Məhkəmə qərarları › İş №2-2(103)-534/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-534/2025

21.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-534/2025 21.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi Açar söz: kredit müqaviləsi, zaminlik müqaviləsi, rüsum. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu, Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli,e-2- 2(113)-1079/2025 nömrəli qətnaməsindən cavabdeh X1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. "xxxx" QSC ilə Cavabdeh1 (kredit alan), Cavabdeh2 (zamin), Cavabdeh4 (zamin) və X2 (zamin) arasında xx.xx.2023-cü il tarixli 005L**********10 saylı uzunmüddətli kredit və təminat müqaviləsi bağlanmış və kredit alana bank tərəfindən 200.000 manat məbləğində kredit xətti açılmışdır

2. Cavabdeh3 xx.xx.2023-cü il tarixli 005S**********01 saylı sazişlə xx.xx.2023-cü il tarixli 005L**********10 saylı uzunmüddətli kredit və təminat müqaviləsinə həmin müqavilənin 2.15 və 2.16-cı bəndlərinə əsasən zamin qismində qoşulmuşdur.

3. Bundan sonra, uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh1 İddiaçı QSC ilə 08 sentyabr 2023-cü il tarixli 005R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 36 ay müddətinə, illik faiz dərəcəsi 24% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 25.000 manat məbləğində kredit verilmişdir.

4. Müqavilə və saziş tərəflərin imzası, bankın möhürü ilə təsdiq edilmişdir.

5. Bank ilə kredit alanın imzası və bankın möhürü ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli çıxarışa əsasən 25.000 manat məbləğində pul Cavabdeh1 hesabına köçürülmüşdür.

6. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən 08 sentyabr 2023-cü il tarixli 005R********** saylı kredit sazişi üzrə cavabdehlərin xx.xx.2024-cü il tarixinə əsas borcu 21.440,30 manat, faiz borcu üzrə 2.083,59 manat borcu vardır.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

7. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdеhlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə - 005R********** saylı krеdit razılaşması üzrə 21440.3 manat məbləğində krеdit bоrcu, 2083.59 manat məbləğində faiz bоrcu və 523.15 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 24047 (iyirmi dörd min qırx yeddi) manat 4(dörd) qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 162.14 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh1 və zaminlər Cavabdeh2, Cavabdeh4 arasında xx.xx.2023-cü il tarixli 005L**********10 saylı uzun müddətli kredit və təminat müqaviləsi əsasən Cavabdeh1 120 (yüz iyirmi) ay müddətinə 200000 (iki yüz min) manat məbləğində krеdit хətti açılmışdır. Bundan başqa, xx.xx.2023-cü il tarixli 005S**********01 saylı Qoşulma barədə sazişlə uzunmüddətli kredit və təminat müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеh Cavabdeh3 zamin qismində bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşdür. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2023-cü il tarixli 005R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 25000 (iyirmi beş min) manat məbləğində məbləğində kredit götürmüşdür. O, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır.

9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli,e-2-2(113)-1079/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, xx.xx.2023-cü il tarixli 005R********** saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 21.440 (iyirmi bir min dörd yüz qırx) manat, faiz bоrcu üzrə 2.083 (iki min səksən üç) manat, 59 (əlli doqquz) qəpik cərimə borcu üzrə 523 (beş yüz iyirmi üç) manat 15 (on beş) qəpik olmaqla, cəmi 24.047 (iyirmi dörd min qırx yeddi) manat, 04 (sıfır dörd) qəpik məbləğində pulun müştərək qaydada Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tutularaq "xxxx" QSC-yə ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 162 (bir yüz altmış iki) manat, 14 (on dörd) qəpik məbləğində pulun müştərək qaydada Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tutularaq "xxxx" QSC-yə ödənilməsi qət edilmişdir.

10. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir. X4 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur. Beləliklə, Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Məhkəmə qeyd etmişdir ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış borc müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya borc müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən 08 sentyabr 2023-cü il tarixli 005R********** saylı kredit sazişi üzrə cavabdehlərin xx.xx.2024-cü il tarixinə əsas borcu 21.440,30 manat, faiz borcu üzrə 2.083,59 manat borcu vardır. Məhkəmə hesab etmişdir ki, iddia əsas və faiz borcunun tələb edilməsi hissəsində əsaslıdır və cavabdehlərdən müştərək qaydada əsas borc üzrə 21.440,30 manat, faiz bоrcu üzrə 2.083,59 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab etmişdir ki, dəbbə pulunun tələb edilməsi hissəsində də iddia əsaslıdır. Mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, cavabdehlərin əsas borcuna münasibətdə 523,15 manat məbləğində dəbbə pulu ağlabatan və ədalətlidir. Məhkəmə həmçinin hesab etmişdir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 162,14 manat məbləğində pul da, cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq 162,14 manat məbləğində pul ödənilmişdir. Beləliklə, məhkəmə iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi qənaətinə gəlmişdir.

11. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1, 470.1, 472.1, 472.2, 739.1, 740.1, 740.2, 740.5, 743.1, 743.2-ci maddələrini tətbiq etmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

12. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli,e-2-2(113)-1079/2025 nömrəli qətnaməsindən cavabdeh Məmmədzadə (Sadıxova) Güləbətin Rəfqan qızı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisələndirilən kredit müqaviləsi AR Mərkəzi Bankının qayda və tələblərinə uyğun deyildir. Təqdim ediləcək sübutlar və şahidlərlə kreditin verilməsi tələblərinin pozulması halı araşdırılmalıdır. Kredit müqaviləsinə əlavə olunan ödəniş cədvəlində göstərilən aylıq annuitet ödənişin Cavabdeh2 zamin olaraq aylıq məvacibindən dəfələrlə çox olması, kreditin heç bir təminat olmadan böyük riskdə verilməsi, eləcə də digər zaminlərin kreditin götürüldüyü vaxt heç birinin rəsmi gəlirinin olmaması, bu kreditin borcalanla bank nümayəndələri arasında əvvəlcədən qarşılıqlı razılaşma ilə baş verməsi, bu halın hansı maraqlar daxilində olması, şahid və yazışma sübutlarıma əsasən bunun mübahisələndirilə biləcəyini nəzərə alaraq onlara lazımi hüquqi qiymətin verilməsi zərurəti yaranmışdır. Qətnamə çıxarılarkən “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Mərkəzi X5 21 sentyabr 2023-cü il tarixli 46/4 nömrəli Qərarında tələb olunduğu kimi kreditin gəlirsiz zaminlərlə və təminatsız şəkildə verilməməsi nəzərə alınmamışdır. Birinci instansiya məhkəməsi işdə olan bütün sübutlara düzgün qiymət verməmişdir. Qətnamə qanunvericiliyin pozulması ilə tərtib olunan sənədlərə və sübutlara əsaslanır. Bir sıra sübutlar mövcuddur ki, (yazışmalar, şahidlər və s ) onların birinci instansiya məhkəməsinə təqdim edilməsi cavabdehdən asılı olmayan səbəblərdən mümkün olmamışdır.

Apellyasiya şikayətinə qarşı etiraz

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, verilən izahatlar

15. İddiaçı və cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

16. 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

17. 14.2.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

18. 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

19. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

20. 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

21. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

22. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

23. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

24. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

25. 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

26. 500.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır.

27. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

28. 740.1-ci maddəsinə əsasən Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir.

29. 740.5-ci maddəsinə əsasən Müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borc müqaviləsi üzrə faizlər və (və ya) haqlar müqavilənin qüvvədə olduğu hər bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, faizlər və (və ya) haqlar borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

30. 741.1-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıq-aşkar bəlli olduqda, yaxud borcalan borcun verilməsi üçün borc müqaviləsində nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə, o cümlədən təminat təqdim etmədikdə, borcverən borc vermək öhdəliyini tam və ya qismən icra etməkdən birtərəfli qaydada imtina edə bilər.

31. 741.2-ci maddəsinə əsasən borcalan borc müqaviləsi predmeti ona verilənədək borcun alınmasından tam və ya qismən birtərəfli qaydada imtina edə bilər.

Apellyasiya baxışının hədləri

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

34. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə zamin Məmmədzadə (Sadıxova) Güləbətin Rəfqan qızına münasibətdə tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

35. Məhkəmə apellyasiya şikayətinin dəlillərini, işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025ci il tarixli,e-2-2(113)-1079/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Belə ki, əsas və faiz borcunun və dəbbə pulunun tutulması barədə iddia tələblərinin qanuni əsasını yuxarıda göstərilən Mülki Məcəllənin 462.1, 739.1 və 741-ci maddələri təşkil edir.

37. Hazırkı işdə də qeyd olunan maddələrin dispozisiya şərtləri mövcuddur.

38. Cavabdeh1 İddiaçı QSC ilə 08 sentyabr 2023-cü il tarixli 005R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 25000 (iyirmi beş min) manat məbləğində məbləğində kredit verilmişdir.

39. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli sonuncu maliyyə arayışına əsasən Cavabdeh1 xx.xx.2024-cü il tarixə İddiaçı QSC qarşısında kredit öhdəlikləri üzrə əsas borcu 21.440,3 manat, faiz borcu 2.083,59 manat, 523.15 manat cərimə borcu olmaqla, cəmi borcu 24.047,04 manat (gecikmə günü: 122) təşkil edir.

40. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

41. Kollegiya hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində cavabdehlərin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir.

42. Apellyasiya şikayətində isə tərəflər arasında bağlanmış müqaviləyə istinad edərək, müqavilə üzrə kreditin verilməsi üzrə tələblərin pozulması, annuitet ödənişin aylıq məvacibindən yüksək olmasına və rəsmi gəlirlərinin olmamasına əsaslanmışdır.

43. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə olunan protokola əsasən (iş materialları 40-41 vərəqə) cavabdeh 1-ci instansiya məhkəməsində xx.xx.2024cü il tarixli məhkəmə iclasında izahat verərək bildirmişdir ki, kredit müqaviləsində qeyd edilmiş pul vəsaitinin məbləğinə baxmadan müqaviləni imzalamış, kredit vəsaitini götürən Cavabdeh1 tərəfindən aldadılmışdır.

44. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh öz etirazlarının əsası kimi istinad etdiyi halları, yəni aldadılmanın nədən ibarət olmasını əsaslandıra bilməmiş, habelə mübahisələndirilən əqdlərin aldadılma nəticəsində bağlanıldığını təsdiq edən heç bir sübutu təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.

45. Məhkəmə kollegiyası apellyatorun araşdırılmalı hesab etdiyi şahid ifadələri, yazışmalar və sübutlara münasibətdə bildirir ki, cavabdeh tərəfindən apellyasiya şikayətinə heç bir sübut əlavə edilməmişdir. Həmçinin kollegiya hesab edir ki, hazırda həmin sübutlar nəzərə alına bilməz. Belə ki, Mülki Prosessual Məcəllənin 209.3 və 372.2ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra işdə iştirak edən şəxslər məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad edə bilməzlər. Apellyasiya icraatında isə həmin hallara və sübutlara yalnız o halda istinad edilə bilər ki, işdə iştirak edən şəxslər onların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin cavabdeh tərəfindən belə əsaslandırma gətirilməmişdir.

46. İşdən göründüyü kimi birinci instansiya məhkəməsi xx.xx.2024-cü il tarixli bildirişlə hazırlıq iclasını xx.xx.2024-cü il təyin edilməsi barədə tərəfləri məlumatlandırmış və bildirişdə tərəflərə hüquq və vəzifələri izah edilmişdir. Daha sonra yenidən xx.xx.2025-ci il tarixinə hazırlıq iclası təyin edilmiş və bu barədə tərəflərə bildirişlə məlumat verilmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi 2 dəfə hazırlıq iclası təyin etmiş və bu ümumilikdə 3 aylıq müddəti əhatə etmişdir. Bu baxımdan cavabdehin işlə bağlı öz dəlillərini və etirazlarını təqdim etməyə kifayət qədər imkanı olmuşdur.

47. Bundan əlavə apellyator şikayətdə yalnız zaminlik müqaviləsini deyil, ümumilikdə kredit müqaviləsini mübahisələndirmişdir. Məhkəmə kollegiyası apellyator tərəfindən mübahisələndirilən kredit müqaviləsinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 404-cü maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmçinin bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Yuxarıda istinad edilən müqaviləyə və hesabdabdan çıxarışdan görünür ki, iddiaçı cavabdehə 36 ay müddətinə illik faiz dərəcəsi 24% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 25.000 manat məbləğində kredit verilmişdir. Cavabdehlər, həmçinin apellyator Məmmədzadə (Sadıxova) Güləbətin Rəfqan qızı tərəfindən imzalanmış, imza sonuncu tərəfindən mübahisələndirilməmiş, xx.xx.2023-cü il tarixli müqavilə üzrə ödənişlərin bir hissəsi ödənilmişdir.

48. Məhkəmə kollegiyası qeyd edir ki, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

49. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

50. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,

QƏT ETDİ:

Cavabdeh Məmmədzadə (Sadıxova) Güləbətin Rəfqan qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli,e-2-2(113)-1079/2025 nömrəli qətnaməsi zamin Məmmədzadə (Sadıxova) Güləbətin Rəfqan qızına münasibətdə dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar