Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-529/2020 20.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-343/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC, Cavabdeh MMC (əvvəlki “xxxxxxx” MMC) və üçüncü şəxs Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh MMC-yə qarşı (əvvəlki “xxxxxxx” MMC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 3.000.000 manat əsas, müqavilənin müddəti üzrə xx.xx.2016-cı il tarixinə 118.207,14 manat faiz, müqavilənin müddətinin bitdiyi tarixdən sonra gecikdirilmiş vaxt üçün əsas borca illik 5% hesablanmış 507504,06 manat faiz borcunun, 495000,47 manat cərimə borcunun, cəmi isə 4120711,67 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən yüklü edilmiş Cavabdeh MMC-yə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi – Lökbatan yolu 22A ünvanında yerləşən, ümumi sahəsi 4570,1 m2, 2 mərtəbəli qeyri-yaşayış binasına yönəldilməsi, həmin daşınmaz əmlakın müəyyən edilmiş ilkin satış qiyməti ilə açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(113)-343/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh MMC-dən xx.xx.2014-cü il tarixli, KM 01 saylı kredit müqaviləsinə əsasən ******* manat əsas, 606750,61 manat faiz borcu (xx.xx.2014-cü il tarixdən xx.xx.2020-ci il tarixədək) və 249,39 manat cərimə, cəmi ******* manat, həmçinin dövlət rüsumu kimi ödənilmiş 26,25 manat məbləğində pul tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, tutmanın ilkin satış qiyməti ******* (dörd milyon) manat olan Cavabdeh MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi, Lökbatan yolu 22 A ünvanında yerləşən, ümumi sahəsi 4570,1 kv.m olan 2 mərtəbəli qeyri-yaşayış binasına yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın satılmasından əldə edilmiş vəsait hesabına Cavabdeh MMC-nin borcunun ödənilməsi, satışdan artıq qalan məbləğin Cavabdeh MMC-yə qaytarılması, ekspertiza tədqiqatının dəyəri 145 manat məbləğində pulun 126,88 manatın Cavabdeh MMC-dən, 18,12 manatının ləğv prosesində olan İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin cərimə borcunun tutulması hissəsində ləğv edilməsi və həmin hissədə iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MMC və üçüncü şəxs Azərbaycan Respublikası Mərkəzi Bankı da həmin qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə borc alanın hüquqi şəxs olmasını, hər iki hüquqi şəxsin sərbəst iradə ifadələri ilə cərimə məbləğini müəyyən etməsini, müqavilə üzrə borcluya ******* manat məbləğində kredit verilməsini və borclunun öhdəliklərini vaxtında üzrlü səbəb göstərmədən icra etməməsini, bank təşkilatı olan kreditora həmin borcun qaytarılmamasına görə dəymiş ziyanı nəzərə almamışdır. Cavabdeh MMC-nin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən 606750,61 manat məbləğində faiz borcunu xx xxxxxx 2014-cü il tarixindən etibarən hesablamağa başlamışdır. Halbuki, cavabdeh tərəfindən 309542,47 manat məbləğində faiz borcu ödənilmişdir. Bu halda cavabdeh tərəfindən yenidən 606750,61 manat məbləğində faiz borcunun hesablanması aydın deyil. Bundan başqa məhkəmənin qətnamədə Mülki Məcəllənin 445.7-ci maddəsinin tələblərinə istinad edilməsinin hüquqi əsası yoxdur. Belə ki, Cavabdeh MMC ilə iddiaçı arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli KM01 saylı kredit müqaviləsindən başqa, İddiaçı ASC ilə müstəqil tələb irəli sürməyən Azərbaycan Respublikasının Mərkəzi Bankı arasında xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə iddiaçının Mərkəzi Bank qarşısında olan öhdəliklərinin icra edilməməsi səbəbindən Mərkəzi Bank cavabdeh kimi Cavabdeh MMC-ni qoyaraq 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və hal-hazırda iş Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Həmin iddia 2017-ci ilin mart ayında qaldırılmışdır. Bundan bir il sonra iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Göründüyü kimi ******* manat kreditlə bağlı iki müqavilə və iki iddia tələbi mövcuddur. Cavabdeh MMC tərəfindən pul vəsaitinin hansı tələbkara ödənildiyi müəyyən edilə bilinmədiyi üçün hal-hazırda həmin borc vəsaitinin məbləği əlavə olaraq hesablanmış faiz borcu əsasında şişirdilmiş vəziyyətə gəlib çıxmışdır. Lakin bu xüsusat məhkəmə tərəfindən nəzərə alınmamış və əsassız olaraq Mülki Məcəllənin 445-ci maddələrinin tələblərini rəhbər tutaraq illik 5% həddində faiz borcunu hesablamışdır. Üçüncü şəxsin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının tələbinin qismən təmini yalnız ilkin ipoteka saxlayan kimi Mərkəzi Bankın hüquqları məhkəmə qətnaməsində nəzərə alındıqdan sonra mümkün ola bilər. İddia təmin olunacağı təqdirdə əmlakın satışından əldə olunan vəsait hesabına ilk növbədə İddiaçı ASC-nin xx xxxxxx 2015-ci il tarixli KBQ15-1786 nömrəli kredit müqaviləsi üzrə Mərkəzi Bank qarşısındakı ******* manat əsas, 55750 manat faiz borcu olmaqla, ümumilikdə ******* manat kredit borcu ödənilməli, artıq vəsait qalarsa, Cavabdeh MMC-nin Ləğv prosesində olan “İddiaçı" ASC qarşısındakı borcunun ödənilməsinə yönəldilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 təmsil etdiyi şəxsin apellyasiya şikayətini müdafiə etdi, əks tərəfin apellyasiya şikayətlərinə isə etiraz etdi. Cavabdeh və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, cavabdeh və üçüncü şəxsin apellyasiya şikayətləri isə təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə İddiaçı ASC arasında xx xxxxxx 2014-cü il tarixli KBQ14-1633 nömrəli kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən Mərkəzi Bank tərəfindən İddiaçı ASCyə 360 gün müddətində xx xxxxxx 2015-ci il tarixinə qədər, illik 3,5 faiz ödəmək şərti ilə ******* manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı kimi ipoteka saxlayan Azərbaycan Respublikasının Mərkəzi Bankı, ipoteka qoyan Cavabdeh MMC və borcalan İddiaçı ASC arasında xx xxxxxx 2014-cü il tarixli İBQ14-1633 nömrəli ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus olan tərəflər arasında ******* (dörd milyon) manat məbləğində qiymətləndirilmiş Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi-Lökbatan yolu 22 A ünvanında yerləşən, ümumi sahəsi 4570,1 kv.m olan 2 mərtəbəli qeyri-yaşayış binası Azərbaycan Respublikası Mərkəzi Bankı qarşısında ipoteka ilə yüklü edilmişdir. Eyni zamanda İddiaçı ASC ilə Cavabdeh MMC arasında xx xxxxxx 2014-cü il tarixli KM 01 nömrəli kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh MMC-yə xx xxxxxx 2015-ci il tarixinə qədər illik 5,5 faiz ödəmək şərti ilə ******* manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı kimi ipoteka saxlayan İddiaçı ASC ilə ipoteka qoyan və borcalan Cavabdeh MMC arasında xx xxxxxx 2014-cü il tarixli İM 01 nömrəli sonrakı ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus olan tərəflər arasında ******* (dörd milyon) manat məbləğində qiymətləndirilmiş Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi-Lökbatan yolu 22 A ünvanında yerləşən, ümumi sahəsi 4570,1 kv.m olan 2 mərtəbəli qeyri-yaşayış binası İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. Sonrakı ipoteka müqaviləsi bağlanılan zaman ilkin ipoteka saxlayan kimi Azərbaycan Respublikasının Mərkəzi Bankının yazılı razılığı alınmışdır. Həmin tərəflər arasında xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə xx xxxxxx 2015-ci il tarixli 1 saylı əlavə bağlanmış və əlavəyə əsasən Cavabdeh MMC-yə verilmiş və kredit müqaviləsinə 1 saylı əlavəni imzalanma tarixinə qalan ******* manat həcmində kredit müqaviləsinin müddəti xx xxxxxx 2014-cü il tarixli 01 saylı kredit müqaviləsinin 1.3 bəndində qeyd olunmuş faiz dərəcəsi dəyişilərək 5 faiz olmaqla və digər şərtlər qüvvədə qalmaqla, xx.xx.2016-cı il tarixinə qədər uzadılmışdır. Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə İddiaçı ASC arasındakı xx xxxxxx 2014-cü il tarixli KBQ14-1633 nömrəli kredit müqaviləsi üzrə kredit öhdəliyi xx xxxxxx 2015-ci il tarixdə icra olunmuşdur. Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə İddiaçı ASC arasında xx xxxxxx 2015-ci il tarixli KBQ15-1786 nömrəli yeni kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən Mərkəzi Bank tərəfindən İddiaçı ASC-yə 360 gün müddətində xx xxxxxx 2016-cı il tarixinə qədər ******* manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı kimi (ipoteka saxlayan) Azərbaycan Respublikasının Mərkəzi Bankı, (ipoteka qoyan) Cavabdeh MMC və (borcalan) İddiaçı ASC ilə arasında xx.xx.2015-ci il tarixli, İBQ15-1786 nömrəli sonrakı ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus olan tərəflər arasında ******* (dörd milyon) manat məbləğində qiymətləndirilmiş Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi-Lökbatan yolu 22 A ünvanında yerləşən, ümumi sahəsi 4570,1 kv.m olan 2 mərtəbəli qeyri-yaşayış binası Azərbaycan Respublikası Mərkəzi Bankının xeyrinə ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli 2-2(82)- 645/2017 nömrəli qətnaməsi ilə iddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankının Cavabdeh MMC-yə qarşı (üçüncü şəxs İddiaçı ASC-nin ləğvedicisi X1) kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iddiaçının iddia tələbi qismən təmin edilərək, ləğv prosesində olan İddiaçı ASC ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı arasında bağlanmış kredit müqaviləsinə əsasən ******* manat əsas borc, 55750 manat faiz borcu olmaqla ******* manat kredit borcunun ödənilməsi üçün tutmanın ipoteka predmeti olan cavabdehə xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi-Lökbatan yolu 22 A ünvanında yerləşən, ümumi sahəsi 4570,1 kv.m olan 2 mərtəbəli qeyri-yaşayış binasına yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracdan satışından əldə olunmuş pul vəsaitləri hesabına İddiaçı ASC-nin borcunun və tutmanın yönəldilməsi ilə bağlı bütün xərclərin müvafiq təsdiqedici sənədlər əsasında tutulması qət edilmişdir. Həmin iş üzrə verilmiş apelyasiya şikayətləri ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 22(103)-65/2018 nömrəli qətnaməsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin iş üzrə verilmiş kassasiya şikayətləri ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-2(102)-250/2019 nömrəli qərarı Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Hazırda iş üzrə icraat ekspertiza təyin edilməklə dayandırılmışdır. İddiaçı bildirir ki, cavabdeh müqavilə öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Cavabdehin kredit müqaviləsi üzrə əsas kredit borcu ******* manat, müqavilənin müddəti üzrə faiz borcu xx.xx.2016-cı il tarixinə 118207,14 manat faiz, gecikdirilmiş vaxt üçün hesablanmış illik 5 faiz borcu 507504,06 manat, cərimə borcu 495000,47 manat, cəmi borc isə 4120711,67 manat təşkil edir. Cavabdeh iddiaya etiraz edir və öz etirazını apellyasiya şikayətində göstərilənlərlə əsaslandırır. Üçüncü şəxs bildirir ki, Mərkəzi Bank xx.xx.2014-cü il tarixli KBQ14-1633 nömrəli kredit öhdəliyi qüvvədə olarkən xx.xx.2015-ci il tarixli KBQ15-1786 nömrəli kredit müqaviləsinin təminatı olan xx.xx.2015-ci il tarixli İBQ15-1786 nömrəli sonrakı ipoteka müqaviləsini bağlamış və ipoteka saxlayan kimi hüquqlarının dövlət qeydiyyatına alınması üçün müraciət etmişdir. Bu isə heç bir halda Mərkəzi Bankın ilkin ipoteka saxlayan hüquqlarının itirilməsinə səbəb ola bilməz və əksinə, ilkin ipoteka saxlayan hüquqlarının Mərkəzi Banka məxsus olaraq qalmasını şərtləndirir. Çünki, xx.xx.2015-ci il tarixli İBQ15- 1786 nömrəli sonrakı ipoteka müqaviləsi notarius tərəfindən təsdiq edilərkən və dövlət qeydiyyatına təqdim edilərkən əmlak ilkin ipoteka saxlayan kimi Mərkəzi Bankın xeyrinə yüklü idi və xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə borc yalnız xx.xx.2015-ci il tarixdə ödənildiyindən yüklülüyə xitam verilməmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.2-ci maddəsinə əsasən əsas öhdəliyə xitam verildikdə ipoteka saxlayan ipotekaya xitam verildiyi gündən 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etməlidir və ərizənin verilməməsi nəticəsində ipoteka qoyana vurulan zərərə görə məsuliyyət daşıyır. Lakin yeni ipoteka müqaviləsi notariat qaydasında bağlanarkən əvvəlki təminatlı borc hələ icra olunmadığına görə ipotekaya xitam verilməsi üçün əsas yox idi və ipoteka qoyana da hər hansı zərər vurulmamışdır. Ona görə də, hazırki iş üzrə iddia predmeti olan əmlakın ilkin ipoteka saxlayanı kimi çıxış edən Mərkəzi Bankın yekun məhkəmə aktı çıxarılan zaman hüquqları nəzərə alınmalıdır. Kredit borcunun müəyyən edilməsi məqsədilə birinci instansiya məhkəməsində iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx xxxx 2019-cu il tarixli 25232 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən Cavabdeh MMC-nin İddiaçı ASC-yə xx xxxxxx 2018-ci il tarixə (maliyyə arayışında borc hesablanan tarixə) olan borcu ******* manat əsas, 280498 manat faiz borcu olmaqla, ümumilikdə ******* manat məbləğində müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, həmin ekspert rəyinə əsasən xx.xx.2014-cü il tarixdən – xx.xx.2018-ci il tarixədək Cavabdeh MMC-nin banka olan əsas borc ******* manat, faiz borcu isə 280498 manat kimi hesablanmış, halbuki iddiaçı faiz borcu 296958 manat (xx.xx.2016-cı ilədək müqavilənin faizi, sonrakı dövr isə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5%) kimi hesablamışdır. Məhkəmə xx.xx.2018ci il tarixədək olan kredit üzrə faiz borcun ekspertiza rəyində müəyyən edilən məbləği əsaslı hesab etsə də, iddiaçının məhkəməyə iddia həcminin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək xx.xx.2018-ci il tarixdən – xx.xx.2020-ci il tarixədək dövr üçün əlavə 326252,61 (783 gün x 416,67 manat) manat faiz borcu tələb etmişdir. Əlavə məhkəmə mühasibatlıq ekspertizası təyin etməmək üçün məhkəmə müqavilədə müəyyən edilmiş müddət üçün və Mülki Məcəllənin 445.7-ci maddəsinə görə olan faiz borcların aşağıdakı qaydada birləşdirməyi məqsədəmüvafiq hesab etmişdir. Belə ki, xx.xx.2014-cü il tarixdən – xx.xx.2018-ci il tarixədək olan 280498 manat (ekspert rəyi) və xx.xx.2018-ci il tarixdən – xx.xx.2020-ci il tarixədək olan 326252,61 manat məbləğində olan vəsait toplanaraq xx.xx.2014-cü il tarixdən xx.xx.2020-ci il tarixədək cəmi 606750,61 manat faiz borcu müəyyən edilməli və həmin vəsait cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi əsas borcun tutulması hissəsində iddianı tam təmin etmiş, faiz borcun tutulması hissəsində iddianı qismən təmin etmiş, dəbbə pulunu isə azaldaraq həmin hissədə də iddianı qismən təmin etmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini, kredit müqaviləsinə aid ödəniş cədvəllərini, iddiaçı tərəfindən təqdim olunmuş kredit borcunun hesablanması barədə arayışı, hesabdan çıxarışı və xx xxxx 2019-cu il tarixli ekspert rəyini araşdıraraq və Mülki Məcəllənin 739, 741 və 445.7-ci maddələrinə əsaslanaraq kollegiya hesab edir ki, əsas və faiz borcunun tutulması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Bununla yanaşı kollegiya hesab edir ki, dəbbə pulunun tutulması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, KM 01 nömrəli kredit müqaviləsinin 4.3-cü bəndinə əsasən borcalan kredit müqaviləsinə edilmiş 1 saylı əlavəyə əsasən nəzərdə tutulmuş ödənişləri vaxtında ödəmədikdə borcverən gecikdirildiyi hər təqvim günü üçün ödənilməli olan məbləğin illik 11% miqdarında borcalana cərimə tətbiq edilir. Göründüyü kimi müqavilə şərtlərinə əsasən gecikdirildiyi hər təqvim günü üçün ödənilməli olan dəbbə pulunun həcmi faiz dərəcəsindən 2 dəfə artıq müəyyən edilmişdir. Eyni zamanda iş materiallarından müəyyən olunur ki, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi tarixə, yəni xx.xx.2016-cı il tarixə olan faiz borcu 118208 manat təşkil edir. Belə olan halda isə kredit müqaviləsinin 4.3-cü bəndinə əsasən ödənilməli olan dəbbə pulu da həmin məbləği təşkil edir. İşin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilə üzrə aparılan son ödəniş tarixini müqayisə edərək, həmçinin iddiaçının məhkəməyə müraciət etdiyi tarixi nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, 118208 manat dəbbə pulu tənasübsüz sürətdə yüksək məbləğ kimi qiymətləndirilməli və kreditorun mənafeləri nəzərə alınmaqla həmin məbləğ təxmini yarıya qədər azaldılaraq, birinci instansiya məhkəməsinin müəyyən etdiyi kimi 249,39 manat deyil, 50000 manat məbləğində müəyyənləşdirilməlidir. Eyni zamanda ipoteka müqaviləsinin şərtlərini və Mülki Məcəllənin 269.5, 317-ci maddələri və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1.1, 59.3cü maddələrinə əsaslanaraq kollegiya hesab edir ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçı həmin müqavilədən yaranan borcun ipoteka predmeti olan qeyri-yaşayış binasına yönəldilərək, açıq hərracdan satılmasını və qanunla müəyyən edilmiş müddətdə boşaldılmasını tələb etməkdə haqlıdır və məhkəmə bu hissədə düzgün nəticəyə gəlmişdir. Cavabdeh MMC-nin apellyasiya şikayətində göstərilən dəlillərə dair kollegiya qeyd edir ki, faiz borcunun məbləği məhkəmə ekspertizası rəyi və birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan hesablaması ilə müəyyən olunmuşdur. Belə ki, həmin ekspert rəyi ilə hər günə düşən faiz məbləği (416,67 manat) müəyyən edilib, kredit müqaviləsində nəzərdə tutulan illik faizlə (5%) Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulan faiz isə eynilik təşkil edir. Ona görə də, məhkəmə düzgün olarsaq sadə riyazi hesablama aparmaqla xx.xx.2020-ci il tarixədək olan faiz borcunu müəyyən etmişdir. Cavabdeh isə faiz borcun düzgün hesablanmadığını bildirsə də, bunu təsdiq edən hər hansı sübutu, o cümlədən iddiaçının təqdim etdiyi sənədlərin, məhkəmə ekspertizası rəyinin və məhkəmə tərəfindən aparılmış sadə riyazi hesablamanın şübhə altına alınmasına əsas verən ilkin sübutları təqdim etməmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Mərkəzi Bankının dəlillərinə dair kollegiya qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 74-cü maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin birgə təfsirindən müəyyən edilir ki, kreditorların tələblərin ipoteka və sonrakı ipoteka predmetinə hansı növbəliliklə yönəldilməsi məsələsi icra mərhələsində həll olunan məsələlərə aiddir. Bundan başqa iş materiallarından mübahisəsiz qaydada müəyyən olunur ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə İddiaçı ASC arasında xx xxxxxx 2014-cü il tarixli KBQ14-1633 nömrəli kredit müqaviləsi üzrə öhdəliklər icra edilmiş və öhdəliklərə xitam verilmişdir. Hal-hazırda ipoteka predmeti olan qeyri-yaşayış sahəsi qüvvədə olan 2 müqavilə ilə yüklü edilmişdir: birincisi – ipoteka saxlayan İddiaçı ASC ilə ipoteka qoyan və borcalan Cavabdeh MMC arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli İM 01 nömrəli sonrakı ipoteka müqaviləsi, ikincisi – ipoteka saxlayan Azərbaycan Respublikasının Mərkəzi Bankı, ipoteka qoyan Cavabdeh MMC və borcalan İddiaçı ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli İBQ15-1786 nömrəli sonrakı ipoteka müqaviləsi. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 9.3 və 9.4-cü maddələrində də təsbit olunmuşdur ki, sonrakı ipoteka saxlayanın tələbləri onların icra müddətindən asılı olmayaraq əvvəlki ipoteka saxlayanın tələbləri tam ödənildikdən sonra növbəlilik qaydasında ipoteka predmetinin dəyərindən ödənilir. Əvvəlki ipoteka saxlayanın hüququnun üstünlüyü ipotekanın dövlət qeydiyyatı anı ilə müəyyən olunur. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, cavabdeh və üçüncü şəxsin apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəbbə pulunun və bundan asılı olaraq cəmi borcun tutulması hissəsində isə dəyişdirilməli və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh MMC və üçüncü şəxs Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-343/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi dəbbə pulu və cəmi borcun tutulması hissəsində dəyişdirilsin, dəbbə pulu 50000 manat, cəmi borc isə 3656750,61 manat məbləğində müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-529/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-529/2020
20.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver