Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-525/2025 27.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iddia tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi, müqavilə öhdəliyinin icra olunmaması, elektron qaimə, sübutetmə) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Hüseynli Adilə Adil qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 10 fevral 2025-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında 01 iyun 2023-cü il tarixdə 010623 saylı alqı-satqı müqaviləsi bağlanmış, müqavilənin 1.1-ci bəndinə əsasən satıcı müqavilədə nəzərdə tutulmuş malları alıcıya satmağı, alıcı isə müqavilə əsasında tərəflər arasında razılaşdırılmış tərkibdə, texniki göstəricilərə uyğun olan vəziyyətdə malları satıcıdan e-qaimə-faktura əsasında alıb satıcıya həmın e-qaimə-fakturalarda nəzərdə tutulmuş məbləği (haqqı) ödəməyi öhdələrinə götürmüşlər.
2. Müqavilənin 2.1-ci bəndinə əsasən, malın qiyməti müqavilə əsasında tərəflər arasında tərtib edilən e-qaimə-fakturada öz əksini tapır. Daşınma məsafəsindən asılı olaraq qiymətlərdəki dəyişiklik e-qaimələrdəki qiymət (razılaşma protokolu olmadan) qəbul edilir. Bu qiymətlərə pompa işi daxil edilmişdir.
3. Müqavilənin 2.2-ci bəndinə əsasən, müqavilə üzrə e-qaimə-fakturalar əsasında satıcı tərəfindən alıcıya təhvil verilən malların məbləği alıcı tərəfindən 100% satıcının bank hesabına köçürmə yolu ilə ödənilir, bu mümkün olmadığı halda 10 bank günü müddətində ödəniş təmin edilir; 3.5-ci bəndinə əsasən, malın təhvil-təslimi satıcının məkanında həyata keçirilir və bu barədə tərəflər arasında qaimə-faktura tərtib edilərək hər iki tərəfin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanaraq təsdiqlənir.
4. Satıcı tərəfindən müqavilə üzrə nəzərdə tutulmuş malların satışına dair 726,88 manatlıq məbləğ üzrə xx.xx.2023-cü il tarixli EBDJ067289 saylı e-qaimə, 2893,95 manatlıq məbləğ üzrə xx.xx.2023-cü il tarixli EBDL067475 saylı e-qaimə, 11 316,20 manatlıq məbləğ üzrə xx.xx.2023-cü il tarixli EBDN 399676 saylı e-qaimə, 12 213 manatlıq məbləğ üzrə xx.xx.2023-cü il tarixli EBDP 622122 saylı e-qaimə, 1440,78 manatlıq məbləğ üzrə xx.xx.2023-cü il tarixli EBDR 818544 saylı e-qaimə, 13 044,90 manatlıq məbləğ üzrə xx.xx.2023-cü il tarixli EBDU048972 saylı e-qaimə, 9281,29 manatlıq məbləğə dair xx.xx.2023-cü il tarixli EBDV339159 saylı e-qaimə, 3481 manatlıq məbləğə dair xx.xx.2023-cü il tarixli EBDV913979 saylı e-qaimə, 4316,44 manatlıq məbləğə dair isə xx.xx.2024-cü il tarixli EBDY101614 saylı e-qaimə (ƏDV daxil cəmi 58 714,44 manatlıq, ƏDV-siz 49 758 manatlıq) tərtib edilmiş, e-qaimələr sistem tərəfindən deyil, alıcı şirkət tərəfindən fiziki olaraq (şəxsən) təsdiqlənmişdir.
5. Satıcı tərəfindən alıcıya məhsul təsliminə dair xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixləri əhatə edən yol sənədi təqdim edilmişdir.
6. 06.01.2025-ci il tarixli hesabdan çıxarışa əsasən alıcı tərəfindən xx.xx.2023-cü il tarixdə 616 manat, xx.xx.2023-cü il tarixdə 2452,5 manat, xx.xx.2023-cü il tarixdə 8000 manat, xx.xx.2023-cü il tarixdə 1590 manat, xx.xx.2023-cü il tarixdə 7000 manat, xx.xx.2023-cü il tarixdə 4571 manat məbləğində (təyinatı e-qaimələr göstərilməklə) alıcıya ödənişlər (cəmi 24 229,5 manat) edilmişdir.
7. İddiaçı MMC X4 (ƏDV) ödəyicisidir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
8. İddiaçı MMC (iddiaçı) Cavabdeh MMC-nə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehdən 30 123,63 manat borcun və 180,37 manat dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdehlə arasında 010623 saylı xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən razılaşdırılmış qiymətlərlə cavabdehə beton məhsullarını e-qaimə faktura əsasında satmağı, alıcı isə e-qaimə-faktura üzrə məbləğ ona ödəməyi öhdələrinə götürmüşlər. Qeyd edilən müqavilə üzrə ƏDV daxil olmaqla cəmi 30 123,63 (otuz min bir yüz iyirmi üç manat altmış üç qəpik) manatlıq mal alıcıya e-qaimə-faktura əsasında təqdim edilmiş, lakin uzun müddət keçməsinə baxmayaraq alıcı tərəfindən malların haqqı ödənilməmişdir. Yaranmış borcun ödənilməsi üçün dəfələrlə şifahi və yazılı xəbərdalıqlar edilsə də, cavabdeh öhdəliyini icra etməmişdir. Alqı-satqı müqaviləsinin 8.6-cı bəndinə əsasən müqavilə üzrə mübahisələr danışıq yolu ilə həll edilir, əgər mübahisə danışıq yolu ilə həll edilməzsə mübahisəyə mövcud qanunvericiliyə uyğun baxılır. Cavabdehin 30 123,63 (otuz min bir yüz iyirmi üç manat altmış üç qəpik) manat borclu olmasını elektron qaimələr təsdiq edir.
10. İddiaçının məhkəmə iclaslarında iştirak edən nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, cavabdehin nümayəndəsi isə məhkəməyə gəlməmişdir.
11. Birinci instansiya məhkəməsinin 10 fevral 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət olunmuşdur.
12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – elektron qaimə, qismi ödəniş və yol vərəqələri ilə təsdiqini tapdığı üçün, iddia tələbinin təmin olunması üçün əsaslar mövcuddur.
13. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 443.1-ci, 567-ci, 568.1-ci, 579.1-ci, 600.1-ci maddələrinə istinad etmişdir.
14. Həmin qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlmədiyi, gəlinən nəticə üçün əhəmiyyət kəsb edən bütün faktiki halların aydınlaşdırılmadığı, iddiaçı tərəfindən elektron qaimələrdən başqa heç bir sübut, o cümlədən təhvil-təslim aktları və Forma 2 sənədinin təqdim olunmadığının nəzərə alınmadığı, mühasibatlıq ekspertizası keçirilməyərək borcun məbləğinin dəqiqləşdirilmədiyi, ödənişlərin borcdan çıxılmadığı arqumentləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinə qarşı etiraz
15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, izahat
16. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh nümayəndəsini məhkəməyə göndərməmiş, əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi isə apellyasiya şikayətinin əsassız olduğunu bildirmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
17. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
18. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.
19. Maddə 324.1, 324.2, 324.4 və 324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
20. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
21. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
22. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
23. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
24. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.
25. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
26. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
27. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
28. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
29. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
30. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
31. Maddə 598.1. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
32. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
33. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”
34. Bənd 1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir.
35. Bənd 3.1. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir.
36. Bənd 3.2. Elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir.
37. Bənd 3.3. Cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.
38. Bənd 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaiməfaktura proqram təminatı tərəfindən təsdiq edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
43. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
44. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
45. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
47. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə və müvafiq əsaslandırma ilə razılaşır.
48. Belə ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir və iddiaçı cavabdehə təhvil verdiyi malların dəyərinin ödənilməsini istəyir.
49. Həmin maddi hüquq norması satıcıya, əşyanı təhvil almış alıcı onun dəyərini alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmədikdə, dəyərin ödənilməsini və ya malın qaytarılmasını tələb etmək hüququ verir.
50. Alqı-satqı müqaviləsinin predmetini təşkil edən malların alıcıya (cavabdehə) təhvil verildiyi işin müəyyən olunan halıdır; cavabdehin nümayəndəsi apellyasiya şikayətində malların təhvil verilmədiyini irəli sürsə də, işin hallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə ƏDV daxil 58 714,44 manat dəyərində elektron qaimə göndərilmiş, həmin qaimələrə cavabdeh tərəfindən hər hansı etiraz verilməyərək onlar təsdiqlənmiş, həmçinin iddiaçı tərəfindən alıcıya məhsul təsliminə dair xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixləri əhatə edən yol sənədləri təqdim edilmişdir.
51. Sözügedən elektron qaimələrə görə, iddiaçı tərəfindən ƏDV daxil olmaqla ümumilikdə 58 714,44 manat məbləğində mallar cavabdehə təhvil verilmişdir; işdəki bank hesab çıxarışından isə görünür ki, cavabdeh tərəfindən malların dəyəri olaraq ümumilikdə 24 229,5 manat (təyinatı e-qaimələr göstərilməklə) ödəniş həyata keçirilmişdir.
52. Cavabdehin nümayəndəsi borcun məbləğinin düzgün hesablanmadığını bildirsə də, daha artıq ödənişlərin həyata keçirildiyini sübuta yetirə bilməmişdir.
53. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir (§ 39,40).
54. Kollegiya birinci instansiya məhkəməsinin məhkəmə xərclərinin bölüşdürülməsinə dair gəldiyi nəticəni də əsaslı hesab edir; belə ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
55. Beləliklə kollegiya hesab edir ki, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi formal mülahizələrə görə ləğv edilə bilməz.
56. Apellyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumunun məbləği isə cavabdehə aid edilməlidir.
57. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-836/2025 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 10 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid olunsun. Qətnamədən Cavabdeh MMC tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov
Hakimlər Təranə Mahmudova
Leyla Əliyeva