlavə məhkəmə nəzərə almamışdır ki, cavabdeh iddiaçıya sığorta ödənişi verməkdən yayınmamış, tərəflər arasında mübahisə zərər məbləğinin müəyyən edilməsi ilə bağlı yaranmış, iddiaçıya sığorta ödənişinin verilməsindən imtina olunmamışdır. Həmçinin iddiaçının xeyrinə qətnamə çıxarsa, cavabdehin həmin qətnamənin icrasına maneçilik törədəcəyi və ya icra etməyəcəyi ilə bağlı hər hansı sübut mövcud deyildir. Bundan əlavə məhkəmə cavabdehin sığorta bazarındakı mövqeyi və maliyyə vəziyyətini nəzərə almamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X2 şikayəti müdafiə etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinin tələblərinə görə hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Qanunun mənasına görə iş üzrə çıxarılan qətnamənin gələcəkdə real icra edilə bilməyəcəyi şübhəsi yarandıqda iddianın təmin edilməsi üçün tədbirlər görmək zərurəti yaranır. İddianı təmin etmək üçün əsas məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüz ola biləcəyi qənaətidir. İddiaçı tərəfindən irəli sürülmüş iddia tələbləri ilə iddianın təmin etmə tədbiri barədə ərizədə göstərilənləri müqayisə edərək kollegiya hesab edir ki, hazırkı işdə iddianın təmini tədbirinin seçilməsi üçün əsaslar mövcud deyildir. Belə ki, iddia tələblərinin təmin ediləcəyi təqdirdə qətnamənin icrasının qeyri-mümkün olması və ya icrada hər hansı çətinliyin yarana biləcəyi qənaətinə gəlmək üçün əsaslar yoxdur. Çünki cavabdehdən tutulması tələb olunan məbləğ elə də yüksək məbləğ deyildir və cavabdeh də sığorta fəaliyyətini həyata keçirən hüquqi şəxsdir. Həmçinin Mülki Prosessual Məcəllənin 158.3-cü maddəsinin məzmunundan da göründüyü kimi əmlak üzərinə həbs qoyulması birinci növbədə - cavabdehin bilavasitə istehsalda iştirak etməyən əmlakı üzrə həyata keçirilir. Ona görə də, iddianın təmini tədbiri barədə ərizə təmin edilə bilməz. Bundan başqa iddiaçı tərəfindən cavabdehə məxsus avtomobilin üzərinə həbsin qoyulması, yəni Mülki Prosessual Məcəllənin 158.1.1-ci maddəsində nəzərdə tutulmuş iddianın təmini tədbirinin seçilməsini xahiş etmiş, məhkəmə isə avtomobilin özgəninkiləşdirilməsinin qadağan edilməsi, yəni Mülki Prosessual Məcəllənin 158.1.2-ci maddəsində nəzərdə tutulmuş iddianın təmini tədbirinin seçilməsi barədə qərardad qəbul etmişdir. Qeyd olunanları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı tam ləğv edilməli və ərizə təmin edilməməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh "Cavabdeh" Sığorta Şirkəti ASC tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1705/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı “İddiaçı" ASC tərəfindən verilmiş cavabdehin mülkiyyətində olan “MİTSUBİSHİ PAJERO” markalı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə ərizə təmin edilməsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-525/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-525/2020
29.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver