Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-533/2021 20.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin (ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) Cavabdeh MMC-yə qarşı “kredit borcun ödənilməsi tələbinə dair” kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-184/2021 saylı 03.03.2021ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən 14 iyun 2016-ci il tarixli 110 saylı Kredit müqaviləsi üzrə ödənilməmiş 2.500.000,00 manat əsas borc, müqavilə müddəti üçün hesablanmış 383.657,75 manat faiz borcunun, müqavilə üzrə borcun gecikdirilməyinə görə hesablanan və tələb olunan 179.690,84 manat cərimə, gecikdirilmiş vaxt üçün hesablanan illik 5% olmaqla 95.138,28 manat faiz, cəmi, 3.158.486,87 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə tərəflər arasında bağlanmış 14 iyun 2016-ci il tarixli 110 nömrəli kredit müqaviləsinə əsasən borcalana 36 ay müddətinə illik 9 % dərəcəsi ilə 2 500 000 manat məbləğində kredit vəsaiti ayrılmışdır. Həmin müqavilənin 12.1 və 12.2-ci bəndlərinə əsasən borc alan Cavabdeh MMC kreditdən istifadəyə görə alınmış ssuda üzrə faizləri, eyni zamanda, əsas borcun ödənişini tam şəkildə borcverənə ödəməli olmasına baxmayaraq, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-184/2021 saylı 03.03.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş və cavabdeh Cavabdeh MMC-dən 14 iyun 2016-ci il tarixli 110 saylı kredit müqaviləsi üzrə: - ödənilməmiş 2.500.000,00 manat əsas borc; - müqavilə müddəti üçün hesablanmış 383.657,75 manat faiz borcu; - müqavilə üzrə borcun gecikdirilməyinə görə hesablanan179.690,84 manat cərimə; -gecikdirilmiş vaxt üçün hesablanan illik 5% olmaqla, 95.138,28 manat borc - cəmi, 3158486,87 manat məbləğində borcun və; -ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi və 200 (iki yüz) manat ekspertiza xərci Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilməsi - qət olunmuşdur. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinə əsas, faiz borcları və cərimə borcu hissələrində ekspertiza keçirilməklə, borcun düzgün müəyyən edilməsi və əsassız hesablanmış borcların ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, prosessual və maddi normalann pozulması, cavabdehə xəbər vermədən və iştirakını tamin etmədən, birtərəfli araşdrrma apararaq qətnamə qabul etmiş, MPM-in 9.2-ci maddəsinin tələblərini pozmuşdur. Mahkama qanunsuz nəticəyə gələrək iddiaçının şişirdilmiş məbləğlərini heç bir araşdırma aparmadan əsaslı bilmiş, hərçənd ki, cavabdehin iştirakı təmin edilsəydi bu cür əsassız qətnamə qəbul olunmazdı. Tərəflər arasında bağlanmış 2016-cı il tarixli kredit müqaviləsinə əsasən şirkətə 36 ay müddətinə 2.500.000,00 kredit verilmişdir. Şirkət bankdan götürülmüş kredit məbləğindən hal-hazırkı vaxta qədər qaytarsa da, bütün kredit ödənişləri gecikməyə görə cərimələrə silinmiş, oncaq yenə də əsassız olaraq əsas borc tələb olunur. Məhkəmə birtərəfli qaydada araşdıma aparmışbankın tərtib etdiyi sənədləri əsaslı sübut növü kimi qiymət vermişdir ki, bu da qətnamənin əsassızlığına dəlalət edir. İş üzrə ekspertiza rəyləri isə heç bir ekspertiza tədqiqatı aparmadan, ödəniş qəbzləri nəzərə alınmadan, sadəcə bankın sənədlərinə qiymət verilməsi mötəbər sayıla bilməz. Apellyasiya şikayəti araşdırılan zaman ödədiyi kredit ödənişləri nəzərə alınmaqla, iddia tələbinə düzgün hüquqi qiymət verilməsi üçün iştirakı ilə təkrar mühasibatlıq ekspertizası keçirilməlidir. Məhz ekspertiza tədqiqatı zamanı məhkəmə tərəfindən qət edilən borc məbləğinin əsassızlığı tam təsdiq olunacaq. Məhkəmənin yüksək məbləğdə dəbbə pulunu tutması isə heç anlaşılan deyil. Bütün bunları nəzərə amalı olan məhkəmə dəbbəni azaltmayaraq 179.690,84 manat həjmində saxlamışdır. Əgər nəzərə alsaydı şirkətin onsuz da ağır olan maddi vəziyyətinin daha da ağırlaşacağına gətirib çıxardığından dəbbə pulu hissəsində iddianı ümumiyyətlə, təmin edilməməsi daha ədalətli və əsaslı olması qənaətinə gələrdi (Mülki Məcəllənin 467-ci maddəsinə, AR Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarına, MPM-in 385, 387 və 390-cı maddələrinə istinad olunur). Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabeh (səlahiyyətli nümayəndəsi) məhkəməyə gəlməmiş, MPM-in 135.5, 135.8, 146, 376.2-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi S.Əliyeva cavabdehin şikayətinin əsassız olduğunu və işi uzatmək məqsədi daşıdığını vurğulayaraq, birinci instansiya məhkəməsinin qətnaməsini qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalidir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İddia ərizəsinə, cavabdehin apellyasiya şikayətinə və işə əlavə olunmuş digər sənədlərə əsasən müəyyən olunur ki, tərəflər arasında 14 iyun 2016-ci il tarixdə 110 nömrəli kredit müqaviləsi bağlandığı və həmin müqaviləyə əsasən borcalana (cavabdehə) 36 ay müddətinə illik 9 % dərəcəsi ilə 2 500 000 manat məbləğində kredit vəsaiti verildiyi işin mübahisələndirilməyən hallarını təşkil edir. Konkret halda, cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlillərindən göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsi ilə ondan iddiaçının xeyrinə əsas, faiz və cərimə borcunun tutulması hissələrində razılaşmır və hesab edir ki, həmin hissələrdə mühasibatlıq ekspertizası keçirilməklə borcun düzgün məbləği müəyyən edilməlidir. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlilləri ilə aşağıdakılara grə razılaşmır. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, birinci instansiya məhkəməsində işə baxılarkən, cavabdehin banka olan əsas, faiz və cərimə borcunun müəyyənləşdiilməsi üçün məhkəmənin 23.09.2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 08.02.2021-ci il tarixli 9/4355 saylı ekspert rəyi verilmişdir. Həmin rəydən görünür ki, ekspert tərəfindən iş materiallarında olan sənədlərə (bank tərəfindən tərtib olunmuş hesabdan çıxarış, kredit müqaviləsi, ödəniş qrafiki və s.) əsasən müəyyən olunmuşdur ki, 14 iyun 2016-cı il tarixli, 110 saylı kredit müqaviləsi üzrə Cavabdeh MMC-nin İddiaçı ASC-yə müqavilənin bitdiyi 23 iyun 2019-cu il tarixinə olan cəmi borcu ******* manat təşkil edir. O cümlədən: 1.Kredit müqaviləsinin icra müddətinin bitdiyi 23 iyun 2019-cu il tarixinə: -əsas borc 2.500.000,00 manat; - faiz (95) borcu 661.875,00 manat;
2. İddianın qaldırıldığı 12 avqust 2020-ci il tarixinə: -hesablanmış illik 5% məbləği 917.500,00 manat Rəyin tədqiqat hissəsindən görünür ki, qarşısında qoyulmuş suallar üzrə ekspert tərəfindən ətraflı araşdırma aparılmış, borcalanın ödənişlər nəzərə alınmaqla, qrafik şəklində onun əsas və faiz borcuna ayrı-ayrılıqda aylar üzrə aydınlıq gətirilmişdir. Lakin ekspert rəyi ilə müəyyən olunan həmin nəticələr, iddiaçı bankın iş materiallarına əlavə edilmiş 05.05.2020-ci il tarixli **********254 nömrəli maliyyə arayışı ilə müqayisəli tədqiq edildikdə müəyyən olunur ki, həmin maliyyə arayışı üzrə - borcalanın əsas borc məbləği ekspert rəyinin göstəricisi ilə eyni, yəni, 2.500.000,00 manat təşkil etsə də, müqavilə müddətinin sonuna hesablanmış faiz borcu 383.657,75 manat, cərimə borcu isə 179690,84 manat, gecikdirilmiş vaxt üçün hesablanan illik beş faiz isə 95.138,28 manat təşkil edir. Göründüyü kimi, kredit müqaviləsi üzrə illik 9 faizə və ödənilmənin gecikdlirilməsinə görə iddia qaldırılan tarixə hesablanmış illk 5 faizə münasibətdə ekspertin gəldiyi nəticələr əhəmiyyətli dərəcədə fərqlənir, həmin hissələrdə müəyyən olunan borc məbləği iddia tələbləri həddini aşır. Belə olan halda, məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan maliyyə arayışının göstəriciləri əsas götürülməklə, iddianın təmin edilməsi MPM-in 88-ci və 218.3-cü maddələrinin tələblərinə uyğun hesab edilməlidir. Belə ki, MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsi tərəfindən qətnamə ilə tədqiq olunan maliyyə arayışına istinadən, cavabdehdən iddiaçının xeyrinə borcun ödənilməsinin gecikdirilməsinə 179.690,84 manat cərimə məbləğinin tutulması barədə gəldiyi nəticə ilə də razılaşır. Çünki, ekspert tədqiqatı ilə də müəyyən olunmuşdur ki, borcalan 14.06.2016-cı il tarixli kredit müqaviləsi üzrə aldığı kredit məbləğindən cəmi, 15.07.2016-cı il tarixində 13.125,00 manat məbləğində pul ödəmişdir ki, həmin məbləğ də onun faiz borcuna silinmişdir. Mülki Məcəllənin 427.3-cü maddəsi isə nəzərədə tutur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 432.4-cü maddəsinə əsasən isə əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. İş materiallarına əsasən cavabdehin başqa ödənişlərinin mövcudluğu müəyyən olunmur və onun apellyasiya şikayətindən də göründüyü kimi, başqa ödənişlərini təsdiq edə bilən əsaslandırıcı dəlil və sübutlara istinad olunmur. Cavabdehin şikayətinin Mülki Məcəllənin 467-ci maddəsinə istinadən qeyd olunan cərimə məbləğinin ümumiyyətlə, ondan tutulmasını əsassız hesab edən dəlilləri ilə də məhkəmə kollegiyası razılaşmır. Çünki, birincisi, Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 10.2 - 10.3-cü bəndləri də məhz onu nəzərdə tutur ki, borcalan gecikdirilmiş borc yarandığı gün üçün ümumi məbləğin 0,03 faizi məbləğində borc verənə ödəməlidir. İkinci bir tərəfdən, cavabdehin istinad etdiyi Mülki Məcəllənin 467-ci maddəsinin tələbinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Göründüyü kimi, qanunverici məhkəmə yalnız tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilmək hüququnu nəzərdə tutur və məhkəməyə onu tamamilə ləğv etmək kimi hüquq vermir. Tututlması qət olunan 179.690,84 manat cərimə məbləğinə gəldikdə isə həmin məbləğ əsas borcun heç 1(bir) faizini belə təşkil etmir. Beləliklə də, cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin işi hərtərəfli və obyektiv araşdırmadığını, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etdiyini mübahisələndirən dəlillərinin əsassız olduğu sübuta yetirilir. MPM-in 385.2-ci maddəsinin tələbindən isə görünür ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-184/2021 saylı 03.03.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-184/2021 saylı 03.03.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov
Vüsalə Baxışova