Məhkəmə qərarları › İş №2-2(103)-53/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-53/2024

12.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-53/2024 12.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Cavabdehnə qarşı “müqavilə üzrə borcun və ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, cavabdehin nümayəndəsi Nümayəndə5 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2851/2023 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə Cavabdeh MMC arasında 03 mart 2021-ci il tarixli, **********088 saylı ‘‘Avadanlıqların xidmət və icarə müqaviləsi” barədə müqavilə bağlanmışdır.

2. Müqavilənin 1.1-ci bəndinə əsasən icarəyə verən mülkiyyətində olan və bu Müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edən Əlavədə göstərilən icarə obyektini icarəçinin yazılı sifarişi əsasında icrəçiyə verməyi, icarəçi isə hesablanmış icarə haqqını müqavilənin şərtlərinə əsasən ödəməyi öhdəsinə götürür.

3. Müqavilənin 1.2-ci bəndinə əsasən bu müqaviləyə əsasən icarəyə verən tərəfindən icarəçiyə veriləcək icarə obyektinin siyahısı, təsviri və həmin icarə obyektinin icarə qiyməti icarəçi tərəfindən verilən və icarəyə verən tərəfindən təsdiq edilən bu müqaviləyə əlavə olunmuş 01 saylı X1 Protokolundan təsbit edilir.

4. Müqavilənin 1.3-cü bəndinə əsasən icarəyə verən bu müqaviləyə əsasən icarə obyektini tam saz halda təhvil-təslim aktının tərtib edilməsi yolu ilə icarəçiyə təhvil verir və onun imzalandığı tarixdən etibarən icarə obyekti icarəçinin icarəsinə verilmiş hesab edilir.

5. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqaviləyə müvafiq olaraq icarəyə verən tərəfindən ay ərzində icarəçiyə icarəyə verilmiş icarə obyekti müqabilində icarəçi icarəyə verən tərəflərlə imzalanan qiymət razılaşdırma protokoluna müvafiq olaraq hesablanmış icarə haqqı ödəyir.

6. Müqavilənin 2.2-ci bəndinə əsasən icarəyə verən hər ay bu müqavilənin 2.1-ci bəndinə uyğun olaraq icarə haqqı üçün hesab-fakturanı həmin ay başa çatdıqdan sonra 5 gün ərzində təqdim edir. Hesab-faktura tərəflərlə imzalanan təhvil-təslim aktı ilə müşayiət olunur.

7. Müqavilənin 2.3-cü bəndinə əsasən İcarəçi icarəyə verilən hesab-fakturalarının tam məbləğini, yaxud onun mübahisə edilməyən hissəsini, onların təqdim edildiyi tarixdən 15 təqvim günündən gec olmayaraq ödəməlidir.

8. Müqavilənin 5.7-ci bəndinə əsasən icarəçi bu müqavilə üzrə müəyyən olunmuş ödəniş öhdəliyini bu müqavilədə nəzərdə tutulmuş müddətdə yerinə yetirməzsə, icarəyə verən ödənişin gecikdirildiyi hər təqvim günü üçün gecikdirilən ödənişin 0.1%-i həddində cərimə ödənilməsini tələb edə bilər.

9. Müqaviləyə 1 saylı əlavədə qeyd olunmuş qiymətlərin razılaşdırılması protokolu ilə Terex AC 160-2 mobil kranın 1 aylıq icarə haqqı 17.000 manat müəyyən edilmişdir.

10. Müqaviləyə xx.xx.2022-ci il tarixli, 02 saylı əlavə razılaşma bağlanmış və müqaviləyə aid əlavə № 01-də qiymətlərin razılaşdırılması protokoluna yeni icarə obyektləri əlavə edilərək Terex AC100-100tn texnikasının 1 aylı icarə haqqı 15300 manat, Terex RT45-45tn texnikasının 1 aylıq icarə haqqı 8500 manat və Terex AC160-160tn texnikasının bir aylıq icarə haqqı 15300 manat müəyyən edilmişdir.

11. Müqaviləyə xx.xx.2022-ci il tarixli, 03 saylı əlavə razılaşma bağlanmış və müqaviləyə aid əlavə № 01-də qiymətlərin razılaşdırılması protokoluna yeni icarə obyektləri əlavə edilərək Terex AC100-100tn texnikasının 1 aylıq icarə haqqı 16150 manat müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

12. İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi, daha sonra isə iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, ”Prokon”MMC-dən ”Heavy Crane FZE” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının xeyrinə tərəflər arasında bağlanmış 03 mart 2021-ci il tarixli, **********088 saylı “Avadanlıqıların xidmət icarə müqaviləsi” üzrə 160700,47 manat əsas borcun, cərimə kimi 38300 manat, mediasiya xərcləri üçün 500 manat, dövlət rüsumuna görə 500 manat olmaqla, ümumilikdə 200000 manat məbləğində pulun tutulması barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdr.

13. İddiaçı bildirir ki, o, tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliklərini tam olaraq yerinə yetirmiş, lakin cavabdeh 03 mart 2021-ci il tarixindən hazıra kimi 160700,47 manat məbləğində pulu ödəməmişdir. Bununla əlaqədar cavabdehə dəfələrlə şifahi və yazılı müraciət olunsa da, cavabdeh tərəfindən həmin borc ödənilməmişdir. Bu barədə 10 mart 2023-cü il tarixdə cavabdehə pretenziya məktubu və mediasiya təklifi göndərilmiş, pretenziya məktubu ilə 7 gün, mediasiya təklifi ilə 10 gün müddətində mübahisənin sülh yolu ilə həll edilməsi bildirilmiş, 20 mart 2023-cü il tarixdə Mediasiya Təşkilatında baxılması üçün və işin sülh yolu ilə həll olunması üçün mediasiya ərizəsi ilə müraciət edilmişdir. Lakin tərəflər arasında olan bu mübahisə cavabdeh tərəfindən sülh yolu ilə həll olunmamış, eyni zamanda mübahisənin sülh yolu ilə həll olunmaması barədə Mediasiyanın Qərarı da qəbul edilmişdir. Azərbaycan Respublikası Statistika Komitəsinin hesabatına əsasən 2022-ci ildə Azərbaycan Respublikasında inflyasiya həddi 13,9 faiz olmuşdur. Cavabdehin borcu 13 fevral 2022-ci il tarixdən yaranıb. Bu müddətdən aylar üzrə borc müqavilədə göstərilən qaydada hər gecikdirilən gün həmin müddətdən başlayaraq hazıra qədər 0,1 faiz hesablansa, cavabdehin borcu hal hazırkı, iddia üzrə daha böyük məbləğdə yaranır. İddiaçı isə bu dəymiş ziyanı müqavilədə göstərildiyi kimi xx.xx.2022-ci il tarixdən deyil, daha sonrakı tarixdən, yəni yalnız borcun ümümi məbləği olan 160700,47 manat və maliyyə arayışında göstərildiyi kimi ödənməli olduğu xx.xx.2022-ci il tarixindən hesablamaqla bu dəymiş ziyanı cavabdehdən tələb edir. 03 mart 2021-ci il tarixli müqavilənin 5.7-ci bəndinə əsasən icarəçi bu Müqavilə üzrə müəyyən olunmuş ödəniş öhdəliyini bu Müqavilədə nəzərdə tutulan qaydada yerinə yetirməzsə, İcarəyə verən gecikdirilən hər gün üçün ödənişin 0,1 faizi məbləğində cərimə ödənilməsini tələb edə bilər. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən icarəci, icarəyə verənin hesab fakturalarını, onların təqdim edildiyi gündən 15 gün müddətində ödəməlidir. Digər gecikdirmələri və buna görə cərimlər nəzərə alınmazsa belə, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinə qədər, ən azı 240 gün gecikdirməyə görə cavabdeh, iddiaçıya dəymiş ziyanın əvəzini ödəməyə borcludur. Eyni zamanda müqavilənin 2.3-cü və 5.7-ci bəndlərinə əsasən iddiaçı cavabdehdən gecikdirilən 240 gün üçün, ümumi məbləğin 0,1 fazi (160 manat) olan 38.400 manat (240 gün X 160 manat = 38. 400 manat) cərimə tələb etmək hüququ yaranır.

14. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2851/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh MMC-dən 03 mart 2021-ci il tarixli **********088 nömrəli X2 üzrə 160.700,47 manat əsas borc məbləği, 8035 manat məbləğində dəbbə pulu, cəmi 168.735,47 manat və ödənilmiş mediasiya xərcinin və dövlət rüsumunun əvəzi olaraq 459 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialına ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

15. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

16. Apellyasiya şikayəti onunla əsalandırılmışdır ki, xx.xx.2023-cü il tarixində Cavabdeh MMC-nin yeni baş direktorunun təyinatı ilə bağlı təhvil-təslim gedişatında daxili təftiş aparılmış və “Heavy Crane ”şirkətinin Azərbaycan Respublikasındakı filialından irəli sürülən 160.700,47 manat borc məbləğinə dair göstərilmiş xidmətlərə aid təhvil-təslim aktları da daxil olmaqla bəzi ödəniş sənədlərində uyğunsuzluqlar aşkar edilmişdir. Bu səbəbdən lazımi vaxt daxilində sübutları məhkəməyə təqdim etmək mümkün olmamışdır. Bu zaman cavabdeh baş direktorun dəyişilməsi ilə bağlı şirkətdə daxili təftiş aparıldığına görə və cari ödəniş məsələlərinin aydınlaşdırılması məqsədi ilə məhkəmədən Mülki Prosessual Məcəllənin 132-ci maddəsini nəzərə alaraq işin baxılması müddətini 1 (bir) ay müddətinə uzadılmasını xahiş etmişdir. Lakin məhkəmə bu xahişi nəzərə almamışdır. Bu səbəbdən sübutları məhkəməyə təqdim etmək mümkün olmamış və bu məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların tam aydınlaşdırılmasına mane olmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə5 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi Nümayəndə6 isə apellyasiya şikayətinə etiraz etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

19. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanunun 1.1-ci maddəsinə əsasən bu Qanun xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq normalarını müəyyən edir.

20. Həmin Qanunun 1.3-cü maddəsinə əsasən tətbiq ediləcək hüququ müəyyən etmək barədə tərəflərin razılığı aydın ifadə olunmalı və ya bütövlükdə götürülməklə müqavilənin şərtlərindən və işin hallarından bilavasitə irəli gəlməlidir.

21. Mülki Məcəllənin 6.1, 6.1.2 və 6.1.5-ci maddələrinə əsasən mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərinə aiddir.

22. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 23.Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 24.Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir.

25. Həmin Məcllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

26. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur;.

27. Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 28.Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 29.Həmin Məcəllənin 78.1-1-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər. Bununla belə bu qaydada təqdim olunmuş yazılı sübutun həqiqiliyi şübhə doğurarsa, məhkəmə həmin yazılı sübutun əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edə bilər. 30.Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 31.Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

32. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.

33. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən tərəflər arasında ayrı şərt müəyyən edilməyibsə, mediasiya qapalı keçirilir.

34. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən tərəflər arasında ayrı şərt müəyyən edilməyibsə, həmçinin barışıq sazişinin təsdiqi və icrası məqsədilə tələb olunan hallar istisna olmaqla, mediasiya zamanı əldə olunan bütün məlumatların (o cümlədən, tərəflərdən birinin mediasiyanın həyata keçirilməsi barədə təşəbbüsü, mediasiyaya və mübahisənin mümkün həll variantına razılıq verməsi, tərəflərdən birinin və ya mediatorun mübahisənin mümkün həllinə dair rəy və ya təklifləri, mediasiya zamanı tərəflərdən birinin verdiyi bəyanatları və ya etdiyi etirafları, mediasiyanın həyata keçirilməsi məqsədi ilə tərtib olunmuş sənədlər və s.) konfidensiallığı mediasiya iştirakçıları və mediasiyada iştirak edən digər şəxslər tərəfindən qorunur.

35. Həmin Qanunun 8.3-cü maddəsinə əsasən mediasiya iştirakçılarının və mediasiyada iştirak edən digər şəxslərin onlara mediasiya zamanı məlum olan məlumatları məhkəmə və arbitraj (münsiflər məhkəməsi) proseslərində, başqa mediasiya zamanı və ya hər hansı digər hallarda açıqlamaq və ya onlara istinad etmək hüququ yoxdur (həmin məlumatı verən tərəfin yazılı razılığı olduğu hallar istisna olmaqla) və belə məlumatlarla bağlı həmin şəxslər şahid qismində iştirak edə bilməzlər.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

36. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının həddində iddia əsaslıdır.

38. İlk olaraq kollegiya qeyd edir ki, iddiaçı xarici hüquqi şəxsin filialı olduğundan tərəflər arasında olan münasibətlər xarici elementli mülki hüquqi münasibətlərdir.

39. Bu baxımdan, hazırki iş üzrə tətbiq olunmalı hüquq normaları “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun müəyyən edilməlidir.

40. Tərəflər arasında bağlanmış müqavilənin 9.1-ci bəndində müəyyən edilmişdir ki, bu müqavilə üzrə tərəflər arasında yaranan və müqavilə üzrə tənzimlənməyən hüquqi münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.

41. Müqavilənin qeyd olunan şərtini və “Beynəlxalq xüsusi hüquq haqqında” Qanunun 1.3-cü maddəsinin tələblərini nəzərə alaraq kollegiya qeyd edir ki, hazırki mübahisə üzrə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq olunmalıdır.

42. Mübahisənin mahiyyətinə dair kollegiya qeyd edir ki, iddiaçı tərəfindən irəli sürülmüş icarə haqqının ödənilməsi barədə iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 700.1-ci maddəsi təşkil edir.

43. Hazırki işin halları da ondan ibarətdir ki, iddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəliyi icra edərək cavabdehə müqavilə üzrə verilməli olan əmlakları icarəyə vermiş, lakin cavabdeh müqavilə tələblərini pozaraq, icarə haqlarını tam olaraq iddiaçıya ödəməmişdir.

44. Belə ki, iş materiallarında olan 21 iyun 2022-ci il tarixli 88/12 saylı təhvil-təslim aktına əsasən icarəyə verən İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə icarəçi Cavabdeh MMC arasında bağlanmış 03 mart 2021-ci il tarixli, **********088 saylı müqaviləyə əsasən 2022-ci ilin may ayında icarəçinin tapşırığına uyğun olaraq Heydər Əliyev adına X5 yenidənqurma və modernizasiya işləri layihəsində bir ədəd 160 tonluq, iki ədəd 100 tonluq, dörd ədəd 45 tonluq mobil kran icarəyə verilmişdir. Hesablanmış aylıq icarə haqqı ƏDV xaric 62716,84 manat təşkil edir.

45. 08 iyul 2022-ci il tarixli 88/13 saylı təhvil-təslim aktına əsasən icarəyə verən İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə icarəçi Cavabdeh MMC arasında bağlanmış 03 mart 2021-ci il tarixli, **********088 saylı müqaviləyə əsasən 2022-ci ilin iyun ayında icarəçinin tapşırığına uyğun olaraq Heydər Əliyev adına X5 yenidənqurma və modernizasiya işləri layihəsində bir ədəd 45 tonluq mobil kran icarəyə verilmişdir. Hesablanmış aylıq icarə haqqı ƏDV xaric 8826,84 manat təşkil edir.

46. 08 avqust 2022-ci il tarixli 88/14 saylı təhvil-təslim aktına əsasən icarəyə verən İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə icarəçi Cavabdeh MMC arasında bağlanmış 03 mart 2021-ci il tarixli, **********088 saylı müqaviləyə əsasən 2022-ci ilin iyul ayında icarəçinin tapşırığına uyğun olaraq Heydər Əliyev adına X5 yenidənqurma və modernizasiya işləri layihəsində bir ədəd 45 tonluq mobil kran icarəyə verilmişdir. Hesablanmış aylıq icarə haqqı ƏDV xaric 8500 manat təşkil edir.

47. 07 sentyabr 2022-ci il tarixli 88/15 saylı təhvil-təslim aktına əsasən icarəyə verən İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə icarəçi Cavabdeh MMC arasında bağlanmış 03 mart 2021-ci il tarixli, **********088 saylı müqaviləyə əsasən 2022-ci ilin iyun ayında icarəçinin tapşırığına uyğun olaraq Heydər Əliyev adına X5 yenidənqurma və modernizasiya işləri layihəsində bir ədəd 45 tonluq mobil kran icarəyə verilmişdir. Hesablanmış aylıq icarə haqqı ƏDV xaric 4249,96 manat təşkil edir.

48. “Heavy Crane” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən Cavabdeh MMC-yə xx.xx.2022-ci il tarixli, PR012 saylı invoysa və xx.xx.2022-ci il tarixli 420825 saylı elektron qaiməyə əsasən Terex AC160-2 texnikasının aprel ayı üzrə 10589,44 manat və xx.xx.2022-ci il tarixli PR013 saylı invoysa və xx.xx.2022-ci il tarixli 421415 saylı elektron qaiməyə əsasən aprel ayı üzrə 15241,84 manat;

49. xx.xx.2022-ci il tarixli, PR014 saylı invoysa və xx.xx.2022-ci il tarixli 421652 saylı elektron qaiməyə əsasən Terex AC100/4Ls/n 10297; H028 894 texnikasının aprel ayı üzrə 12047,65 manat;

50. xx.xx.2022-ci il tarixli, PR015 saylı invoysa və xx.xx.2022-ci il tarixli 421751 saylı elektron qaiməyə əsasən Terex A600s/n 507432, H029 804 texnikasının aprel ayı üzrə 2546,04 manat;

51. xx.xx.2022-ci il tarixli, PR016 saylı invoysa və xx.xx.2022-ci il tarixli 422040 saylı elektron qaiməyə əsasən Terex A600s/n 507617, H029 662 texnikasının aprel ayı üzrə 9952,69 manat;

52. xx.xx.2022-ci il tarixli, PR017 saylı invoysa və xx.xx.2022-ci il tarixli 422260 saylı elektron qaiməyə əsasən Terex A600s/n 507678, H029 663 texnikasının aprel ayı üzrə 10184,13 manat;

53. 21.06.2022-ci il tarixli, PR018 saylı invoysa və xx.xx.2022-ci il tarixli 442355 saylı elektron qaiməyə əsasən Terex A600s/n 507678, H029 663 texnikasının may ayı üzrə 15006,07 manat;

54. 21.06.2022-ci il tarixli, PR019 saylı invoysa və xx.xx.2022-ci il tarixli 442563 saylı elektron qaiməyə əsasən Terex AC100/4Ls/n 10297; H028 894 7 texnikasının may ayı üzrə 694,38 manat;

55. 21.06.2022-ci il tarixli, PR020 saylı invoysa və xx.xx.2022-ci il tarixli 443345 saylı elektron qaiməyə əsasən Terex A600s/n 507617, H029 662 texnikasının may ayı üzrə 8216,73 manat;

56. 21.06.2022-ci il tarixli, PR021 saylı invoysa və xx.xx.2022-ci il tarixli 445042 saylı elektron qaiməyə əsasən Terex AC160-2 texnikasının may ayı üzrə 18193,12 manat;

57. 21.06.2022-ci il tarixli, PR022 saylı invoysa və xx.xx.2022-ci il tarixli 447733 saylı elektron qaiməyə əsasən Terex AC160-2 texnikasının may ayı üzrə 23331,67 manat;

58. 21.06.2022-ci il tarixli, PR023 saylı invoysa və xx.xx.2022-ci il tarixli 448422 saylı elektron qaiməyə əsasən Terex RC45 s/n 408208 texnikasının may ayı üzrə 6905,11 manat;

59. 21.06.2022-ci il tarixli, PR024 saylı invoysa və xx.xx.2022-ci il tarixli 448826 saylı elektron qaiməyə əsasən Terex A600s/n 507432 texnikasının may ayı üzrə 1658,79 manat;

60. 08.07.2022-ci il tarixli, PR025 saylı invoysa və xx.xx.2022-ci il tarixli 011775 saylı elektron qaiməyə əsasən Terex A600s/n 507678, H029 663 texnikasının iyun ayı üzrə 10415,67 manat;

61. 03.08.2022-ci il tarixli, PR026 saylı invoysa və xx.xx.2022-ci il tarixli 494191 saylı elektron qaiməyə əsasən Terex A600s/n 507678, H029 663 texnikasının iyun ayı üzrə 10030 manat;

62. xx.xx.2022-ci il tarixli, PR027 saylı invoysa və xx.xx.2022-ci il tarixli 372677 saylı elektron qaiməyə əsasən Terex A600s/n 507678, H029 663 texnikasının avqust ayı üzrə 5014,96 manat;

63. xx.xx.2023-cü il tarixli, PR028 saylı invoysa və xx.xx.2023-cü il tarixli 031389 saylı elektron qaiməyə əsasən “Terex R100s/n, H 029810 texnikasının dekabr ayı üzrə 672,19 manat məbləğində icarə haqqının ödənilməsi tələb edilmişdir.

64. İşin apellyasiya baxışı zamanı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixli 9/9276 saylı rəyi verilmişdir.

65. Həmin rəydə qeyd olunmuşdur ki, Cavabdeh MMC ilə İddiaçı Azərbaycan Filialı arasında xx.xx.2021-ci il tarixli **********88 saylı X2 və həmin müqaviləyə aid əlavə və razılaşmaların şərtləri nəzər alındıqda, İcarəçinin icarəyə verənə olan borcu 160.700,47 manat məbləğində, "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli 29/T/23 nömrəli “Texnikaların icarə dəyərlərinin qiymətləndirmə rəyi” məlumatlarında göstərilmiş texnikaların icarə haqları nəzərə alındıqda isə, Cavabdeh MMC-in İddiaçı Azərbaycan Filialına olan borcu 112.284,53 manat (ƏDV daxil) məbləğində müəyyən olunur.

66. Göründüyü kimi tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə cavabdeh tərəfindən ödənilməyən icarə haqqı borcunun 160700,47 manat təşkil etməsi həm yuxarıda istinad olunan yazılı sənədlər, həm də ekspert rəyi ilə təsdiq olunur.

67. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən müqavilə üzrə ödənilməli olan, lakin ödənilməyən 160028,29 manat məbləğində icarə haqqının ödənilməsini tələb etməkdə haqlıdır.

68. Cərimə borcunun tutulması hissəsində kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 5.7-ci bəndinə əsasən icarəçi müqavilə üzrə müəyyən olunmuş ödəniş öhdəliyini müqavilədə nəzərdə tutulmuş müddətdə yerinə yetirməzsə, icarəyə verən ödənişin gecikdirildiyi hər təqvim günü üçün gecikdirilən şdənişin 0,1 faizi həddində cərimə ödənilməsini tələb edə bilər.

69. Mülki Məcəllənin 462.1-ci maddəsinin tələblərini, cavabdeh tərəfindən ödənişlərin gecikdirildiyi müddəti, tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçı 8035 manat məbləğində cərimə pulunun tutulmasını tələb etməkdə haqlıdır.

70. Cavabdehin dəlillərinə dair qeyd edilir ki, tərəflər arasında bağlanmış xx.xx.2021ci il tarixli müqavilənin cavabdehin nümayəndəsinin iddiaçı ilə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanması və ona görə də, Mülki Məcəllənin 339.1-ci maddəsinə əsasən etibarsız hesab edilməsi üçün əsaslar mövcüd deyil. Çünki cavabdeh tərəfindən bu halı təsdiq edən sübutlar təqdim edilməmişdir. Cavabdehin təqdim etdiyi "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 29/T/23 nömrəli “Texnikaların icarə dəyərlərinin qiymətləndirməsi” rəyi isə bu halı təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Belə ki, həmin rəydə hər hansı mənbəyə istinad olunmayıb və qiymətləndiricinin hansı məlumatlar əsasında icarə qiymətlərini müəyyən etməsi məlum deyil. Eyni zamanda, müqavilədə müəyyən edilən icarə qiymətləri ilə qiymətləndirmə rəyində müəyyən edilən qiymətlər arasında kəskin fərqlər mövcüd deyil. Həmin fərqlərə dair kollegiya qeyd edir ki, tərəflər Mülki Məcəllənin 6.1.2, 6.1.5, 390.1-ci maddələrinə əsasən öz iradələrinə uyğun və azad surətdə müqavilə bağlamış və onun məzmununu müəyyən etmişlər. Mülki Məcəllənin 398.1-ci maddəsində isə müəyyən edilmişdir ki, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Bu baxımdan kollegiya qeyd edir ki, hazırki mübahisə üzrə cavabdehin ödəməli olduğu icarə haqqı borcu qiymətləndirmə rəyinə deyil, tərəflər arasında bağlanmış müqavilədəki qiymətlərə əsasən müəyyən edilməli və bununla bağlı cavabdehin dəlilləri əsassız hesab edilməlidir. 71.Bu baxımdan kollegiya hesab edir ki, baxılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə mahiyyəti üzrə düzgündür.

72. Bununla yanaşı, kollegiya qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların tələbləri pozulmuşdur.

73. Belə ki, iş materiallarında olan invoyslar, elektron qaimələr və təhvil-təslim aktları birinci instansiya məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edilməmiş və bununla da, Mülki Prosessual Məcəllənin 78.1-1-ci maddəsinin tələbləri pozulmuşdur. 74.Habelə həmin sənədlərin elektron məhkəmə icraatı materiallarına əlavə edilməməsinə baxmayaraq, birinci instansiya məhkəməsi onları sübut kimi qiymətləndirmiş və bununla da, Mülki Prosessual Məcəllənin 217.5-ci maddəsinin tələblərini pozmuşdur. 75.Eyni zamanda, birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi ilə üzərinə düşən vəzifəni tam icra etməyərək iddiaçıya yazılı sübutların təqdim edilməsi ilə bağlı qaydanı izah etməmiş və prosessual hüquqlarının həyata keçirilməsinə kömək göstərməmişdir. 76.Bu baxımdan, apellyasiya icraatında qeyd olunan hallar iddiaçının diqqətinə çatdırılmış, həmin sənədlər “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edilmiş və Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsinə əsasən sübut kimi qəbul edilmişdir. 77.Bundan əlavə, iddiaçının yazılı sübut kimi təqdim etdiyi sənədlərdən biri - Cavabdeh MMC-nin İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialına ünvanladığı xx.xx.2023-cü il tarixli məktubudur.

78. Həmin məktubun məzmunundan müəyyən edilir ki, o, iddiaçının xx.xx.2023-cü il tarixli mediasiya təklifinə cavab olaraq göndərilmişdir.

79. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 8.2 və 8.3-cü maddələrində isə imperativ qaydada müəyyən edilmişdir ki, mediasiya zamanı əldə olunan bütün məlumatların konfidensiallığı mediasiya iştirakçıları tərəfindən qorunur və mediasiya zamanı məlum olan məlumatlara məhkəmə prosesində istinad edilə bilməz.

80. Birinci instansiya məhkəməsi isə qanunun bu tələbini nəzərə almamış və həmin məktubu sübut kimi qəbul etmişdir.

81. Kollegiya qeyd edir ki, həm Azərbaycanda, həm də roman german hüquqsisteminin formalaşdığı bir çox ölkələrdə mövcud məhkəmə təcrübəsinə əsasən tərəflərin barışıq və mediasiya zamanı sərgilədikləri mövqe və izahatlardan sonradan məhkəmə baxışı zamanı onların əleyhinə “istifadə etmək” yolverilməz haldır.

82. Bununla yanaşı, iddiaçının istinad etdiyi hallar Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsinə əsasən qəbul edilmiş yeni sübutlar və iş üzrə keçirilmiş məhkəmə ekspertizası rəyi ilə təsdiq olunduğundan və ona görə də, məhkəmənin gəldiyi nəticə mahiyyəti üzrə düzgün olduğundan kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin yol verdiyi prosessual pozuntular qətnamənin ləğv edilməsi üçün əsas deyil.

83. Belə ki, Mülki Prosessual Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.

84. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

85. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2851/2023 saylı qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 295 manat məbləğində dövlət rüsumu cavabdehin özünə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 50 manat Cavabdeh MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar