Məhkəmə qərarları › İş №2-2(103)-540/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-540/2024

21.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-540/2024 21.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X5 və X1 ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC və Qanuni nümayəndə qarşı “kredit borcunun tutulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-180/2024 nömrəli qətnaməsindən cavabdeh, həm də Cavabdeh1 MMCnin qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 MMC və Qanuni nümayəndə (bundan sonra – cavabdehlər) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DC90061035-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 85,292 manat əsas borc, 12808,02 manat faiz borcu, 2611,06 manat cərimə borcu, mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq iddiaçınin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, DC90061035-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 85,292 manat əsas borc, 15627,39 manat faiz borcu, 3986,02 manat cərimə borcu olmaqla, cəmi 104905,41 manat məbləğində borcun; mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq iddiaçınin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin 06 mart 2024-cü il tarixli, e-2-2(113)-180/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehlər Cavabdeh1 MMC və Qanuni nümayəndə birgə qaydada 85292 manat əsas borc, 15627,39 manat faiz borcu, 3986,02 manat cərimə, ödənilmiş 400 manat dövlət rüsumu, ümumilikdə 105305,41 (bir yüz beş min üç yüz beş manat qırx bir qəpik) manat məbləğində pulun tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir.

4. Cavabdeh, həm də Cavabdeh1 MMC-nin qanuni nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin 06 mart 2024-cü il tarixli, e- 2-2(113)-180/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

5. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinin ondan asılı olmayan səbəblərdən icra edə bilməməsi və bu səbəblər barədə məhkəmədə bildirməsinə baxmayaraq, məhkəmə cavabdehin izahatına hüquqi qiymət verməyərək, heç bir araşdırma aparmadan qərar qəbul etmişdir. Belə ki, cavabdeh tərəf izahatında bildirmişdir ki, vergi öhdəlikləri üzrə vergi orqanı tərəfindən bank hesablarına sərəncam qoyulmuş, bu səbəbdən kredit müqaviləsi üzrə öhdəlikləri vaxtında icra etmək mümkün olmamış, hazırda vergi orqanına qarşı qaldırılan "borcun silinməsi” tələbinə dair iddia təmin edilmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən qüvvədə saxlanılmış, hələ qanuni qüvvəyə minməmişdir. Qanuni qüvvəyə mindikdən sonra cavabdeh "xxxx" MMC fəaliyyətini bərpa edərək bank hesabındakı məhdudiyyət aradan qaldırılmaqla forsmajor hal aradan qaldırılmış olacaqdır. Göründüyü kimi, öhdəliyin icra edilməməsində cavabdehin təqsiri olmamışdır. Cavabdeh borcunu və öhdəliklərini vaxtında icra etmədiyini inkar etmir, cavabdehin kredit müqaviləsi üzrə internet informasiya sistemindən çıxarışda göstərilmiş kredit müqaviləsi üzrə əsas borcu 85292 manat, faiz borcu 12627,50 manat hissəsində qəbul edirlər, sadəcə kredit borcunun gecikdirilməsinin səbəbi ondan asılı olmadığına görə bu borcunun gecikdirilməsinə görə hesablanmış cərimə borcunun silinməsini xahiş edir. Eləcə də, fors major hal (dövlət orqanının qərarı) nəzərə alınmaqla, iddia tələbinin hazırkı zamanda təmin edilməsi mümkünsüzdür. Hətta məhkəmə nəinki fors-major halı nəzərə almayıb, hətta iddiaçının elektron sistemində yerləşdirilmiş avtomatik borc hesablama karkulyatorunu da nəzərə almamaqla yanaşı, hətta cərimə ilə bağlı iddianı da qəbul etmişdir. Baxmayaraq ki, rəsmi qaydada elektron kargüzarlıqla iddiaçıya pandemiya (fors-major) dövrü üzrə işləmək mümkün olmaması səbəbindən, eləcə də daha sonra sistemə yüklənilən qaydada məktubla banka müraciət edərək faiz və cərimələrin dayandırılmasını vergi problemi üzrə bank əməliyat aparılmasına, habelə vergi sərəncamı ilə məhdudiyyət yaransa da, məsuliyyətə cəlb edilməməyi xahiş etsə də, əksinə işləməyən bir şirkətə hər gün faiz, cərimə yükləməklə ağlabatmaz məbləğlər tələb edilmişdir. Eləcə də, hesablamalarda yanlışlığa yol verilmiş və əsassız cərimə və faizlərlə yüklənmişdir. Nəticədə borclunun icranı gecikdirməsi ilə bağlı məsuliyyət müəyyən edən qanunvericiliyin norması düzgün tətbiq edilməmişdir. İş üzrə pretenziya məktubu göndərilməmiş, sistemə yüklənmiş pretenziya məktubu ilkin iddia ərizəsi ilə eyni sənəd kimi yüklənmişdir. İş üzrə mediasiya prosesi keçirilən zaman cavabdeh mediasiya prosesinə cəlb edilməmiş, ona nə təklif bildirişi gəlmiş, nə də iddiaçıya göndərilməsi və alınmasına dair elektron sistemə hər hansı bir sənəd yükləmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

6. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

7. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir.

8. Cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

10. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

11. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

12. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

13. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

14. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qismən əsaslı olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli və iddia dəbbə pulu hissəsində təmin edilməməlidir.

18. Belə ki, işin müəyyən olunmuş halları ondan ibarətdir ki, iddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış 11 may 2016-cı il tarixli BBSH-GTS-041/2016 nömrəli bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusuna əsasən müştərinin müraciət əsasında ona bank hesabının açılması, depozitin yerləşdirilməsi, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya limitin ayrılması) ticarətin maliyyələşdirilməsi (akkreditiv, qarantiya, stand-by akkreditiv, inkasso), plastik kartların verilməsi, inkassasiya xidməti, depozit qutularının icarəsi və bu xidmətlərin göstərilməsindən irəli gələn şərtlər öz əksini tapmışdır.

19. İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli DC90061035-02 saylı maliyyələşdirmə üçün ərizədən görünür ki, bank cavabdehə illik 17 % olmaqla 96793 manat məbləğində kredit verir. Bu ərizəyə əsasən cavabdeh yaranan əsas borc, faizlər, komissiya haqqı, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və vurulmuş zərər, girov predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi üzrə bütün pul tələblərinə təminat vermə öhdəliyi götürmüşdür (müqavilə hüquqi şəxsin qanuni təmsilçisi Qanuni nümayəndə tərəfindən xx.xx.2022-ci il tarixdə, saat 13:08-də asan imza ilə imzalanmışdır).

20. İddiaçı ilə cavabdeh Qanuni nümayəndə arasında bağlanmış 25 aprel 2022-ci il tarixli DG**********405 nömrəli zaminlik müqaviləsinə əsasən bank və Cavabdeh1 MMC arasında bağlanmış DC90061035-02 saylı kredit müqaviləsi əsasında borcalana veriləcək 96793 manat məbləğdə kreditlə əlaqədar olaraq borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin, borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür.

21. İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli PB/PBL-OUT-00410-2023/13 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh1 MMC-nin 13 iyun 2023-cü il tarixinə iddiaçı qarşısında öhdəlikləri DC90061035-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 85292 manat əsas borc, 12808,02 manat faiz borcu, 2611,06 manat cərimə borcu olmaqla, cəmi borcu 100711,08 manat təşkil edir.

22. İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli PB/BPŞ-OUT-00952-2023 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh1 MMC-nin 23 avqust 2023-cü il tarixinə iddiaçı qarşısında öhdəlikləri DC90061035-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 85292 manat əsas borc, 15627,39 manat faiz borcu, 3986,02 manat cərimə borcu olmaqla, cəmi borcu 104905,41 manat təşkil edir.

23. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 31 yanvar 2024-cü il tarixli 9/7483 nömrəli ekspert rəyindən görünür ki, iddiaçı və Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli DC********** saylı kredit müqaviləsi üzrə Cavabdeh1 MMC-nin xx.xx.2023-cü il tarixə əsas borcu 85292 manat, faiz borcu 14646,74 manat; xx.xx.2023-cü il tarixə əsas borcu 85292 manat, faiz borcu 15653,66 manat təşkil edir. Kredit müqaviləsi üzrə cərimə hesabı və cərimənin hesablanması ilə bağlı hər hansı məlumat olmadığından cərimə hesablanmadı.

24. Cavabdeh1 MMC-nin nümayəndəsi birinci instansiya məhkəməsində bildirmişdir ki, kredit müqaviləsi üzrə əsas borcu 85292 manat, faiz borcu 12627,50 manat hissəsində qəbul edirlər. Lakin cərimə borcunu qəbul etmirlər. Eyni yanaşma apellyasiya şikayətində də qeyd edilmişdir. Cavabdeh tərəf əsas kimi vergi orqanının hüquqi şəxs barəsində bankda olan hesablarına həbsin qoyulmasını göstərmişdir.

25. İşdən görünür ki, cavabdeh tərəf 3000 manat faiz borcunu və cərimə borcunu qəbul etmir və iddianın həmin hissədə rədd edilməsini istəyir.

26. Cavabdehin təqdim etdiyi Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardaddan görünür ki, Vergi orqanının xx.xx.2022-ci il tarixli, **********7D saylı sərəncamı ilə Cavabdeh1 MMC-nin 3515,49 manat vəsaiti dondurulmuş, həmin tarixli, **********3A saylı sərəncamla isə Cavabdeh1 MMC-nin 13890,87 manatlıq pul vəsaiti alınmışdır.

27. Cavabdeh şikayətdə bildirir ki, xx.xx.2022-ci il tarixdən kredit müqavilə üzrə öhdəliyini icra edə bilmir.

28. İşə əlavə edilmiş Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1886/2023 saylı, 18 sentyabr 2023-cü il tarixli qərarı ilə (hakim A.Əhədova) iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2022-ci il tarixli **********679400 saylı qərarının ləğv edilməsi qərara alınmışdır. Həmin qərar xx.xx.2024-cü il tarixdə qanuni qüvvəsini almışdır (iş üzrə Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı işə əlavə edilmişdir). Bununla da həmin tarixdən vergi orqanının cavabdeh barəsində tətbiq etdiyi məhdudiyyət aradan qalxmışdır.

29. Kollegiya tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh1 MMC xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək kredit müqaviləsi üzrə aylıq öhdəliyini (əsas və faiz) özündən asılı olmayan səbəbdən yerinə yetirə bilməmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdən hazırkı vaxtadək 85292 manat əsas borc, 15627,39 manat faiz borcunu ödəmək imkanına malik olsa da ödəməmişdir. Ona görə tələbin bu hissələri əsaslıdır və məhkəmə düzgün nəticəyə gəlmişdir.

30. Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməlidir. Lakin kollegiya hesab edir ki, iddiaçının tələb etdiyi xx.xx.2023-cü il tarixədək icranın gecikdirilməsi baş vermədiyi üçün dəbbə pulunun tutulması üçün hüquqi əsaslar olmamışdır. Belə ki, dəbbə pulunun tutulmasının hüquqi əsası qismində icranın gecikdirilməsi, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi çıxış edir. Hazırkı işdə bu əsaslar müəyyən edilməmişdir. Məhkəmə bu hissədə əsassız nəticəyə gəlmişdir.

31. Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır.

32. Mülki Məcəllənin 445.5-ci maddəsinə əsasən əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır.

33. Mülki Məcəllənin 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur.

34. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Cavabdeh1 MMC müqavilə üzrə öhdəliyi üzürlü səbəbdən və təqsirli olmadan yerinə yetirmədiyi üçün 3986,02 manat məbləğində dəbbə pulunun tutulması barədə iddia tələbi təmin edilə bilməz.

35. Bundan başqa birinci instansiya məhkəməsi yanlış olaraq hesab etmişdir ki, iddiaçı tərəfindən ödənilmiş 400 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Məhkəmə iddianı tam təmin etdiyi üçün həmin məbləği cavabdehlərdən tutaraq iddiaçıya ödənilməsi nəticəsinə gəlməli idi. göründüyü kimi məhkəmə maddi və prosessual hüquq normalarının tələblərinə qismən riayət etməmişdir.

36. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

37. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 385.1.1, 385.1.4, 388, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh, həm də Cavabdeh1 MMC-nin qanuni nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 06 mart 2024-cü il tarixli, e-2-2(113)-180/2024 nömrəli qətnaməsi qismən, yəni cərimə borcu və məhkəmə xərcləri hissəsində ləğv edilsin, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia 3986,02 manat cərimə məbləği hissəsində təmin edilməsin. 400 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 MMC və Qanuni nümayəndə müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulsun. 200 manat ekspertiza xərci iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. Cavabdehin apellyasiya şikayətinə görə ödədiyi dövlət rüsumu özünə aid edilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar