Məhkəmə qərarları › İş №2-2(103)-526/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-526/2024

29.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-526/2024 29.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə, Cavabdeh2, Nazila Kazemzadehə və Cavabdeh3 qarşı kommersiya mübahisəsi Açar söz: kredit müqaviləsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə, Cavabdeh2, Nazila Kazemzadehə və Cavabdeh3 qarşı kredit borcunun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 167/2024 nömrəli qətnaməsindən Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında xx.xx.2022-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X5 xx.xx.2021-ci il tarixli 1.0.4 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC-06480LE/2019 saylı razılaşma imzalanmışdır.

2. Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X4 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul etmişdir.

3. Sonradan tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2022-ci il tarixli DC00411585-01 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 206.902 manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir.

4. Bank ilə borcalan Cavabdeh1 MMC arasında bağlanmış DC00411585-01 saylı maliyyələşdirmə üçün ərizə üzrə borcalanın bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə bank ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli DG**********687 saylı, Nazila Kazemzadeh arasında xx.xx.2022-ci il tarixli DG**********687 saylı və Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixli DG**********687 saylı zaminlik müqavilələri bağlanmışdır.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlərə qarşı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan xx.xx.2023-cü il tarixdə iddia tələbinin həcmini artıraraq DC00411585-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 148.972,83 manat əsas borc, 20.596,45 manat faiz borcu, 4.989,76 manat cərimə borcu olmaqla, cəmi 174.559,04 manat məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının və 65 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında xx.xx.2022-ci il tarixdə bank xidmətlərinin göstərilməsinə dair X5 xx.xx.2021-ci il tarixli 1.0.4 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC-06480LE/2019 saylı razılaşma imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X4 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Sonradan tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2022-ci il tarixli DC00411585-01 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borcalana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 206.902 (iki yüz altı min doqquz yüz iki) manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir. Bank ilə borcalan Cavabdeh1 MMC arasında bağlanmış DC00411585-01 saylı maliyyələşdirmə üçün ərizə üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli DG**********687 saylı zaminlik müqaviləsi, Nazila Kazemzadeh arasında xx.xx.2022-ci il tarixli DG**********687 saylı zaminlik müqaviləsi və Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixli DG**********687 saylı zaminlik müqaviləsi bağlanmışdır. X2 üçün ərizə üzrə öhdəliklərini icra etməyərək 234 gün kreditlərin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Borcalanın xx.xx.2023-cü il tarixinə İddiaçı ASC qarşısında öhdəlikləri DC00411585-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 148.972,83 əsas borc, 16.234,85 faiz borcu, 3.070,42 manat cərimə borcu olmaqla, cəmi 168.278,10 manat təşkil edir. Buna görə də bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək cavabdehlərə xəbərdarlıq məktubu göndərilmiş və bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Bundan başqa mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə mediasiya institutunun tətbiqi qaydasında 9 saylı Mediasiya Təşkilatına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir. İddiaçı ASC mediasiya prosesi üzrə 400 manat məbləğində xidmət haqqı ödəmişdir. X5 4-cü bölümünün 3.11-ci bəndinə əsasən kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Bank xidmətlərinin göstərilməsinə dair X5 4-cü bölümünün 5.2.1-ci bəndinə əsasən kreditin və faizlərin ödənilməsi Müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə bank müştəriyə verilən krediti vaxtından əvvəl ləğv edə və ya kredit məbləğini vaxtından əvvəl müştəridən tələb edə bilər. Eyni zamanda X7 əsasən müştəri tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası Qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək Bankın hüququdur.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-167/2024 nömrəli qətnaməsi ilə (hakim Zaur Pirverdiyev) iddia qismən təmin edilmiş, DC00411585- 01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 148972,83 manat əsas borc, 20195,82 manat faiz borcu, 4989,76 manat cərimə borcu olmaqla, cəmi 174.158,41 manat məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının və dövlət rüsumuna görə 63,93 manat pulun cavabdehlər Cavabdeh1ndən, Cavabdeh2, Nazila Kazemzadehdən və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/8136 saylı rəyi ilə cavabdehlərin xx.xx.2023-cü il tarixə iddiaçıya olan əsas borcu 148.972,83 manat, faiz borcu 15.834,22 manat müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir.

9. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli DC00411585-01 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən Borcalana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 206,902 manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir. Müqavilələr üzrə borclular üzərinə düşən öhdəliyləri tam icra etməmişlər, nəticədə borcları yaranmışdır.

10. Məhkəmə ekspert rəyi ilə bağlı bildirmişdir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır.

11. Faiz borcu ilə bağlı məhkəmə qeyd etmişdir ki, ekspert rəyinin məzmunundan göründüyü kimi ekspert tərəfindən faiz borcu hesablanarkən xx.xx.2023-cü il tarixədək olan müddətə hesablanmışdır. İş materiallarından görünür ki, iddiaçı sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət etmiş, faiz borcunu xx.xx.2023-cü il tarixədək hesablamışdır. Bu halda məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixə iddiaçının hesabladığı faiz borcu (16234,85 manat) ilə ekspert tərəfindən hesablanmış faiz borcu (15834,22) arasındakı fərq (400,63 manat (16234,85-15834,22) xx.xx.2023-cü il tarixədək hesablanmış faiz borcundan (20596,45 manat) çıxılmaqla qalan 20195,82 manat (20596,45-400,63) məbləğ cavabdehlərdən iddiaçının xeyrinə tutulmaqla iddia göstərilən hissədə qismən təmin edilməlidir.

12. Məhkəmə iddianın dəbbə pulunun tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilələrdən irəli gəlir. Belə ki, həmin müqavilələrə əsasən borcalan borc verənə illik cərimə faizi 15%-dək olmaqla dəbbə pulu ödəməyi öhdəsinə götürmüşdür. 28. Məhkəmə hesab edir ki, Maliyyələşdirmə üçün ərizə üzrə tələb olunan 4,989.76 manat dəbbə pulu cavabdehlərdən tutulmalıdır.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh1 MMC qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-167/2024 nömrəli qətnaməsinin qismən ləğv edilməsini, iş üzrə yeni qətnamə qəbul edilərək iddianın tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə nəzərə almamışdır ki, iddiaçının ilk iddia ərizəsində tələb etdiyi 16.234,85 manat faiz borcu ilə bağlı məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və faiz borcunun tələb olunandan daha az olan 15.834,22 manat (400 manat daha az) olduğu müəyyən edilmişdir. Ekspert rəyindən də müəyyən olunmuşdur ki. iddia tələbində göstərilən faiz məbləği həqiqətə uyğun olmamış və şişirdilmişdir. Sonradan iddiaçı bank tərəfindən iddia tələbinin həcminin artırılması ilə bağlı məhkəməyə ərizə təqdim edilmişdir. Həmin ərizəyə əsasən əsas borca hesablanmış faiz məbləği xx.xx.2023-cü il tarixinə 20.596,45 manat olaraq müəyyən edilərək tələb edilmişdir. Məhkəmə isə artıq xüsusi bilik tələb edən bir sahədə özünü ekspert kimi göstərərək hesablama aparmış və kredit müqaviləsi üzrə əslində xx.xx.2023-cü il tarixədək iddiaçı tərəfindən 400 manat məbləğində artıq hesablanmış faiz məbləğini xx.xx.2023-cü il tarixədək hesablanmış faiz məbləğindən çıxmaqla yekun nəticəyə gəlmişdir. Halbuki xx.xx.2023-cü il tarixinə müəyyən olunmuş 15.834,22 manat faiz borcunun qısa müddət ərzində xx.xx.2024-cü il tarixədək əlavə olaraq təxminən 5000 manat artaraq 20.596,45 manat olması kifayət qədər şübhə doğuran bir haldır. Və bu halda məhkəmə xüsusi bilik tələb edən sahəyə müraciət etməkdən imtina edərək özü əsassız bir hesablama aparmışdır. Halbuki iddia tələbi ilə ekspert rəyi arasında ziddiyyət olmasını əsas gətirərək məhkəmə təkrar mühasibatlıq ekspertizası təyin etməli və həmin təkrar ekspertiza rəyinə uyğun qətnamə qəbul etməli idi. Məhkəmə iddia ərizəsində tənasübsüz surətdə yüksək yazılmış dəbbə pulu hissəsində tam təmin edərək cavabdehlərin bütün mənafelərini (pul, əmlak, vəs.) nəzərə almadan cavabdehlərdən 4.989,76 manat məbləğində yüksək bir cərimə pulu tutmuşdur.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

16. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. Cavabdehin vəkili və nümayəndəsi Nümayəndə2 ölkə xaricində olması səbəbindən iclasın təxirə salınmasını xahiş etsə də, bu barədə vəsatətə hər hansı sübut əlavə edilmədiyindən vəsatət əsassız hesab edilərək təmin edilməmişdir.

17. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi: (tərəflər arasında müqavilə bağlanan dövrdə qüvvədə olmuş redaksiyada) 739.1-ci maddə- borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddə- əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 462.1-ci maddə-dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 470-ci maddə- zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

18. Qətnamə Cavabdeh1 MMC tərəfindən qismən –iddianın təmin edildiyi hissədə mübahisələndirdiyindən həmin hissədə yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

19. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-167/2024 nömrəli qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilərək cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2, Nazila Kazemzadeh və Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə 17733,67 manat faiz borcu tutulmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

20. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2022-ci il tarixli DC00411585-01 saylı Maliyyələşdirmə üçün ərizə əsasında bank tərəfindən borcalan Cavabdeh1 MMC-yə xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 206.902 manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmiş, borcalan kredit borcunun qaytarılmasında gecikmələrə yol verdiyindən bank tərəfindən müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verilərək bütün borcun faiz və cərimə ilə birlikdə ödənilməsi üçün xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət olunmuşdur.

21. Apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddianın tam rədd edilməsi xahiş olunsa da, apellyasiya şikayətinin məznunundan görünür ki. cavabdeh yalnız faiz və cərimə tutulması ilə bağlı hissədə məhkəmənin mövqeyi ilə razılaşmır.

22. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır.

23. Hazırkı halda birinci instansiya məhkəməsi cavabdehdən tutulmalı olan faiz borcunun məbləğini müəyyənləşdirərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2023-cü il tarixli qərarını nəzərə almamış, iddiaçı bank bütün kredit borcunun geri qaytarılması barədə qarşı tərəfə xx.xx.2023-cü il tarixdə iddia ərizəsi təqdim etməklə kredit müqavilənin ləğv edilməsi barədə iradəsini ifadə etdiyindən və qarşı tərəf buna etiraz etmədiyindən kredit müqaviləsi həmin tarixdən ləğv edilmiş hesab edilməli və müqavilə üzrə faiz borcu həmin tarixədək hesablanmalıdır.

24. İşdəki ekspert rəyində kredit üzrə faiz borcunun müqavilə üzrə faiz borcunun xx.xx.2023-cü il tarixə 15834,22 manat olduğu, günlük faiz məbləği 70,35 manat müəyyən edilmişdir. Belə olan halda sadə riyazı hesablama ilə xx.xx.2023-cü il tarixdən müqavilə ləğv edildiyi xx.xx.2023-cü il tarixədək 27 gün üçün borcalanın 1899,45 (27x70,35) olduğu, ümumilikdə xx.xx.2023-cü il tarixədək cavabdehlərin banka 17733,67 manat faiz ödəməli olduğu müəyyən olunur. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qətnamə faiz borcu tutulması hissəsində dəyişdirilərək cavabdehlərdən iddiaçının xeyrinə 17733,67 manat faiz tutulmalıdır.

25. Cavabdehlərdən müqavilə şərtlərinə əsasən tutulmuş (maliyyələşmə üçün ərizədə öhdəliyin lazımınca icra edilməməsinə görə illik 15 faiz, gündəlik 0,0416 faiz cərimə ödənişi nəzərdə tutulmuşdur) 4989,76 manat cərimə borcu ilə bağlı məhkəmə qeyd edir ki, borcalan tərəfindən kredit üzrə ödənişlər xx.xx.2022-ci il tarixdən dayandırıldığından müqavilə şərtlərinə əsasən tutulmuş cərimə məbləği əsas borc məbləğinə mütənasib olduğu üçün cərimənin azaldılması və cərimə borcu ilə bağlı hissədə iddianın rədd edilməsi üçün əsaslar müəyyən edilmir.

26. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 167/2024 nömrəli qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilərək cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2, Nazila Kazemzadeh və Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə 17733,67 manat faiz borcu tutulmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

27. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh1 MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-167/2024 nömrəli qətnaməsi cavabdehlərdən iddiaçının xeyrinə faiz borcunun tutulması hissəsində dəyişdirilsin. Cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2, Nazila Kazemzadeh və Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə 17733,67 manat faiz borcu tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar