Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-539/2025 14.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı “Azərbaycan Professional Kinorejissorlar Gildiyası” İctimai Birliyinin cavabdеhlər Cavabdeh1 və Cavabdeh2nə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Əqli Mülkiyyət Agentliyi) retranslyasiyanın qadağan edilməsi və pul tələbinə dair iş üzrə (Açar sözlər: müəlliflik hüquqlarının pozulması, pul tələbi, məhkəmə aidiyyati) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), X5 və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, iddiaçının nümayəndəsi X4, iddiaçının qanuni nümayəndəsi X2 iştirakı ilə, iddiaçı “Azərbaycan Professional Kinorejissorlar Gildiyası” İctimai Birliyinin cavabdеhlər Cavabdeh1 və Cavabdeh2nə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Əqli Mülkiyyət Agentliyi) retranslyasiyanın qadağan edilməsi və pul tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-841/2024 nömrəli qətnaməsindən Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halları
1. 1999-cu il 18 iyun tarixində dövlət qeydiyyatından keçmiş Azərbaycan Kinorejissorlar Gildiyası audiovizual əsər müəlliflərinin əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsi məqsədi ilə (təşkilatın fəaliyyət dairəsi efir, kabel və retranslyasiya yolu ilə yayım təsbit olunmaqla) 2018-ci il 12 dekabr tarixdə Əqli Mülkiyyət Agentliyində 5 il müddətinə yenidən qeydiyyatdan (akkreditasiyadan) keçərək ona “Müəlliflərin və əlaqəli hüquqların sahiblərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların qeydiyyatı haqqında” 1/2018 nömrəli şəhadətnamə verilmişdir.
2. Əqli Mülkiyyət Agentliyinin Akkreditasiya Komissiyasının 2023-cü il 26 dekabr tarixli Qərarı ilə Azərbaycan Kinorejissorlar Gildiyasının yenidən qeydiyyatdan (akkreditasiyadan) keçirilməsi qərara alınaraq bununla bağlı 2023-cü il 27 dekabr tarixində müvafiq əmr verilmişdir.
3. Hər təqvim ayı üzrə üzrə müəllif qonorarın həcmi Azərbaycan Kinorejissorlar Gildiyası ilə "xxxx" MMC arasında bağlanmış 2020-ci il 1 oktyabr tarixli müqavilə üzrə 1000 manat, "xxxx" MMC arasında bağlanmış 2022-ci il 1 iyun tarixli müqavilə üzrə 2000 manat, "xxxx" MMC ilə bağlanmış 2022-ci il 1 aprel tarixli müqavilə üzrə 1500 manat, "xxxx" MMC (“Ailə TV”) arasında bağlanmış 2023-cü il 1 sentyabr tarixli müqavilə üzrə 1500 manat müəyyən olunmuşdur.
4. Cavabdeh1 MMC və Cavabdeh2 MMC fəaliyyət göstərən platforma operatorları olmaqla yerüstü ümumölkə yayımçısı olan AzTV, Mədəniyyət TV, İTV, Xəzər, ATV, Space, ARB, ARB 24, ARB Günəş, MUZ TV-nin proqramlarını öz yayım paketlərinə daxil etməklə audiovizual əsərlərin retranslyasiya yolu ilə kütləvi yayımını həyata keçirirlər.
5. Azərbaycan Kinorejissorlar Gildiyası tərəfindən Cavabdeh1 MMC və Cavabdeh2 MMCyə 2023-cü il 5 oktyabr tarixli 00/63-1 nömrəli pretenziya məktubu göndərilərək Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 20 oktyabr tarixİi 466 saylı qərarına əsasən “Azərbaycan Professional Kinorejissorlar Gildiyası” İctimai Birliyi ilə müqavilə bağlanması istiqamətində praktiki addımların atılması təklif edilərək, təklifə 7 (yeddi) gün müddətində cavab verilməsi xahiş edilmiş, əks təqdirdə “Azərbaycan Professional Kinorejissorlar Gildiyası” İctimai Birliyi tərəfindən müəlliflik hüquqlannın bərpası məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 466 saylı qərarına uyğun olaraq son 2 il 6 ayda (18 ayda) müəlliflərə ödənilməli olan təqribən 45.000 manat məbləğində qonorarın tələb edilməsi və audiovizual əsərlərin retranslyasiyasının həyata keçirilməsinin qadağan edilməsi tələbləri ilə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
6. İddiaçı “Azərbaycan Professional Kinorejissorlar Gildiyası” İctimai Birliyi (bundan sonra- “iddiaçı”) cavabdehlər Cavabdeh1 MMC (bundan sonra-“İ cavabdeh”), Cavabdeh2 MMC-yə (bundan sonra-“İİ cavabdeh2”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 20 oktyabr tarixli 466 saylı Qərarına əsasən cavabdehlərdən 2021-ci il 20 iyun tarixindən 2023-cü il 20 dekabr tarixədək olan dövr (son 2 il 6 ay) ərzində audiovizual əsərlərin müəllif qonorarı ödəmədən, qanunazidd olaraq retranslyasiyasını həyata keçirdiyinə görə hər ay üçün 1500 manat olmaqla, ümumilikdə 45.000 manat məbləğində qonorar alınaraq iddiaçıya ödənilməsi, iddiaçı ilə müqavilə bağlananadək cavabdehlər tərəfindən iddiaçı birliyə üzv müəlliflərin audiovizual əsərləri üzrə TV kanalların retranslyasiyasının həyata keçirilməsinin qadağan edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilat kimi Azərbaycan Respublikasının “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanununun müvafiq maddələri əsasında qeydiyyata alınaraq yaradılıb və fəaliyyət göstərir. Qanunvericiliyə əsasən, iddiaçı əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar idarə edilməsi ilə məşğul olduğu hüquqlardan istifadə üçün istifadəçilərə lisenziya verir, lisenziya üzrə və lisenziya vermədən nəzərdə tutulmuş qonorarı yığır, yığılmış qonorarı onun təmsil etdiyi müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri arasında bölüşdürür və ödəyir, idarə etdiyi hüquqların qorunması üzrə vacib olan digər hüquqi hərəkətləri edir. Onun həmçinin yığılmış qonorarı müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri arasında bölmək və qanuni sahiblərinə ödəmək, qonorarı ödəməklə birlikdə müəlliflik hüququnun və əlaqəli hüquqların sahiblərinə onların hüquqlarından istifadə barədə məlumat vermək vəzifələri mövcuddur. Cavabdehlərin heç bir qonorar ödəmədən audiovizual əsərlərin kommersiya məqsədilə retranslyasiyasını həyata keçirməsi müəlliflərin hüquqlarını kobudcasına pozmuşdur. İddiaçının dəfələrlə rəsmi və qeyrirəsmi müraciətlərinə baxmayaraq, cavabdehlər audiovizual filmlərin istifadəsinin hüquqi əsaslarını yaratmadan-yəni kollektiv təşkilat olan iddiaçı ilə müqavilə bağlamadan və müəllif qonorarı ödəmədən, hüquqlarının qorumasını kollektiv idarəçilik təşkilatı olan iddiaçıya vermiş müəlliflərinrejissorların, ssenaristlərin, operatorların, rəssamların və bəstəkarların müəllifi olduğu filmlərin retranslyasiyasını qanuna zidd olaraq həyata keçirmiş, bununla bağlı iddiaçının xəbərdarlıqlarına məhəl qoymamış pretenziyasına cavab verməmişdir.
8. İddia tələbinin maddi hüquqi əsası kimi “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 12, 15, 41, 42, 43, 45-ci, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.21-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- “MM”) 21.2-ci maddələrinə istinad olunmuşdur.
9. Birinci cavabdeh iddiaya yazılı etiraz göndərərək bildirmişdir ki, iddiaçı tərəfindən elektron məhkəmə portalına təqribən 16-17 fiziki şəxslə müəllif hüququ və əlaqəli hüquqların kollektiv idarəçiliyə verilməsi haqqında bağlanmış müqavilələrin surətləri, cavabdehin internet səhifəsindən Azərbaycan kinofilmlərinin fotoşəkilləri olan çıxarış, bir neçə televiziya kanalı ilə bağlanmış müqavilələrin surətləri, təsis sənədləri, Ali Məhkəmənin qərarı və Bakı Kommersiya Məhkəməsinin qətnaməsi əlavə edilmiş, lakin cavabdeh tərəfindən iddiaçının hüquqlarını təmsil etdiyi müəlliflərin əsərlərinin yayımlanmasına dair sübutlar (konkret əsərin adı, yayımlandığı tarix(lər) göstərilməklə) elektron məhkəmə portalına əlavə edilməmiş, məhkəmədə təqdim edilməmişdir. Cavabdehin internet səhifəsindən sadəcə kinofilmlərin səhnələrindən ibarət şəkillər bu əsərlərin yayımlandığını sübut etmir. Bundan başqa qanunvericilikdə qonorarın aylıq ödənilməsi qeyd edilməmişdir. Bundan başqa, platforma operatoru yerüstü ümumölkə yayımçısının proqramlarını ölkə üzrə, yerüstü regional yayımçının proqramlarını isə region üzrə retranslyasiya etmək üçün öz yayım paketlərinə daxil etməlidir. Platforma operatoru bunun müqabilində yerüstü yayımçıdan ödəniş tələb edə bilməz. Başqa sözlə cavabdeh ölkədə yayımlanan milli kanalları retranslyasiya etməyə məcburdur, buna görə heç bir ödəniş almır və həmin kanalları yayımlamaqda kommersiya marağı yoxdur. Bu səbəbdən bu kanalların retranslyasiyasını həyata keçirdiyinə görə hər hansı vəsaitin ödənilməsi də qanunauyğun hesab edilə bilməz.
10. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 16 may tarixli e-2-2(113)-841/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim Z.Axundova).
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri, habelə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum və əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar müəlliflik hüquqlarını və əlaqəli hüquqları pozan və ya pozmaq təhlükəsi yaradan hərəkətlərin dayandırılmasını tələb etmək, o cümlədən müəlliflik hüquqlarının pozulması nəticəsində dəymiş zərəri və ya əldə edilmiş gəliri, həmçinin kompensasiya ödənilməsini tələb etmək hüququna malikdirlər. Bundan başqa, əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların əsas vəzifəsi və funksiyası lisenziya verməkdən və qonorar toplamaqdan ibarətdir. Audiovizual əsər müəlliflərinin əmlak hüquqlarının kollektiv idarəçiliyini həyata keçirən qurum hazırkı iş üzrə iddiaçı qismində çıxış edən Azərbaycan Kinorejissorlar Gildiyasdır. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi Azərbaycan Respublikasında audiovizual əsərlərə münasibətdə qeydiyyatdan keçmiş yeganə kollektiv müəlliflik hüququ sahibinin iddiaçı olmasını təsdiq etmişdir. Əsərlərin kütləvi istifadəsinə və ya efir və kabel televiziyasında, o cümlədən retranslayasiya yolu ilə yayımına görə qonorarın alınmasını təmin etmək, xüsusi olaraq audiovizual əsər üçün yaradılmış musiqili əsərin müəllifi olan bəstəkarların, həmin audiovizual əsərin kütləvi ifası zamanı özünün musiqili əsərinin kütləvi ifasına görə müəllif qonorarı alınmasını təmin etmək, audiovizual əsər müəlliflərinin, ifaçıların və audiovizual əsər istehsalçılarının auidovizual əsərin gəlir götürmədən şəxsi məqsədlər üçün surəti əsər istehsalçılarının audivizual əsərin gəlir götürmədən şəxsi məqsədlər üçün surəti çıxarılarkən qonorar almaq hüququnu həyata keçirmək isə iddiaçının əsas fəaliyyət istiqamətidir. İddiaçı fəaliyyət istiqaməti və tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübut qismində müəlliflərin və əlaqəli hüquq subyektləri barədə məlumatları, müəllif və əlaqəli hüquqların kollektiv idarəçiliyinə verilməsi haqqında müqavilələri, müəllif və əlaqəli hüquqların siyahısını, növlərini məhkəməyə təqdim etmişdir.
12. Beləliklə, cavabdehin iddiaçı ilə müvafiq müqavilə bağlamadan iddiaçıya üzv müəlliflərin audiovizual əsərləri üzrə televiziya kanalların retranslyasiyasını həyata keçirməsi müəllif hüquqlarının pozulması ilə nəticələndiyindən iddia tələbi müqavilə bağlananadək retranslyasiyanın qadağan edilməsi hissəsində əsaslı olmuşdur.
13. Məhkəmə iddia tələbinin cavabdehlərdən 2021-ci il 20 iyun tarixindən 2023-cü il 20 dekabr tarixinədək olan dövr (son 2 il 6 ay) ərzində, audiovizual əsərlərin müəllif qonorarı ödəmədən, qanunazidd olaraq retranslyasiyasını həyata keçirdiyinə görə hər ay üçün 1.500 manat olmaqla, ümumilikdə 45.000 manat məbləğində qonorarın alınaraq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə iddiaçı tərəfindən məhkəməyə sübut olaraq digər operatorlarla bağlanmış analoji müqavilələrə istinad etməklə (bax yuxarıda §3) hesab etmişdir ki, iddia tələbi həmin hissədə də əsaslıdır.
14. Məhkəmə gəldiyi nəticəni MM-nin 2.3-cü, "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 6, 12, 15, 41, 42, 43, 45.1, 45.2-ci maddələrinə, həmin qanunun tətbiq edilməsi ilə bağlı məsələlər haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 2 may tarixli 38 saylı qərarı ilə təsdiq edilmiş “Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı” adlanan 3 saylı Əlavəsinin “Audiovizual əsərlərin tamaşaçılar üçün ödənişli giriş olan yerlərdə nümayiş etdirilməsi, efir və kabel televiziyası ilə yayımlanması (ötürülməsi)” adlanan V bölməsinə istinadla əsaslandırmışdır.
15. Birinci cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələninin rədd edilməsi barədə yeni qətnamə qəbul olunması xahiş edilmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki ilk icraat
16. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2-2(103)-838/2024 nömrəli, 2024-cü il 26 sentyabr tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən və məruzəçi - Z.Allahverdi, hakimlər R.Qurbanov və V.Baxışova).
17. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış, apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdeh apelyasiya şikayətində ziddiyyətli mövqedən çıxış etmişdir. Belə ki, bir tərəfdən iddiaçının qeyd etdiyi şəxslərin əsərlərinin yayımlanmasını inkar etmiş, digər tərəfdən retranslyasiya etməyə məcbur olduğunu və kommersiya marağının olmadığını qeyd etmişdir. Cavabdeh kommersiya hüquqi şəxsidir və retranslyasiya edərkən reklam yayması (həmçinin abunəçilərdən ödəniş alması) onun kommersiya marağının olmasını göstərir.
18. Cavabdeh apellyasiya şikayətində iddiaçı tərəfindən təqdim edilən sübutların mötəbərliliyini mübahisələndirsə də, mövqeyini əsaslandırmamış, iddiaçı tərəfindən təqdim edilən sübutlar iddianın təsdiq edilməsi üçün kifayətedici olmaqla bərabər birbirini tamamlamışdır.
19. Məhkəmə apellyasiya şikayətinin “Media haqqında” Azərbaycan Respublikası Qanununun 32.5-ci maddəsinə dair dəlili ilə bağlı qeyd etmişdir ki, göstərilən norma cavabdehi qonorar ödəmək öhdəliyindən azad etmir. Cavabdehin iddiaçı ilə müqavilə bağlamadan əsərlər vasitəsilə razılıq olmadan gəlir əldə etməsi işin mübahisəsiz halıdır. Cavabdeh müqavilə bağlamadan, aylıq gəliri təqdim etmədən zərərin məbləğinin müəyyən edilməsinə mane olmuş, eyni zamanda həmin məbləğin hesablanması qaydasını mübahisələndirmişdir. Göründüyü kimi cavabdehin hərəkətləri vicdanlı olmamış və şikayətin dəlilləri öhdəlikdən qanunsuz olaraq azad olunmağa yönəlmişdir.
20. Apellyasiya məhkəməsi gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi eyni maddi hüquq normalarına, əlavə olaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 77.1-ci maddəsinə istinadla əsaslandırmışdır.
c) Kassasiya instansiya məhkəməsindəki icraat
21. Qətnamədən Cavabdeh1 MMC kassasiya şikayəti verərək, onun ləğv olunmasını və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-2(102)-41/2025 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 26 sentyabr tarixli 2-2(103)-838/2024 nömrəli qətnaməsi ləğv edilmiş və işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.
23. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işə məhkəmə aidiyyəti qaydaları pozulmaqla baxıldığından iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmalıdır.
24. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarının 10-cu bəndində qeyd edilmişdir ki, 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM- in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur.
25. Həmin Qərarın 11 və 12-ci bəndlərində qeyd edilmişdir ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.
26. Həmin Qərarın 21 və 22-ci bəndlərində isə qeyd edilmişdir ki, subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi zamanı məhkəmələr əlavə olaraq nəzərə almalıdır ki, qeyri-hökumət təşkilatlarının və publik hüquqi şəxslərin fəaliyyətini tənzimləyən qanunlarla (“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Publik hüquqi şəxslər haqqında” Qanunlar) onların ikili, yəni həm qeyri-sahibkarlıq, həm də sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanları nəzərdə tutulmuşdur. Məhz bu fərqləndirici xüsusiyyət mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı qeyri-hökumət təşkilatları və publik hüquqi şəxslərə münasibətdə fərqli yanaşmanın sərgilənməsini tələb edir. Bu baxımdan məhkəmələrə izah edilir ki, qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların kommersiya mübahisəsinin subyekti olması imkanı mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Onların sahibkarlıq fəaliyyətindən irəli gəlməyən mülki mübahisələrinin kommersiya məhkəmələrinin baxış predmetini təşkil etməsinə isə, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda yol verilməlidir.
27. Baxılan iş üzrə cavabdehlər kommersiya hüquqi şəxsi, iddiaçı isə qeyri-kommersiya qurumu olan ictimai birlikdir. Belə olan halda isə iddiaçının kommersiya mübahisəsinin subyekti olması imkanı mübahisənin onun qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır.
28. Lakin hazırkı mübahisənin predmeti onun sahibkarlıq fəaliyyətindən irəli gəlmir. Belə ki, iddiaçı, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 41ci maddəsinin 1-ci bəndində nəzərdə tutulan məqsədlər, yəni müəlliflərin və əlaqəli hüquqların sahiblərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edilməsi üçün yaradılan ictimai birlikdir. Həmin Qanunun 41-ci maddəsinin 2-ci bəndində isə müəyyən edilmişdir ki, əmlak hüquqların kollektiv əsasda idarə edən təşkilatların kommersiya fəaliyyəti ilə məşğul olmaq və kollektiv əsasdan idarəetmə üçün alınan əsərlərdə və əlaqəli hüquqların obyektlərindən həmin məqsədlə istifadə etmək hüququ yoxdur.
29. Göründüyü kimi, iddiaçının kommersiya fəaliyyəti ilə məşğul olmaq səlahiyyəti yoxdur. Ona görə də, iddiaçı kommersiya mübahisəsinin subyekti ola bilməz. Hazırki işə, məhkəmə aidiyyəti ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarında göstərilən meyarlar baxımından ümumi məhkəmədə baxılmalıdır.
30. Nəzərə alınmalıdır ki, MPM-in 418.4 və 418.4.9-cu maddələrinə əsasən, işə ərazi aidiyyəti və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılması apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin şikayətin dəlillərindən asılı olmayaraq ləğvi üçün əsas hesab edilir.
31. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, kassasiya şikayətlərinin dəlilləri üzrə hüquqi qiymətləndirmə aparılmasına zərurət olmadan, məhkəmə aidiyyəti qaydalarının pozulması səbəbindən qətnamə ləğv edilməli, qeyd olunan prosessual pozuntunun aradan qaldırılması üçün iş yeni apellyasiya baxışına qaytarılmalı, kassasiya şikayəti qismən təmin edilməlidir.
Apellyasiya şikayətinin dəlilləri:
32. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə iddiaçının və cavabdehin qanunvericiliklə malik olduqları səlahiyyət və lisenziyalarda bəhs edildikdən sonra cavabdehin heç bir qonorar ödəmədən audiovizual əsərlərin kommersiya məqsədilə retranslyasiyasının həyata keçirməsinin müəlliflərin hüquqlarını kobudcasına pozduğu qeyd edilmişdir. Vurğulamaq istərdik ki, iddiaçı tərəfindən elektron məhkəmə portalına təqribən 16-17 fiziki şəxslə müəllif hüququ və əlaqəli hüquqların kollektiv idarəçiliyə verilməsi haqqında bağlanmış müqavilələrin surətləri, Cavabdehin internet səhifəsindən Azərbaycan kinofilmlərinin fotoşəkilləri olan çıxarış, bir neçə televiziya kanalı ilə bağlanmış müqavilələrin surətləri, təsis sənədləri, Ali Məhkəmənin qərarı və və Bakı Kommersiya Məhkəməsinin qətnaməsi əlavə edilmişdir. İddiaçı tərəfindən iddianı sübut edən aşağıdakı sənədlərin heç bir nə elektron məhkəmə portalına əlavə edilməmiş, nə də məhkəmədə təqdim edilməmişdir: Cavabdeh tərəfindən İddiaçının hüquqlarını təmsil etdiyi müəlliflərin əsərlərinin yayımlanmasına dair sübutlar (konkret əsərin adı, yayımlandığı tarix(lər) göstərilməklə). Cavabdehin internet səhifəsindən sadəcə kinofilmlərin səhnələrindən ibarət şəkillər bu əsərlərin yayımlandığını sübut etmir. 1-ci bəndə riayət edilməklə cavabdeh tərəfindən yayımlanmış audiovizuaıl əsərin müəllifinin məhz iddiaçı ilə müqaviləsi olan şəxsin olmasını təsdiq edən sənəd. Media haqqında” Qanunun 32.5-ci maddəsinə görə platforma operatoru yerüstü ümumölkə yayımçısının proqramlarını ölkə üzrə, yerüstü regional yayımçının proqramlarını isə region üzrə retranslyasiya etmək üçün öz yayım paketlərinə daxil etməlidir. Platforma operatoru bunun müqabilində yerüstü yayımçıdan ödəniş tələb edə bilməz. Başqa sözlə cavabdeh ölkədə yayımlanan milli kanalları retranslyasiya etməyə məcburidir və buna görə heç bir ödəniş almır. Başqa sözlə cavabdehin bu kanalları yayımlamaqda kommersiya marağı yoxdur. Bu səbəbdən bu kanalların retranslyasiyasını həyata keçirdiyinə görə hər hansı vəsaitin ödənilməsi də qanunauyğun hesab edilə bilməz. Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 466 nömrəli Qərarının 38-ci bəndinə görə audiovizual əsərlərin kabel televiziyası ilə (o cümlədən, retranslyasiya üsulu ilə) yayımlanmasına görə 0,5 faizlə (istifadəçinin hesabat ayı üçün nəzərdə tutulan ümumi büdcəsindən reklamdan, sponsordan və digər mənbələrdən daxil olmalarla) qonorar ödənilir. Lakin məhkəmə tərəfindən həmin qonorar məbləği aylıq 1500 manat müəyyən edilmişdir ki, bunun hüquqi əsası yoxdur. Buna görə də hesab edir ki, məhkəmə tərəfindən göstərilən maddi hüquq normasının da tələbi pozulmuşdur. Mülki Prosessual Məcəllənin 13.1-ci maddəsinə görə məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına və normativ xarakterli aktlara əsasən həll edir. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Hazrki iş üzrə məhkəmə tərəfindən həmin qonorar məbləği aylıq 1500 manat müəyyən etməklə gsötərilən prosessual hüquq normasının tələbi pozulmuşdiur.
33. İddiaçının nümayəndəsi apellyasiya şikayətinə qarşı etiraz verərək, şikayətin təmin edilməməsini xahiş etmişdir.
34. Etiraz belə əsaslandırılmışdır ki, AR NK-in 2017-ci il 20 oktyabr tarixli, 466 nömrəli qararında göstərilmişdir ki, həm efir yayımını, həm də retranslyasiyanı həyata keçirən bütün təşkilatlar audiovizual əsər müəlliflərinə hər ay qonorar ödəməlidir. Bu hüquqi asaslardan da görünür ki, həm televiziya kanalları, həm də retranslyasiyanı həyata keçirən şəxslər qonorarın ödənilməsini həyata keçirməlidir. Cavabdehin Media haqqında qanunun 32.5-ci maddəsinə istinad etməsi onu qonorar ödəməkdən azad etmir. Həmçinin cavabdehin yayım zamanı heç bir marağının olmaması fikri də tamamilə əsassızdır. Belə ki, təqdim edilən sübutlardan görünür ki, yayımlarda reklam göstərilmişdir.
Tətbiq edilən hüquq
35. Azərbaycan Respublikasının Konstitusiyası
Maddə 62. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir.
36. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə isə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Maddə 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Maddə 30. Bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Maddə 384.0.4. Apellyasiya instansiyası məhkəməsi, işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Maddə 387.2. Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir: ...387.2.9. işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa.
37. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli Qərarı
“...MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. ...Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşyahüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir”.
Apellyasiya baxışının həddi
38. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
39. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, “apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır”.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
41. Prosessual qanunvericiliyin müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, mübahisənin mahiyyətinə qiymət verilmədən, məhkəmə aidiyyəti qaydalarının pozuntusu ilə qəbul edildiyi nəzərə alınmaqla birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş aidiyyatı üzrə müvafiq ümumi məhkəməyə göndərilməlidir.
42. Belə ki, işin müəyyən olunmuş və mübahisələndirilməyən halına görə cavabdehlər kommersiya hüquqi şəxsi, iddiaçı isə qeyri-kommersiya qurumu olan ictimai birlikdir. Belə olan halda isə iddiaçının kommersiya mübahisəsinin subyekti olması imkanı mübahisənin onun qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır.
43. Hazırkı mübahisənin predmeti onun sahibkarlıq fəaliyyətindən irəli gəlmir. Belə ki, iddiaçı, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 41ci maddəsinin 1-ci bəndində nəzərdə tutulan məqsədlər, yəni müəlliflərin və əlaqəli hüquqların sahiblərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edilməsi üçün yaradılan ictimai birlikdir. Həmin Qanunun 41-ci maddəsinin 2-ci bəndində isə müəyyən edilmişdir ki, əmlak hüquqların kollektiv əsasda idarə edən təşkilatların kommersiya fəaliyyəti ilə məşğul olmaq və kollektiv əsasdan idarəetmə üçün alınan əsərlərdə və əlaqəli hüquqların obyektlərindən həmin məqsədlə istifadə etmək hüququ yoxdur.
44. Göründüyü kimi, iddiaçının kommersiya fəaliyyəti ilə məşğul olmaq səlahiyyəti yoxdur. Ona görə də, iddiaçı kommersiya mübahisəsinin subyekti ola bilməz. Hazırki işə, məhkəmə aidiyyəti ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarında göstərilən meyarlar baxımından ümumi məhkəmədə baxılmalıdır
45. Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə qanunla dəqiq müəyyən edilmişdir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarana, son nəticədə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsi qeyri-mümkün ola bilər. Hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Məhkəmənin qanunla müəyyən edilməsi isə baxılan iş üzrə onun aidiyyətinin qabaqcadan aydın şəkildə şərtləndirilməsini və ikili anlam daşımamasını tələb edir. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır, eyni zamanda, məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan əhəmiyyət kəsb edir.
46. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətlərinin dəlilləri üzrə hüquqi qiymətləndirmə aparılmasına zərurət olmadan, məhkəmə aidiyyəti qaydalarının pozulması səbəbindən qətnamə ləğv edilməli, qeyd olunan prosessual pozuntunun aradan qaldırılması üçün iş baxılması üçün ümumi məhkəməyə göndərilməlidir.
47. Məhkəmə tərəfindən Cavabdeh2 MMC-nin hüquqi ünvanı ünvan 1il 10; Cavabdeh1 MMC-nin hüquqi ünvanı isə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr, ev 113 müəyyən edilmişdir.
48. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər.
49. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iş baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir.
50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ:
Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-841/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş aidiyyati üzrə baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.