Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-532/2020 08.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, iddiaçı “xxxxxxxxxxxxxxx” MMC-nin Cavabdeh MMC-yə qarşı müqavilə üzrə borcların, dəbbə pulunun, maddi ziyanın və əldən çıxmış faydanın ödənilməsinə dair kommersiya mübahisəsi üzrə iddianı təmin etmə tədbirinin tətbiq edilməsi barədə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2030/2020-ci il tarixli xx xxxxxx 2020-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxxxxxx” MMC iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-dən iddiaçının xeyrinə avadanlıqların alqısatqısından yaranmış 248,671.92 manat, xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr ərzində təmir işlərinə dair aktlar üzrə yaranmış 195,059.06 manat, cəmi 444,059.06 manat ödənilməmiş əsas borcların, bu borclara pretenziya verilən tarixədək hesablanmış cəmi 31,664.33 manat dəbbə pulunun, 12,854.22 manat uçot dərəcəsinə hesablanmış faizlər, cəmi 488577,61 manat və əsas borcun ödənilməməsi nəticəsində iddiaçıya vurulmuş ziyanın əvəzi olaraq hesablanmış 61,058 ABŞ dollarının ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı eyni zamanda iddianı təmin etmə tədbirinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, daha sonra ərizədəki tələbin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək “AzərYod” Məhdud Məsuliyyətli Cəmiyyətinin “Yelo Bank” (Nikoil), “Beynəlxalq Bank”, “Pasha Bank”, “Access Bank”, “Unibank”, “xxxxxxxxxxxx” banklarda olan hesablarının üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2030/2020-ci il tarixli xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş və işə mahiyyəti üzrə baxılıb qurtaranadək Cavabdeh MMC-nin “Yelo Bank” (Nikoil), “Beynəlxalq Bank”, “Pasha Bank”, “Access Bank”, “Unibank”, “xxxxxxxxxxxx” hesablarındakı pul vəsaitinin üzərinə (əmək haqqı ödənişlərinin edilməsinə mane olmadan) “xxxxxxxxxxxxxxx” MMC-nin iddia tələbi həcmində həbs qoyulması qərara alınmışdır. Cavabeh Cavabdeh MMC həmin qərardaddan şikayət verərək xx xxxxxx 2020-ci il tarixli, e-2-2(113)-2030/2020 saylı qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC böyük istehsal gücünə malik olan hüquqi şəxsdir. O, öz öhdəliklərini, o cümlədən məhkəmə qətnamələrindən irəli gələn öhdəlikləri icra etmək iqtidarındadır. Məhkəmənin qərardadı ilə Cavabdeh MMC-nin bank hesabındakı pul vəsaitinin üzərinə həbs qoyulması, cavabdeh tərəfindən elektrik enerji haqlarının ödənilməsində çətinlik yaradacaqdır və bu hal müəssisənin fəaliyyətinin dayanmasına səbəb olacaqdır. Bu isə çoxlu sayda işçinin işinin dayanmasına, onlara əmək haqqı ödənilməsinin mümkün olmamasına, habelə Cavabdeh MMC-nin kontragentləri qarşısında öz müqavilə öhdəliklərini icra edə bilməməsinə səbəb olacaq. Qeyd olunduğu kimi, xx.xx.2020-ci il tarixli qərardad ilə cavabdehin hesablarındakı pul vəsaitinin üzərinə (əmək haqqı ödənişlərinin edilməsinə mane olmadan) həbs qoyulmuşdur. Lakin xx.xx.2020-ci il tarixində cavabdeh X5 filialında bank vasitəsi ilə əmək haqqı ödənişləri icra edərkən, Dövlət X2 ödənişlərin aparılması bank tərəfindən qadağan olunmuşdur. Səbəbini araşdırarkən müəyyən olunmuşdur ki, bank bu ödənişləri fərqli ödənişlər kimi qəbul edir və DSMF ünvanına aparılan ödənişlərə icazə vermir. Məcburi dövlət sosial sığorta haqlarının toplanması qaydaları haqqında təlimatın 34-cü bəndinə görə “Sığortaedən tərəfindən məcburi dövlət sosial sığorta haqqının ödənilməsi gecikdirildikdə - gecikdirmənin hər gününə görə sığorta haqqının 0,1 faizi məbləğində pensiya hesablanır”. Təkcə avqust ayı üçün ümumi sığorta haqqı 33274,94 manat təşkil etdiyi üçün hər günə 33,27 manat penya hesablanması gözlənilir. Cavabdeh MMC-nin 6 müxtəlif bankda olan bank hesablarına iddia tələbi həcmində - 488.577,61 manat və 61.058 ABŞ dolları həcmində pul vəsaitlərinin üzərinə həbs qoyulsa belə, qərardadda həbs qoyulan məbləğin bütövlükdə iddia tələbinin həcmini aşmaması üçün hər hansı tənzimləyici mexanizm nəzərdə tutulmamışdır. Belə ki, hər bir bankda iddia tələbi həcmində pul vəsaiti olduğu təqdirdə üzərinə həbs qoyulan pul vəsaitinin həcmi iddianın təmin tədbiri barədə məhkəmə qərardadında nəzərdə tutulandan 6 dəfə çox olacaq. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2030/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılması xx.xx.2020-ci il tarixə təyin edilmiş, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 işə baxılmanın vaxtı və yeri barədə elektron məhkəmə sistemi vasitəsi ilə SMS xəbərdarlıq göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında şikayəti müdafiə edərək Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2030/2020-ci il tarixli xx xxxxxx 2020-ci il tarixli qərardadın ləğv edilməsini, ərizənin təmin edilməməsini xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyərək, şikayəti işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2030/2020-ci il tarixli xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddianı təmin etmə tədbiri görülməli olduğuna dair birinci instansiya məhkəməsinin qənaəti əsaslıdır və görülmüş tədbirin ləğvi üçün əsaslar mövcud deyil. Birinci instansiya məhkəməsi qərardadında düzgün olaraq qeyd etmişdir ki, iddianı təmin etmə tədbiri qətnamənin gələcəkdə icrasını təmin etmək üçün görülən prosessual tədbirdir. Bu isə o zaman zəruri olur ki, həmin tədbirin görülməməsi çıxarılacaq qətnamənin gələcəkdə icrasını çətinləşdirsin və yaxud qeyri-mümkün etsin. İddianın təmininə dair ərizə təqdim edən iddiaçı, bir tərəfdən iddianın uğurluluq ehtimalını təsdiq edən dəlilləri, digər tərəfdən isə ərizənin təmin edilməyəcəyi halda qətnamənin icrasının mümkünsüz, yaxud çətin olacağını təsdiq edən dəlilləri təqdim etməlidir, çünki həmin tədbir cavabdehə məxsus hüququn bu və ya digər şəkildə məhdudlaşdırılmasını ehtiva edir. Məhkəmə icraatının gedişində cavabdehə tətbiq edilən məhdudiyyət isə yalnız zərurətdən irəli gələ bilər. İddianı təmin etmə tədbirlərinin tətbiqindən ötrü sübutların mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə məhkəməyə təqdim edilməsi tələb olunmasa da, bu tədbirlərin görülməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş işdə iştirak edən şəxsin pozulmuş və ya mübahisəli hüququnun mövcudluğunu, üzərinə həbs qoyulan əmlakın kimə məxsus olmasını təsdiq edən ilkin sübutların məhkəməyə təqdim olunması zəruridir. Qətnamənin gələcəkdə icrasının çətinləşməsi və ya qeyrimümkün olması borclunun tələbin yönəldilə biləcəyi əmlakının həcminin azaldılmasına yönəlmiş hərəkətləri və s. ilə əlaqədar ola bilər. İddianı təmin etmə tədbirlərinin tətbiq olunmasının MPM-in 157.2-ci maddəsində göstərilən məqsədi (qətnamənin gələcəkdə icrasının təmin edilməsi) o halda realizə olunur ki, görülən tədbir məhz iddianın təmin edilməsinə yönəlmiş olsun. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən bank hesabında olan pul vəsaitlərinin xərclənməsi və belə olan halda iddia təmin edildiyi təqdirdə qətnamənin icrasının çətinləşməsi ehtimalının mövcud olduğunu, digər tərəfdən iddianın təmini tədbiri tətbiq edilməklə iddiaçının bank hesabındakı vəsait üzərinə həbs qoyulmasının belə bir ehtimalı aradan qaldırdığını nəzərə alaraq hesab etmişdir ki, iş üzrə cavabdehin bank hesabında olan pul vəsaitləri üzərinə həbs qoyulması növündə iddianın təmini tədbirinin tətbiqi üçün əsaslar mövcuddur. Məhkəmə kollegiyası cavabdehin şikayəti ilə qismən razılaşaraq hesab edir ki, məhkəmə tərəfindən qərardadın nəticə hissəsində iddia tələbinin həddinin dəqiq qeyd edilməməsi qərardadın icrası zamanı anlaşılmazlığa və banklar tərəfindən qərardadın düzgün icra edilməməsinə səbəb ola bilər. Şikayət ərizəsinə əlavə edilmiş “xxxxxxxxxxxx” ASC-nin xx.xx.2020-ci il tarixli məktubundan da görünür ki, həmin banka mübahisələndirilən qərardad üzrə təqdim edilmiş icra sənədində və digər sənədlərdə iddia tələbinin həcmi göstərilmədiyindən məhkəmədən tələbin həcmi barədə rəsmi məlumat verilməsi xahiş olunmuşdur. Buna görə də məhkəmə hesab edir ki, qərardadın nəticə hissəsində iddia tələbinin tam həcminin dəqiq qeyd edilməsi məqsədəuyğundur. Eyni zamanda məhkəmə hesab edir ki, işə mahiyyəti üzrə baxılıb qurtaranadək cavabdeh tərəfindən işçilərə ödənilmiş əmək haqları ilə eyni vaxtda DSMF-na məcburi dövlət sosial sığorta ödənişləri həyata keçirilməli olduğundan, həmin ödənişlərin, o cümlədən cavabdehin sahibkarlıq fəaliyyəti ilə əlaqədar dövlət büdcəsinə və digər orqanlara ödəməli olduğu vergi ödənişləri və digər məcburi ödəmələrin vaxtında həyata keçirilməməsi cavabdeh üçün əlavə borclar yaratmaqla onun kreditor borclarının artmasına, kommunal xidmətlərə görə ödənişlərin həyata keçirilməməsi isə onun sahibkar kimi fəaliyyətini davam etdirməsi üçün zəruri olan elektrik enerjisi, su və digər kommunal xidmətlərin dayandırılmasına səbəb olacağından bu hal iddiaçı və cavabdehin qanuni mənafeləri arasında məhkəmə tərəfindən qorunmalı olan ədalətli tarazlığın pozulmasına gətirib çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” xx xxxx 2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsində mütənasiblik prinsipi “hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır” kimi ifadə olunmuşdur. Mütənasiblik prinsipi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində möhkəmlənmiş və sonuncu tərəfindən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya ilə nəzərdə tutulmuş hüquq və azadlıqların məhdudlaşdırılmasının mümkünlüyünün müəyyən edilməsi üçün aktiv şəkildə istifadə olunur. Avropa Məhkəməsi “Hakansson və Sturesson İsveçə qarşı” iş üzrə 1990-cı il 21 fevral tarixli Qərarında qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən qərardakı hüquqi mövqeyini də nəzərə alaraq hesab edir ki, məhkəmə tərəfindən hazırkı işə mahiyyəti üzrə baxılıb qurtaranadək cavabdeh tərəfindən ödənilməsinə məhdudiyyət qoyulmayan ödənişlərə eyni zamanda dövlət büdcəsinə və digər dövlət orqanlarına ödənilməli olan məcburi ödənişlər və kommunal xidmətlərin haqları aid edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2030/2020-ci il tarixli xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilməli, işə mahiyyəti üzrə baxılıb qurtaranadək Cavabdeh MMC-nin “Yelo Bank”, “Beynəlxalq Bank”, “Pasha Bank”, “Access Bank”, “Unibank”, “xxxxxxxxxxxx” ASC-də olan hesablarındakı pul vəsaitinin üzərinə (işçilərin əmək haqları, dövlət büdcəsinə və digər dövlət orqanlarına ödənilməli olan məcburi ödənişlərin, kommunal xidmətlərin haqlarının ödənilməsinə məhdudiyyət qoyulmadan) iddia tələbi həcmində- ümumilikdə 488577,61 manat və 61058 dollar həddində həbs qoyulmalıdır. Məhkəmə göstərilənlərəəsasən vəAzərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157, 263-264, 398.0.2, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Cavabdeh MMC-nin şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2030/2020-ci il tarixli xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilsin. İşə mahiyyəti üzrə baxılıb qurtaranadək Cavabdeh MMC-nin “Yelo Bank”, “Beynəlxalq Bank”, “Pasha Bank”, “Access Bank”, “Unibank”, “xxxxxxxxxxxx” ASC-də olan hesablarındakı pul vəsaitinin üzərinə (işçilərin əmək haqları, dövlət büdcəsinə və digər dövlət orqanlarına ödənilməli olan məcburi ödənişlərin, kommunal xidmətlərin haqlarının ödənilməsinə məhdudiyyət qoyulmadan) iddia tələbi həcmində- ümumilikdə 488577,61 manat və 61058 dollar həddində həbs qoyulsun. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-532/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-532/2020
08.10.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver