Məhkəmə qərarları › İş №e-2-2(3-6)-964/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-964/2026

16.09.2026 · Xususi icraat - Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-964/2026 16.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI ərizəçi Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə (Açar sözlər: mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Abdullayev Elşən Uğur oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, ərizəçi Ərizəçi nümayəndəsi (vəkili) Vəkil, maraqlı şəxs Maraqlı şəxs iştirakları ilə ərizəçi Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-2-2(4-11)- ****/**** nömrəli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: Işin halları

1. X3 Qeydiyyatı Idarəsi tərəfindən verilmiş şəhadətnamədən görünür ki, “xxxx” MMC (VÖEN: **********) ##.##.2024-cü il tarixdə “bir pəncərə” prinsipi ilə qeydiyyata alınmışdır.

2. “xxxx” MMC-nin nizamnaməsindən görünür ki, MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, ev 6 ünvanı, Cəmiyyətin nizamnamə kapitalı 20 manat həcmdə, hər biri 10 manat olmaqla, 2 paydan ibarətdir. 1 pay 10 manat Maraqlı şəxs və 1 pay 10 manat isə X2 məxsusdur.

3. Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş Idarəsinin X3 qeydiyyatı idarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, “xxxx” MMC ##.##.2024-cü il tarixdə (VÖEN: **********) qeydiyyata alınmış və təsisçiləri Maraqlı şəxs və X2 olmaqla, hər biri 1 paya sahibdir.

4. Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş Idarəsinin X3 qeydiyyatı idarəsi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli çıxarışdan görünür ki, xxxx” MMCnin qanuni təmsilçisi Maraqlı şəxs Rafiq oğludur.

5. Bakı * saylı Mediasiya Şurası təşkilatının ##.##.2025-ci il tarixli, MŞB/*/***** nömrəli Barışıq Sazişinə əsasən; 2.2. Birinci tərəf kimi çıxış edən Maraqlı şəxs qəbul edir ki, 2022-ci ilin sentyabr ayından saziş bağlanan dövrədək ümumilikdə 4000000 (dörd milyon) manat satış həyata keçirilmişdir. Bütün xərclər hesablandıqdan sonra (əmək haqqı, icarə haqqı, kommunal ödənişlər, malların alışına dair ödənişlər, təsərrüfat xərcləri, vergi və sosial ödənişlər və s) müəyyən edilmişdir ki, 665.000 (altı yüz altmış beş min) manat kənarlaşma olmuşdur. Tərəflər işin sülh yolu həll olunması məqsədi ilə razılığa gəlirlər ki: 2.3. Birinci tərəf kimi çıxış edən Maraqlı şəxs 665.000 (altı yüz altmış beş min) manat kənarlaşmaya münasibətdə “xxxx” MMC-də payların dəyişməsinə razılıq verir. Birinci tərəf kimi çıxış edən Maraqlı şəxs 10 (on) paya sahib olur, ikinci tərəf kimi çıxış edən Ərizəçi Rüfət oğlu və ya onundan digər şəxs yəni 90 (doxsan) paya sahib olur: 2.4. Tərəflər razılaşır ki, “xxxx” MMC-də birinci maddi və məsul işlərə müdaxilə etmir. “xxxx” MMC-də işlərin icrası yeni təyin olunacaq direktora həvalə edilir. 2.5. Tərəflər razılaşır ki, birinci tərəf kimi çıxış edən Maraqlı şəxs adına rəsmiləşdirilmiş “xxxx” əmtəə nişanı “xxxx” MMC-nin balansına keçir. 2.6. Tərəflər razılaşır ki, bağlanan sazişə dair məlumatlar 3-cü şəxslərə verilməyəcək. Onlara hazırki məsələ ilə bağlı məlum olan məlumatları bir-birinin əleyhinə istifadə etməyəcəklər. Sazişə dair məlumatlar 3-cü şəxslərlə paylaşıldıqda məlumatı paylaşan tərəf qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

6. Ərizəçi Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış ##.##.2025-ci il tarixli, MŞB/**/-***** saylı Barışıq Sazişinin 2.2, 2.3, 2.4, 2.5, və 2.6-cı bəndlərinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Ərizəçi, ünvan 2 ünvanında yerləşən “xxxx” adı altında fəaliyyət göstərən restoranda 2017-ci il tarixindən Maraqlı şəxs ilə bərabər paya (yəni 50/50 pay) sahib olmaqla qeyri-rəsmi şəkildə şərik qismində fəaliyyət göstərmişlər. 2022-ci ilin sentyabr ayından bütün işlər Maraqlı şəxs tərəfindən icra olunmuşdur. “xxxx” restoranı X1 məxsus VÖEN: ********** əsasında 2023-cü ilin # ##### tarixindən 2024-cü ilin # ###### tarixinədək Maraqlı şəxs adına rəsmiləşdirilmiş VÖEN: ********** əsasında 2024-cü ilin # ###### tarixindən 2025-ci ilin # ###### tarixinədək fəaliyyət göstərmişdir. Hazırki dövrdə isə “xxxx” MMC adı altında fəaliyyət göstərir və şirkətin direktoru Maraqlı şəxsdur. "xxxx" əmtəə nişanı Maraqlı şəxs adına rəsmiləşdirilmişdir. Qeyd edir ki, o, Bakı Şəhəri * saylı Mediasiya Təşkilatına pul tələbinə dair mediasiya müraciəti ünvanlanmışdır. Mediasiya sessiyasının nəticəsi olaraq, Maraqlı şəxs ilə arasında ##.##.2025-ci il tarixli, MŞB/*/-***** saylı barışıq sazişi bağlanmışdır. Bildirir ki, ##.##.2026-cı il tarixində Maraqlı şəxs müvafiq olaraq pretenziya göndərilmiş, tələblərin icra edilməsi üçün 5 (beş) gün müddət verilmişdir. Lakin Maraqlı şəxs tərəfindən pretenziyaya hər hansı cavab verilmədiyi üçün qanunvericiliyin mənə verdiyi hüquqlardan istifadə edərək məhkəməyə müraciət edir. ##.##.2025-ci il tarixli, MŞB/*-***** saylı Barışıq Sazişinin 2.2-ci bəndinə əsasən, birinci tərəf kimi çıxış edən Maraqlı şəxs qəbul etmişdir ki, 2022-ci ilin sentyabr ayından saziş bağlanan dövrədək ümumilikdə 4000000 (dörd milyon) manat satış həyata keçirilmişdir. Bütün xərclər hesablandıqdan sonra (əmək haqqı, icarə haqqı, kommunal ödənişlər, malların alışına dair ödənişlər, təsərrüfat xərcləri, vergi və sosial ödənişlər və.s) müəyyən edilmişdir ki, 665.000 (altı yüz altmış beş min) manat kənarlaşma olmuşdur. X4 2.3-cü bəndinə əsasən, birinci tərəf kimi çıxış edən Maraqlı şəxs 665.000 (altı yüz altmış beş min) manat kənarlaşmaya münasibətdə "xxxx" MMC-də payların dəyişməsinə razılıq vermişdir və o, qəbul etmişdir ki, 10 (on) paya sahib olur, ikinci tərəf kimi çıxış edən Ərizəçi Rüfət oğlu və ya digər şəxs yəni 90 (doxsan) paya sahib olur. X4 2.4-cü bəndinə əsasən, tərəflər razılaşmışdır ki, "xxxx" MMC-də birinci maddi və məsul işlərə müdaxilə etmir. "xxxx" MMC-də işlərin icrası yeni təyin olunacaq direktora həvalə edilir. X4 2.5-ci bəndinə əsasən, tərəflər razılığa gəlmişlər ki, birinci tərəf kimi çıxış edən Maraqlı şəxs adına rəsmiləşdirilmiş "xxxx" əmtəə nişanı "xxxx" MMC-nin balansına keçir. X4 2.6-cı bəndinə əsasən, tərəflər onlara hazırki məsələ ilə bağlı məlum olan məlumatları bir-birinin əleyhinə istifadə etməyəcəkləri barədə də razılığa gəlmişdirlər. Yuxarıda qeyd edilən ##.##.2025-ci il tarixli, MŞB/*/-***** saylı Barışıq sazişinin 8ci bəndində qeyd olunmuşdur ki, sazişin könüllü icrasından imtina olunsa, tərəf sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. X4 9-cu bəndində qeyd olunmuşdur ki, sazişin məcburi icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edən Tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər Tərəf ona ödəməlidir.

8. Maraqlı şəxs Maraqlı şəxs ##.##.2026-cı il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, icraatda olan e-2-2(4-11)-3905/2026 iş üzrə maraqlı şəxsdir. “xxxx” MMC (VÖEN **********) ## ###### 2024-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. Sözü gedən cəmiyyətin təsisçiləri o, Maraqlı şəxs və X2 olmuşdur. Cəmiyyətdə təsisçilər hər biri bərabər – 1 payla iştirak edirlər. ”xxxx” MMC-nin direktoru o, təyin edilmişdir. Ərizəçi Ərizəçi təşəbbüsü ilə, sərbəst auditor X5 (icazə № SA/***, ##.##.2024-cü il) tərəfindən ## ##### 2025-ci tarixli, guya “xxxx” MMC-nin təsisçisinin sifarişi ilə “Audit prosedurlarının aparılmasına dair Hesabat” tərtib edilmişdir. “Auditor rəyi” tərtib edilərkən prosedur qaydaları, qüvvədə olan qanunvericiliyin tələblərinin pozulması aşkar olunmuşdur. Bu səbəbdən sözügedən, “xxxx” MMC-yə münasibətdə tərtib edilmiş “Audit prosedurlarının aparılmasına dair Hesabat”, “Audit rəyi” və digər sənədlərlə, yəni iş sənədləri ilə tanış olmaq, sənəndlərin təsdiq olunmuş surətlərinin alınması zərurəti yarandığından sərbəst auditor X5 müraciət etmişdir. Qeyd edir ki, sərbəst auditor X5 auditor fəaliyyəti ## ### 2025-ci il tarixdə dayandırılmışdır. Ilkin olaraq keçmiş auditor Samir Həsənovla mobil telefon vasitəsi ilə əlaqə saxlanmış, lakin sonuncu cavab verməkdən imtina etmiş, onu bir daha narahat etməməyi bildirmişdir. Bundan sonra Samir Həsənova elektron poçt vasitəsi və kağız daşıyıçıda Azərpoçt vasitəsi ilə “xxxx” MMC-yə münasibətdə tərtib etdiyi ## ##### 2025-ci il tarixli “Audit prosedurlarının aparılmasına dair Hesabat”, “Audit rəyi” və digər sənədlərin, yəni iş sənədləri ilə tanış olmaq üçün şərait yaratması, sənəndlərin təsdiq olunmuş surətlərinin verilməsi” barədə məktub ünvanlanmışdır. Eyni zamanda, adutor rəyinə istinad edilərək ##.##.2025-ci il tarixdə, Bakı * saylı Mediasiya Təşkilatında MŞB/*-***** saylı bağlanmış barışıq sazişi də tərtib edilərkən prosedur qaydalar, qüvvədə olan qanunvericiliyin tələbləri pozulmuşdur. Bununla bağlı Bakı * saylı Mediasiya Təşkilatına iş sənədləri ilə tanış olmaq üçün müraciət etmiş, lakin işin içərisində barışıq sazışı, müqavilə və müraciət var idi. Digər sənədlər mövcud deyildir. Digər dedikdə, “Təklif, təklifin göndərilməsini təqdiq edən poçt qəbzi, poçt göndərişinin verilməsi barədə xəbərnamə, tərəfindən verilməli olan ərizə mövcud deyildir. Audit və mediasiya prosessləri aparılan zaman ərizəçi Ərizəçi heç bir subyektiv hüququ olmadığı halda, əməliyyatlar aparılmışdır. Beləliklə, mütəxəssislər demək olarsa, onun hüquqlarını kobudcasına pozmuşlar, eyni zamanda qanunvericiliyin tələblərinidə. Belə çıxır ki, Ərizəçi mütəxəssis demək olarsa Samir Həsənov, Fərid Imanov və vəkil Vəkil böyük məbləğdə pul verərək qanunvericiliyin tələblərini pozmağa sövq etmişdir. Bu barədə Ərizəçi bir neçə ortaq tanıdıqları şəxslərin yanında danışmışdır. Bakı * saylı Mediasiya Təşkilatında bağlanmış ##.##.2025-ci il tarixlI, MŞB/*-***** saylı barışıq sazişinin ikinci vərəqəsində, VII bəndində: X6 (guya) təşəbüsü ilə “xxxx” MMC-də audit yoxlanılması aparılmışdır. Lakin, “Audit prosedurlarının aparılmasına dair Hesabat” və ya “Auditor rəyi”-də X2 adı qeyd edilməmişdir. Eyni zamanda qeyd edim ki, sözügedən barışıq sazişinin birinci vərəqəsində maddələr rum rəqəmi ilə başlayır, ikinci vərəqədə rum rəqəmləri ilə davam edərək VII-də tamamlanır. Rum rəqəmlərindən sonra dərhal ərəb rəqəmlərinə keçilir və ikinci maddədən başlanılır. Belə olan halda barışıq sazişinin saxta, Ərizəçi və onun vəkili Vəkil sifarişi ilə, Ərizəçi Nigar Bayramovanında 50% mənsub olan payının, onun isə 40 % payının keçməsi ağlasığan deyil. Belə ki, saxta barışıq sazişi tərtib edilərkən Ərizəçi heç bir subyektiv hüququ olmamışdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə, Ərizəçi subyektiv hüququ olmadığı halda auditor, mediator və vəkil, üçü də birlikdə Azərbaycan Respublikasının qanunlarına riayyət etmədən, qanun və qaydaların tələblərini kobudcasına pozmuşlar. Qeyd edir ki, Bakı * saylı Mediasiya Təşkilatında bağlanmış ##.##.2025-ci il tarixli, MŞB/*-***** saylı barışıq sazişinə əsasən ərizəçi Ərizəçi “xxxx” MMC-nin 90%-nə sahib olur. Ancaq, o, 10-%-nə sahib olduğu MMC “xxxx”-dır. Ərizəçi ünvanı səhv salmışdır, “xxxx” MMC başqa ünvandadır və ya mövcud deyildir. Beləliklə, mediatorun yoldan keçən şəxsin, böyük məbləğdə pul alıb saxta sənəd tərtib etməsi ortaya çıxır. Mediator sənəd tərtib etməyə başlamazdan əvvəl, Ərizəçi sözləri ilə deyil, təqdim etdiyi sənədlər əsasında tərtib etməli idi. Bildirir ki, ünvan 1 ünvanda yerləşən “xxxx” restoranı tərəfindən açılmışdır. Lakin, həmin dövrlərdə ali təhsil alırdı, dərslərdə davamiyyətli olmağı üçün, Ərizəçila orta məktəbdə bir oxuduqlarından, qonşu olmağı və ailəvi bir-birini tanıdığından ona, gəlib restoranda onunla işləməsini, ona kömək etməsini, bunun müqabilində qazancının 50%-ni ona verəcəyini dedi. Eyni zamanda, həmin zamanlar Ərizəçi yaşamaq üçün evinin olmadığından, onu öz kirayəşin yaşadığı evə belə gətirdi ki, çöldə yaşamasın. Bundan sonra 2024-cü ilin payız aylarında, Ərizəçi ona MMV yaratmağı, restoran biznesini genişləndirməyi, daha da çox qazanc əldə edəcəklərini bildirdi. Uzun sürən müzakirələrdən sonra Ərizəçi arvadı Nigar Bayramova və onun təsisçi olaraq cəmiyyət qurmaq, hər birinin, Nigar Bayramova və o, tam ortaq, yəni 50% o və 50% Nigar Bayramovaya məxsus olması, onunda cəmiyyətin direktoru olacağına, bunun müqabilindədə Ərizəçi ona 300000 (üç yüz min) manat verəcəyini vəd etdi. O, Ərizəçi uşaqlıqdan tanıdığına görə ona etibar etmişdir. Bunları izah etməkdə Ərizəçi məqsədi onu MMC-nin açılması, MMCnin direktor təyin edilməyi məqsədyönlü olmuşdur. Belə ki, o, direktor olduğu halda mənimsəmə ilə saxta audit rəyi çıxardılır, hüquq-mühafizə orqanlarına şikayət edilir, cəmiyyəti tam olaraq ələ keçirir və tam sahiblik edir. Lakin, Ərizəçi atdığı hər bir addım səhv olduğundan, pis niyyətli olduğundan etdiyi əməliyyatların saxtalığı üzə çıxır. Əlavə olaraq bildirir ki, “xxxx” MMC-nin Nizamnaməsinin 2.6-cı maddəsinə əsasən: Iştirakçının payını (onun bir hissəsini) məhdud məsuliyyətli cəmiyyətin əldə etdiyi halda cəmiyyət onu ümumu yığıncağın qərarında müəyyən edilmiş müddətdə və qaydada satmalı və ya qanunvericiliyə müvafiq qaydada nizamnamə kapitalını azaltmalıdır. Lakin, nə ümumi yığıncaq olmuşdur, nə də ki qərar verilmişdir. Beləliklə, Ərizəçi saxta audit rəyi, barışıq sazişi əldə etməsi qanuna zidd hərəkətlərlə tərtib edilmişdir. Ərizəçi Ərizəçi mənsub olmayan maddi, qeyri-maddi nemətə nail olmaq addımını dələduzluq kimi qiymətləndirmək olar. Yuxarıda qeyd edilənlər bir daha sübut edir ki, ərizəçi Ərizəçi ilə aralarında ##.##.2025-ci il tarixlI, MŞB/*-***** saylı Bakı * saylı Mediasiya Təşkilatında bağlanmış barışıq sazişi qanunvericiliyin tələblərinə ziddir. Ona görə də, həmin barışıq sazişi etibarsız hesab edilməlidir. Göstərdiklərini nəzərə alaraq ərizəçi Ərizəçi tərəfindən verilmiş “barışıq sazişinin təsdiqi” ərizəsinə etirazını bildirir və ərizəçi Ərizəçi ilə aralarında Bakı * saylı Mediasiya Təşkilatında bağlanmış ##.##.2025-ci il tarixlI, MŞB/*-***** saylı barışıq sazişinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılması və ərizəçi Ərizəçi “xxxx” MMC-nin kommersiya sirrlərini digər şəxslərlə paylaşması ilə bağlı barəsində qərardad çıxarmaqla prosessual rəhbərliyi həyata keçirən prokurora xəbər verilməsini xahiş etmişdir.

9. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi (vəkil) Vəkil ərizəni müdafiə edib, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Maraqlı şəxs barışıq sazişinin təsdiq edilməsi barədə ərizəyə etiraz edərək, ərizənin təmin edilməməsini xahiş etmişdir.

11. Birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə ərizə təmin edilmişdir.

12. Məhkəmə ## ### 2025-ci il tarixli barışıq sazişinin müddəalarını təhlil edərək müəyyən etmişdir ki, saziş “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsi ilə müəyyən edilmiş formaya uyğun tərtib edilmişdir. Eləcə də, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 355-26.1-ci maddəsində göstərilən barışıq sazişinin təsdiq edilməsindən imtina olunması üçün əsaslar, o cümlədən sazişin və ya onun bir hissəsinin qanunazidd olması və ya mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanılması halları müəyyən edilməmişdir.

13. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, maraqlı şəxs sazişin qanunsuzluğunu, aldadılma və ya saxtakarlıq nəticəsində bağlanmasını sübut edən heç bir mötəbər sübut təqdim edə bilməmişdir.

14. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Prossesual Məcəllənin 355-23.1, 355-23.2, 355-24, 355-25.3, 355-26.1.1, 355-26.1.2-ci maddələrinə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1, 34.2, 34.3, 34.4-cü maddələrinə istinad etmişdir.

15. Maraqlı şəxs həmin qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini ərizənin rədd edilməsini xahiş etmiş, şikayətini yazılı etirazın məzmununa uyğun əsaslandırmışdır.

Apellyasiya şikayətinə qarşı etiraz

16. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.

Apellyasiya baxışı, izahat

17. Iddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, cavabdeh isə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

18. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

19. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

20. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

25. Maddə 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda.

26. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

Apellyasiya baxışının həddi

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mediasiya sazişinin şərtlərinə və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, nəticədə yanlış nəticəyə gəlmişdir.

30. Işin faktiki hallarından müəyyən olunur ki, mediasiya sessiyasında mediatorun iştirakı ilə tərəflər arasında bağlanmış və imzalanmış ##.##.2025-ci il tarixli, MŞB/**/-***** nömrəli barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir.

31. MPM-in 355-26.1-ci maddəsində barışıq sazişinin təsdiq edilməsindən imtina üçün cəmi 2 əsas nəzərdə tutulmuşdur: 1) barışıq sazişinin və ya onun bir hissəsinin qanuna zidd olması; 2) barışıq sazişinin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanılması.1

32. Məhkəmə kollegiyasının qənaətinə görə, məhkəmələr bu qəbildən olan işlər üzrə ərizəçinin ərizəsinin rədd edilməsi nəticəsinə gələrkən öz mövqelərini ümumi xarakterli ifadələrlə deyil, konkret dəlillərlə əsaslandırmalı, xüsusilə də mediasiya prosesində bağlanmış barışıq sazişinin zidd olduğu normativ hüquqi aktı və onun müvafiq normalarını dəqiq göstərməli, yaxud da sözügedən sazişin bağlanması ilə üçüncü şəxslərin hüquqlarına toxunulmuşdursa, həmin şəxslərin dairəsini konkretləşdirməli, eləcə də hüquqları pozulmuş ayrı-ayrı fiziki və hüquqi şəxslər haqqında müvafiq fərdiləşdirici məlumatları qeyd etməlidirlər. 2

33. Kollegiya ilkin olaraq qeyd edir ki, maraqlı şəxs sazişin qanunsuzluğunu, aldadılma və ya saxtakarlıq nəticəsində bağlanmasını sübut edən heç bir mötəbər sübut təqdim edə bilməmişdir.

34. Lakin iş materiallarında olan dövlət reyestrindən çıxarış və “xxxx” MMC-nin nizamnaməsi ilə müəyyən edilir ki, cəmiyyətin iştirakçıları Maraqlı şəxs və X2 olmaqla hər biri nizamnamə kapitalında 50 faiz iştirak payına malikdir. X2 isə mediasiya prosesində və ##.##.2025-ci il tarixli barışıq sazişinin bağlanmasında iştirak etməmişdir.

35. Buna baxmayaraq, barışıq sazişinin 2.3-cü bəndində Maraqlı şəxs 665.000 manat məbləğində kənarlaşmasına münasibətdə cəmiyyətdə iştirak paylarının dəyişdirilməsi, Maraqlı

1Ali Məhkəmə, Iş № 2-2(102)-135/2023

( https://sc.supremecourt.gov.az/decision-search/ ) § 30 2 Ali Məhkəmə, Iş № 2-2(102)-135/2023

( https://sc.supremecourt.gov.az/decision-search/ ) § 31 şəxs 10 faiz, Ərizəçi və ya onun göstərdiyi digər şəxsin isə 90 faiz pay sahibi olması razılaşdırılmışdır.

36. Maraqlı şəxs cəmiyyətdə yalnız 50 faiz iştirak payına malik olması nəzərə alındıqda, sazişdə nəzərdə tutulmuş 90 faiz iştirak payının digər şəxsə verilməsi mediasiyada iştirak etməyən X2 iştirak payına və bununla bağlı korporativ hüquqlarına toxunmadan həyata keçirilə bilməz.

37. Iş materiallarında isə sonuncunun öz iştirak payının özgəninkiləşdirilməsinə, cəmiyyətdə iştirak paylarının 10 və 90 faiz nisbətində dəyişdirilməsinə razılıq verməsini, yaxud saziş tərəflərindən hər hansı birinə onun iştirak payı üzərində sərəncam vermək səlahiyyəti verməsini təsdiq edən sübut mövcud deyildir.

38. Kollegiya həmçinin qeyd edir ki, barışıq sazişinin 2.3-cü bəndində 90 faiz iştirak payının Ərizəçi “və ya onun göstərdiyi digər şəxsə” verilməsinin nəzərdə tutulmuşdur. Lakin həmin “digər şəxs” sazişdə konkret müəyyən edilməmiş, mediasiya prosesində iştirak etməmiş və onun şəxsiyyəti, eləcə də cəmiyyətin iştirakçısı olmaq üçün qanun və nizamnamə ilə müəyyən edilmiş tələblərə uyğunluğu qiymətləndirilməmişdir.

39. Birinci instansiya məhkəməsi MPM-in 355-26.1.2-ci maddəsinə istinad etsə də, barışıq sazişinin məzmununu işdə olan cəmiyyətin nizamnaməsi və dövlət reyestri məlumatları ilə qarşılıqlı şəkildə qiymətləndirməmiş, sazişin icrasının mediasiyada iştirak etməyən digər iştirakçının korporativ hüquqlarına təsirini nəzərdən qaçırmışdır.

40. Beləliklə, şərh olunanları nəzərə alaraq kollegiya hesab edir ki, apellyasya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və ərizə rədd edilməlidir.

41. Apellyasiya şikayəti təmin olunduğundan şikayət verilərkən ödənilmiş 50 (əlli) manat dövlət rüsumu Ərizəçi oğlundan tutularaq Maraqlı şəxs ödənilməlidir. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

42. Şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDI:

Maraqlı şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(*-**)-****/**** nömrəli iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qətnaməsi ləğv edilsin. Iş üzrə yeni qətnamə qəbul edilsin. Ərizəçi Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış ##.##.2025-ci il tarixli, MŞB/**/- ***** saylı Barışıq Sazişinin 2.2, 2.3, 2.4, 2.5, və 2.6-cı bəndlərinin təsdiq edilməsi” barədə ərizəsi rədd edilsin. Apellyasiya şikayəti verilərkən ödənilmiş 50 (əlli) manat dövlət rüsumu Ərizəçi tutularaq Maraqlı şəxs ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar