Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-525/2022 13.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Məmmədov Vidadi Məmməd oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdehlər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu və Cavabdeh2 MMC-yə qarşı “tender nəticələrinin ləğv olunması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 13.04.2022-ci il tarixli, e-2-2(113)-2108/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu və Cavabdeh2 MMC-yə qarş iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən “laboratoriya avadanlığının” satın alınması məqsədi ilə 22.11.2019-cu il tarixində keçirilən və qalibi Cavabdeh2 MMC seçilən açıq tenderin nəticələrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 13 aprel 2022-ci il tarixli e-2-2(113)-2108/2022 saylı qərardadı ilə iddia ərizəsinin iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilmişdir. Həmin qərardaddan iddiaçı şikayət verib, Bakı Kommersiya Məhkəməsinin 13.04.2022-ci il tarixli e-2-2(113)-2108/2022 saylı qərardadının ləğv edilməsini və iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi bu nəticə səhvdir, çünki mübahisə eyni tərəflər arasında olsa da, mübahisənin predmeti və əsasları fərqlidir. Belə ki, onların cavabdehlərə qarşı birinci iddiaları “tenderin nəticələri haqqında yekun protokolun və satınalma müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair olsa da, hazırkı mübahisə “tender nəticələrinin ləğv olunması” tələbinə dair iddiadır, bunlar isə fəqrli tələblərdir. Qanunvericilikdə də “etibarsız hesab edilməsi” və “ləğv edilməsi” fərqli normalardır və onlar fərqli hüquqi nəticələrə səbəb olurlar. Məhkəmə “tenderin nəticələri haqqında yekun protokolun və satınalma müqaviləsinin etibarsız hesab edilməsi” tələbi ilə “tender nəticələrinin ləğv olunması” tələbini eyni hüquqi anlayış kimi qəbul edərək səhv nəticəyə gəlmiş və iddianın yolverilməzliyinə görə əsassız və qanunsuz qərardad qəbul edilmişdir. Bu səbəbdən də, həmin qərardad ləğv edilməlidir. Bakı Kommersiya Məhkəməsinin 20.04.2022-ci il tarixli, e-2-2(113)-2108/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apelyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 13.04.2022-ci il tarixli, e-2-2(113)-2108/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarındakı məhkəmə aktlarından görünür ki, İddiaçı MMC-nin cavabdehlər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq ElmiTədqiqat İnstitutu və Cavabdeh2 MMC-yə qarşı “tender nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiasına məhkəmələr tərəfindən baxılmış, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının qanuni qüvvəyə minmiş 2-2(103)-359/2021 saylı, 14.04.2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə istinad edərək hesab etmişdir ki, eyni tərəflər arasında eyni əsaslar üzrə mübahisəyə baxıldığından iddia yenidən icraata qəbul edilə bilməz. Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır ki, hazırda İddiaçı MMC-nin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq ElmiTədqiqat İnstitutuna və Cavabdeh2 MMC-yə qarşı qaldırdığı iddianın predmeti və əsası məhkəmələr tərəfindən baxılmış “tenderin nəticələri haqqında yekun protokolun və satınalma müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddia tələbindəki predmet və əsasla eynidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “A.Kərimov və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 iyul 2019-cu il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13.05.2020-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası. Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüququ başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. Məhkəmə qərarının preyudisiallığı prinsipi də qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. İstinad edilən qərarda Konstitusiya Məhkəməsi konkret iş üzrə tərəflər arasında “Torpağın mülkiyyətə verilməsi barədə şəhadətnamələrin etibarsız hesab edilməsi” barədə iddiaya məhkəmələr tərəfindən baxılmışsa həmin mübahisə tərəfləri arasında eyni əsaslar və eyni predmetlə bağlı qaldırılmış “Torpağın mülkiyyətə verilməsi barədə şəhadətnamələrin ləğv edilməsi” barədə iddiaya yenidən baxılmasını prosessual pozuntu kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası şikayət ərizəsinin dəlilləri ilə bağlı qeyd edir ki, əqdlərin, hüquqi aktların və hüquqi nəticə doğuran digər hərəkətlərin “etibarsızlığı” və “ləğv edilməsi” əsasları fərqli olsa da, hazırkı halda iddiaçının hər iki iddia ərizəsində istinad etdiyi əsaslar eyni olmuş, yalnız iddianın tələb hissəsi formal olaraq dəyişdirilməklə faktiki olaraq eyni iddia irəli sürülmüşdür. Belə ki, iddiaçı ərizənin məzmununda əvvəl baxılmış işlə eyni olan faktiki hallara və sübutlara istinad etmiş, mübahisə eyni hüquq münasibətindən irəli gəldiyi üçün hər iki iddia tələbində iddiaçıya həmin tələbi irəli sürməyə əsas verən subyektiv hüquq eyni olmuş, o cümlədən iddiaçının irəli sürdüyü dəlillər və faktlar məhkəmələr tərəfindən artıq araşdırılaraq hüquqi qiymət verilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən qərardadın ləğvi üçün əsaslar olmadığından şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 13.04.2022-ci il tarixli, e-2-2(113)-2108/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı MMC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 13.04.2022-ci il tarixli, e-2-2(113)-2108/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-525/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-525/2022
13.05.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver