Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-527/2023 22.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə (Açar sözlər: “kredit borcunun ödənilməsi” tələbi) X1 (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi ilə, İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə1, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə4 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-84/2020 nömrəli iş üzrə 17 sentyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. 2012-ci il 6 yanvar tarixli, 01K/12 saylı təminatsız kredit xətti müqaviləsinə əsasən "Bank of Azerbaijan” ASC (bundan sonra-ASC) "Global Card” MMC-yə (bundan sonra-MMC) 428.150 manat məbləğində 12 ay müddətinə illik 12 faizlə kredit xətti açmağı, MMC isə kredit məbləğini qəbul etməyi, kredit məbləğini və ona hesablanmış faizləri bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə geri qaytarmağı öhdəsinə götürmüşdür.
2. 2012-ci il 29 dekabr tarixli 1 saylı əlavəyə əsasən 2012-ci il 6 yanvar tarixli, 01K/12 saylı təminatsız kredit xətti müqaviləsi eyni şərtlərlə 12 ay müddətinə uzadılmışdır.
3. 30 yanvar 2014-cü il tarixli 2 saylı əlavəyə əsasən 2012-ci il 6 yanvar tarixli, 01K/12 saylı təminatsız kredit xətti müqaviləsi yenidən eyni şərtlərlə 12 ay müddətinə uzadılmışdır.
4. 2019-cu il 29 yanvar tarixli, **********164 saylı maliyyə arayışına əsasən "Global Card” MMC-nin 01K/12 saylı kredit müqaviləsi üzrə müqavilənin bitmə tarixinə əsas borcu 242.530,68 manat və müqavilənin bitmə tarixinə faiz borcu 37.096,57 manat qeyd olunmuşdur.
5. "Bank of Azerbaijan” ASC tərəfindən Global Card” MMC-yə 2019-cu il 31 yanvar tarixində xəbərdarlıq məktubu göndərilərək cəmi 127.627,05 manat kredit borcunun 5 gün müddətində ödənilməsi xahiş olunmuş, əks təqdirdə borc məbləğinin məhkəmə qaydasında tutulması istiqamətində tədbir görüləcəyi barədə məlumat verilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı ləğv prosesində olan "Bank of Azerbaijan” ASC (bundan sonra-"iddiaçı”) cavabdeh "Global Card” MMC-yə (bundan sonra-"cavabdeh”) qarşı iddia ərizəsi ilə 2019-cu il 16 aprel tarixində 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh MMC ilə bağlanmış 2012-ci il 6 yanvar tarixli, 01K/12 saylı kredit müqaviləsinə əsasən 2019cu il 29 yanvar tarixinə faiz borcu üzrə 75.658,02 manat, cərimə üzrə 36.170,85 manat, müqavilə müddəti bitdikdən sonra 5 % ilə hesablanan borc üzrə 15.798,18 manat olmaqla, ümumilikdə 127.627,05 manat məbləğində və iddia ərizəsi verilərkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ASC ilə cavabdeh MMC arasında bağlanmış 2012-ci il 6 yanvar tarixli, 01K/12 nömrəli, kredit müqaviləsinə əsasən bank tərəfindən MMC-ə 36 ay müddətinə 12%-lə 428.150 manat məbləğində kredit verilmişdir. Cavabdeh qeyd edilən kredit müqaviləsinin şərtlərini pozmuş, üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında münasibətlərin məhkəmədənkənar qaydada həll etmək məqsədilə tərəflərindən cavabdeh MMC-yə "borcun qaytarılması tələbi ilə bağlı” xəbərdarlıq olunsa da, cavabdeh borcun qaytarılmasından yayınmışdır. ASC ilə MMC arasında bağlanmış 2012-ci il 6 yanvar tarixli, 01K/12 nömrəli kredit müqaviləsinə 2019-cu il 29 yanvar tarixinə cavabdeh MMC- in ASC qarşısında faiz borcu üzrə 75.658,02 manat, cərimə borcu üzrə 36.170,85 manat, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 2014-cü il 24 dekabr tarixli Qərarına əsasən 5% ilə hesablanan borc üzrə 15.798,18 manat olmaqla, ümumilikdə 127.627,05 manat borcu yaranmışdır. 1 saylı Bakı İnzibati- İqtisadi məhkəməsinin 2016-cı il 1 fevral tarixli, 2-1(81)-1404/2016 saylı qərarına əsasən ASC müflis elan edilmiş, iflas proseduruna başlanılmış və qərar dərhal icraya yönəldilmişdir. Həmin qərara əsasən Əmanətlərin Sığortalanması Fondu ASC-in ləğvedicisi təyin olunmuşdur.
8. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 17 sentyabr tarixli, 2-2(113)- 84/2020 saylı qətnaməsi iddia qismən təmin olunmuş, 45.977,24 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddia tələbi qalan hissədə təmin olunmamışdır (hakim F.Qasımov).
9. Məhkəmə öz mövqeyini iş materiallarına istinadən belə əsaslandırmışdır ki, müqavilə üzrə əsas borcun ödənilməsi öhdəliyi müqavilə müddəti bitənə qədər tam icra edilmiş, iddiaçı tərəfindən müqavilə üzrə yalnız faiz borcunun ödənilməsi öhdəliyi icra edilməmişdir və həmin borc ekspert rəyinə əsasən müqavilənin qüvvədə olduğu müddət ərzində 45.977,24 manat təşkil edir. Lakin iddiaçı tərəfindən mülki qanunvericilik normalarının tələblərinə zidd olaraq yalnız faiz borcunun mövcud olduğu təqdirdə həmin borca əsassız olaraq müqavilə müddəti bitdikdən sonra 5% ilə hesablanan faiz borcu və cərimə hesablanmışdır. Hazırki iş üzrə əsas borc müqavilə müddəti dövründə tam olaraq ödənilsə də, əsas borc mövcud olmadığı halda iddiaçı tərəfindən cərimə hesablanmışdır. Buna görə də iddia müqavilə müddəti bitdikdən sonra 5% ilə hesablanan faiz borcu və cərimənin ödənilməsi hissəsində təmin oluna bilməz.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 445.7, 462.1, 466.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 119.1 -ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 14 iyul tarixli Qərara istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv olunması və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul olunması xahiş edilmişdir.
12. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, Bakı Kommersiya Məhkəməsi tərəfindən iddiaçı ləğv prosesində olan İddiaçı ASCnin təqdim etdiyi maliyyə arayışına uyğun olaraq müəyyən edilmiş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan 5 % borcu təmin edilməmişdir. Cavabdeh Global Card MMCnin əsas borc məbləği Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2016-cı il tarixli qərarına əsasən silinmişdir. Kredit müqaviləsinin müddəti isə xx.xx.2015-ci il tarixində bitmişdir. Göründüyü kimi xx.xx.2015-ci il tarixindən xx.xx.2016-cı il tarixinədək əsas borc məbləğindən faiz dərəcəsi 5 % olmaqla borcun hesablanması tamamilə qanuna uyğundur. Buna baxmayaraq, məhkəmə tərəfindən iddia tələbinin faiz dərəcəsi 5 % ilə hesablanan hissəsi tamamilə rədd edilmişdir. Digər tərəfdən Bakı Kommersiya Məhkəməsi tərəfindən iddia tələbinin cərimə borcu hissəsində rədd edilməsi qanunsuzdur. Belə ki, İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış olan xx.xx.2012-ci il tarixli kredit müqaviləsinin 5-ci maddəsində qeyd edilir: bu müqavilə üzrə borc alan üzərinə düşən öhdəlikləri icra etməməsinə və ya lazımınca icra etməməsinə və yaxud müəyyənləndirilmiş müddətdə icra etməməsinə görə dəbbə pulu ödəməlidir. Borc alan üzərinə düşən öhdəliklərin icrasını 7 bank günündən artıq müddətdə gecikdirdikdə, kredit və kredit üzrə hesablanmış faizlər üzrə gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğə 1 % miqdarında borc verənə dəbbə pulu ödəməlidir. Borc alan bu müqavilənin 3.5-ci bəndində göstərilən kredit vəsaitindən istifadə müddətinin bitmə tarixinə kimi kredit vəsaiti tam şəkildə bağlanmadığı təqdirdə bu müqavilənin 1.1-ci maddəsində qeyd olunan illik faiz dərəcəsi iki dəfə artırılır. Göründüyü kimi kredit müqaviləsi bağlandığı tarixdən əsas borc ödənilənədək cavabdeh tərəfindən öhdəlik icra edilməmişdir. Bu müddət ərzində haqlı olaraq, cərimə borcu hesablanmışdır. Əsas borcun kredit müqaviləsinin müddəti bitdikdən sonra ödənilmiş olması cərimə borcunun silinməli olması mənasını ifadə etmir.
13. Sonradan cavabdeh də apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.
14. Cavabdehin apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş və eləcə də ekspert rəyləri və məhkəmə qətnaməsi ilə təsdiqi tapan iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, kredit müqaviləsinin dəyəri 428.150 manat təşkil etmişdir. Keçirilmiş bir neçə məhkəmə mühasibatlıq ekspertizaları ilə müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən qeyd edilən kredit müqaviləsi üzrə əsas borca görə 659.270 manat pul vəsaiti ödənilmişdir. Belə olan təqdirdə götürülmüş 428.150 manat kredit məbləğinə görə cavabdeh tərəfindən 659.270 manat pul vəsaiti yalnız əsas borca görə ödənilmişdir. Beləliklə borclu kreditor qarşısında bu müqavilə üzrə öhdəliyini tam olaraq, hətta artıqlaması ilə icra etmişdir. Məhkəmə qeyd edilən faktiki halları aydınlaşdırmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
16. Bakı Apelyasiya Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 2-2(103)-97/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edənməruzəçi hakim V.Baxışova, hakimlər C.Yusifov və R.Qurbanov).
c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
17. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv olunub işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi və ya iddiaçının iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul olunması xahiş edilmişdir.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 19 may tarixli, 2-2(102)-182/2021 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən-cərimə borcu və dəbbə pulu hissəsində ləğv edilmiş, iş həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. (sədrlik edən-məruzəçi hakim B.Qəribov, hakimlər- İ.Dadaşov və B.Məmmədli).
ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
19. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 16 sentyabr tarixli, 2-2(103)-726/2022 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, iddiaçının apellyasiya şikayəti təmin edilməklə birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin rədd olunduğu hissədə ləğv edilmiş, həmin hissədə iddia qismən təmin edilmiş, cavabdehdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli qərarına əsasən 5% ilə hesablanan 15.798,18 manat məbləğdə faiz borcunun (zərər) tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
20. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
21. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 07 mart 2023-cü il tarixli, 2-2(102)-65/2023 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 16 sentyabr tarixli, 2- 2(103)-726/2022 saylı qətnaməsi qismən-cavabdehin apellyasiya şikayətinin təmin edilmədiyi hissədə ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
22. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsinin cavabdehdən iddiaçının xeyrinə 15.798,18 manat (on beş min yeddi yüz doxsan səkkiz manat on səkkiz qəpik) məbləğdə faiz borcunun tutulması barədə nəticəsi AR Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə və MM-nin 445.7-ci maddəsinin tələblərinə uyğun olmuşdur. Məhkəmə kollegiyası hesab etmişdir ki, işin təkrar apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehdən faiz borcunun (zərər) tutularaq, iddiaçıya ödənilməsi hissəsində kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər nəzərə alınaraq, işdə olan sübutlar mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq ətraflı araşdırılmış, hüquqi qiymət verilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. Bununla belə, apellyasiya instansiyası məhkəməsi apellyasiya baxışının hədlərini müəyyən edərkən belə qənaətə gəlmişdir ki, Ali Məhkəmənin 2021-ci il 19 may tarixli qərarı qəbul edilən andan qüvvəyə mindiyindən, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 17 sentyabr tarixli qətnaməsi də həmin andan 45.977,24 manat məbləğdə pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissədə qüvvəyə mindiyi üçün, hazırkı apellyasiya araşdırmasının predmetini yalnız dəbbə və cərimə məbləğlərinin tutulması hissəsi təşkil etməklə, məhkəmə aktı da eyni hissədə qismən yoxlanılır. Halbuki, işə birinci dəfə kassasiya qaydasında iddiaçının kassasiya şikayəti əsasında baxılarkən məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-nin 403-cü maddəsinin tələblərinə müvafiq olaraq, yalnız cərimə borcu və dəbbə pulunun tutulması hissəsində yoxlanılmışdır. Başqa sözlə, iddianın qismən təmin olunması hissəsi üzrə şikayət olmadığından həmin hissə üzrə hər hansı hüquqi qiymətləndirmə aparılmamışdır. Bu səbəbdən məhkəmə qərarının qərara aldı hissəsində də apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qalan hissədə dəyişdirilmədən saxlanılması göstərilməmiş, qətnamə yalnız cərimə borcu və dəbbə pulunun tutulması hissəsində ləğv edilərək yeni apellyasiya baxışına göndərilmişdir. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi qətnaməsində həm cavabdehin apellyasiya şikayətinin əsassız olmasını, həm də birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehin apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə yoxlamadığını göstərməklə, ziddiyyətli nəticəyə gəlmişdir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi birinci dəfə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın rədd olunan hissəsində iddiaçının şikayəti əsasında kassasiya qaydasında mübahisələndirilməsini nəzərə almamış, kassasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilməyən hissə üzrə cavabdehin işin yeni apellyasiya baxışında verdiyi apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verəməməklə MPM-nin 360 və 327-ci maddələrinin tələblərini pozmuşdur.
Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Təkrar məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
24. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.3-ci maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. 443.4-ci maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır.” 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci maddəsinə əsasən Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1.öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2.icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər; 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının hədləri
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
28. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
29. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası hazırkı işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 fevral 2023-cü il tarixli qərarında şərh olunan göstərişləri nəzərə alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kassasiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir.
30. Hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 07 mart 2023-cü il tarixli qərarındakı göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, məhkəmə kollegiyası həmin göstərişlərlə razılaşır və qətnaməni cavabdehin apellyasiya şikayəti üzrə yalnız faiz borcunun tutulması hissəsində hissəsində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb, tərəflərin izahatlarını dinləyib, hеsаb еdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə, yəni faiz borcunun tutulması ilə bağlı hissəsində dəyişdirilməlidir.
32. Hazırkı apellyasiya baxışının predmeti isə faiz borcunun məbləğinin müəyyən edilməsi ilə bağlıdır. Bu səbəbdən keçirilmiş 09 oktyabr 2023-cü il tarixli 9/6303 nömrəli ekspert rəyinə əsasən hesabdan çıxarış məlumatları, 06 yanvar 2012-ci il tarixli, 01K/12 təminatsız kredit xətti müqaviləsinin şərtləri, 06 yanvar 2012-ci il tarixli, 01K/12 təminatsız kredit xətti müqaviləsinə dair 01 və 02 saylı əlavələrə əsasən Cavabdeh MMC-nin xx.xx.2015-ci il tarixə (müqavilə müddətinin sonuna) İddiaçı ASC-yə olan borcu 279,293,98 manat məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 242.530,68 manat, faiz borcu üzrə 37.263,30 manat, həmçinin çıxarış məlumatlarından göründüyü kimi, xx.xx.2015-ci il tarixdən sonra (yəni xx.xx.2016 - xx.xx.2016-cı il tarixədək) ümumilikdə 242.530,68 manat məbləğində ödəniş edilmişdir ki, həmin məbləğin əsas borca silinməsi müəyyən edilir. 242.530,68 manat məbləğində ödəniş nəzərə alındığı təqdirdə 37.263,30 AZN (279.793,98 - 242.530,68) məbləğində borcu qalacaqdır, o cümlədən əsas borc üzrə 0,00 AZN, faiz borcu üzrə 37.263,30 AZN. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı ASC («kreditor») ilə Cavabdeh MMC («borcalan») arasında 06 yanvar 2012-ci il tarixli, 01K/12 saylı, 428.150,00 manat məbləğində, illik faiz dərəcəsi 12% olmaqla, 12 ay müddətinə təminatsız kredit xətti müqaviləsi bağlanmışdır. Həmçinin təqdim edilimiş hesabdan çıxarış məlumatlarına əsasən kredit xətti müqaviləsi üzrə kreditdən istifadə olunan pul vəsaitinin həcmi ümumilikdə 659.270,00 manat məbləğində (ilkin məxaric olunan 428.150,00 manat + sonradan məxaric olunan ümumilikdə 231.120,00 manat) müəyyən edilir. Cavabdeh MMC tərəfindən xx.xx.2012-ci il tarixədən xx.xx.2016-cı il tarixədək ümumilikdə 709.181,32 manat İddiaçı ASC-nə ödənilmiş, 709.181,32 manat məbləğində puldan 49.911,32 manat faizlərə, 659.270,00 manat isə əsas borca silinməsi müəyyən edilir. Həmin ödənişlər, təyinatları, silinmə ardıcıllığına dair məlumatlar iş materiallarında olan hesabdan çıxarış və ekspert rəyində olan qrafikdə (1-ci qrafada ödəniş tarixləri, 2 - ödənişlər, 3 - ödəniş və məxaric olunan məbləğlərə dair tarixlər arasındakt gün fərqi, 4-1 günə düşən faiz borcu, 5 hesablanan faiz, 6 - ödənilən faiz borcu, 7 - ödənilən əsas borc, 8 - əsas borc üzrə qalıq, 9 faiz borcu üzrə qalıq, 10 - istifadə (məxaric olunan məbləğ, 11 - illik faiz dərəcəsi) öz əksini tapmışdır.
33. Məhkəmə kollegiyası isə faiz məbləği ilə bağlı qeyd edilən ekspert rəyinin mötəbərliyini qəbul edir. Belə ki, ekspert rəyin də bütün ödənişlərin təyinatı üzrə ətraflı şəkildə hansı qaydada silinməsini göstərmiş və yekun olaraq silinmələr nəzərə alınmaqla qərardadda göstərilən tarixə faiz borcunun 37.263,30 manat olmasını müəyyən etmişdir. İşin hallarından da göründüy kimi, cavabdeh tərəf müqavilə üzrə əsas borcun ödənilməsi öhdəliyini icra etsə də, faiz borcuna aid hissədə öhdəliyini lazımi qaydada icra etməmişdir. Həmin borcun məbləği də qeyd edilən ekspert rəyi ilə təsdiqini tapmışdır. Bu baxımdan kollegiya hesab edir ki, icra edilməmiş faiz borcunun rəylə müəyyən edilən məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
34. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki Cavabdeh MMC-nin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-84/2020 nömrəli iş üzrə 17 sentyabr 2020-ci il tarixli qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilməli, Cavabdeh MMC-dən 37.263,30 manat məbləğində faiz borcu iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə tutulmalıdır.
35. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq eskpertizasının aparılmasına sərf edilmiş 50 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Eyni zmanada apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh MMC-nin özünə aid edilməlidir.
36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci, 382-ci, 384-385-ci, 392-ci, 393-cü, 402-ci, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdeh MMC-nin apellyasiya şikayəti qismən təmin edisin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-84/2020 nömrəli iş üzrə 17 sentyabr 2020ci il tarixli qətnaməsi 45.977,24 manat məbləğində faiz borcunun Cavabdeh MMC-dən tutularaq LPO İddiaçı ASC-yə ödənilməsi hissəsində dəyişdirilsin. Cavabdeh MMC-dən 37.263,30 manat (faiz borcu) məbləğində pul tutularaq LPO İddiaçı ASC-yə ödənilsin. Məhkəmə mühasibatlıq eskpertizasının aparılmasına sərf edilmiş 50 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh MMC-nin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.