Məhkəmə qərarları › İş №2-2(103)-546/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-546/2021

30.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-546/2021 30.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi ilə, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddiaçı "xxxx" QSC-nin vəkili X1 iştirakı ilə, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" ASC- nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" QSC-yə qarşı borcun ödənilməsi tələbinə dair ilk iddiası və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" QSC-nin ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" ASC-yə (ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna) qarşı müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, e-2-2 (113)-83/2021 saylı qətnaməsindən (hakim Leyla Əliyeva) "xxxx" QSC tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdeh "xxxx" QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanılmış 22 yanvar 2015-ci il tarixli, № KXM HŞ 001 saylı kredit xətti müqaviləsinə əsasən 6.786,131,78 ABŞ dolları məbləğində əsas borcun, 4.763.864,70 ABŞ dolları məbləğində faiz borcunun, ümumilikdə isə 11.549.996,50 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun "xxxx" QSC– dən tutularaq ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" QSC qarşılıqlı iddia ərizəsini təqdim edərək, sonradan qarşılıqlı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək "xxxx" QSC ilə "xxxx" ASC arasında imzalanmış 28.11.2008-ci il tarixli, 31.03.2009-cu il tarixli, 20.07.2009-cu il tarixli, 25.09.2009-cu il tarixli, 25.01.2010-cu il tarixli, 22.01.2015-ci il tarixli müqavilələrin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, e-2-2 (113)-83/2021 saylı qətnaməsi ilə ilkin iddia qismən təmin edilərək ilkin iddia üzrə cavabdeh "xxxx" QSC-dən 6.786.131,78 ABŞ dolları məbləğində əsas borc, 3.442.764,38 ABŞ dolları məbləğində faiz borcu, müqavilə müddətinin bitdiyi vaxtdan sonrakı müddət üçün illik 5% olmaqla hesablanmış 1.017.919,77 məbləğində faizlər, cəmi 11.246.815,9 məbləğində pul vəsaitinin ödəniş günü Azərbaycan Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən manatla və ilkin iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul vəsaitinin tutularaq ilkin iddia üzrə iddiaçı "xxxx" ASC-yə ödənilməsi, qalan hissədə ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən "xxxx" QSC apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, e-2-2 (113)-83/2021 saylı qətnaməsinin ləğv edilməsini, ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında 1 müqavilə deyil, 7 kredit müqaviləsi imzalanmışdır. Tərəflər arasında ilk olaraq 02.10.2008-ci il tarixli müqavilə imzalanmışdır. Müqavilənin şərtlərinə əsasən iddiaçı LPO "xxxx" ASC "xxxx" QSC-yə illik 17% olmaqla ilə 8 il müddətinə 500.000 ABŞ dolları məbləğində kredit vermişdir. Lakin həmin kredit müqaviləsi üzrə "xxxx" QSC tərəfindən ödənişlər edilmədiyinə görə tərəflər arasında yeni 28.11.2008ci il tarixli müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən LPO "xxxx" ASC "xxxx" QSC-yə illik 17% olmaqla ilə 6 il müddətinə 500.000 ABŞ dolları məbləğində kredit vermişdir. Həmin müqavilə üzrə əsas borc "xxxx" QSC tərəfindən ödənilməmiş, borcun ödənilməsi məqsədilə tərəflər arasında razılaşdırılmış növbəti müqavilə - 31.03.2009-cu il tarixli müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən Bank "xxxx" QSC-yə illik 17% olmaqla 7 il müddətinə 400.000 ABŞ dolları məbləğində kredit ayırmışdır. Həmin müqavilə üzrə əsas borc da "xxxx" QSC tərəfindən ödənilməmiş, bu məqsədlə tərəflər arasında 20.07.2009-cu il tarixli müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən bank "xxxx" QSC-yə illik 17% olmaqla ilə 7 il müddətinə 500 000 ABŞ dolları məbləğində kredit vermişdir. Həmin kredit müqaviləsi üzrə borc ödənilmədiyinə görə tərəflər arasında növbəti olan 25.09.2009-cu il tarixli müqavilə imzalanmışdır. Qeyd olunan müqaviləyə əsasən bank "xxxx" QSC-yə illik 17% olmaqla 7 ıf müddətinə 500.000 ABŞ dolları məbləğində kredit vermişdir. Müqavilə üzrə ödənilməli olan (500.000 ABŞ dolları "xxxx" QSC tərəfindən ödənilmədiyindən tərəflər arasında növbəti müqavilə olan 25.01.2010-cu il tarixli müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən bank "xxxx" QSC-yə illik 17% ilə 5 il müddətinə 950.300 ABŞ dolları məbləğində krediti vermişdir. Həmin müqavilə üzrə "xxxx" QSC tərəfindən ödənişlər edilmədiyinə görə tərəflər arasında son olaraq 22.01.2015-ci il tarixli müqavilə imzalanmışdır. Müqavilənin şərtlərinə əsasən bank "xxxx" QSC-yə 3 il müddətinə 12% olmaqla 12 000 000 ABŞ dolları məbləğində kredit vermişdir. Tərəflər arasında 7 kredit müqaviləsi imzalanmışdır ki, onlardan yalnız birinci müqavilə - ona uyğun hüquqi nəticələr yaradan kredit müqaviləsidir, yəni həmin müqavilə əsasında həqiqətən "xxxx" QSC-yə LPO "xxxx" ASC tərəfindən kredit ayrılmışdır, yəni kredit vəsaiti "xxxx" QSC-nin bank hesabına köçürülmüşdür. Lakin digər müqavilələr ona uyğun hüquqi nəticələr yaratmayan, başqa əqdi pərdələmək üçün imzalanmış müqavilələrdir. Belə ki, birinci müqavilədən başqa sonradan imzalanmış digər kredit müqavilələri "xxxx" QSC-nin digər müqavilələr üzrə yaranmış borcunun bağlanması uçun imzalanmış, yəni formal olaraq bağlanmış, başqa əqdi pərdələmişdir. Həmin müqavilələr üzrə pul vəsaiti "xxxx" QSC-yə nağd qaydada ödənilməmiş, habelə "xxxx" QSC-nin bank hesabına bank tərəfindən köçürülməmişdir. Halbuki, borc (kredit) müqaviləsinin mahiyyəti ondan ibarətdir ki, borc verən pula mülkiyyət hüququnu borc alana- keçirməyi öhdəsinə götürür, borc alan isə aldıqlarını pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi, tərəflər arasında kredit müqavilələri bağlansa da, yalnız birinci müqavilə üzrə bank mülkiyyətində olan pulu "xxxx" QSC-yə borc vermişdir. Sonradan bağlanmış digər müqavilələr üzrə isə banka məxsus pul vəsaiti cavabdeh QSC-yə hər hansı şəkildə ödənilməmiş, bu pul vəsaitləri bankın kassasından məxaric edilməmişdir. Belə olan halda hesab edilməlidir ki, həmin müqavilələr əhəmiyyətsiz və etibarsızdır. Lakin işə baxmış Məhkəmə yuxarıda qeyd olunan halları nəzərə almamış, iş üzrə hərtərəfli və obyektiv araşdırma aparmamış, əhəmiyyətsiz və etibarsız olan müqavilələr uzrə "xxxx" QSC-dən ümumilikdə 11.246.815 9 ABŞ dolları məbləğində pulun LPO “Azərbaycan Kredit Bankı" ASC-nin xeyrinə tutulması barədə iş uzrə səhv nəticəyə gəlmişdir. Mübahisələndirilən kredit müqavilələrinin uydurma və yalan əqd olması, formal xarakter daşıması həmin müqavilələrin şərtlərinin icra edilməməsi ilə təsdiqlənir. Bundan əlavə, qeyd olunan kredit müqavilələri qanunvericiliyin və "xxxx" QSC-nin nizamnaməsinin tələblərini pozmaqla imzalanmışdır. Çünki, kredit müqavilələri "xxxx" QSC-nin baş direktoru V.İ.Korotkov tərəfindən imzalanmışdır. Halbuki V.İ.Korotkovun həmin kredit müqavilələrini imzalamağa səlahiyyəti olmamışdır. Belə ki, "xxxx" QSC-nin nizamnaməsinin 11.5-ci bəndinə əsasən qiyməti 100.000 ABŞ dollarından çox olan müqavilələr imzalanarkən cəmiyyətin səhmdarlarının ümumi yığıncağının razılığı tələb olunur. Kredit müqavilələrinin məzmunundan müəyyən olunur ki, verilən kreditlərin məbləği 400.000 ABŞ dollarından yuxarıdır. Lakin bu müqavilələr imzalanarkən QSC-nin səhmdarlarının ümumi yığıncağının razılığı alınmamış, onların məlumatı və razılığı olmadan kredit müqavilələri bağlanmışdır. Buradan belə müəyyən olunur ki, kredit müqavilələri səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Yalnız birinci 02.10.2008ci il tarixli müqavilənin bağlanmasına QSC-nin səhmdarları razılıq vermişlər. Bundn başqa "xxxx" QSC tərəfindən iddia müddəti ötürülməmişdir. Belə ki, QSC müqavilələrin olmasından, borcun olmasından bank tərəfindən iddia qaldırılanda xəbər tutumuşdur. "xxxx" QSC-nin LPO "xxxx" ASC qarşısında icra edilməmiş öhdəlikləri yoxdur. Bakı Kommersiya Məhkəməsi "xxxx" QSC- nin 11.246.815,9 ABŞ dolları məbləğində borcunun olmasını yalnız iş üzrə verilmiş ekspert rəyinə əsaslanaraq müəyyən etmişdir. Halbuki, ekspert rəyindən başqa, "xxxx" QSC-nin banka borcunun olmasını təsdiq edən başqa sübutlar mövcud deyildir. MM-nin 337, 340-cı maddələrinin tələblərinə əsasən qarşılıqlı iddia təmin edilməlidir. İşə apelyasiya baxılması 30.06.2021-ci il tarixə təyin edilmiş, tərəflər məhkəmə iclasının vaxtı barədə xəbərdar edilsələr də ilk iddia üzrə iddiaçının nümayəndəsi iclasa gəlməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq işə baxılmasını mümkün hesab etmişdir. "xxxx" QSC-nin vəkili məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmənin izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, e-2-2 (113)-83/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan "xxxx" QSC-nin "xxxx" ASC-nin X3 ünvanlanmış məktubundan görünür ki, "xxxx" QSC Moskva vilayətində çoxmərtəbəli evlərin layihələndirilməsi və tikintisi, eləcə də əvvəlki borclarının ödənilməsi məqsədilə 3 il müddətinə, illik 12 faiz dərəcəsi ilə 12.000.000 ABŞ dolları məbləğində kredit xəttinin ayrılması üçün banka müraciət etmişdir. İş materiallarından görünür ki, "xxxx" ASC-nin X2 16.01.2015-ci il tarixli 2 saylı Qərarına əsasən "xxxx" QSC-yə borc ödənişi üçün 18 ay möhlət müddəti verilməsi şərtilə, 36 ay müddətinə, illik 12 faiz dərəcəsi ilə, 12.000.000 ABŞ dolları məbləğində bərpa olunmayan kredit xətti ayrılmışdır. İş materiallarında olan "xxxx" ASC (kreditor) ilə "xxxx" QSC (borc alan) arasında bağlanılmış 22 yanvar 2015-ci il tarixli, № KXM HŞ 001 saylı kredit xətti müqaviləsindən müəyyən edilir ki, həmin müqaviləyə əsasən kreditor borc alana 12.000.000 ABŞ dolları məbləğində bərpa olunmayan kredit xətti açmışdır. Həmin müqavilənin: 1.2-ci bəndinə əsasən borc alan bu müqavilə ilə müəyyən edilmiş məbləğdə verilən krediti qəbul edir, kreditin əsas məbləğini və ona hesablanan faizləri ödəyir. Müqavilənin 1.3-cü bəndinə əsasən kredit xətti 3 il müddətinə açılır. Kreditin ödənilməli olduğu son tarix 22 yanvar 2018-ci ildir. Müqavilənin 2.2-ci bəndinə görə kredit məbləği müqavilə qüvvəyə mindikdən sonra bu müqavilə ilə müəyyən edilmiş müddətdə borc alanın yazılı müraciətinə əsasən bilavasitə ödəniş vasitəsinə yönəldilə bilər. Müqavilənin 2.3-cü bəndinə əsasən borc alan bu müqaviləyə əsasən almış olduğu kreditə görə illik 12% məbləğində faiz ödəyir. Müqavilənin 4.2-ci bəndinə əsasən borc alan bu müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, o o cümlədən icranı gecikdirdiyi halda əsas borc məbləğindən və faizlərdən əlavə ödənişin gecikdirildiyi üçün kreditora vaxtında qaytarılmayan məbləğin illik 2%-i miqdarında cərimə ödəyir. İş materiallarında olan LPO "xxxx" ASC tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, "xxxx" QSC-nin 12.03.2020-ci il tarixə ödənilməmiş əsas borcun məbləği 6.786.131,78 ABŞ dolları təşkil etmişdir. İş materiallarında olan 22.01.2015-ci il tarixli müddətli öhdəlikdən müəyyən edilir ki, "xxxx" QSC 6.447.048,25 ABŞ dolları məbləğində borc öhdəliyini üzərinə götürmüş və tam şəkildə bağlanma vaxtı çatdıqda həmin öhdəliyin şirkətin bank hesablarındakı vəsaitlər hesabına aksepsiz qaydada silinməsinə razılıq vermişdir. İş materiallarında olan 22.02.2015-ci il tarixli müddətli öhdəlikdən müəyyən edilir ki, "xxxx" QSC 10.000 ABŞ dolları məbləğində borc öhdəliyini üzərinə götürmüş və tam şəkildə bağlanma vaxtı çatdıqda həmin öhdəliyin şirkətin bank hesablarındakı vəsaitlər hesabına aksepsiz qaydada silinməsinə razılıq vermişdir. İş materiallarında olan 26.02.2015-ci il tarixli müddətli öhdəlikdən müəyyən edilir ki, "xxxx" QSC 64.570,79 ABŞ dolları məbləğində borc öhdəliyini üzərinə götürmüş və tam şəkildə bağlanma vaxtı çatdıqda həmin öhdəliyin şirkətin bank hesablarındakı vəsaitlər hesabına aksepsiz qaydada silinməsinə razılıq vermişdir. İş materiallarında olan 31.03.2015-ci il tarixli müddətli öhdəlikdən müəyyən edilir ki, "xxxx" QSC 65.096,98 ABŞ dolları məbləğində borc öhdəliyini üzərinə götürmüş və tam şəkildə bağlanma vaxtı çatdıqda həmin öhdəliyin şirkətin bank hesablarındakı vəsaitlər hesabına aksepsiz qaydada silinməsinə razılıq vermişdir. İş materiallarında olan 22.04.2015-ci il tarixli müddətli öhdəlikdən müəyyən edilir ki, "xxxx" QSC 65.672,16 ABŞ dolları məbləğində borc öhdəliyini üzərinə götürmüş və tam şəkildə bağlanma vaxtı çatdıqda həmin öhdəliyin şirkətin bank hesablarındakı vəsaitlər hesabına aksepsiz qaydada silinməsinə razılıq vermişdir. İş materiallarında olan 22.05.2015-ci il tarixli müddətli öhdəlikdən müəyyən edilir ki, "xxxx" QSC 66.524,18 ABŞ dolları məbləğində borc öhdəliyini üzərinə götürmüş və tam şəkildə bağlanma vaxtı çatdıqda həmin öhdəliyin şirkətin bank hesablarındakı vəsaitlər hesabına aksepsiz qaydada silinməsinə razılıq vermişdir. İş materiallarında olan 22.06.2015-ci il tarixli müddətli öhdəlikdən müəyyən edilir ki, "xxxx" QSC 67.189,42 ABŞ dolları məbləğində borc öhdəliyini üzərinə götürmüş və tam şəkildə bağlanma vaxtı çatdıqda həmin öhdəliyin şirkətin bank hesablarındakı vəsaitlər hesabına aksepsiz qaydada silinməsinə razılıq vermişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 noyabr 2020-ci il tarixli, 9/4020 saylı ekspert rəyindən görünür ki, "xxxx" QSC-nin krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 22.01.2015-ci il tarixli, KXM HŞ 001 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla "xxxx" QSC-nin 22.01.2018-ci il tarixə banka olan faiz borcu 3.442.764,38 ABŞ dolları məbləğində və 13.09.2019-cu il tarixə banka olan əsas borcu 6.786.131,78 ABŞ dolları məbləğində olmaqla ümumilikdə 13.09.2019-cu il tarixə 10.228.896,16 ABŞ dolları məbləğində borc müəyyən edilmişdir. Qarşılıqlı iddiaçı tərəflər arasında bağlanmış 28.11.2008-ci il tarixli, 31.03.2009-cu il tarixli, 20.07.2009-cu il tarixli, 25.09.2009-cu il tarixli, 25.01.2010-cu il tarixli kredit müqavilələrinin etibarsızlığını mübahisələndirsə də, sözügedən müqavilələr işdə iştirak edən şəxslər tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclaslarında iştirak edən qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi həmin müqavilələrin saxlama müddəti bitdiyindən onların məhv edildiyini və göstərilən səbəbdən müqavilələrin məhkəməyə təqdim edilməsinin mümkün olmadığını bildirmişdir. İş materiallarında olan məcburi ləğv prosesində olan "xxxx" ASC-də saxlama müddəti başa çatmış sənədlərin ləğvedici tərəfindən məhv edilmək üçün seçilib ayrılması barədə 21.05.2018-ci il tarixli aktla müəyyən edilir ki, 2006-2012-ci illər üçün kredit dosyesinə aid sənədlər: kredit və təminat müqavilələri, qarantiyalar, borc alanın ödəmə və maliyyə vəziyyəti barədə məlumat, təlimatın qiymətləndirilməsinə dair sənədlər, kredit istifadəsinə nəzarətin nəticələri, kredit ödənilməsi barədə bank sənədləri və digər sənədlərin (cəmi 207 sayda işin) saxlanma müddəti bitdiyindən məhv edilmək üçün ayrılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə qəbul edilmiş qətnamənin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar mövcud deyil. Mülki Məcəllənin 340.1-ci maddəsinə görə uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 340.2-ci maddəsinə görə yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Qarşılıqlı iddia üzrə iddiaçı isə iddia tələbinə əsas kimi mübahisəli əqdlərin həm uydurma, həm də yalan əqd olmasına istinad etmiş, yəni iddia tələbinin əsasını konkret göstərməmişdir. Qarşılıqlı iddia ərizəsinin və apelyasiya şikayətinin məzmunundan görünür ki, ilk iddia üzrə cavabdeh kredit vəsaitini əldə edərək əvvəlki kredit borcunu bağlamışdır. Yəni müqavilənin bağlanmasında məqsəd kredit vəsaitini əldə etmək olduğundan bu əqdin başqa əqdi pərdələmək niyyəti ilə bağlandığına dair qarşılıqlı iddianın dəlilləri əsassızdır. İş materiallarına əlavə edilmiş müddətli öhdəliklərdən və "xxxx" QSC-nin banka ünvanladığı məktublardan da göründüyü kimi 22.01.2015-ci il tarixli kredit xətti müqaviləsinə əsasən ayrılmış kredit məbləğindən 6.786.131,78 ABŞ dolları məbləğində vəsait "xxxx" QSC-nin sərəncamları əsasında onun əvvəlki kredit borclarının, eləcə də sonuncu kredit xətti müqaviləsi üzrə faiz borcların ödənilməsinə yönəldilmişdir. Göstərilən hal isə kredit məbləğinin onun sərəncamına verilməməsi barədə "xxxx" QSC-nin dəlillərinin əsassız olmasına dəlalət edir. Qarşılıqlı iddia üzrə iddiaçının müqavilələrin etibarsız hesab edilməsinin əsası kimi istinad etdiyi ikinci hal mübahisəli kredit müqavilələri bağlanarkən QSC-nin səhmdarlarının ümumi yığıncağının razılığı alınmasından və belə olan halda həmin əqdlərin səlahiyyətsiz şəxs tərəfindən imzalanmasından ibarətdir. İşin araşdırılan hallarından göründüyü kimi, tərəflər arasında bağlanmış 22 yanvar 2015-ci il tarixli, № KXM HŞ 001 saylı kredit xətti müqaviləsinin bağlanmasında "xxxx" QSC-nin iradə ifadəsi olmuş,bağlanılmış əqdlər hüquqi şəxs tərəfindən bəyənilərək kredit vəsaitlərindən istifadə edilmiş, nə sonuncu kredit müqaviləsi, nə də tərəflər arasında əvvəllər bağlanmış digər kredit müqavilələri qanunla nəzərdə tutulmuş bir illik müddət ərzində mübahisələndirilməmişdir. Mülki Məcəllənin 354.2-ci maddəsinə görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsi” barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02.04.2021-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ilk iddia üzrə iddiaçı ilə bağlanmış kredit müqavilələrini mübahisləndirmək üçün qanunla nəzərdə tutulmuş bir illik müddət keçdiyindən və qarşılıqlı iddiada istinad edilmiş dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsi qarşılıqlı iddianı təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. İlkin iddia tələbinə münasibətdə birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386, 442, 443.1, 445.7, 448.1, 739-cu maddələrinə və ekspert rəyinə istinad edərək düzgün nəticəyə gəldiyindən ilkin iddianın təmin edildiyi hissədə də qətnamə qanuni və əsaslı hesab edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, e-2-2 (113)- 83/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" QSC-nin apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, e-2-2 (113)-83/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar