Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-53/2020 27.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh3nə və Cavabdeh2nə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X4) qiymətləndirilmə rəyi və hərracın nəticələrinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-171/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC tərəfindən “Mercedes Benz” markalı **-JE-*** nömrəli X7 avtomobili barədə qiymətləndirmənin və bununla bağlı Cavabdeh2 MMC tərəfindən keçirilmiş açıq hərracın nəticələrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddiaçı “xxxxxx” ASC cavabdeh İddiaçı MMC-yə qarşı pul tələbinə dair iddia qaldırmış, məhkəmənin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı MMC-dən 329.207 manat pul vəsaitinin tutularaq “xxxxxx” ASC-yə ödənilməsi qət edilmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı ilə Nəsimi rayon icra şöbəsinin təqdimatı təmin edilmiş, İddiaçı MMC-nin mülkiyyətində olan 4 ədəd qaynaq aparatının, 3 ədəd generatorun, 3 ədəd Zip-Zipler, 1 ədəd yarımqoşqu, 1 ədəd X7, 1 ədəd avtokran, 1 ədəd MAZ, 1 ədəd Outlinq, 1 ədəd kondisioner, 2 ədəd kompyuter və 1 ədəd ofis mebelinin üzərinə həbs qoyulmuş, Cavabdeh1 MMC tərəfindən qiymətlər qoyulmuş, açıq hərracda satılmasına dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-2(81)-252/2016 nömrəli icra vərəqəsi Cavabdeh2 MMC-yə göndərilmişdir. İddiaçı MMC-nin mülkiyyətində olan 4 ədəd qaynaq aparatının, 3 ədəd generatorun, 3 ədəd Zip-Zipler, 1 ədəd yarımqoşqu, 1 ədəd X7, 1 ədəd avtokran, 1 ədəd MAZ, 1 ədəd Outlinq, 1 ədəd kondisioner, 2 ədəd kompyuter və 1 ədəd ofis mebelinin xx.xx.2018-ci il tarixdə ilkin hərracı, xx.xx.2018-ci il tarixdə təkrar hərracı, xx.xx.2019-cu il tarixində növbəti hərracı keçirilmiş, 1 ədəd “Mercedes-Benz” markalı **-JE-*** dövlət qeydiyyat nişanlı X7 xx.xx.2018-ci il tarixdə keçirilmiş ilkin hərracda X1. Digər texnikalara dair keçirilmiş hərraclarda iştirakçı olmadığından hərrac baş tutmamış, İcra və probasiya şöbəsinə geri qaytarılmışdır. İş üzrə iddiaçı tərəf məhkəməyə vəsatətlə müraciət edərək, müvafiq daşınar əmlakların qiymətləndirilməsi üzrə məhkəmə ekspertizasının təyin olunmasını xahiş etmiş, iş üzrə icraat dayandırılmış, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 13956 nömrəli ekspert rəyinə əsasən daşınar əmlakların qiyməti aşağıdakı kimi müəyyən edilmişdir: 4 ədəd qaynaq aparatı - 6.400 manat, 3 ədəd generator - 1.500 manat, 3 ədəd Zip- Zipler 4.500 manat, yük yarımqoşqusu - 35.000 manat, X7 - 150.000 manat, avtokran - 67.000 manat, Maz markalı yük avtomobili - 5.000 manat, Outlinq markalı avtomobil - 9.000 manat, 1 ədəd “LG” markalı kondisioner - 400 manat, 1 ədəd “Sharp” markalı kondisioner - 400 manat, 1 ədəd “LG” markalı kompyuter - 250 manat, 1 ədəd “HP” markalı kompyuter - 250 manat, 1 dəst ofis mebeli - 600 manat. Həmin daşınar əmlaklara 2017-ci il tarixdə bazar qiymətinə uyğun olaraq qiymət qoyulmuşdur. Yenidən qiymətləndirmə ekspertizasının keçirilməsi əsassızdır, həmçinin, hal-hazırkı ekspertizanın nəticəsi olaraq qiymətlər 2019-cu il tarixdə qoyulmuş və həmin dövrün bazar qiymətlərini əks etdirmir. Həmçinin, hərrac təşkilatı olaraq hərrac keçirilərkən hərrac xərcləri əmələ gəlmişdir ki, qiymətləndirmə rəyinin və həmin rəy əsasında keçirilmiş hərracın nəticələrinin ləğvi ilə bu xərclərin qarşılanması Cavabdeh2 MMC-nin öz üzərində qalır. Cavabdeh2 MMC tərəfindən hərracın keçirilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş bütün prosessual hərəkətlər həyata keçirilmiş, qanunvericiliyin heç bir tələbi pozulmamışdır. Nəsimi rayon icra və probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli Cavabdeh2 MMCyə daxil olan sifariş məktubuna əsasən açıq hərracda satışı təşkil olunan İddiaçı MMC-yə məxsus daşınar əmlaklar Cavabdeh1 MMC-nin ekspert rəyinə əsasən ilkin, təkrar və növbəti hərraclarda da satıla bilmədiyi halda, hal-hazırkı Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən qoyulan yüksək qiymətlə necə alına bilər? Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları bildirir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-252/2016 nömrəli iş üzrə xx.xx.2016-cı il tarixli qətnaməsi ilə “Holçim (Azərbaycan)” ASC-nin İddiaçı MMC-yə qarşı iddiası təmin olunaraq, cavabdehdən 312.933,3 manat əsas borcun, 16.244,10 manat cərimə və 30 manat dövlət rüsumunun tutulub, iddiaçıya ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və xx.xx.2017-ci il tarixdə iş üzrə icra vərəqəsi verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-500/2017 nömrəli iş üzrə xx.xx.2017-ci il tarixli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017ci il tarixli 2-2(81)-252/2016 nömrəli icra vərəqəsinin icrası ilə bağlı Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin təqdimatı təmin edilərək, İddiaçı MMC-nin təqdim etdiyi siyahıya əsasən mülkiyyətində olan 4 ədəd qaynaq aparatının, 3 ədəd generatorun, 3 ədəd Zip- Zipler, 1 ədəd yarımqoşqu, 1 ədəd X7 Mersedes Benz avtomaşını, 1 ədəd “Liebbherr LTM 1040” markalı avtokran, 1 ədəd MAZ markalı avtomobil, 1 ədəd “Qutlinq” markalı avtomobil, 2 ədəd kondisioner, 1 dəst ofis mebelindən ibarət əmlaklar üzərinə həbs qoyulmuş, qərardadın icrası Bakı şəhəri Nəsimi rayon icra şöbəsinə həvalə edilmişdir. Cavabdeh1 MMC-nin xx.xx.2017-ci il tarixli QR 97/5 nömrəli Qiymətləndirmə hesabatı ilə İddiaçı MMC-yə məxsus “Mersedes Benz” markalı **-JE-*** dövlət qeydiyyat nişanlı X6 bazar qiyməti 40.000 manat müəyyən edilmişdir. Cavabdeh2 MMC-nin Hərrac təşkilatının Hərracın yekunları barədə xx.xx.2018-ci il tarixli 290 nömrəli protokoluna əsasən İddiaçı MMC-yə məxsus “Mersedes Benz” markalı **-JE-*** dövlət qeydiyyat nişanlı X7 avtomobili 40.000 manata X1. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə iddiaçının vəsatəti təmin edilərək, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 13956 nömrəli rəyinə əsasən, əmlakların orta bazar qiyməti aşağıdakı kimi müəyyən edilmişdir: - 4 ədəd qaynaq aparatı - 6.400 manat (4 x 1.600 manat), 3 ədəd generator - 1.500 manat (3 x 500 manat), 3 ədəd Zip-Zipler - 4.500 manat (3 x 1.500 manat), 2013-cü il buraxılışlı **-ZH-*** dövlət qeydiyyat nişanlı “Silobas Trailer” yük yarımqoşqusu (Lider) - 35.000 manat, 2006-cı il buraxılışlı “Mersedes-Benz 3236 Xüsusi” markalı **-JE-*** dövlət qeydiyyat nişanlı X7 - 150.000 manat, 1990-cı il buraxılışlı “Liebherr LTM 1040” markalı **- JN-*** dövlət qeydiyyat nişanlı avtokran - 67.000 manat, 1990-cı il buraxılışlı MAZ markalı **-AV-*** dövlət qeydiyyat nişanlı yük avtomobili - 5.000 manat, 2008-ci il buraxılışlı “Outlinq” markalı **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobil - 9.000 manat, 1 ədəd “LG” markalı kondisioner - 400 manat, 1 ədəd “Şarp” markalı kondisioner - 400 manat, 1 ədəd “LG” markalı kompyuter - 250 manat, 1 ədəd “HP” markalı kompyuter - 250 manat, 1 dəst ofis mebeli (qabaq stolu - 3 ədəd, stul - 7, kreslo - 1, tumba - 1) - 600 manat. Bakı Apellyasiya Məhkəməsi KK-nın xx.xx.2020-ci il tarixli qərardadı ilə X4 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur. Üçüncü şəxs S.Məmmədovun məhkəmə kollegiyasına ünvanladığı xx.xx.2020-ci il tarixli ərizəsinə qoşulan xx.xx.2019-cu il tarixli CMR 002174 nömrəli Beynəlxalq daşıma sənədindən görünür ki, 2006-cı il buraxılışlı “Mersedes-Benz 3236” markalı avtomobil, göndərən və alan qismində üçüncü şəxs, FCA Baku təminatı və yükləmə yeri Bakı şəhəri olmaqla, Gürcüstanın Tbilisi şəhərinə göndərilmişdir. AR DİN Baş dövlət yol polisi idarəsinin məhkəmə kollegiyasına ünvanlanan xx.xx.2020-ci il tarixli 9601-1220 nömrəli məktubunda göstərilmişdir ki, “Mersedes-Benz 3236 Xüsusi” markalı **-JE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2018-ci il tarixdə X2 adına rəsmiləşdirilmiş, həmin gün komisyon mağazada satılması üçün S.Məmmədovun adından çıxarılmışdır. Nəqliyyat vasitəsi hazırda hər hansı şəxsin adında qeydiyyatda deyil. Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik aktlarının müddəaları tətbiq olunmalıdır. «İcra haqqında» AR Qanununun: 51.1-ci maddəsinə görə, borclunun əmlakının «İpoteka haqqında» AR Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi «Qiymətləndirmə fəaliyyəti haqqında» AR Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir; 53.2-ci maddəsinə əsasən, borclunun əmlakı Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. «Qiymətləndirmə fəaliyyəti haqqında» AR Qanununun: 7-ci maddəsinə görə, əsasən qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər; 8-ci maddəsinə əsasən, qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 415.2-ci maddəsinə görə, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir; 416.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; 416.2-ci maddəsinə görə, hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, iş üzrə keçirilən mübahisəli hərracın iddiaçının iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayılması üçün şərtlər mövcuddur. Belə ki, hərracın keçirilməsinə otuz gün qalmış iddiaçıya rəsmi qaydada bildirilməsi iş materialları təsdiqini tapmır, iddiaçı faktı qəti təkzib edir, Cavabdeh2 MMC hərracın keçirilməsini iddiaçıya bildirdiyini konkret dəlillə ifadə etmir və bununla bağlı Məhkəməyə də heç bir dəlil təqdim etmir. Bundan əlavə, məhkəmə kollegiyasının mötəbər sübut kimi qəbul etdiyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 13956 nömrəli rəyi ilə təsdiq olunur ki, 2006-cı il buraxılışlı “Mersedes-Benz 3236 Xüsusi” markalı **-JE-*** dövlət qeydiyyat nişanlı X7 avtomobilinin orta bazar qiyməti 150.000 manatdır (MPM-101.2). MPM-in 14.2 və 77.1-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hallar sübuta yetmir. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirir, cavabdehin iddiaya etirazlarının əsasları iş üzrə təsdiqini tapmır. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayəti ilə razılaşmır və onun dəlillərini əsaslı saymır. Belə ki, cavabdeh birinci instansiya məhkəməsinə öz etirazının əsasları ilə bağlı heç bir mötəbər sübut təqdim etməmiş, bu sənədləri apellyasiya şikayətinə də əlavə etməmişdir. Apellyasiya şikayətinin dəlilləri konkret sübutlara istinad etməyən mülahizələrdən ibarətdir və və qanuni əsaslara malik deyil. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur. Bununla bağlı olaraq, qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir (MPM-384.0.1). Göstərilənlərə əsasən və MPM-in 384, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-171/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh2 MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Həmid Həmidov
Məhkəmə qərarları › İş №2-2(103)-53/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-53/2020
27.02.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver