Məhkəmə qərarları › İş №e-2-2(113)-2938/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2938/2025

30.04.2025 · Əqli mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Müəlliflik hüququ ilə əlaqədar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2938/2025 30.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X4 katibliyi, iddiaçının nümayəndəsi/vəkili Vəkil, cavabdehlər "xxxx" MMC-nin və "xxxx" MMC-nin nümayəndəsi (qanunu təmsilçi) X6, digər cavabdehin iştirakı olmadan, İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2nə və “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müəliflik huquqların pozulması nəticəsində vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının yaradıcısı olduğu “City Lights” adlı əsərdən normal istifadə zamanı əldə edilə biləcək 5000 (beş min) manat gəlirin, 15 000 (on beş min) manat kompensasiyanın cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 MMC, Cavabdeh2 MMC-dən müştərək qaydada tutularaq iddiaçı X3 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “City Lights” adlı əsərin yaradıcısı, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs X3 29 yanvar 2025-ci il tarixində məlum olmuşdur ki, qeyd edilən əsər müəllifin razılığı olmadan “Gavali Azerbaijan” tərəfindən yeni “Bakı” adlı qutunun üzərində çap edilərək 17 oktyabr 2024-cü il tarixində İnstagram sosial şəbəkəsində (“gavaliazerbaijan”) satışa çıxarılmışdır. Bundan sonra müəllif sosial şəbəkə vasitəsilə şirkətlə əlaqə yaratmış və istifadə edilən əsərin ona məxsus olmasını bildirmişdir. “Gavali Azerbaijan” A.Salamaxinaya əsərin ona məxsus olmasından xəbərsiz olduqlarını, əsərin Pinterest platformasından götürüldüyünü bildirmişdir. Pinterest platformasında əsərin müəllifi “X5” göstərilir. Göründüyü kimi, müəllif X1 qorunan müəlliflik hüququ müvafiq şirkət tərəfindən kobud şəkildə pozulmuşdur. İddiaçıya məxsus “City Lights” adlı əsər 18 noyabr 2018-ci il tarixində rəsmlərin yaradılmasını nəzərdə tutan fundamental bədii texnika olan eskiz (sketching) vasitəsilə yaradılmışdır. Əsərin satışına 2019-cu ilin əvvəllərində başlanılmış və bu günədək davam etməkdədir. Əsərin yaradılması, çapı, pərakəndə satışı və s. şəxsən müəllif tərəfindən həyata keçirilmişdir. Əsərin nüsxələrinin illik ortalama satışı iyirmi ədəd təşkil etmişdir. Hazırda əsərin satılmasında ciddi problemlər yaşanmaqdadır. Belə ki, əsərin yaradılması müəllifin unikal baxışı əsasında ərsəyə gəldiyindən alıcıların rəğbətini qazanmışdır. “Gavali Azerbaijan”nın rəsmi razılıq əldə etmədən, müəllifiin razılığı və məlumatı olmadan onun əsərini qutuların üzərində çap edilməklə hazırlaması, satması, yayması nəticəsində müəllifin imicinə ciddi ziyan vurmuşdur. Bu hal müəllifin alıcılarının sayının kəskin şəkildə azalmasına səbəb olmuşdur. Belə ki, iddiaçı hüquqlarının pozulduğunu bildiyi andan cavabdehlərə öz haqlı etirazını və pozulmuş hüquqlarının bərpasına dair tələblərini bildirmiş, buna dair müvafiq pretenzita məktubları onlara ünvanlanmış, əsərdən normal istifadə zamanı əldə edilə biləcək 5000 (beş min) manat gəlirin, 15 000 (on beş min) manat kompensasiyanın 27 fevral 2025-ci il tarixədək müəllif X3 ödənilməsi xahiş olunmuşdur. Lakin müvafiq tarixin keşməsinə baxmayaraq, iddiaçının pozulmuş hüquqlarının bərpasına dair cavabdehlər tərəfindən hər hansı hərəkətlilik göstərilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi işin aidiyyəti üzrə ümumi məhkəməyə göndərilməsinə etiraz etdiyini bildirdi. Çünki iddiaçı EMİS-nə VÖEN-nini əlavə edib, VÖEN-dən irəli gələn satışlara dair sənədləri verib məhkəməyə. İddiaçı özü, müəlliflik hüququ ona məxsus olan bir rəsm çəkib, həmin rəsmini yaylıqların üzərinə vurub satırdı. Mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlir. İddianın hüquqi əsası müəlliflik hüququ olsa da, tələb sahibkarlıqdan irəli gəlir. Cavabdeh isə icazəsiz həmin şəkli götürüb Türkiyyədə qutu sifariş verib, öz məhsullarını həmin qutularda satışlarını edib. Cavabdeh bugün də həmin şəkildən/rəsmdən istifadə etseydi o da gəlir əldə etmiş olaceydi həmin şəkildən. Və iddiaçının bu rəsmi/şəkli hər hansı patent, əmtəə olmadığı üçün, bunun qeydiyyatının və şəhadətnaməsinin alınması məcburi deyil. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi isə bildirir ki, bu məsələ məhkəmədə deyil, əqli mülkiyyət agentliyində həll edilməli məsələdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə məhkəmə aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iddiaçı fərdi sahibkar olsa da, hazırkı mübahisə onun sahibkarlıq fəaliyyətindən irəli gəlmədiyindən, hazırkı mübahisə kommersiya mübahisəsi kimi qiymətləndirilməməlidir. İddiaçı iddia ərizəsində qeyd edir ki, “Gavali Azerbaijan”nın rəsmi razılıq əldə etmədən, müəllifiin razılığı və məlumatı olmadan onun əsərini qutuların üzərində çap edilməklə hazırlaması, satması, yayması nəticəsində müəllifin imicinə ciddi ziyan vurmuşdur və Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikası Qanununa istinad edərək kompensasiyanın ödənilməsini tələb edir. Cavabdeh isə bildirir ki, bu əsərin/rəsmin kimə məxsus olduğunu bilməyiblər, bayram zamanı Türkiyyədə olan şirkətə qutuların hazırlanması üçün sifariş veriblər. Və həmin icraçı şirkət Azərbaycana aid həmin rəsmi qutuların uzarına yerləşdirib, onlara göndərmişdir. Mübahisənin subyekt tərkibi, predmeti və hüquq münasibətlərinin xarakteri birlikdə nəzərə alınmalıdır. Belə ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının: 10-cu bəndinə əsasən 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. 11-ci bəndinə əsasən o da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. 12-ci bəndinə əsasən bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. 18-ci bəndinə əsasən işlərin məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi zamanı konkret kateqoriya işlər üzrə mübahisə predmetinə əsasən müstəsna məhkəmə aidiyyətinin müəyyən edilməsinin mümkünlüyü də nəzərə alınmalıdır. Belə ki, bir sıra kateqoriya işlərin xüsusiyyətləri hüquq münasibətinin xarakteri baxımından bu və ya digər formada işin ümumi və yaxud kommersiya məhkəməsinə aidiyyətini birbaşa olaraq müəyyənləşdirməyə imkan verir. Məsələn, ailə-nikah, mənzil, əmək, vərəsəlik, renta, istehlak münasibətlərindən, habelə müəllifliklə bağlı qeyri-əmlak hüquqlarının həyata keçirilməsi, oyun və mərclərin keçirilməsindən irəli gələn mübahisələrin xüsusiyyəti tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlməsini istisna etməklə, onları müstəsna qaydada ümumi məhkəməyə aid edir. Mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq aşağıdakı tələblərə ümumi məhkəmələr baxır: ailə-nikah münasibətlərindən irəli gələn tələblər; əmək münasibətlərindən irəli gələn tələblər; mənzil münasibətlərindən irəli gələn tələblər; xüsusi icraat qaydasında baxılan işlər (MPM-in 26.2-ci maddəsində qeyd edilənlər istisna olunmaqla), renta münasibətlərindən irəli gələn tələblər; vərəsəlik münasibətlərindən irəli gələn tələblər; istehlak münasibətlərindən irəli gələn tələblər; müəllifliklə bağlı qeyri-əmlak hüquqlarının həyata keçirilməsi üzrə tələblər (müəllif, addan, şöhrətdən istifadə etmək hüququ); xüsusi notarius və vəkillərin peşə fəaliyyətinin həyata keçirilməsindən irəli gələn publik hüquqa aid olmayan mübahisələr; oyun və mərclərin keçirilməsindən irəli gələn tələblər; xüsusi mükafatlandırmanın açıq elan edilməsi, müsabiqənin keçirilməsindən irəli gələn tələblər; qeyri-kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər (təsisçiləri, üzvləri, idarəetmə orqanının nümayəndələri arasında və onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən irəli gələn tələblər). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. - 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. - 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətəndirərək hesab edir ki, iş üzrə həm iddiaçı, həm cavabdehlər sahibkarlıq subyektləri olsalar da, lakin hazırki mübahisənin predmeti və xarakteri məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlmədiyi üçün (mübahisə müəlliflik hüquqları ilə bağlı olduğundan) cavabdehlərdən biri olan Cavabdeh1 MMC-nin ünvanı Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşdiyindən, hazırkı işə mülki məhkəmə icraatı qaydasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 45, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2nə və “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müəliflik huquqların pozulması nəticəsində vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki iş məhkəmə aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar