Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-528/2025 22.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər “Daşınar və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gəncə şəhəri üzrə İcra İdarəsi) qarşı “hərrac protokolunun etibarsız hesab edilməsi, hərracın ləğv edilməsi və əmlak kompleksinin yenidən qiymətləndirilməsi” tələbinə dair iddiası üzrə (Açar sözlər: hərrac protokolunun etibarsız hesab edilməsi, eyni tərəflər arasında, eyni predmet və eyni əsaslar üzrə məhkəmənin qətnaməsi olduqda iş üzrə icraata xitam verilməsi) X1 (sədrlik edən və məruzəçi), X4 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər “Daşınar və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gəncə şəhəri üzrə İcra İdarəsi) qarşı “hərrac protokolunun etibarsız hesab edilməsi, hərracın ləğv edilməsi və əmlak kompleksinin yenidən qiymətləndirilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 12 mart 2025-cü il tarixli, e-2-2(113)-2515/2025 nömrəli qərardadından "xxxx" MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq qərara aldılar. Birinci instansiya məhkəməsindəki icraat və qəbul olunmuş məhkəmə akt(lar)ı
1. İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət Cavabdeh2 ASC, “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC ilə Gəncə şəhəri üzrə İcra idarəsi arasında bağlanmış 11 dekabr 2023-cü il tarixli Hərracın yekunları barədə 70/01 nömrəli Protokolunun və hərracın nəticələrinin etibarsız hesab edilməsi; ünvan 1 ünvanında olan 5.0 ha torpaq sahəsində yerləşən 6,315.45 kv.m. ümumi sahədən ibarət əmlak kompleksinin yenidən qiymətləndirilməsinin aparılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-2515/2025 saylı qərardadı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “Daşınar və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə (Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gəncə şəhəri üzrə İcra İdarəsi) qarşı “hərrac protokolunun etibarsız hesab edilməsi, hərracın ləğv edilməsi və əmlak kompleksinin yenidən qiymətləndirilməsi” tələbinə dair iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.
3. Qeyd olunan qərardaddan "xxxx" MMC şikayət verərək xx.xx.2025-ci il tarixli e-2-2(113)-2515/2025 nömrəli qərardadın ləğv edilməsi, işin icraata götürülərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir
4. Qərardaddan şikayət onunla əsaslandırılmışdır ki, AR Konstitusiya Məhkəməsinin AR MPM-in 82.3-cü maddəsinin şərh edilməsinə dair 23 fevral 2016-cı il tarixli qərarı, Avropa Məhkəməsinin Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli Qərarı, İnsan hüquqları üzrə Avropa Konvensiyanın 6-cımaddəsinin 1-ci bəndi, Azərbaycan Respublikasının Konstitusiyası maddə 26, 60, 71 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin şərh edilməsinə dair 23 fevral 2016-cı il tarixli qərarında Konstitusiya Məhkəməsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli Qərarına istinad edərək yekunda belə bir nəticəyə gəlmişdir ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. İstinad edilən qərarın məzmunundan da göründüyü kimi yalnız tələbin və etirazların predmetinə aid olan faktların işdə iştirak edilən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Həmin qərarda istinad edilmiş Avropa Məhkəməsinin Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli Qərarında məhkəmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyduğunu göstərmişdir. Bununla yanaşı MülkiProsessual Məcəllənin 4.1-ci maddəsi bütün fiziki və hüquqi şəxslərin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malik olduqlarını təsbit edir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır və yalnız qanunda nəzərdə tutulan müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Lakin məhkəmə istinad etdiyi Azərbaycan RespublikasıAli Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 14 iyun 2022-ci il tarixli, 02/2022 nömrəli qərardadının daha yüksək hüquqi qüvvəyə malik olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23 fevral 2016-cı il tarixli qərarının, İnsan hüquqları üzrə Avropa Konvensiyanın 6-cımaddəsinin 1-ci bəndinin, AR Mülki-Prosessual Məcəlləsinin 4.1, 82.3 və 218.3-cü maddəsinin tələblərinə zidd olduğunu nəzərə almamış və işin halları üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, işin hallarından hazırkımübahisənin predmetini hərrac protokolunun və hərracın nəticələrinin etibarsızlığının təşkil etdiyi, ilkin iddia tələbinin isə 11 dekabr 2023-cü il tarixli 70/01 nömrəli hərrac protokolunun və dövlət reyestrindəki qeydin ləğv edilməsi, ipotekaya xitam verilməsinin təşkil etdiyi müəyyən edilir. Konstitusiya Məhkəməsinin istinad edilən qərarının tələbləri baxımından tələbin və (və ya) etirazların predmeti tamamilə fərqlidir və ilkin iddiadan fərqli olaraq hazırkı iddiada hərrac protokolunun yalnız sifarişçi tərəfindən imzalanmasına, hərracın keçirilməsi qaydalarının pozulmasına istinad edilərək, protokolun etibarsız hesab edilməsi və tərəflərin ilkin vəziyyətə gətirilməsi tələb edilir. AR Mülki-Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarında verildiyi halda məhkəmə üçün məcburidir. Həmin Məcəllənin 13.2-ci maddəsinə əsasən məhkəmə işə baxarkən normativ hüquqi aktlar arasında ziddiyyət aşkar edirsə, o, daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt əsasında qərar qəbul edir. Bununla yanaşıAR Mülki-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalıdır və iddia tələbi üzrə icraata xitam verilməsi əsaslarının olub-olmamasını hərtərəfli araşdırmaq məhkəmənin vəzifəsidir. Bu baxımdan məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin Etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli, 02/2022 nömrəli qərardadının Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23 fevral 2016-cı il tarixli qərarının, İnsan hüquqları üzrə Avropa Konvensiyanın 6-cımaddəsinin 1-ci bəndinin, AR Mülki-Prosessual Məcəlləsinin 4.1, 82.3 və 218.3-cü maddəsinin tələblərinə zidd olubolmaması barədə nəticəyə gəlmək, işin hallarını hərtərəfli araşdırmaq üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu verməyə borclu idi və MPM-in 13.6-cımaddəsi məhkəmələr üçün belə bir imkanı təsbit etmişdir. Lakin məhkəmə göstərilən hallar üzrə səthi araşdırma aparmaqla istinad edilən hüquq normalarının tələblərini pozmuş, iddiaçı "xxxx" MMC-nin AR MPM-in 4.1, İnsan hüquqları üzrə Avropa Konvensiyasının 6-cımaddəsində və Azərbaycan RespublikasıKonstitusiyasının 26, 60, 71-ci maddələrində təsbit edilmiş hüquqlarına müdaxilə etmişdir. Qeyd edilənlərlə yanaşı iddia tələbi iki hissədən ibarət olduğu halda məhkəmə tərəfindən tələbin ikinci hissəsi üzrə (əmlak kompleksinin yenidən qiymətləndirilməsinin aparılması) icraata xitam verilməli olubolmamasına, ümumiyyətlə, münasibət bildirilməmişdir. İddia ərizəsindən müəyyən olunur ki, hərrac protokolunun etibarsız hesab edilməsi ilə yanaşı əmlak kompleksinin yenidən qiymətləndirilməsinin aparılması barədə də tələb irəli sürülmüşdür. AR MPM-nin 264.0.3 və 264.0.5-ci maddələrinin tələblərinə əsasən qərardadda işdə iştirak edən şəxslər, mübahisənin predmeti və ya irəli sürülmüş tələb; məhkəmənin gəldiyi nəticələrin səbəbləri və məhkəmənin rəhbər tutduğu qanunlara istinad edilməsi göstərilməlidir. Lakin məhkəmə qərardadın təsviri hissəsində iddia tələbinin ikinci hissəsini göstərsə də MPM-in 264.0.5-ci maddəsinin tələbləri baxımından həmin hissədə iddiaya xitam verilməsi əsaslarına münasibət bildirməmişdir. Həmçinin, işə baxılarkən məhkəmə tərəfindən AR MPM-in 14.3cü maddəsinin imperativ qayda müəyyən edən tələbləri də kobud şəkildə pozulmuşdur. Belə ki, həmin maddənin şərtlərinə əsasən məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur. Belə ki, xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili tərəfindən iddiaçının əmlak kompleksinin Cavabdeh2 ASC tərəfindən hərracda əldə edildiyi qiymətə - 1.147.500 (bir milyon yüz qırx yeddi min beş yüz) manata əldə etməyə hazır olduğu bildirilsə də, məhkəmə buna əhəmiyyət verməmiş, tərəflərin bu istiqamətdə danışıqlar aparması və barışması üçün heç bir tədbir görməmişdir xx.xx.2025-ci il tarixli məhkəmə iclasının audio yazısı səsləndirildiyi halda qeyd etdiyimiz halın mövcudluğu öz təsdiqini tapar.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 2515/2025 nömrəli qərardadı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “Daşınar və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gəncə şəhəri üzrə İcra İdarəsi) qarşı “hərrac protokolunun etibarsız hesab edilməsi, hərracın ləğv edilməsi və əmlak kompleksinin yenidən qiymətləndirilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 12 mart 2025-cü il tarixli, e-2-2(113)-2515/2025 nömrəli qərardadından "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Apellyasiya instansiya məhkəməsindəki icraat
Tətbiq edilən hüquq
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
170.1-ci maddəsinə əsasən 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
Apellyasiya baxışının həddi
7. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
8. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməlidir.
9. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə iddianın predmetini – iddiaçının məhkəmədən baxılmasını və həll olunmasını xahiş etdiyi maddi hüquqi tələb təşkil edir.
10. İddianın əsasını isə irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın “faktiki tərkibi” adlanan faktların məcmusundan ibarət olur.
11. Tərəflər arasında olan digər mübahisə üzrə qəbul edilmiş Bakı Kommersiya Məhkəməsinin 18 mart 2024-cü il tarixli, 2-2(113)-1479/2025 nömrəli qətnaməsi ilə ilk iddia üzrə "xxxx" MMC-nin “Daşınar və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı “hərrac protokolunun və dövlət reyestrindəki qeydin ləğv edilməsi və sair” tələbinə dair iddiası rədd edilmişdir. Qətnamədən apellyasiya və kassasiya şikayətləri verilmiş, şikayətlər təmin olunmamış və qətnamə qanuni qüvvəyə minmişdir.
12. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasındakı digər mübahisənin faktiki əsasını ASC-nin əmlak kompleksini təkrar hərracın baş tutmasının elan edildiyi gündən 6 il yarım keçdikdən sonra əldə etməsi, hüquqi əsasını isə “İpoteka haqqında” Qanunun 43.7 və 43.7-1-ci maddələr təşkil etmişdir.
13. İşdən görünür ki, ilkin iddiadan fərqli olaraq hazırkı iddiada hərrac protokolunun yalnız sifarişçi tərəfindən imzalanmasına, hərracın keçirilməsi qaydalarının pozulmasına istinad edilərək, protokolun etibarsız hesab edilməsi və tərəflərin ilkin vəziyyətə gətirilməsi tələb edilir.
14. Bu kontekstdə o da qeyd edilməlidir ki, Bakı Kommersiya 18 mart 2024-cü il tarixli qətnaməsinin aid olduğu iş üzrə iddiaçının irəli sürdüyü əsaslarla hazırkı iddianı irəli sürərkən istinad etdiyi əsaslar arasında oxşarlıq olsa da, hazırkı işə Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinin tətbiqinin qanuna uyğunluğu birinci instansiya məhkəməsinin qərardadı ilə əsaslandırılmamışdır.
15. Mülki Prosessual Məcəllənin 261-ci maddəsində iş üzrə icraata xitam verilməsinin əsasları müəyyən edilmişdir.
16. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 14 iyun 2022-ci il tarixli, 02/2022 nömrəli Qərardadının 53-cü bəndinə istinad edərək tərəflər arasında olan digər mübahisə üzrə protokolun etibarsız olmasına dair hər-hansı hallar müəyyən edilməməsini, iddiaçının müqavilədən irəli gələn tələbə mahiyyəti üzrə baxılıb yekun məhkəmə aktı qəbul edilməsini bildirmişdir.
17. İlk növbədə qeyd olunmalıdır ki, məhkəmə müdafiəsi hüququ hər bir şəxsin ayrılmaz hüququ olmaqla, bu hüququn həyata keçirilməsinə qanunverici tərəfindən müəyyən ağlabatan prosessual məhdudiyyətlər qoyulmuşdur. Belə məhdudlaşdırılma hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət edir.
18. Hüquqi müəyyənlik prinsipinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş istənilən halların deyil, məhz araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir.
19. MPM-in 416-cı maddəsi üzrə - istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatınınən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır.
20. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanın irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidirlər. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)in qanuni əsası tapılarsa və faktiki hallar müvafiq maddi-hüquq normasının dispozisiya şərtləri ilə uzlaşarsa (habelə cavabdehin etirazı və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
21. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiyası məhkəməsi iş üzrə icraata xitam verərkən işin hallarını tam və hərtərəfli araşdırılması prinsipini pozmuş, məhkəmə tərəfindən cavabdehin istinad etdiyi hallar, yəni Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edilərək, əmlak kompleksinin yenidən qiymətləndirilməsi vəzifəsinin Gəncə Şəhər İcra İdarəsinin üzərinə qoyulması, əmlak kompleksinin dəyəri üzərindəki tikililərlə bərabər “Daşınan və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti" MMC-nin xx.xx.2018-ci il tarixli rəyinə əsasən 5.700.000 AZN dəyərində müəyyən edilməsi, 27 fevral 2020-ci il tarixdə əmlak kompleksinin açıq hərracda 5.700.000 manata satılması üçün Gəncə Şəhər İcra İdarəsi tərəfindən sifariş verilməsi, ilkin hərracın keçirilməsi “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC-yə tapşırılsa da, xx.xx.2020-ci ıl tarixində icra idarəsi tərəfindən hərracın keçirilməsi barədə başqa hərrac təşkilatına-“Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC-yə sifariş verilməsi, xx.xx.2020-ci il tarixdə icra sənədi üzrə icraatın dayandırılması, hərracda satışının təşkili üçüncü hərrac təşkilatına- "xxxx" MMC-yəxx.xx.2023-cü il tarixli məktubla sifariş edilməsi, 06 noyabr 2023-cü il tarixli məktubu ilə hərracın keçirilməsinə dair hərəkətlərin aparılmasının dayandırılması, hərracın yekunları protokolunun yalnız ipoteka saxlayan Cavabdeh2 ASC-nin nümayəndəsi tərəfindən imzalandığı, sifariş verən təşkilat – cavabdeh Gəncə şəhəri üzrə İcra İdarəsinin səlahiyyətli şəxsi tərəfindən protokolun imzalanmadığı və İdarənin möhürünün vurulmadığı iddia ərizəsində irəli sürülmüş dəlillər üzrə iddia tələbinin əsasının tapılması və dispozisiya şərtlərini yoxlanılması istiqamətində heç bir hüquqi dəyərləndirmə aparılmamışdır.
22. Qeyd edilənlərlə yanaşı iddia tələbi iki hissədən ibarət olduğu halda məhkəmə tərəfindən tələbin ikinci hissəsi üzrə (əmlak kompleksinin yenidən qiymətləndirilməsinin aparılması) qərardadda münasibət bildirilməmişdir. İddia ərizəsindən müəyyən olunur ki, hərrac protokolunun etibarsız hesab edilməsi ilə yanaşı əmlak kompleksinin yenidən qiymətləndirilməsinin aparılması barədə də tələb irəli sürülmüşdür.
23. Məhkəmə kollegiyası bildirir ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir.
24. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 261-264, 391, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
İddiaçı "xxxx" MMC tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-2515/2025 nömrəli qərardadı ləğv edilsin. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər “Daşınar və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gəncə şəhəri üzrə İcra İdarəsi) qarşı “hərrac protokolunun etibarsız hesab edilməsi, hərracın ləğv edilməsi və əmlak kompleksinin yenidən qiymətləndirilməsi” tələbinə dair iş, bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla qanunamüvafiq qərarın qəbul edilməsi üçün Bakı Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.