Məhkəmə qərarları › İş №2-2(103)-544/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-544/2021

28.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-544/2021 28.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), hakimlər Hüseyn Aida Əli qızı və Bəktaşi Səadət İnayət qızından ibarət tərkibdə, Rüstəmova Vüsalə Dadaş qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ləğvetmə prosesində olan "xxxx" ASC Cavabdeh MMC-yə qarşı “kredit müqvilələri üzrə borcun qaytarılması tələbinə dair» iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-545/2017 saylı 19 oktyabr 2017-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 19 oktyabr tarixli, 2-2(82)- 545/2017 saylı qətnaməsi ilə iddiaçı ASC-in Cavabdeh MMC-ə qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair iddia rədd olunmuş, ASC-dən 80 manat ekspertiza tədqiqatının dəyəri tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilmişdir (hakim H.Babayeva). İddiaçı 2019-cu il 27 sentyabr tarixində buraxılmış prosessual müddətin bərpasına dair ərizə, 2019-cu il 1 oktyabr tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək buraxılmış prosessual müddətin bərpa edilməsini, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 18 oktyabr tarixli, 2-2(82)- 545/2017 saylı qərardadı ilə iddiaçı ASC-in ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş müddətin bərpa olunması barədə ərizə rədd edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 8 noyabr tarixli, 2-2(82)- 545/2017 saylı qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 18 oktyabr tarixli, 2-2(82)-545/2017 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin olunmamış, şikayət 7 gün müddətində işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 12 dekabr tarixli, 2-2(103)-900/2019 saylı qərardadı ilə iddiaçı ASC-in ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun şikayəti təmin olunmamış, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 18 oktyabr tarixli 2-2(82)-545/2017 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 11 mart tarixli, 2-2(102)-82/2020 saylı qərarı ilə iddiaçı ASC-in kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 12 dekabr tarixli qərardadı ləğv olunmuş, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 18 iyun tarixli, 2-2(103)-368/2020 saylı qərardadı ilə ASC tərəfindən verilmiş şikayət təmin olunmuş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 18 oktyabr tarixli, 2-2(82)-545/2017 saylı qərardadı ləğv edilmiş, iddiaçı ASC-in müddətin bərpası barədə ərizəsi təmin olunmuş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 19 oktyabr tarixli, 2- 2(82)545/2017 saylı qətnaməsindən ASC tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət üzrlü hesab olunaraq bərpa edilmişdir. Cavabdeh MMC apellyasiya şikayətinə etiraz verərək iddiaçının apellyasiya şikayətinin təmin olunmamasını və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin 2017-ci il 19 oktyabr tarixli, 2-2(82)545/2017 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 4 sentyabr tarixli, e-2-2(103)-449/2020 saylı qətnaməsi ilə iddiaçı ASC-in apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 19 oktyabr tarixli, 2- 2(82)-545/2017 saylı qətnaməsi ləğv olunmuş, iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" MMC-dən iddiaçı ASC-nin xeyrinə: - 169K/12 №-li 2012-ci il 28 dekabr tarixli kredit müqaviləsinə əsasən 3.685.600 manat əsas borc, 552.840 manat faiz borcu, 16.892,36 manat cərimə borcu - cəmi, 4.255.332,38 manat ; - 52K/13 №-li, 2013-cü il 2 iyul tarixli kredit müqaviləsinə əsasən 431.000 manat əsas borc, 68.960 manat faiz borcu, 27.775,96 manat cərimə borcu - cəmi, 527.735,96 manat; - 55K/13 №-li, 2013-cü il 3 iyul tarixli kredit müqaviləsinə əsasən 234.000 manat əsas borc, 37.400 manat faiz borcu, 14.976 manat cərimə borcu - cəmi, 286.376 manat; - iddianın verilməsinə görə çəkilmiş məhkəmə məsrəflərinə görə 21 manat pul tutulmuş, iddia qalan hissələrində təmin edilməmişdir (sədrlik edən – C.Yusifov, hakimlər – R.Qurbanov və V.Baxışova). Həmin qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasnın 2-2(102)- 88/2021 saylı 03.03.2021-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 4 sentyabr tarixli, 2-2(103)-449/2020 saylı qətnaməsi qismən-faiz borcu hissəsində və iddianın rədd olunması hissəsində ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının 11.06.2021-ci il tarixli qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və iş üzrə icraat ekspert rəyi təqdim edilənədək dayandırılmışdır. Ekspert rəyi 13.09.2021-ci il tarixdə məhkəməyə daxil olmuş və məhkəmənin 16.09.2021-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. İşin halları: İddiaçı ASC Cavabdeh MMC-ə qarşı cavabdehdən ASC-in xeyrinə 169K/12 nömrəli, 2012-ci il 28 dekabr tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 3.685.600 manat, faiz borcu üzrə 2.039.294.24 manat və cərimə borcu üzrə 16.892.36 manat, cəmi 5.741.786.60 manat, 52K/13 nömrəli, 2013-cü il 2 iyul tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 431.000 manat, faiz borcu üzrə 259.561.24 manat, cərimə borcu üzrə 27.775.96 manat, cəmi 718.337.20 manat, 55K/13 nömrəli, 2013-cü il 3 iyul tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 234.000 manat, faiz borcu üzrə 140.816 manat, cərimə borcu üzrə 14.976 manat, cəmi 389.792 manat, 41/14 nömrəli, 2014-cü il 11 mart tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 450.000 manat, faiz borcu üzrə 207.375 manat, cəmi 657.375 manat və dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun, 1 manat bank xidməti haqqının tutulması barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Ləğv prosesində olan "xxxx" ASC (bundan sonra-ASC) ilə "xxxx" MMC (bundan sonra-MMC) arasında üç ədəd kredit müqaviləsi imzalanmışdır. Borc alan qismində X2 (bundan sonra-Z.Aslanov) şəxsində MMC ilə borc verən qismində ASC arasında 2012-ci il 28 dekabr tarixində bağlanmış 169/12 saylı təminatsız bərpa olunmayan kredit xətti müqaviləsinə əsasən, borc verən borc alana 3.606.000 manat məbləğində 12 ay müddətinə illik 15 faizlə kredit xətti verməyi, borc alan isə kredit məbləğini qəbul etməyi, kredit məbləğini və ona hesablanmış faizləri bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə geri qaytarmağı öhdəsinə götürmüşdür. ASC ilə Z.Aslanovun şəxsində MMC arasında 2013-cü il 2 iyul tarixində bağlanmış 52K/13 saylı təminatsız bərpa olunan kredit xətti müqaviləsinə əsasən borc verən borc alana 431.000 manat məbləğində 12 ay müddətinə illik 16 faizlə kredit verməyi, borc alan isə kredit məbləğini qəbul etməyi, kredit məbləğini və ona hesablanmış faizləri bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə geri qaytarmağı öhdəsinə götürmüşdür. ASC ilə Z.Aslanovun şəxsində MMC arasında 2013-cü il 3 iyul tarixində bağlanmış 55K/13 saylı təminatsız bərpa olunan kredit xətti müqaviləsinə əsasən borc verən borc alana 224.000 manat məbləğində 12 ay müddətinə illik 16 faizlə kredit xətti verməyi, borc alan isə kredit məbləğini qəbul etməyi, kredit məbləğini və ona hesablanmış faizləri bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə geri qaytarmağı öhdəsinə götürmüşdür. 2012-ci il 28 dekabr tarixli 169K/12 saylı təminatsız bərpa olunmayan kredit xətti müqaviləsinə edilmiş 2013-cü il 14 may tarixli 1 saylı əlavədən görünür ki, 2012-ci il 28 dekabr tarixli 169K/12 saylı bərpa olunmayan kredit xətti müqaviləsinin məbləği 80.000 manat artırılaraq 3.686.000 manatadək çatdırılmışdır. 2013-cü il 3 iyul tarixli, 55K/13 saylı təminatsız bərpa olunan kredit xətti müqaviləsinə edilmiş 2013-cü il 3 iyul tarixli, 1 saylı əlavədən müəyyən olunur ki, 2013-cü il 3 iyul tarixli, 55 K/13 saylı bərpa olunan kredit xətti müqaviləsinin məbləğini 10.000 manat artırılaraq 234.000 manatadək çatdırılmışdır. ASC tərəfindən verilmiş 2017-ci il 17 may tarixli maliyyə arayışından müəyyən olunur ki, MMCin 2017-ci il 7 aprel tarixinə 2012-ci il 28 dekabr tarixli müqavilə üzrə 5.741.786.60 manat, 2013-cü il 2 iyul tarixli müqavilə üzrə 718.337.20 manat, 2013-cü il 3 iyul tarixli müqavilə üzrə 389.792 manat, 2014-cü il 11 mart tarixli müqavilə üzrə 657.375 manat məbləğində borcu vardır. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2016-cı il 1 fevral tarixli, 201(81)- 1404/2016 saylı qərarı ilə ASC müflis elan olunmuş, iflas proseduruna başlanılmış, Əmanətlərin Sığortalanması Fondu ASC-in ləğvedicisi təyin edilmişdir. 2016-cı il 25 oktyabr tarixli Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin Dövlət Reyestrindən çıxarışdan müəyyən olunur ki, MMC və bir sıra cəmiyyətlərin ona qoşulması nəticəsində "xxxx" MMC yenidən təşkil olunmuş və MMC-in hüquqi varisi olmuşdur. ASC tərəfindən 2017-ci il 10 may tarixində Cavabdeh MMC-ə pretenziya qaydasında xəbərdarlıq ünvanlanaraq, 2012-ci il 28 dekabr tarixli, 169K/12 saylı müqavilə üzrə cəmi 5.741.786.60 manat, 2013-cü il 2 iyul tarixli müqavilə üzrə cəmi 718,337.20 manat və 2014-cü il 11 mart tarixli, 41/14 saylı müqavilə üzrə cəmi 657.375 manat təşkil edən borc məbləğinin 10 gün müddətində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq olunmuşdur. İş üzrə məhkəmələr yuxarıda göstərilən qətnamələri qəbul etmişdirlər. Apellyasiya şikayətinin dəlilləri və iddiaçının nümayəndəsinin izahatı: İddiaçının nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, izahatında bildirmişdir ki, qətnamə əsassızdır. Belə ki, məhkəmə qətnamə qəbul edərkən Məhkəmə Ekspertizsı Mərkəzinin 26 sentyabr 2017-ci il tarixli 21888 №-lı ekspert rəyinə əsaslanmışdır. Həmin ekspert rəyinə əsasən kredit müqavilələrində borcalan qarşısındakı imzalar "xxxx" vasitəsilə icra olunmuş, 28.12.2012-ci il tarixli müqaviləyə əlavədə borcalan qarşısındakı imza birbaşa qələmlə, 03.07.2013-cü il tarixli müqaviləyə əlavədə isə borcalan qarşısındakı imza "xxxx" vasitəsilə icra edilmişdir. Bu səbəbdən hakim hakim hesab etmişdir ki, kredit müqaviləsi üzrə borcalan hüquqi şəxsin rəhbəri tərəfindən birbaşa deyil, "xxxx"dən istifadə edilməklə imzalandığından qanunla müəyyən edilmiş sadə yazılı formada kredit müqaviləsi bağlanmamış və bank tərəfindən "xxxx"MMC-yə müqavilələr üzrə kredit verilməsi öz təsdiqini tapmamışdır. Hakim digər sübutlara qiymət verməmiş, bununla da maddi və prosessual hüquq normalarını pozmuşdur. Halbuki, məhkəməyə təqdim edilən müqavilələrdə və çeklərdə cavabdeh öz möhürü ilə kreditin imzalanmasını və vəsaitin bankdan götürülməsini təsdiq etmişdir. Bundan başqa, kredit vəsitlərin alınması üçün cavabdeh tərəfindən banka müraciət olunuşdur. Həmin müraciəti borcalanın direktoru X4 öz imzası və MMC-nin möhürü ilə təsdiq etmiş və həmin müraciətlər nəzərə alınaraq kredit vəsaiti verilməsi qərara alınmışdır. Ekspert rəyinə əsasən kredit müqavilələri borcalan imzalayarkən "xxxx"dən istifadə etsə də MMC-nin möhürünün düzgünlüyünə şübhə yoxdur. Əlavə olaraq kredit almaq üçün cəmiyyət təsis sənədlərini də banka təqdim etmiş, həmin sənədlər kreditin rəsmiləşdirilməsi üçün istifadə olunmuşdur. Bundan başqa cavabdehin cari hesabından çıxarışa əsasən verilən kredit vsəaitindən cavabdeh istifadə də etmişdir. Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin qismən təmin edilməsi nəticəsinə gəlir. Cavabdeh MMC-nin işdə olan təsis sənədlərindən (15.10.2016- cı il tarixli **********186400 №-li reyestrdən çıxarış) görünür ki, Cavabdeh MMC - mübahisələndirilən kredit müqavilələri üzrə kredit alan "xxxx" MMC-nin hüquqi varisidir. Eyni zamanda, iş materiallarına əsasən müəyyən olunur ki, iddiaçının istinad etdiyi birinci üç - 169K/12 №-li 28 dekabr 2012-ci il tarixli, 52K/13 №-li, 02 iyul 2013-cü il tarixli və 55K/13 №-li, 03 iyul 2013-cü il tarixli kredit müqaviləri işdə mövcud olsa da, dördüncü - 41/14 №-li, 11 mart 2014-cü il tarixli kredit müqaviləsi, hazırkı mərhələdə də məhkəmənin təklif etməsinə baxmayaraq belə, həmin müqaviləni iddiaçı tərəf məhkəməyə təqdim edə bilməmişdir. İşdə olan birinci üç təminatsız bərpa olunmayan kredit xətti müqavilələrinə əsasən isə aşağıdakılar müəyyən olunur: -169K/12 №-li 28 dekabr 2012-ci il tarixli müqavilə üzrə iddiaçı tərəfindən hazırkı cavabdehin hüquq sələfi "xxxx" MMC-yə illik 15%-lə 12 ay müddətinə 3.606.000 manat məbləğində kredit verilmiş, 14 may 2013-cü il tarixində isə tərəflər arasında həmin müqaviləyə 1 saylı Əlavə imzalanmaqla, həmin məbləğ 80.000,00 manat da artırılaraq kreditin məbləği 3.686.000,00 manata çatdırılmışdır; - 52K/13 №-li, 02 iyul 2013-cü il tarixli kredit müqaviləsi üzrə həmin borcalana 431.000,00 manat məbləğində kredit verilmişdir; - 55K/13 №-li, 03 iyul 2013-cü il tarixli kredit müqaviləsi üzrə isə ilk öncə 224.000,00 manat, daha sonra tərəflər arasında 03 iyul 2013-cü il tarixdə imzalanmış 1 saylı Əlavə ilə 10.000 manat da artırılaraq 234.000 manata çatdırılmışdır. Birinci instansiya məhkəməsi qətnaməsində, iş üzrə təyin edilmiş sənədlərin texniki ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 26 sentyabr 2017-ci il tarixli 21888 №-lı ekspert rəyinə və MPM-in 88, 101.1, 101.3-cü maddələrinə istinadən məhkəmənin iş üzrə mövqeyi aşağıdakılardan ibarətdir: - «…Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayiəsədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırkı halda isə məhkəməyə təqdim edilmiş ekspert rəyindən müəyyən olunur ki, mübahisələndirilən müqavilələrdə və 03 iyul 2013-cü il tarixli 55K/13 №-li müqaviləy 03 iul 2013-cü il tarixli 1 saylı əlavədə «Borc alan» «X4» qrafalarndakı imzalar birbaşa deyil faksimile klişe vasitəsilə icra edilmişdir. Yalnız 28 dekabr 2012-ci il tarixli 169K/12 №-li müqaviləyə 14 may 2013-cü il tarixli 1 saylı əlavədə "xxxx" MMC-nin direktoru adından «X4 qrafasındakı imza birbaşa olaraq icra edilmişdir. Belə olan təqdirdə birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi kredit müqavilələri borc alan hüquqi şəxsin rəhbəri tərəfindən birbaşa olaraq deyil, faksimile klişendən istifadə edilməklə imzalandığından tərəflər arasında qanunla müəyyən edilmiş formada sadə yazılı formada kredit müqaviləsi bağlanmamış və bank tərəfindən "xxxx" MMC-yə müqavilə üzrə kreditin verilməsi təsdiqini tapmamışdır. Belə ki, Mülki Məcəllənin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq ediəli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Beləliklə, iddiaçı Mülki Məcəllənin 385, 385, 442 və 445-ci maddələrinə istinad edərək, cavabdehin kredit müqavilələri üzrə üzərinə düşən öhdəliyi icra etməməsi ilə bağlı venrilmiş kreditin qaytarılmasını tələb etsə də, tərəflər arasında kredit müqavilələrin bağlanmasını, müqavilədə müəyən edilən pul vəsaitlərinin borc alana kredit olaraq verilməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Sübut qismində təqdim edilmiş hər üç kredit müqaviləsində borcalan qrafasındakı imzalar isə cavabdeh təşkilatın rəhbəri tərəfindən birbaşa deyil, faksimile klişe vasitəsilə imza edilmişdir. Qeyd edilənərə əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında kredit müqaviləsi üzrə öhdəlik hüquq münasibətlərinin yaranmasını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilmədyindən iddia tələbi əsassızdır, rədd edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı tam rədd edərək haqlı olmamışdır və aşağıdakıları qeyd edir. Yuxarıda qeyd edildiyi kimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)-88/2021 saylı 03.03.2021-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 4 sentyabr tarixli, 2-2(103)-449/2020 saylı qətnaməsi qismən-faiz borcu hissəsində və iddianın rədd olunması hissəsində ləğv edilmişdir. Kassasiya instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, apelyasiya instansiya məhkəməsi yuxarıda göstərilən hər üç müqavilə üzrə (2012-ci il 28 dekabr tarixli, 169K/12 №-li, 2013-cü il 2 iyul tarixli, 52K/13 №-li və 2013-cü il 3 iyul tarixli, 55K/13 №-li kredit müqavilələri) faiz məbləğlərini hesablayarkən həmin müqavilələrdə eyni ilə müəyyənləşdirilən 5.3-cü bəndini nəzərdən qaçırmışdır. Belə ki, adı çəkilən hər üç müqavilənin müvafiq olaraq 5.3-cü bəndində göstərilmişdir ki, borc alan bu müqavilənin 3.5-ci bəndində göstərilən kredit vəsaitindən istifadə müddətinin bitmə tarixinə kimi kredit vəsaiti tam şəkildə bağlanmadığı təqdirdə bu müqavilənin 1.1-ci bəndində qeyd olunan illik faiz dərəcəsi iki dəfə artırılır. Hər üç müqavilə üzrə yuxarıda göstərilən müqavilənin 5.3-cü bəndində göstərilmiş faiz dərəcəsinin cərimə sanksiyası kimi yaxud da kredit vəsaitinin tam şəkildə bağlanmadığı təqdirdə hər üç müqavilənin 1.1-ci bəndində qeyd olunan illik faiz dərəcələrinin iki dəfə artırılmış adi faiz dərəcəsi kimi qəbul edilməsinə qiymət verilməlidir. Hər üç müqavilə üzrə faiz borcunun hesablanması ilə əlaqədar məhkəmə mühasibatlıq ekspertizası keçirilməklə onun rəyi alındıqdan sonra kredit müqavilələri üzrə istinad edilən normaların (hər üç müqavilə üzrə 5.3-cü bəndində göstərilmiş faiz dərəcəsinin cərimə sanksiyası və yaxud da onun iki dəfə artırılmış adi faiz dərəcəsi olubolmamasını da müəyyənləşdirməklə) tələblərini araşdıraraq qiymətləndirməklə cavabdehin faiz borcu məbləğləri dəqiq müəyyən edilməlidir. Məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin qərarında qeyd edilən göstərişlərini nəzərə alaraq 11.06.2021-ci il tarixli, 2-2(103)-544/2021 nömrəli qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizasını təyin etmişdir. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02.09.2021-ci il tarixli, 9/5461 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və maliyyə arayışı məlumatlarına əsasən, Cavabdeh MMC ilə iddiaçı ləğv prosesində olan "xxxx" ASC arasında bağlanılmış 28.12.2012-ci il tarixli, 169K/12 nömrəli, 02.07.2013-cü il tarixli, 52K/13 nömrəli və 03.07.2013-cü il tarixli,55K/13 nömrəli təminatsız bərpa olunan kredit xətti müqavilələrinin qeyd olunan şərtləri əsas götürülməklə aparılan hazırki ekspertiza tədqiqatı zamanı cavabdeh tərəfindən banka edilən ödənişlər nəzərə alınıb, çıxıldıqdan sonra kredit müqavilələrinin müddətinin bitdiyi tarixlərə olan borcu aşağıdakı kimi müəyyən olunur: 169K/12 nömrəli kredit müqaviləsi üzrə 28.12.2013-cü il tarixə olan borcu : əsas borcu – 3685600,00 manat, faiz borcu 230045,33 manat; 52K/13 nömrəli kredit müqaviləsi üzrə 02.07.2014-cü il tarixə olan borcu: əsas borc – 431000,00 manat, faiz borcu – 68960,00 manat; 55K/13 nömrəli kredit müqaviləsi üzrə 03.07.2014-cü il tarixə olan borcu: əsas borcu 234000,00 manat; faiz borcu – 37440,00 manat. Bundan başqa, rəyin nəticə hissəsində qeyd edilmişdir ki, hər üç müqavilələrin 5.3-cü bəndində göstərilmiş kredit vəsaitindən istifadə müddətinin bitmə tarixinə kimi kredit vəsaiti tam şəkildə bağlanmamış, lakin, faiz dərəcəsinin cərimə sanksiyası və yaxud da onun iki dəfə artırılmış adi faiz dərəcəsinin hesablanmadığı iddiaçı bank tərəfindən təqdim edilmiş maliyyə arayışı məlumatlarında öz əksini tapmışdır. Həmçinin qeyd edilir ki, hazırki ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış kredit müqavilələri üzrə cərimə bəndi nəzərdə tutlsa da bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat ( cərimənin silinməsinin özündə əks etdirən cərimə hesabı üzrə çıxarış) olmadığı üçün cavabdehə cərimə borcu hesablanmadı. Məhkəmə kollegiyası ekspertin rəyini mötəbər sübüt kimi qəbul edir və ekspertin rəyini nəzərə alaraq hesab edir ki, Cavabdeh MMC ilə iddiaçı ləğv prosesində olan Cavabdeh MMC-dən iddiaçı ləğvetmə prosesində olan "xxxx" ASC-nin xeyrinə: - 28 dekabr 2012-ci il tarixli, 169K/12 nömrəli kredit müqaviləsinə əsasən 230045,33 manat faiz borcu; - 02 iyul 2013-cü il tarixli, 52K/13 nömrəli kredit müqaviləsinə əsasən 68.960,00 manat faiz borcu; - 03 iyul 2013-cü il tarixli, 55K/13 nömrəli kredit müqaviləsinə əsasən 37440,00 manat faiz borcu tutulmalıdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin qərarında digər göstərişi - 2014-cü il 11 mart tarixli, 41/14 №-li kredit müqaviləsi ilə bağlı üzrə qeyd edir ki, sözügedən kredit müqaviləsi nə birinci instansiya məhkəməsinə, nə də ki apellyasiya instansiyası məhkəməsinə təqdim olunmamışdır. İddiaçı öz tələbinin əsası kimi 2017-ci il 7 aprel tarixli, 1442 №-li maliyyə arayışına, 2012-ci il 28 dekabr - 2016-cı il 18 yanvar tarixləri əhatə edən hesabdan çıxarışdan və həmin hesabdan çıxarışda əks olunan BOA 97906 saylı çekə istinad edir və qeyd olunan müqavilə üzrə ASC-in MMC-ə 450.000 manat məbləğində əsas borcun olduğunu iddia edir. Məhkəmə kollegiyası qeyd edir ki, işdə olan 28 dekabr 2012-ci il tarixli 169K/12 №-li kredit müqaviləsinə 14 may 2013-cü il tarixli 1 saylı Əlavə üzrə 3.686.000 manat məbləğində kreditin borcalana təqdim edildiyi işdə olan və hazırkı mərhələdə məhkəməyə təqdim olunmuş - cavabdehə məxsus bank hesabından çıxarışda təsbit olunan məlumatalara əsasən və «BOA 097901» №-li və BOA 09703 №-li çeklərlə də təsdiq olunur. Lakin iddiaçı cavabdehin bu müqavilə üzrə krediti almasını təsdiq edən ”BOA 97906” nömrəli çekə istinad etsə də, həmin çek iş materiallarında mövcud deyil və məhkəməyə həmin sənəd təqdim edilməmişdir. İddiaçının istinad etdiyi 11 mart 2014-cü il tarixli, 41/14 nömrəli 4-cü kredit müqaviləsi, BOA 97906 nömrəli çek mövcud olmadığı, həmin müqavilə üzrə iddiaçının pul tələbinin təmin edilməsini zəruri edən şərtlərin mövcudluğundan söhbət gedə bilməz. MPM-in 77.1-ci maddəsi isə də məhz nəzərədə tutur ki, həmin hissədə öz tələbinlərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi onun üzərinə düşür. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19.10.2017-ci il tarixli 2-2(82)- 545/2017- 013 saylı qətnaməsi iddia tələbinin faiz borcunun tutulması hissəsində qismən ləğv edilməli, iddia həmin hissədə qismən təmin edilərək, Cavabdeh MMC-dən iddiaçı ləğvetmə prosesində olan "xxxx" ASC-nin xeyrinə: - 169K/12 №-li 28 dekabr 2012-ci il tarixli kredit müqaviləsinə əsasən 230045,33 manat faiz borcu; - 52K/13 №-li, 02 iyul 2013-cü il tarixli kredit müqaviləsinə əsasən 68.960,00 manat faiz borcu; - 55K/13 №-li, 03 iyul 2013-cü il tarixli kredit müqaviləsinə əsasən 37440,00 manat faiz borcu tutulmalı, qətnamə qalan iddianın rədd edilmiş hissələrində dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. MPM-in 385.1.1-385.1.2-ci maddələrinin tələblərindən isə görünür ki, maddi və prosessual hüquq normalarının pozulması işin bütün faktiki hallarının aydınlaşdırılmaması, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinin tələbindən də görünür ki, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, iş üzrə 02.09.2021-ci il tarixli, 9/5461 saylı ekspert rəyinə əsasən aparılmış tədqidatın dəyəri 145 manat təşkil edir və həmin məbləğ cavabdehdən tutularaq dövlət büdcəsinin – büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Dövlət xəzinədarlığı Agentliyi kod 210005, VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, MEM VÖEN **********, AZ34CTRE ******************** hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19.10.2017-ci il tarixli 2-2(82)-545/2017- 013 saylı qətnaməsi iddia tələbinin faiz borcunun tutulması hissəsində qismən ləğv edilsin. İddia həmin hissədə qismən təmin olunsun. Cavabdeh MMC-dən iddiaçı ləğvetmə prosesində olan "xxxx" ASC-nin xeyrinə: - 169K/12 №-li 28 dekabr 2012-ci il tarixli kredit müqaviləsinə əsasən 230045,33 manat faiz borcu; - 52K/13 №-li, 02 iyul 2013-cü il tarixli kredit müqaviləsinə əsasən 68.960,00 manat faiz borcu; - 55K/13 №-li, 03 iyul 2013-cü il tarixli kredit müqaviləsinə əsasən 37440,00 manat faiz borcu tutulsun. Qətnamə qalan - iddianın rədd edilmiş hissələrində dəyişdirilmədən qüvvədə saxlanılsın. İş üzrə 02.09.2021-ci il tarixli, 9/5461 saylı ekspert rəyinə əsasən aparılmış tədqiqatın dəyəri 145 (yüz qırx beş) manat Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinin – büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Dövlət xəzinədarlığı Agentliyi kod 210005, VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, MEM VÖEN **********, AZ34CTRE ******************** hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Aida Hüseyn Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar