Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-54/2023 28.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı "xxxx" ASC-nin "xxxx" ASC-yə qarşı “ödənilmiş pul vəsaitinin geri qaytarılması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 və cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-1972/2022 saylı qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. "xxxx" ASC ilə İddiaçı ASC (abonent kodu **********1) arasında elektrik enerjisinin alqısatqı müqaviləsi bağlanmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı ASC-nin "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən əsassız hesablanmış və iddiaçı tərəfindən ödənilmiş 204243,90 manat məbləğində pul vəsaitinin, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 95 manat pul vəsaitinin və 400 manat mediasiya xərcinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı bildirir ki, İddiaçı ASC 05 yanvar 2021-ci il tarixli “Enerji təchizatı müəssisəsi ilə abonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti haqqında (elektrik enerjisinin təchizatı üzrə birtipli alqı-satqı müqaviləsinə əlavə)” akta əsasən, tərəflər arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədini “Elektrik enerjisindən istifadə qaydaları”nın 5-ci fəslinə uyğun olaraq aşağıdakı kimi müəyyən edilir: 35/6 kv-luq “ Karxana-601” y/st-da 6 kv.luq “Elaqaz açarının xətt ayırıcısının uduqlarında (6 kv.luq 25-26-29 saylı h/x-nin). Müəssisənin enerji ilə təmin olunmasına xidmət edən sayğac Karxana yarımstansiyasında yerləşir və sayğac, sayğacın yerləşdiyi TM yarımstansiya "xxxx" ASC-nin balansındadır. Müəssisə tərəfindən istehlak olunmuş enerjinin dəyərinin hər ay gecikdirilmədən ödənilməsi təmin olunur. Lakin, artıq 7 ildən artıq müddətdir ki, "xxxx" ASC-nin X2 və satışı İdarəsi tərəfindən İddiaçı ASC-dən qanunsuz və əsassız olaraq reaktiv enerji və texniki itkilər adı altında əlavə olaraq reaktiv enerji istehlakı hesablanmışdır. Həmin enerjinin dəyəri iddiaçıdan tələb edilmiş və məcburi "xxxx" ASC-yə ödənilmişdir. İddiaçı ASC tərəfindən 27 yanvar 2022-ci il tarixli pretenziya məktubu ilə "xxxx" ASC-yə müraciət olunaraq, "xxxx" ASC və X2 və Satışı İdarəsi, X1 Agentliyi tərəfindən reaktiv enerji və texniki itkilər adı altında qanunsuz və əsassız olaraq iddiaçıya hesablanmış və cavabdehə ödənilmiş 204243,9 manat məbləğində vəsaiti 3 gün müddətində İddiaçı ASC-nin bank hesabına geri qaytarılması xahiş olunmuş əks halda eyni tələblə məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. "xxxx" ASC-nin 7-xx/xx/1427 nömrəli, xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd olunur ki, “Mingəçevir şəhəri, Gəncə şossesi ünvanında yerləşən İddiaçı ASC-nin 35/6 kv-luq karxana y/st-da olan elektrik sayğac hesab dəstlərinə müvafiq komissiyanın və nümayəndə Vəzir Məmmədovun iştirakı ilə baxış keçirilmiş, sayğacın qeyd etdiyi parametrlər qarşılıqlı olaraq aktlaşdırılmışdır. Aktda qeyd olunmuş parametrlər onu deməyə əsas verir ki, müəssisədə işlədicilərin texniki xüsusiyyətlərindən asılı olaraq reaktiv enerji tələbatı çox böyük olan avadanlıqlar vardır. Bu avadanlıqlar tələb etdiyi reaktiv gücü bizim şəbəkədən aldığı üçün şəbəkəmizi yükləyir və şəbəkədə elektrik enerjisinin keyfiyyət göstəricilərini aşağı salır. Aktiv güc itkilərini artırır. (aktiv güc itkisi güc əmsalının kvadratı ilə tərs mütənasibdir) Reaktiv gücü xarakterizə edən kəmiyyət güc əmsalıdır”.
4. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, hesab-faktura və abonent haqqında məlumatda reaktiv enerjiyə görə heç bir hesablama aparılmamışdır. Bununla da, iddiaçıya hesablanmış borc reaktiv enerji və texniki itkilər nəticəsində əmələ gəlməmişdir. Bundan başqa, iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən iddia müddəti də ötürülmüşdür.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-1972/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.
6. İddiaçı ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
7. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini müdafiə etdi, cavabdehin nümayəndəsi Nümayəndə2 isə apellyasiya şikayətinə etiraz etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə” Qaydalarının 8.2-ci bəndinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
11. Mülki Məcəllənin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.
12. Həmin Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
13. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
14. Həmin Məcəllənin 1092.1-ci madəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
15. Həmin Məcəllənin 1095-ci maddəsinə görə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.
16. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır.
19. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 439.4, 1092.1 və 1091-ci maddələri təşkil edir.
20. Hazırki işdə də həmin maddələrin dispozisiya şərtlərinə uyğun əsaslar müəyyən olunur.
21. Belə ki, iddiaçı elektrik enerjisinin sərfiyyatına görə hesablanmış və onun tərəfindən ödənilmiş məbləğlərin reaktiv enerji və texniki itkilərə görə hesablandığını iddia edir.
22. Cavabdeh isə bildirir ki, iddiaçıya hesablanmış həmin məbləğlər reaktiv enerji və texniki itkilər nəticəsində əmələ gəlməmişdir.
23. Qeyd olunanların, yəni reaktiv enerji sərfiyyatının dəyərinin müvafiq dövrlər üzrə İddiaçı ASC-yə məxsus Abunə haqqında sənədə və "xxxx" ASC tərəfindən İddiaçı ASC-yə təqdim edilmiş hesab ödəniş vərəqələrinə daxil edilib-edilmədiyinin və əgər daxil edilmişdirsə cəmi hesablanan reaktiv enerji sərfiyyatının dəyəri və İddiaçı ASC tərəfindən həmin sərfiyyata görə hesablanan məbləğinin nə qədər təşkil etməsinin aydınlaşdırılması üçün hazırki apellyasiya baxışı zamanı iş üzrə kompleks məhkəmətexniki və məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 22 fevral 2023-cü il tarixli 9/9237 saylı ekspert rəyi verilmişdir.
24. Həmin rəyə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi məlumatlarına, iş materiallarında olan Abunə haqqında cədvəldə “Metodik hesablama”, Hesab ödəniş vərəqələrində “Əlavə sərfiyyat”, Mərkəzi Aran RETSİ-nin təqdim etdiyi aylıq sərfiyyat vərəqələrində isə “Reaktiv enerji”yə görə hesablanmış məbləğlər nəzərə alınmaqla 2015-2022-ci illər üzrə hər 3 (üç) xətt üzrə (25, 26 və 29) quraşdırılmış elektrik sayğaclarına "xxxx" ASC tərəfindən İddiaçı ASCyə ümumilikdə 204.574,86 manat məbləğində artıq hesablama aparıldığı müəyyən edildi.
25. Göründüyü kimi cavabdeh hesab-faktura və abonent haqqında məlumatda reaktiv enerjiyə görə heç bir hesablama aparılmadığını bildirsə də, qeyd olunan ekspert rəyi ilə "xxxx" ASC tərəfindən məhz reaktiv enerjiyə görə İddiaçı ASC-yə ümumilikdə 204.574,86 manat məbləğində artıq hesablama aparıldığı müəyyən olunur.
26. Həmin rəyə tənqidi yanaşılması üçün isə əsaslar müəyyən edilmir. Eyni zamanda nəzərə alınır ki, məhkəmə ekspertizasının aparılması zamanı Azərbaycan Respublikası Energetika Nazirliyinin X1 Aentliyinin mütəxəssisləri cəlb edilərək onların rəyi alınmış, habelə ekspertiza tədqiqatı zamanı "xxxx" ASC-nin Mərkəzi Aran RETSİnin təqdim etdiyi aylıq sərfiyyat vərəqələrində olan məlumatlardan istifadə edilmişdir. Həmin məlumatlarda isə reaktiv enerjiyə görə əlavə sərfiyyatın hesablanması qeyd olunmuşdur.
27. Göründüyü kimi iddiaçıya reaktiv enerjiyə görə artıq sərfiyyat hesablamaqla cavabdeh iddiaçının hesabına 204.574,86 manat məbləğində əsassız varlanmışdır.
28. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı artıq ödənilən həmin məbləğdə pul vəsaitinin geri qaytarılmasını tələb etməkdə haqlıdır.
29. İddia müddətinin ötürülməsi ilə bağlı cavabdehin dəlilləri isə əsassızdır.
30. Belə ki, Mülki Məcəllənin 1095 və 377.1-ci maddələrinə görə iddia müddətinin axımı hüququn pozulduğu bildiyi (məlum olduğu) və ya bilməli olduğu gündən başlanır.
31. İş materiallarında olan hesab-faktura və abonent haqqında məlumatda isə reaktiv enerjiyə görə sərfiyyatın olmadığı qeyd edilmişdir. Cavabdeh də həmin hallara istinad edir.
32. Göründüyü kimi iddiaçı hazırda mübahisələndirilən borc məbləğinin cavabdeh tərəfindən təqdim olunan hesab-faktura və abonent haqqında məlumata görə məhz reaktiv enerjiyə görə yarandığını bilə bilməzdi.
33. İddiaçı da bildirir ki, bu barədə məlumat aldıqdan sonra cavabdehə müraciət etmiş və sonuncu tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2022-ci il tarixli məktubda iddiaçıya məxsus müəssisədə işlədicilərin texniki xüsusiyyətlərindən asılı olaraq reaktiv enerji tələbatı çox böyük olan avadanlıqların olduğu qeyd olunmuşdur.
34. Hazırki iddia isə xx.xx.2022-ci ildə qaldırılmışdır.
35. Göründüyü kimi iddiaçı tərəfindən iki illik iddia müddəti ötürülməmişdir.
36. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə iddia təmin edilməlidir. Həmçinin Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri cavabdehə aid edilməlidir.
37. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-1972/2022 saylı qətnaməsi ləğv edilsin. İddia təmin edilsin. İddiaçı ASC-yə aid **********1 saylı abonentə hesablanmış və ödənilmiş 204243,90 manat məbləğində pul vəsaiti, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində cəmi 344 manat pul vəsaiti və 400 manat mediasiya xərci cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ASC-yə ödənilsin. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 150 manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Aida Hüseyn