Məhkəmə qərarları › İş №e-2-2(113)-5685/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5685/2025

25.07.2025 · Xususi icraat - Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5685/2025 25.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Ərizəçi QSC-nin Maraqlı şəxs MMC-yə qarşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə Açar sözlər: barışıq sazişinin təsdiq edilməsi Hakimi Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, Ərizəçi QSC-nin Maraqlı şəxs MMC-yə qarşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. Tərəflər mübahisəni qarşılıqlı razılaşma və güzəştlər yolu ilə məhkəmədən kənar həll edərək, xx.xx.2024-cü il tarixdə hər iki tərəfin səlahiyyətli nümayəndəsinin imzası və hüquqi şəxslərin möhürü ilə təsdiq edilmiş MŞB/8/2024-02199 saylı barışıq saziş bağlamışlar və sazişlə xx.xx.2021-ci ii tarixli SEL/102/02/022 nömrəli alqı-satqı müqaviləsi üzrə yaranmış (ƏDV daxil) 44347,81 manat məbləğində borc tələbi ilə bağlı üzərlərinə müvafiq öhdəliklər götürmüşlər.

Ərizənin və ona etirazın dəlilləri:

a) Ərizənin dəlilləri

2. Ərizəçi X1 tərəfindən xx.xx.2024-cü il tarixli tərəflər arasında bağlanmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

3. Ərizəçi ərizəsində qeyd etmişdır ki, X1 tərəfindən xx.xx.2024-cü ildə tərəflər arasında barışıq sazişi təsdiq etməklə maraqlı şəxs tərəfindən ərizəçiyə 44347,81 manat məbləğində borcun ödənilməsinə dair razılığa gəlinmişdir. Barışığın şərtlərinə əsasən maraqlı şəxs ərizəçi qarşısında 44347,81 manat məbləğində borcun olduğunu qeydşərtsiz qəbul etmiş və 31 mart 2025-ci il tarixindən gec olmayaraq həmin borc məbləğini qanunvericiliyə uyğun olaraq ərizəçiyə ödəməyi öhdəsinə götürmüşdür. Sazişin bağlanmasından uzun müddət keçməsinə baxmayaraq, maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü icra edilməmişdir. Borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə maraqlı şəxs ilə dəfələrlə telefon əlaqəsi saxlanılmış və müraciətlər edilmişdir, lakin qeyd olunan müraciətlər heç bir müsbət nəticə verməmiş və maraqlı şəxs borcun ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Buna görə də gələcəkdə borcun vaxtında davamlı ödənilməsi üçün sazişin məhkəmə tərəfindən təsdiq edilməsi mütləqdir.

b) Maraqlı şəxsin iddia ərizəsinə etirazının dəlilləri:

4. Maraqlı şəxs məhkəməyə yazılı etirazını təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

5. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, tərəflər məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəllləsi:

6. Maddə 881.1 Barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər.

7. Maddə 881.2 Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

8. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

9. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

10. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

11. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

12. Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər.

13. Maddə 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.

14. Maddə 355-26.1. Barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda və ya barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişindən və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir.

“Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu

15. Maddə 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır.

16. Maddə 34.2 Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur.

İşə baxan məhkəmənin mövqeyi:

17. Məhkəmə ərizəçinin izahatını, ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslıdır.

18. Tərəflər arasında barışıq sazişinin bağlanması, sazişin şərtlərinə uyğun olaraq maraqlı şəxs tərəfindən xx.xx.2021-ci ii tarixli SEL/102/02/022 nömrəli alqı-satqı müqaviləsi üzrə yaranmış (ƏDV daxil) 44347,81 manat borcun ödənilməməsi işin mübahisəsiz halıdır.

19. Yuxarıda qeyd edilən müddəlardan göründüyü kimi, barışıq sazişi tərəflər arasında yeni hüquq və vəzifələrin yaranması və icrası məqsədilə bağlanmış müqavilədir və tərəflər bu müqavilə (razılaşma) əsasında özləri üçün yeni hüquq və vəzifələr müəyyən edirlər. Barışıq sazişinin digər bir mühüm xüsusiyyəti tərəflər arasında əvvəl yaranmış mübahisəyə son verilməklə, onlar əsasında tələb edilməli olan hüquq və vəzifələrin qüvvədən salınması ilə bağlıdır. Başqa sözlə, aralarında barışıq sazişi bağlamaqla tərəflər əvvəl aralarında yaranmış ixtilafları qarşılıqlı güzəştlər yolu ilə həll etməklə, mahiyyətcə yeni mülki hüquqi münasibətlərin subyektlərinə çevrilirlər.

20. İşin faktiki hallarından da göründüyü kimi, tərəflər aralarında mövcud olmuş mübahisəni həll edərək MŞB/8/2024-02199 saylı, xx.xx.2024-cü il tarixli barışıq sazişi bağlamaqla, üzərlərinə yeni öhdəliklər götürmüşlər. Barışıq sazişinə əsasən tərəflər aralarında xx.xx.2021-ci ii tarixli SEL/102/02/022 nömrəli alqı-satqı müqaviləsi üzrə yaranmış (ƏDV daxil) 44347,81 manat borcun maraqlı şəxs tərəfindən ödənilməsi və digər məsələlər üzrə razılığa gəlmişlər.

21. Şərh edilənlər əsasında məhkəmə belə qənaətə gəlir ki, MŞB/8/2024-02199 saylı, xx.xx.2024-cü il tarixli barışıq sazişi qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğundur və tərəflər saziş ilə üzərlərinə icrası onlar üçün məcburi olan yeni öhdəliklər götürmüşlər. Lakin maraqlı şəxs barışıq sazişini icra etməməklə öhdəliyini pozmuşdur. Odur ki, maraqlı şəxs MŞB/8/2024-02199 saylı, xx.xx.2024-cü il tarixli barışıq sazişi ilə üzərinə götürdüyü öhdəliyini tam yerinə yetirmədiyindən ərizəçi barışıq sazişinin təsdiq edilməsi barədə məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur.

22. Şərh edilənlər əsasında məhkəmə hesab edir ki, MŞB/8/2024-02199 saylı, xx.xx.2024-cü il tarixli MŞB/8/2024-02199 saylı, xx.xx.2024-cü il tarixli barışıq sazişi qanunvericiliyə uyğun olduğundan, onun təsdiq edilməsinə imkan verməyən əsaslar olmadığından və maraqlı şəxs onun icrasından imtina etdiyindən həmin barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməlidir.

23. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 355-25-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

Ərizə təmin edilsin. Ərizəçi QSC ilə Maraqlı şəxs MMC arasında bağlanmış MŞB/8/2024-02199 saylı, xx.xx.2024-cü il tarixli aşağıdakı məzmunlu Barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:

1. Birinci tərəf Ərizəçi QSC (VÖEN: **********) nümayəndəsi X2 şəxsində təmsil olunan, ikinci tərəf "xxxx" MMC-nin (VÖEN: **********) nümayəndəsi X4 şəxsində təmsil olunan, Birinci tərəfə olan (xx.xx.2024-cü il tarixinə) ƏDV daxil 44347,81 manat (qırx dörd min üç yüz qırx yeddi manat 81 qəpik) borcunu etiraf etdiyini və bu pul borcu məbləğinin ikinci tərəf tərəfindən bu saziş imzalandıqdan sonra 2024-cü ilin noyabr ayından başlayaraq hər ayın son gününədək (2025-ci itin mart ayınadək) 5 (beş) ay ərzində, 2024cü ilin noyabr ayında 8869 (səkkiz min səkkiz yüz altmış doqquz) manat, dekabr ayında 8869 (səkkiz min səkkiz yüz altmış doqquz) manat, 2025-ci ilin yanvar ayında 8869 (səkkiz min səkkiz yüz altmış doqquz) manat, fevral ayında 8869 (səkkiz min səkkiz yüz altmış doqquz) manat və mart ayında 8871.81 (səkkiz min səkkiz yüz yetmiş bir manat 81 qəpik) manat olmaqla ümumiikdə xx.xx.2025-ci il tarixdək tam həcmdə nağdsız qaydada (Birinci tərəfin bank hesabına) ödəniləcəyinə dair İkinci tərəfin öz üzərinə götürdüyü öhdəliklə razıdır.

2. İkinci tərəf: "xxxx" MMC birinci tərəfə: Ərizəçi QSC-yə (xx.xx.2024-cü il tarixinə) olan ƏDV daxil 44347,81 manat (qırx dörd min üç yüz qırx yeddi manat 81 qəpik) borcunu etiraf edir və bu sazişin 1-ci bəndində göstərilən qaydada və məbləğdə, 2024-cü ilin noyabr ayından başlayaraq 5 (beş) dəfəyə olmaqla xx.xx.2025-ci il tarixədək tam həcimdə nağdsız qaydada Birinci tərəfin (hüquqi şəxsin) bank hesabına ödəniləcəyinə dair öz üzərinə öhdəlik götürür.

3. Tərəflər razılaşırlar ki, Bu sazişin imzalandıqdan sonra İkinci tərəf: "xxxx" MMC öz üzərinə götürdüyü öhdəliklərini pozduqda (ödənişləri bu sazişin 1-ci bəndində qeyd olunan tarixlərdən 10 gün gecikməklə ödədikdə), Birinci tərəf Ərizəçi QSC Azərbaycan Respublikası Qanunvericiliyində nəzərdə tutulmuş qaydada aidiyyəti məhkəməyə müraciət etmək (bu sazişi təsdiq etdirmək və məcburi icraya yönəltmək) hüququnu öz üzərində saxlayır.

4. Sazişin imzalanması eyni mübahisə predmetinə aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti ilə əlaqədar Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar