Məhkəmə qərarları › İş №2-2(103)-546/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-546/2025

07.05.2025 · Xususi icraat - Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-546/2025 07.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Ləğv prosesində olan Ərizəçi Açıq Səhmdar Cəmiyyətinin maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs5, Maraqlı şəxs2 MMC, Maraqlı şəxs3 MMC və Ləğv prosesində olan Maraqlı şəxs4 ASC-yə qarşı “barışıq sazişinin təsdiq edilməsi” barədə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2-(113)- 9173/2024 nömrəli qərardadından hüquq və vəzifələrinə toxunan şəxs kimi cəlb edilməsi ilə bağlı ərizə üzrə (Açar sözlər: hüquq və vəzifələrinə toxunan şəxs kimi cəlb edilmə ) X1 (sədrlik edən və məruzəçi), X6 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Ərizəçi Ləğv prosesində olan Ərizəçi Açıq Səhmdar Cəmiyyətinin maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs5, Maraqlı şəxs2 MMC, Maraqlı şəxs3 MMC və Ləğv prosesində olan Maraqlı şəxs4 ASC-yə qarşı “barışıq sazişinin təsdiq edilməsi” barədə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2-(113)-9173/2024 nömrəli qərardadından hüquq və vəzifələrinə toxunan şəxs kimi cəlb edilməsi ilə bağlı ərizə təqdim etmiş Maraqlı şəxs6 nümayəndə və vəkili Vəkil3 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq qərara aldılar. Birinci instansiya məhkəməsindəki icraat və qəbul olunmuş məhkəmə akt(lar)ı

1. Ərizəçi Ləğv prosesində olan Ərizəçi ASC-nin maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs5, Maraqlı şəxs2 MMC, Maraqlı şəxs3 MMC və Ləğv prosesində olan Maraqlı şəxs4 ASC-yə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanılmış xx.xx.2024-cü il tarixli, MŞB/12/2024-00355 nömrəli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmənin 25 dekabr 2024-cü il tarixli, e-2-2(113)-9173/2024 nömrəli qətnaməsinə əsasən ərizə təmin edilmiş, qanuni qüvvəyə mindikdən sonra 07 fevral 2025ci il tarixdə icra vərəqəsi tərtib edilərək icra edilməsi üçün Quba rayon İcra və probasiya şöbəsinə göndərilmiş, xx.xx.2025-ci il tarixdə icra sənədi üzrə icraata başlanılmışdır.

3. 02.04.2024-cü il tarixdə Maraqlı şəxs6 nümayəndə və vəkili Vəkil3 tərəfindən məhkəmə apellyasiya şikayəti ünvanlanmış, məhkəmənin 25 dekabr 2024-cü il tarixli qətnaməsinin Maraqlı şəxs6 hüquq və vəzifələrinə toxunmasını nəzərə alaraq, qətnamənin ləğv edilməsini xahiş etmişdir.

4. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadına əsasən Maraqlı şəxs6 Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2-(113)-9173/2024 nömrəli qətnaməsi üzrə hüquq və vəzifələrinə toxunan şəxs kimi tanınmasından imtina edilmişdir.

5. 15.04.2025-ci il tarixdə Vəkil3 məhkəməyə şikayət ünvanlayaraq xx.xx.2025ci il tarixli qərardadın ləğvini tələb etmişdir.

6. Şikayət onunla əsaslandırılmışdır ki, çıxarılmış qətnamə Maraqlı şəxs6 hüquqlarına və qanuni mənafelərinə toxunduğu üçün xx.xx.2025-ci il tarixində Bakı Kommersiya Məhkəməsinin elektron poçtuna ərizə ünvanlayaraq çıxarılmış qətnamədən apellyasiya şikayətinin verilməsi üçün Maraqlı şəxs6 maraqlı şəxs qismində sistemə əlavə edilməsini xahiş etmişdi. Ərizəyə əsasən Maraqlı şəxs6 maraqlı şəxs qismində elektron kabinetə əlavə edilmişdir. Bundan sonra qətnamədən apellyasiya şikayəti verilmişdir. Lakin Bakı Kommersiya Məhkəməsi apellyasiya şikayəti elektron kabinetə əlavə edildikdən sonra sözügedən qərardadı qəbul edərək Maraqlı şəxs6 Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2-(113)-9173/2024 nömrəli qətnaməsi üzrə hüquq və vəzifələrinə toxunan şəxs kimi tanınmasından imtina etmişdir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, barışıq sazişinin tərəflərindən biri olan Maraqlı şəxs5 ilə Maraqlı şəxs6 arasında uzun müddət davam edən məhkəmə mübahisələri olmuşdur. Belə ki, Maraqlı şəxs6 2011-ci ildə cavabdeh Maraqlı şəxs5 və Maraqlı şəxs3 MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, 78366 manat məbləğində borcun və həmin borca görə hesablanmış 8228,40 manat məbləğində faizin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pulun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(006)-5314/2011 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Maraqlı şəxs5 əsas borca görə 78.366 manat və həmin borca hesablanmış faiz borcuna 8224.40 manat, cəmi 86594.40 manat və 20 manat dövlət rüsumunun alınaraq iddiaçı Maraqlı şəxs6 ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh Maraqlı şəxs5 apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1711/2012 saylı xx.xx.2012-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(006)-5314/2011 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Bakı Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2012-ci il tarixli icra vərəqəsi verilmiş, Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru Zaur Əzizov tərəfindən xx.xx.2013-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İcra icraatı çərçivəsində məcburi icra tədbirlər həyata keçirilmiş, lakin borclu qanuni qüvvəsini almış məhkəmə qərarı üzrə öz öhdəliklərini yerinə yetirməməmiş və məhkəmə qərarı üzrə pul vəsaitini iddiaçıya ödəməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1711/2012 saylı, xx.xx.2012-ci il tarixli icra sənədi üzrə borclu Maraqlı şəxs5 mülkiyyətində olan əmlak üzərinə həbs qoyulmasına dair Nəsimi rayon icra şöbəsinin icra məmuru Ə.Hüseynov təqdimatla məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 8(006)-1412/2013 saylı qərardadı ilə Maraqlı şəxs5 mülkiyyətində olan Quba rayonu, AşağıXuc kəndində yerləşən əmlak kompleksinin üzərinə həbs qoyulmuşdur. Bundan əlavə, Quba Rayon Məhkəməsinin (hakim V.Seyidov) 15 mart 2023cü il tarixli, 2(027)-346/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Maraqlı şəxs5 Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 27 dekabr 2011-ci il tarixli, 2(006)-5314/2011 nömrəli qətnaməsi ilə müəyyən edilmiş 78.366 manat əsas borc məbləğinə illik 5 (beş) faiz olmaqla hesablanan 39.183 (otuz doqquz min yüz səksən üç) manat məbləğində pul və 188,70 manat dövlət rüsumunun alınaraq iddiaçı Maraqlı şəxs6 verilməsi qət edilmişdir. Daha sonra cavabdeh Maraqlı şəxs5 tərəfindən qətnamədən apellyasiya şikаyəti verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1241/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi Cavabdeh Maraqlı şəxs5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli, 2(027)-346/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daha sonra cavabdeh Maraqlı şəxs5 tərəfindən sözügedən qətnamədən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-1068/2024 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1241/2023 nömrəli, 2 oktyabr 2023-cü il tarixli qətnaməsi iddianın təmin edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır Sözügedən iş üzrə icra vərəqəsi çıxarılmış və iş hazırda Quba Rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Maraqlı şəxs5 tərəfindən Maraqlı şəxs6 sözügedən borc məbləğlərinin tam ödənilməsi həyata keçirilməmişdir və hazırda hüquqlarını təmsil etdiyi şəxsə ödənilməmiş borcu vardır. Bütün bunlara əsasən Maraqlı şəxs6 sözügedən iş üzrə maraqlı şəxs qismində cəlb edilməli olduğu halda iş üzrə, ümumiyyətlə, prosesə maraqlı şəxs qismində cəlb edilməmişdir. İş üzrə maraqlı şəxs olan Maraqlı şəxs6 hüquqlarına və mənafelərinə toxunduğu halda işə cəlb edilməmiş və onun iştirakı olmadan yekun məhkəmə aktı qəbul edilmişdir. Göründüyü kimi, Bakı Kommersiya Məhkəməsinin № e-2-2(113)-9173/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə digər şəxslərə mülkiyyət hüququnun verilməsi nəzərdə tutulan əmlakın üzərinə icra icraatı çərçivəsində dövlətin adından çıxarılan qətnamənin icra edilməsi üçün həbs qoyulmuş əmlakıdır. Belə olan halda, Bakı Kommersiya Məhkəməsi qətnamə və qərardadı ilə dövlətin adından çıxarılan qərarın icra edilməsini məhdudlaşdırmışdır. İcra qanunverciliyinin əsas prinsipi icra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 9173/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Apellyasiya instansiya məhkəməsindəki icraat

Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 357.2. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir.

Apellyasiya baxışının həddi

9. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

10. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

11. Mülki Prosessual Məcəllənin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.

12. Həmin Məcəllənin 357.2-ci maddəsində isə təsbit edilmişdir ki, həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər.

13. İş materiallarından müəyyən olunur ki, Maraqlı şəxs6 hazırki işdə tərəf və ya üçüncü şəxs deyil.

14. Eyni zamanda, iş materiallarından görünür ki, Maraqlı şəxs6 məhkəməyə yazılı vəsatət vermiş, hazırkı işə cəlb edilməsini xahiş etmiş və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2-(113)-9173/2024 nömrəli qərardadı ilə vəsatət təmin edilməmişdir.

15. Hazırki mübahisə üzrə iddianın əsasını təşkil edən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq eilməsidir.

16. Belə ki, Maraqlı şəxs6 barışıq sazişinin tərəfi deyildir.

17. X3 nümayəndəsi və vəkili şikayətdə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli qərardadı ilə Maraqlı şəxs5 mülkiyyətində olan Quba rayonu, Aşağı Xuc kəndində yerləşən əmlak kompleksinin üzərinə həbs qoyulmasını qeyd etmişdir. Lakin iş materiallarına əlavə edilmiş qərardaddan görünür ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin qərardadı 11 iyul 2013-cü il tarixlidir.

18. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllədə müvəqqəti təminat tədbirinin tətbiqinin müddəti müəyyən edilmişdir. Həmin Məcəllənin 162.4-cü maddəsinə əsasən iddia təmin edildikdə müvəqqəti təminat tədbirləri məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır.

19. X5 tərəfindən müvəqqəti təminat tədbiri barədə məhkəmə aktının qüvvədə olması barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.

20. Cəlbetmə üçün həlledici olan məsələlərdən biri də qəbul edilmiş məhkəmə qərarının mübahisə tərəfləri olmayan digər şəxslərin qanunla qorunan maraqlarına toxunma halını yaratmasıdır.

21. Məhkəmə kollegiyası hesab edir ki, Maraqlı şəxs6 Mülki Prosessual Məcəllənin 357.2-ci maddəsində göstərilən şəxslərə də aid edilə bilməz. Çünki qətnamə onun hüquq və vəzifələrinə toxunmur.

22. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayət isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır.

23. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.

24. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402.2.4cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı:

Maraqlı şəxs6 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2-(113)-9173/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar