Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-538/2021 29.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-110/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 12.11.2020-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 09.04.2019-cu il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 29656,56 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 55000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 14055,56 manat borcun ödənilməsinin təmin edilməsi məqsədilə 55000 manat məbləğində siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 12.11.2020-ci il tarixli e-2-2(113)-110/2020 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh “xxxx” ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən dövlət büdcəsinə olan vergi borcu ödənilir və qısa müddət ərzində tamamilə bağlanacaq və bu səbəbdən də əmlakın satışa çıxarılması üçün heç bir əsas qalmır. Həmçinin 14055,56 manat borca görə 55000 manat məbləğində əmlakın satılması, ASC-nin fəaliyyətinin tam dayanmasına səbəb ola bilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, iddia ərizəsi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan “xxxx” ASC Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində büdcəyə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin büdcəyə ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq, yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də, Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 09.04.2019-cu il tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 09.04.2019-cu il tarixə yaranan 29656,56 manat borcuna görə 55000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə 13.05.2019-cu il tarixli, **********3 saylı protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda, siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə 16.05.2019-cu il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Hal-hazırda cavabdehin yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 14055,56 manat ödənilməmiş borcu qalmışdır. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, bütün vergi borclarını ödəmiş və onun borcu qalmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Vergilər Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi orqanı onun əmlakını siyahıya ala bilər. Həmin Məcəllənin 89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.10-cu maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir və bu siyahı protokola əlavə edilir. Həmin Məcəllənin 90.1-ci maddəsində isə təsbit olunmuşdur ki, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Lakin hazırki işdə də qeyd olunan maddələrin dispozisiya şərtləri mövcud deyildir. Belə ki, apelyasiya baxışı zamanı “xxxx” ASC tərəfindən təqdim edilən ödəniş qəbzləri və ödəniş tapşırıqlarına əsasən müəyyən olunur ki, hazırki iş üzrə Bakı Kommersiya Məhkəməsinin 12.11.2020-ci il tarixli e-2-2(113)-110/2020 saylı qətnaməsi qəbul edildikdən sonra cavabdeh tərəfindən 09.03.2021-ci il tarixdə 3000 manat, 01.04.2021-ci il tarixdə 1000 manat, 05.04.2021-ci il tarixdə 1000 manat, 28.04.2021-ci il tarixdə 5000 manat, 08.05.2021-ci il tarixdə 1000 manat, 21.05.2021-ci il tarixdə 2000 manat, 31.05.2021-ci il tarixdə 3000 manat, cəmi 16000 manat məbləğində ödəniş edilmişdir. Eyni zamanda cavabdeh «xxxx» ASC-nin məhz 09.04.2019-cu il tarixinə dövlət büdcəsinə olan 14055,56 manat borcunun ödənilib-ödənilməməsi barədə məlumatları və bunu təsdiq edən sənədləri, o cümlədən cavabdehin şəxsi hesab vərəqəsini məhkəməyə təqdim edilməsi və məhkəmə iclasında nümayəndəsinin iştirakının təmin edilməsi üçün məhkəmə iclası təxirə salınaraq, Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə bildiriş-sorğu göndərilmiş, lakin sorğuya heç bir cavab verilməmiş, habelə iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Göründüyü kimi iddiaçı istinad etdiyi hallarla bağlı sübutları, o cümlədən cavabdehin hazırki tarixə olan şəxsi hesab vərəqəsini məhkəməyə təqdim etməkdən yayınmışdır. Belə olan halda isə qəbul edilir ki, cavabdehin yuxarıda qeyd olunan ümumilikdə 16000 manat məbləğində ödənişləri məhz 09.04.2019-cu il tarixə dövlət büdcəsinə ödənilməmiş 14055,56 manat borcu əhatə edir. Göründüyü kimi cavabdeh həmin borcu artıqlaması ilə ödəmiş və onun həmin tarixə ödənilməli olan vergi borcu mövcud deyil. Bu baxımdan kollegiya hesab edir ki, iddia rədd edilməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə ərizə rədd edilməlidir. Həmçinin Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-110/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 12.11.2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh “xxxx” ASC-yə qarşı 14055,56 manat borcun ödənilməsinin təmin edilməsi məqsədilə 55000 manat məbləğində siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-538/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-538/2021
29.06.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver