Məhkəmə qərarları › İş №2-2(103)-529/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-529/2022

06.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-529/2022 06.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı icarə müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: icarə müqaviləsi üzrə borcun ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı MMC-nin icarə müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1212/2021 nömrəli iş üzrə 05 mart 2022-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ

1. xx.xx.2019-cu il tarixli İcarə müqaviləsinə görə, iddiaçı (icarəyə verən) AZ1065 Bakı şəhəri Cəfər Cabbarlı 44 ünvanda yerləşən “Caspian Plaza”da Əlavə 1-də göstərilmiş ofis sahəsini icarə haqqı qarşılığında cavabdehə (icarəçi) verməyi, icarəçi xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək 300 AZN+18% ƏDV olan aylıq icarə haqqını ödəməyi öz öhdələrinə götürmüşlər.

2. İddiaçı müqavilə üzrə cavabdehə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək elektron qaimələr göndərmişdir.

3. Hesab kartına (211.01) görə, cavabdehin 2020-ci ilin mart, aprel, may ayları üzrə iddiaçıya ödənilməmiş cəmi 1.062 manat borcu vardır.

4. Məhkəmə kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəməxətşünaslıq ekspertizası təyin olunmuş, ekspertlər qarşısında aşağıdakı suallar qoyulmuşdur: - “1. Cavabdeh məhkəmə kollegiyasının iclasında alınmış imza nümunələri və işdə əsli olan Xidmət göstərilməsinə dair 29 iyul 2019-cu il tarixli Müqavilədəki imzalar əsas götürülüb, həmin imzalarla müqayisə edilməklə, işdə əsli olan 20 avqust 2019-cu il tarixli İcarə müqaviləsinin 12-ci vərəqində “İcarəçi: F.Ş. Cavabdeh adından” sözlərinin alt hissəsində “İmza:” sözünün qarşısında atılan imza Cavabdeh tərəfindən icra olunmuşdurmu? - 2. İşdə əsli olan 20 avqust 2019-cu il tarixli İcarə müqaviləsinin 12-ci vərəqində “İcarəçi: F.Ş. Cavabdeh adından” sözlərinin alt hissəsində “İmza:” sözünün qarşısında atılan imza ilə, işdə əsli olan Xidmət göstərilməsinə dair 29 iyul 2019-cu il tarixli Müqavilədə icraçı Əliyev Azər tərəfindən atılan imzalar eyni şəxs tərəfindən icra olunmuşdurmu?”

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 4/1074 nömrəli ekspert rəyində göstərilmişdir: - “1. Ekspertizaya təqdim edilmiş, mülki işin 101-111-ci vərəqlərində olan xx.xx.2019-cu İl tarixli Ofis icarəsinə dair müqavilədə “Maddə 14 Müqavilənin bütövlüyü” bəndində olan “İcarəçi: F.Ş. Cavabdeh adından:” sözlərindən sonra “İmza” qrafasındakı imza və “xx.xx.2019-c il tarixli İcarə müqaviləsinə Əlavə 1”-də olan “Maddə 2 Ödənişlər” bəndində olan “İcarəçi: F.Ş. Cavabdeh adından:” sözlərindən sonra “İmza” qrafasındakı imza; 125-126-ci vərəqlərində olan Xidmət göstərilməsinə dair 29 iyul 2019-cu il tarixli Müqavilənin 1-ci vərəqinin aşağı sağ hissəsində və 2-ci vərəqində “İcraçı" qrafasında olan imzalar - EYNİ ŞƏXS tərəfindən icra olunmuşdur. - 2. Ekspertizaya təqdim edilmiş, mülki işin 101-111-ci vərəqlərində olan xx.xx.2019cu il tarixli Ofis icarəsinə dair müqavilədə “Maddə 14 Müqavilənin bütövlüyü” bəndində olan “İcarəçi: F.Ş.Cavabdeh adından:” sözlərindən sonra “imza” qrafasındakı imza və “xx.xx.2019-c il tarixli İcarə müqaviləsinə Əlavə 1”-də olan “Maddə 2 Ödənişlər” bəndində olan “İcarəçi: F.Ş.Cavabdeh adından:” sözlərindən sonra “İmza” qrafasındakı imza - Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.”

6. Ekspertiza tədqiqatının dəyəri 110 manat təşkil etmişdir.

BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aralarında xx.xx.2019-cu il tarixdə bağlanmış Ofis icarəsinə dair müqaviləyə əsasən cavabdehdən ümumilikdə 1.062 manat məbləğdə ödənilməmiş icarə haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh 1.062 manat məbləğdə pulun 30,62 manat dövlət rüsumu, cəmi 1.092,62 manatın tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

9. Qətnamənin əsaslarına görə, “xx.xx.2019-cu il tarixli ofis icarəsinə dair müqaviləyə əsasən yaranmış borc iş materiallarına əlavə olunmuş sübutlarla təsdiq olunduğundan 1.062,00 manat icarə haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməklə iddia təmin edilməlidir.”

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386, 399.4, 700.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAAT İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir.

12. Şikayətin dəlillərinə görə, cavabdeh Kanadaya iş vizası almaq üçün 2019-cu ilin iyul ayında “X7” MMC-yə müraciət etmişdir. Həmin şirkəti “Facebook” sosial şəbəkəsində görmüşdü. Özünü “Azər” kimi təqdim edən şəxs (sonradan öyrənmişdir ki, həmin şəxs dələduzluq cinayəti ilə məhkum olunan X3r) onunla müqavilə bağlamış, onun və ailə üzvlərinin şəxsiyyət vəsiqələrinin, onun adına olan VÖEN-nin notarial təsdiq olunmuş surətini almışdır. 2021-ci ildə iddiaçı ondan Yasamal RPİ-nin 27-ci PB-nə polisə şikayət etmişdir və onu polis gəlib evdən həmin bölməyə aparmışdır, lakin o, izahat verəndən, müvafiq sənədləri təqdim edəndən sonra onun əməlində hüquqazidd hərəkət olmadığından, sərbəst buraxılmışdır. Həmin vaxt ona məlum olmuşdur ki, X1 Plazada onun adına icarəyə ofis götürüb, ofisdə başqa şəxsləri də Kanadaya viza vermək adı ilə aldatmış və həmin şəxslər də polisə şikayət etmişdir. Onları üzləşdirmiş, həmin şəxslər cavabdehi tanımadıqlarını bildirmişlər. Polis orqanının araşdırmasından sonra cavabdehin təqsirsizliyi sübuta yetirilsə də, iddiaçı yenidən onun imzası olmayan müqaviləyə əsaslanmaqla, ona qarşı iddia qaldırmışdır. İddianın əsasını təşkil edən müqavilə onunla bağlanmadığından, həmin müqaviləni imzalamadığından və X4 heç bir etibarnamə vermədiyindən, iddianı ümumilikdə qəbul etmir. Onun iddiaçı qarşısında heç bir öhdəliyi yoxdur, çünki onunla müqavilə bağlamamışdır. İddiaçının istinad etdiyi müqavilədəki imza ona məxsus deyil. Müqaviləni imzalayan X4 heç bir etibarnamə də verməmişdir. İddiaçı şəxsiyyətini və səlahiyyətini müəyyən etmədiyi şəxslə müqavilə imzaladığından hazırkı vəziyyətə görə özü də Anar Xəlilov qədər məsuliyyət daşıyır. Cavabdeh iddiaçıdan ofis icarəyə götürməmişdir, iddiaçı həmin obyekti ona təhvil verməmiş, ofisdən heç bir xeyr götürməmişdir. İddiaçının müqaviləni imzalayan icraçı direktoru onu görməmiş və tanımır, cavabdeh də onu.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Cavabdeh apellyasiya şikayətini müdafiə edib, ona uyğun izahat vermişdir.

15. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməyib, təmin olunmamasını xahiş etmişdi.

16. Hazırkı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçının vəkili və nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər; Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 700.1 İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

18. MPM-in: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; Maddə 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarı: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.”

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi tələb edildiyindən, məhkəmə aktı apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmir, iş üzrə mövcud olan faktlar qətnamədə qeyri-mötəbər sübutlarla təsdiq edilmişdir ki, bu da qətnamənin ləğv olunması üçün əsasdır.

22. Məhkəmə kollegiyasının araşdırması ilə sabit olmuşdur ki, tələbinin faktiki əsası kimi iddiaçının istinad etdiyi xx.xx.2019-cu il tarixli icarə müqaviləsi, o cümlədən həmin müqaviləyə Əlavə 1 cavabdeh tərəfindən deyil, başqa şəxs tərəfindən imzalanmışdır və bu fakt məhkəmə kollegiyasının mötəbər sübut kimi qəbul etdiyi ekspert rəyi ilə təsdiq olunur. Cavabdeh iddianı qəbul etmir, iddiaçı ilə onun arasında hazırkı tələblə bağlı hər hansı hüquq münasibətinin yaranmadığını bildirir. Belə olan halda, tərəflər arasında mülki hüquq və vəzifələri əmələ gətirən əsaslardan biri kimi Mülki Məcəllənin 700.1-ci maddəsi anlamında icarə müqaviləsi bağlanmamış, nəticədə, cavabdehin iddiaçı qarşısında hər hansı öhdəliyi yaranmamış, iddiaçı isə cavabdehə qarşı hazırkı iddianı qaldırmaqla bağlı müvafiq subyektiv hüquqa malik olmamışdır.

23. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsassız, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunsuz olmuşdur, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunmaqla, qətnamənin ləğvinə əsas verir. Bu səbəbdən qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia əsassız olduğundan rədd edilməli, apellyasiya şikayəti təmin edilməli, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

24. Göstərilənlərə əsasən və MPM-in 392 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1212/2022 nömrəli iş üzrə 05 mart 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı MMC-nin Cavabdeh qarşı aralarında xx.xx.2019-cu il tarixdə bağlanmış Ofis icarəsinə dair müqaviləyə əsasən, cavabdehdən ümumilikdə 1.062 manat məbləğdə ödənilməmiş icarə haqqının ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 110 (yüz on) manat İddiaçı MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar