Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3872/2025 13.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ X4 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı X1 cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 MMC-yə “pul” tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı X1 cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 MMC-yə “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehlər "xxxx" MMC və "xxxx" MMCdən real zərər 6000 manat, əldən çıxmış fayda kimi 49140 manat və mənəvi zərər kimi 5000 manat pulun, həmçinin məhkəməyə müraciət etmək üçün vəkilə ödədiyim 325 manat xidmət haqqı və ödənilmiş 271 manat dövlət rüsumunun olmaqla ümumilikdə 60736 (altmış min yüddi yüz otuz altı) alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə etiraz əriəzsi veərək,ərizənin təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı X1 təqdim etdiyi iddia ərizəsindən görünür ki, o, Cavabdeh2 MMC-də 2019-cu ildə əmək fəaliyyətinə başlamış (Dərs Evi tədris mərkəzi) və 2024-cü ilin yanvar ayına gədər rəsmi əmək münasibətləri çərçivəsində müxtəlif rəhbər vəzifələrdə çalışmış,(xüsusi olaraq Məhsul üzrə rəhbər vəzifəsi) eyni zamanda tədris fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçının öz izahatında göstərdiyi kimi, onun vəzifə öhdəlikləri həm tədrisə, həm də dərs vəsaitlərinin hazırlanmasına nəzarətə aid olub.Tədris olunan fənlərin dərs vəsaitlərini, yəni kitablarını hazırlamaq və onları təkmilləşdirmək üçün şirkətdə ayrıca şöbə fəaliyyət göstərirdi. Bu şöbə material şöbəsi (product department) adlanırdı. Material şöbəsinin hazırladığı riyaziyyat kitabları iddiaçını qane etmədiyi üçün, 2021-ci ilin noyabr ayında o, öz hazırladığı riyaziyyat kitabını işəgötürənə təqdim etmiş, işəgötürənin razılığı və icazəsi ilə həmin kitabı işəgötürənin müəssisəsində sınaqdan keçirmiş və bundan sonra həmin kitabın istifadəsinə başlanılmışdır. İddiaçı həmçinin qeyd etmişdir ki, 2022-ci ilin fevral ayında şirkətin idarəetmə proseslərində köklü dəyişikliklər olmuş və o, birinci məhsul üzrə rəhbər vəzifəsinə təyin olunmuşdur. Artıq DİM imtahanlarına hazırlıq kursları adlanan xidmətin (məhsulun) biznes proseslərini inkişaf etdirmək, bu xidmət üzrə əldə olunan gəlirin artımına nail olmaq və xərclərin optimallaşdırılması iddiaçının öhdəliyi olmuşdur. İddiaçı daha sonra qeyd edir ki, onun müəllifi olduğu “Riyaziyyat. Xİ sinif buraxılış və blok imtahanlarına hazırlıq vəsaiti” adlı dərs vəsaitindən Cavabdeh2 MMC icazəsiz istifadə etmiş, bu kitabı dəyişdirilmiş şəkildə nəşr etdirərək satışa çıxarmış və bu prosesdə müəllif hüquqlarını pozmuşdur. İddiaçı bu əsərin ilkin variantını 2021-ci ilin noyabrında rəhbərliyə təqdim etdiyini, lakin müəlliflik hüquqlarının qorunması üçün rəsmi müqavilə bağlanmadığını bildirir. Bu səbəbdən müəllif hüquqlarının pozulması ilə əlaqədar onu vurulmuş 55140 manat məbləğində maddi ziyanın cavabdehdən tutulmasını tələb edir. Göründüyü kimi iddiaçı müəllif hüquqlarının cavabdehlər tərəfindən pozulmasını iddia edərək ona maddi və mənəvi ziyanın vurulmasını iddia edir. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. İrəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. İddiaçı iddia ərizəsində işlədiyi dövrdə tutduğu vəzifələr haqqında məhkəməyə məlumat versə də, vəzifə təlimatında onun üzərinə düşən əmək vəzifələri (funksiyaları) haqqında hər hansı məlumat verməmişdir. Həmin vəzifə təlimatına isə nəzər saldıqda görürük ki, iddiaçının irəli sürdüyü iddianın hər hansı hüquqi əsası yoxdur və cavabdeh tərəfindən onun hər hansı müəlliflik hüquqları pozulmamışdır. Belə ki, Cavabdeh2 tərəfindən təsdiq edilmiş və iddiaçı tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli “Məhsul üzrə rəhbərin vəzifə təlimatı”na əsasən iddiaçının bir sıra əmək vəzifələri müəyyən edilmişdir. Həmin əmək vəzifələrindən biri – “Dərs evi” tədris mərkəzinə məxsus dərs vəsaitlərinin hazırlanma və satış prosesinin idarə olunması, sınaq imtahanlarının təşkili prosesinin idarə olunması, yeni imtahan planlarının hazırlanması olmuşdur. Göründüyü kimi iddiaçı X2 rəsmi əmək münasibətləri çərçivəsində müxtəlif rəhbər vəzifələrdə çalışmaqla bərabər, eyni zamanda tədris fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçının öz izahatında göstərdiyi kimi, onun vəzifə öhdəlikləri həm tədrisə, həm də dərs vəsaitlərinin hazırlanmasına nəzarət aid olub. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanununun 13-cü maddəsinə əsasən xidməti vəzifəsini, yaxud işəgötürənin xidməti tapşırığını yerinə yetirmək qaydasında yaradılmı əsərə (xidməti əsər) müəlliflik hüququ xidməti əsərin müəllifinə məxsusdur. Xidməti əsərdən istifadəyə müstəsna hüquq, aralarındakı müqavilədə başqa hal nəzərdə tutulmazsa, müəllifin əmək münasibətlərində olduğu şəxsə (işəgötürənə) məxsusdur. Qanunun göstərilən tələbinə əsasən, əgər müəllif əsəri əmək müqaviləsi üzrə vəzifə funksiyalarını yerinə yetirərkən yaradıbsa, müəlliflik hüquqları müəllifdə qalır, lakin həmin əsərdən istifadə hüquqları əmək müqaviləsi bağlanmış hüquqi şəxsə — yəni şəgötürənə məxsus olur. Bu müddəaya əsasən, əsərin hazırlanması əmək funksiyası çərçivəsində baş verdiyi hallarda, işəgötürən müəllifin razılığı olmadan da həmin əsərdən istifadə etmək hüququna malikdir. Belə istifadənin qarşısı yalnız o halda alına bilər ki, müəllif və işəgötürən arasında konkret müqavilə ilə bu hüquqların məhdudlaşdırılması nəzərdə tutulmuş olsun. Bundan başqa, iddiaçının təqdim etdiyi öz iddia ərizəsində qeyd olunur ki: 1. Kitabı 2021-ci ilin noyabrında rəhbərliyə təqdim etmiş, 2. Şirkətin kitabdan istifadəsinə könüllü razılıq vermiş, 3. Müəlliflik hüququnu rəsmi şəkildə rəsmiləşdirməmişdir, 4. Kitab uzun müddət şirkətdə istifadə olunmuşdur və bu zaman heç bir müqavimət və ya hüquqi tələb irəli sürülməmişdir. Bu faktlar əsasında bir daha təsdiq olunur ki, mübahisəli dərs vəsaiti əmək münasibətləri dövründə, əmək funksiyasının icrası çərçivəsində hazırlanmış və könüllü şəkildə şirkətin istifadəsinə verilmişdir. Digər tərəfdən iddiaçı iddia ərizəsində özü təsdiq etmişdir ki, müəlliflik hüququnu qorumağa “tələsməyib”, şirkətdə bu kitabın istifadəsinə etibar etdiyi üçün etiraz etməyib, həmin kitabı işəgötürənin resursları hesabına sınaqdan keçirib və yalnız 2023-cü ilin sonlarında və 2024-cü ilin əvvəlində narazılıq bildirmişdir. Bu davranışlar, hüquq müstəvisində konkludent razılıq (dolaylı razılıq) və ya susma ilə razılaşma kimi qiymətləndirilir. Yəni, iddiaçının təqdim etdiyi “word formatlı sənədin dizaynerin kompüterində qalması” faktı da könüllü təhvilin sübutu kimi çıxış edir. Müəlliflik hüququ qorunma üçün təqdim edilən sənədin öz nəzarətindən çıxarılması, hər hansı müqavilə və ya qadağa olmadan, məsuliyyəti iddiaçının üzərinə qoyur. İddiaçı eyni zamanda iddiasında qeyd edir ki, o heç vaxt mərkəzdə riyaziyyat fənni üzrə koordinator olmamışdır və kitabı şəxsi karyerası üçün yazmışdır. İddiaçının bu dəlillərinin də heç bir hüquqi əsası yoxdur və iş üzrə olan hüquqi əhəmiyyət daşıyan faktlar bu dəlilləri təkzib edir. Belə ki, iddiaçının “koordinator olmamışam” deməsinin hər hansı əhəmiyyəti yoxdur. Qanunvericilikdə əsas kriteriya odur ki, əsər əmək funksiyası daxilində və işəgötürənin resursları ilə yaradılsın. İddiaçı özü də etiraf etmişdir ki, kitabı rəhbərliyə təqdim edib, şirkətə istifadəyə verib, şirkətinin resursları hesabına onu sınaqdan keçirib və onun uğurlu olmasını məhz şirkətdə əmək funksiyalarını həyata keçirərkən əmin olmuşdur. Bu fəaliyyətlər isə koordinator və ya məhsul rəhbərinin funksiyasına bir başa daxildir. İddiaçının isə “şəxsi istifadə üçün yazmışdım” bəyanatı sonradan verilmiş subyektiv izahdır. Əgər iddiaçı həqiqətən də kitabı şəxsi karyera üçün yazılmışdısa, niyə bu kitab işəgötürənə təqdim olunub, dizaynerin kompüterində saxlanılıb və müəllif özü uzun müddət istifadəsinə razılıq verib? Bu ziddiyyətli davranışlar müəllifin sonradan iddia etdiyi “şəxsi məqsəd” arqumentini zəiflədir və faktiki istifadəyə əsaslanan hüquqi münasibətləri dəyişmir. Beləliklə, iddiaçının “kitabı şəxsi karyerası üçün yazdığı” barədə dəlilləri hüquqi baxımdan subyektiv və sonradan irəli sürülmüş izahdır. Qanunvericilikdə əsas meyar vəzifə adı deyil, əmək funksiyası çərçivəsində və faktiki olaraq yerinə yetirilən tapşırıqlardır. İddiaçı özü də etiraf etmişdir ki, kitab rəhbərliyə təqdim olunub, material şöbəsi və dizaynerə ötürülüb və işəgötürənin müəssisəsində tədrisdə istifadə edilib. Bu hallar bir daha göstərir ki, əsər işçinin əmək funksiyası çərçivəsində və işəgötürənin maraqlarına xidmət etmək məqsədilə hazırlanmışdır. Məhkəmənin nəzərinə həmçinin digər hüquqi əhəmiyyətli faktları da çatdırmaq istəyirik. Belə ki, - 2021-ci ildə “Dərs evi” tərəfindən hazırlanmış riyaziyyat kitabında istifadə olunan məsələlər və məzmunun bir hissəsi iddiaçının öz kitabında da yer almışdır; - 2022-ci ildə çap olunan digər kitabda iddiaçının adı müəllif kimi qeyd edilmişdir; - 2024-cü ildə Cavabdeh2 MMC tərəfindən hazırlanan və çap edilən vəsaitdə məzmunun bir hissəsi əvvəlki kollektiv məhsullardan götürülmüşdür, 36 mövzudan yalnız 24-ü oxşardır, qalan 12-si isə tamamilə fərqlidir; Qeyd olunanlara əsaslanaraq qeyd etmək olar ki, mübahisəli məzmun, əgər əvvəlki kitabların bazasında hazırlanıbsa və əmək münasibətləri dövründə formalaşıbsa, bu zaman işəgötürənin qanuni istifadə hüququ mövcud olmuşdur. Bu faktlar göstərir ki, əsərin hazırlanması kollektiv əmək məhsulu olmuş, əvvəlki nəşrlərdən istifadə olunmuş, müəlliflik hüququnun təkbaşına iddiaçıya məxsus olması hüquqi və faktiki baxımdan da mümkün deyil. Beləliklə, iddiaçının müəlliflik hüququnun pozulması ilə bağlı iddiaları yalnız subyektiv yanaşmalara əsaslanır və hüquqi baxımdan hər hansı sübutlarla əsaslandırılmayıb. Əksinə, təqdim edilən faktlar iddiaçının işəgötürənin hüququ çərçivəsində yaradılmış və istifadə olunmuş tədris vəsaitlərində həm müəllif kimi tanındığını, həm də əvvəlki vəsaitlərdən yararlanaraq öz materiallarını formalaşdırdığını göstərir. İddiaçının zərərin vurulması ilə bağlı gətirdiyi dəlillərin də hər hansı hüquqi əsası yoxdur. İddiaçı 300 kitabın çapını əsas gətirərək 6000 AZN real zərər və əlavə olaraq 49140 AZN əldən çıxmış fayda tələb edir. Lakin, iddiaçı həmin dərs vəsaitlərinin satış qiymətini müəyyən edən müqaviləni və rəsmi qiymətin təyin olunması ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir İddiaçı xx.xx.2025-ci il tarixində ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi və olunmuş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasın cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən həmin Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. QƏRARA ALDİ: İddiaçı X1 cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 MMC-yə “pul” tələbinə dair ərizəsi dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. ********** saylı qəbz üzrə ödənilmiş 271 manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Həşimova
Məhkəmə qərarları › İş №e-2-2(113)-3872/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3872/2025
13.06.2025 · Əqli mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Müəlliflik hüququ ilə əlaqədar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver