Məhkəmə qərarları › İş №2-2(103)-528/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-528/2023

17.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-528/2023 17.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh MTK-ya qarşı (Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 müstəqil tələb irəli sürməyən şəxslər olmaqla) borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-571/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Maraqlı şəxs3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2018- ci il tarixli, 2(008)- 4282/2018 nömrəli qətnamə ilə müəyyən edilən 83.175,32 ABŞ dolları əsas, 21.990,21 ABŞ dolları faiz borcu, cəmi 105.165,53 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun; İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2018- ci il tarixli, 2(008)-233/2018 qətnamə ilə müəyyən edilən 70.824,93 ABŞ dolları əsas, 7.148,67 ABŞ dolları faiz, 651 ABŞ dolları cərimə borcu, cəmi 78.625,24 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun; İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Maraqlı şəxs2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixli, 2(008)-489/2021 qətnamə ilə müəyyən edilən 63.663,68 ABŞ dolları əsas, 18.366,96 ABŞ dolları faiz, 1.000 ABŞ dolları cərimə, illik beş faiz hesablanmaqla 9.878,90 ABŞ dolları faiz borcu, cəmi 92.909,54 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun; ümumilikdə 276.700,31 ABŞ dolları məbləğində borc və 90 manat dövlət rüsumunun, həmçinin hazırki iş üzrə ödənilmiş 400 manat mediasiya xərci və 361 manat dövlət rüsumunun Cavabdehndən tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il qərardadı ilə İddiaçı ASC-nin Cavabdeh MTK-ya qarşı İddiaçı ASC ilə Maraqlı şəxs3 arasında bağlanmış xx.xx.2018-cü il tarixli müqavilə və İddiaçı ASC ilə Maraqlı şəxs2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilə üzrə borcun tutulması tələbinə dair hissədə iş üzrə icraata xitam verilmişdir. İddiaçı məhkəməyə şikayət ilə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023- cü il tarixli qərardadının ləğv olunması və işin mahiyyəti üzrə baxılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə əvvəllər baxılmış iddianın hazırki iddiadan predmeti və əsasına görə fərqləndiyi halda, lakin eyni tərəflər arasında, eyni predmetə dair və eyni əsaslar üzrə qanuni qüvvədə olan məhkəmə qətnaməsinin mövcud olmasına əsaslanıb iş üzrə icraata xitam vermişdir. Məhkəmə nəzərə almamışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(008)-4282/2018 nömrəli və xx.xx.2021-ci il tarixli 2(008)- 489/2021 nömrəli qətnamələri ilə bankın iddiası İddiaçı ASC ilə CavabdehMTK arasında bağlanılmış əməkdaşlıq müqaviləsi məhkəməyə təqdim edilmədiyinə görə təmin edilməmişdir. Əvvəlki icraatlar zamanı faktiki əsas olan əməkdaşlıq müqaviləsinə qiymət verilməmişdir. Belə ki, iddianın əsası onun faktiki və hüquqi əsaslarından ibarətdir. İddianın faktiki əsası dedikdə - iddiaçının cavabdehə qarşı olan tələbini əsaslandırdığı hüquqi faktlar başa düşülür. İddia ərizəsində iddiaçının öz tələblərini əsaslandırdığı hallar hüquqi faktlar olmaqla tərəflər arasındakı mübahisəli hüquq münasibətlərinin yaranmasının, dəyişməsinin və xitamının əsası kimi çıxış edir. İddianın hüquqi əsası dedikdə - iddiaçının cavabdehə qarşı tələbinin hüquqi cəhətdən əsaslandırılması (hüquqi tövsüf) başa düşülür. Hər bir halda iddiaçının cavabdehə qarşı tələbi konkret hüquq münasibətlərindən irəli gəlir və bu münasibətlər də normativ-hüquqi aktlarla tənzimlənir. Həmçinin nəzərə alınmalıdır ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş istənilən halların deyil, məhz araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Hər hansı mülki iş üzrə məhkəmənin hüquqi dəyərləndirməsi və gəldiyi hüquqi nəticə, ifadə etdiyi hüquqi mövqe iş üzrə müəyyən edilmiş faktlar hesab edilmədiyindən eyni tərəflərin iştirak etdiyi başqa mülki iş üzrə preyudisial əhəmiyyət daşımır. Bildirmək istəyirlər ki, qanunvericiliyin tələblərinə görə eyni tərəflər arasında, eyni predmetə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcud olması başqa əsasla məhkəməyə təkrar müraciət etmək imkanını istisna etmir. Belə ki, ilk dəfə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində işə baxılarkən bankdan asılı olmayan səbəblərdən əməkdaşlıq müqaviləsi təqdim edilmədiyi üçün iddia tələbləri CavabdehMTK-ya olan hissədə təmin olunmamışdır. Azərbaycan Respublikasının 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1541/2016 nömrəli 10 fevral 2016-cı il tarixli qərarı ilə İddiaçı ASC-nin ləğv prosesinə başlanmışdır. Məhkəmə qərarına əsasən ləğv prosesinə başlandıqdan sonra bankın sabiq rəhbərliyi tərəfindən əvvəlki ləğvedici "xxxx" MMC arasında bankda mövcud olan sənədlər, aktivlər və passivlər heç bir təhvil-təslim aktı bağlanmadan təhvil verilmişdir. "xxxx" MMC təxminən bir ay müddətində bankın ləğvedicisi kimi fəaliyyət göstərdikdən sonra 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2- 1(81)-1541/2016 nömrəli 13 aprel 2016-cı il tarixli qərardadı ilə ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi "xxxx" MMC dəyişdirilərək Əmanətlərin Sığortalanması Fondu ilə əvəz edilmişdir. "xxxx" MMC bankın sabiq rəhbərliyindən aktiv və passivləri rəsmi qaydada təhvil almadığından Əmanətlərin Sığortalanması Fonduna rəsmi qaydada bankın heç bir aktiv və passivini təhvil verməmişdir. Buna görə də Əmanətlərin Sığortalanması Fondu ləğvedici kimi öz fəaliyyətini təşkil etməkdə uzun müddət çətinliklərlə üzləşmişdir və belə çətinliklər bu gün də müəyyən sənədlərin əslinin tapılaraq aşkar edilməməsində özünü göstərməkdədir. Belə ki, xx.xx.2021-ci il tarixli aktdan göründüyü kimi Cavabdeh MTK ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli əməkdaşlıq müqaviləsinin əsli təkrarən Bankın arxivində axtarılaraq, həmin müqavilə hüquqi şəxslərlə bağlanmış müqavilələr qovluqlarında aşkar edilməmiş, lakin fiziki şəxslərlə bağlanmış müqavilələr qovluqlarına nəzər yetirərkən həmin müqavilənin əsli aşkar edilmişdir (Akt Bakı Kommersiya məhkəməsinə təqdim edilmişdir). Bakı Kommersiya Məhkəməsi bu iş üzrə daha əvvəl məhkəmə qətnaməsi olduğuna görə iddia tələbi üzrə icraata xitam verərək yanlış nəticəyə gəlmişdi. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-571/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-571/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Maraqlı şəxs2 və Cavabdeh MTK-ya qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə Maraqlı şəxs2 arasında bağlanmış 31 mart 2015-ci il tarixli, 1890/15 saylı kredit müqaviləsinə əsasən, 63802,21 ABŞ dolları əsas, müqavilənin bitmə tarixinə hesablanmış 18366.96 ABŞ dolları faiz, 25749,07 ABŞ doları cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenumunun qərarına əsasən hesablanmış 9878,90 ABŞ dolları faiz borcu olmaqla, cəmi 117.79,14 ABŞ dolları məbləğində pulun və 30 manat dövlət rüsumunun cavabdehlərdən tutulması, tutmanın Maraqlı şəxs2 mülkiyyətində olan ünvan 1 ünvanında çoxmərtəbəli yaşayış kompleksində 1-ci blok, 9-cu mərtəbədə yerləşən, ümumi sahəsi 118.86 kv.m olan 3 otaqlı 54 saylı mənzilə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi və açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit müqaviləsi üzrə borca yönəldilməsi, əldə olunmuş vəsait borcun tam ödəniilməsi üçün kifayət etmədiyi halda qalan borc məbləğinin cavabdehərdən tutulması, Maraqlı şəxs2 mülkiyyətində olan ünvan 1 ünvanında çoxmərtəbəli yaşayış kompleksində 1-ci blok, 9-cu mərtəbədə yerləşən, ümumi sahəsi 118.86 kv.m olan 3 otaqlı 54 saylı mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Maraqlı şəxs2 və evdə yaşayan digər şəxslərin mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi və mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 2(008)-489/2021 saylı, 29 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Maraqlı şəxs2 iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə 31 mart 2015-ci il tarixli 1890/15 saylı kredit müqaviləsi üzrə 63.663,68 ABŞ dolları əsas, 18.366,96 ABŞ dolları faiz, 1.000 ABŞ dolları cərimə, illik beş faiz hesablanmaqla 9.878,90 ABŞ dolları faiz borcunun, cəmi 92.909,54 ABŞ dollarının ödəniş gününə olan manat məzənnəsi ilə pul vəsaiti və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, ekspertiza xərci 145 manat məbləğində pulun Maraqlı şəxs2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, iddia tələbinin qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9968/2021 nömrəli iş üzrə 25 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı LPO İddiaçı ASC-nin X1 Fondunun apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 489/2021 saylı işi üzrə 29 iyun 2021-ci il tarixli tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni n onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən ilkin olaraq prosessual əsaslarla əsaslandığı sübutun nüsxəsinin ("xxxx" ASC ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2015-ci il tarixli əməkdaşlıq müqaviləsini) yalnız apellyasiya instansiya məhkəməsində təqdim edilməsinin hansı səbəblərdən olduğunu izah etməmiş və bunun mümkünsüzlüyünə dair əsaslı dəlillər belə müzakirəyə təqdim etməmişdir. Apellyasiya baxışının hədləri baxımından bu sübutun qəbulu və müzakirəsi belə prosessual cəhətdən yolverilməzdir. Həmçinin qeyd edilməlidir ki, "xxxx" ASC ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2015-ci il tarixli birgə fəaliyyət haqqında müqavilənin bilavasitə "xxxx" ASC ilə Maraqlı şəxs2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1890/15 nömrəli kredit müqaviləsinin təminatı olması və ümumi səciyyə daşıyaraq müqavilə iştirakçıları arasında xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəlikləri müəyyən edilmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1711/2022 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Maraqlı şəxs2 və Cavabdeh MTK-ya qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9968/2021 nömrəli iş üzrə 25 oktyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verdiyi kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9968/2021 nömrəli iş üzrə 25 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından eyni zamanda görünür ki, iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Maraqlı şəxs3 və "xxxx" MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə 83.175,32 ABŞ dolları əsas və 21.990,21 ABŞ dolları faiz olmaqla, cəmi 105.165,53 ABŞ dolları məbləğində borcun, 30 manat dövlət rüsumunun, bildirişin qeydiyyatı üçün ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın cavabdeh Maraqlı şəxs3 məxsus Sabunçu rayonu, ünvan 2 ünvanda yerləşən mənzilə yönəldilməsi, həmin əmlakın hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 avqust 2018-ci il tarixli 2(008)- 4282/2018 saylı qətnaməsi ilə (sədrlik edən hakim A.Qasımov) iddia qismən təmin edilmiş, Maraqlı şəxs3 "xxxx" (Texnikabank) ASC-nin xeyrinə 83.175,32 ABŞ dolları məbləğində əsas kredit borcu, 21.990,21 ABŞ dolları kreditə görə faiz borcu, cəmi 105.165,53 ABŞ dolları (ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla) borcun, 30 manat dövlət rüsumunun tutulması, qalan hissədə iddianın rədd edilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 26 avqust 2019-cu il tarixli qətnaməsi ilə hazırki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4282/2018 saylı iş üzrə 14 avqust 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 8243/2019 saylı xx.xx.2019-cu il tarixli qərarına əsasən iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Maraqlı şəxs3 və Cavabdeh MTK-ya qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 26 avqust 2019-cu il tarixli qətnaməsindən iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verdiyi kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 26 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, iddiaçının əvvəllər Bərgüşad-Ş” MTK-ya, Maraqlı şəxs2 və Maraqlı şəxs3 qarşı qaldırdığı iddiaların predmeti və əsası eyni olduğundan həmin hissədə iddiaya yenidən baxılması prosessual normaların tələlərinə ziddir. İddianın faktiki əsası dedikdə iddia tələbinin irəli gəldiyi və iddiaçının həmin tələbi əsaslandırdığı faktiki halların məcmusu başa düşülür. İddiaçı əvvəlki işdə də, hazırkı iddiada olduğu kimi İddiaçı Açıq Səhmdar Cəmiyyəti zamin olaraq Cavabdeh MTK-ya qarşı irəli sürdüyü iddianın əsası kimi xx.xx.2015-ci il tarixli müqaviləyə istinad etmiş, lakin əvvəlki işdə istinad etdiyi sübutu məhkəməyə təqdim edə bilməmişdir. Birinci instansiya düzgün olaraq qeyd etmişdir ki, sübutlar özü-özlüyündə iddia tələbinin əsasını təşkil etmir, onlar yalnız iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi faktiki halları təsdiq edən vasitədir. Odur ki, iddianın əsasını təşkil edən faktiki halları təsdiq etmək üçün iddiaçının istinad etdiyi, lakin hər hansı səbəbdən məhkəməyə təqdim etmədiyi sübutun yeni iddia qaldırılarkən təqdim edilməsi isə eyni tərəflər arasında və eyni predmet barəsində iddia qaldırılmasının yeni əsası kimi çıxış edə bilməz. Əks yanaşma qanuni qüvvədə olan məhkəmə aktlarında əks olunmuş və tərəflər üçün preyudisial əhəmiyyət kəsb edən hallara məhkəmələr tərəfindən yenidən baxılmasına səbəb olmaqla hüquqi müəyyənlik prinsipinə də ziddir. İddiaçının şikayətində istinad etdiyi mübahisəli müqavilənin bankın arxivində tapılmaması, yalnız xx.xx.2021-ci il tarixdə fiziki şəxslərlə müqavilə qovluqlarında aşkar edilməsi barədə dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, göstərilən hal əvvəlki məhkəmə araşdırmaları zamanı mübahisəli sübutun təqdim edilməsinin qeyri-mümkün olmasına dəlalət edən obyektiv amil olmamaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcudluğuna baxmayaraq eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə işə məhkəmədə yenidən baxılması üçün əsas vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Məhkəmə gösərilənlərə əsasən düzgün olaraq hesab etmişdir ki, İddiaçı ASC-nin Cavabdeh MTK-ya qarşı İddiaçı ASC ilə Maraqlı şəxs3 arasında bağlanmış xx.xx.2018-cü il tarixli müqavilə və İddiaçı ASC ilə Maraqlı şəxs2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilə üzrə borcun tutulması tələbinə dair hissədə iş üzrə icraata MPM-in 261.0.2-ci maddəsinə əsasən xitam verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-571/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı ASC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-571/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan rəsmi təqdim edildiyi gündən (elektron kabinetə yerləşdirildiyi) 10 gün müddətində Azəraycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar