Məhkəmə qərarları › İş №2-2(103)-547/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-547/2025

23.05.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-547/2025 23.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Əliyevanın sədrliyi və məruzəsi ilə, X2 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1386/2025 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. Satıcı İddiaçı ilə Alıcı Cavabdeh arasında 03 fevral 2023-cü il tarixli F030223NB1111S nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır.Həmin müqaviləyə əsasən satıcı müqavilənin şərtlərinə uyğun olaraq, sürtkü yağlarını və filterləri cavabdehin mülkiyyətinə verməyi, alıcı isə həmin malı qəbul etməyi və malın dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin: 2.1-ci bəndinə əsasən malların qiyməti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “X1”- nda göstərilir. 2.2-ci bəndinə əsasən malın dəyərinə qablaşdırılma və “Alıcı”-nın Bakı şəhəri ərazisindəki anbarlarına çatdırılma xərcləri daxildir.Malın dəyərini bu müqavilədə nəzərdə tutulan qaydada və müddətdə ödəyir. 6.1-ci bəndinə əsasən bu müqavilə qüvvəyə mindikdən sonra, “Satıcı” “Alıcı”-nın sifarişinə əsasən satdığı malı qaimə-faktura və/və ya Təhvil-təslim aktı əsasında “Alıcı”nın Bakı şəhərindəki anbarlarında təhvil verir. 7.1-ci bəndinə əsasən hazırki müqavilə üzrə ödənişlər “X1”- na əsasən həyata keçirilir. 7.2-ci bəndinə əsasən ödəniş şərtləri “X1”-da göstərilmədiyi halda mallar təhvil verildikdən sonra, 5 (beş) təqvim günü ərzində həyata keçirilir və aşağdakı şərtlər qüvvəyə minir. 7.3-cü bəndinə əsasən ödəniş hər gecikdirilmiş gün üçün ümumi məbləğin 0,2% həcmində cərimə ödəməyi “Alıcı” öz öhdəsinə götürür.

2. Tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli qiymətlərin razılaşdırılması protokolu ilə ƏDV daxil olmaqla 15699,88 manat, xx.xx.2023-cü il tarixli qiymətlərin razılaşdırılması protokolu ilə ƏDV daxil olmaqla 4625,6 manat, xx.xx.2023-cü il tarixli qiymətlərin razılaşdırılması protokolu ilə ƏDV daxil olmaqla 200,47 manat dəyərində malın ölçüsü, miqdarı və məbləği razılaşdırılmışdır.

3. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı ilə ƏDV daxil olmaqla 15699,88 manat, xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı ilə ƏDV daxil olmaqla 4625,6 manat, xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı ilə ƏDV daxil olmaqla 200,47 manat olmaqla ümumilikdə ƏDV daxil olmaqla 20525,95 manat dəyərində mal İddiaçı tərəfindən Cavabdehnə təhvil verilmişdir.

4. xx.xx.2023-cü il tarixli EBDP 148906, xx.xx.2023-cü il tarixli EBDP 283253, xx.xx.2023-cü il tarixli EBDQ 253695 seriya və nömrəli elektron qaimələr İddiaçı tərəfindən Cavabdehnə təqdim edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat:

5. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 20525,95 manat əsas borc, 17639,39 manat cərimə, əsas borca illik 5 faizlə hesablanmış 1026,29 manat olmaqla ümumilikdə 39191,63 manat məbləğində pulun və ödənilmiş 208 manat dövlət rüsumunun, 320 manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 03 fevral 2023-cü il tarixli F030223NB1111S nömrəli alqı-satqı müqaviləsi imzalanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən iddiaçı hazırkı müqavilənin şərtlərinə uyğun olaraq, sürtkü yağlarını və filterlərini cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə həmin malı qəbul etməyi və malın dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə görə malların qiyməti müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymət razılaşma protokolunda göstərilir. Müqavilənin 4.2-ci bəndində qeyd olunmuşdur ki, cavabdeh malın dəyərini bu müqavilədə nəzərdə tutulan qaydada və müddətdə ödəyir. Müqavilənin 8.1-ci bəndinə görə müqavilə üzrə vəzifələrini icra etməyən və lazımi qaydada icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. 2.2. Tərəflər arasında imzalanmış X1 və təhviltəslim aktlarına əsasən qeyd olunmuş elektron-qaimələr üzrə aşağıda dəyəri qeyd olunmuş mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş və cavabdeh tərəfindən təhvil alınmışdır: 1. 26 sentyabr 2023-cü il tarixli, EBDP seriyalı, 148906 nömrəli elektron qaiməfakturaya əsasən əsas məbləğ 13304,98 manat, ƏDV 2394,90 manat, ümumilikdə 15 699,88 manat; 2. 28 sentyabr 2023-cü il tarixli, EBDP seriyalı, 283253 nömrəli elektron qaimə-fakturaya əsasən əsas məbləğ 3920 manat, ƏDV 705,60 manat, ümumilikdə 4625,60 manat; 3. 12 oktyabr 2023-cü il tarixli, EBDQ seriyalı, 253695 nömrəli elektron qaimə-fakturaya əsasən əsas məbləğ 169,89 manat, ƏDV 30,58 manat, ümumilikdə 200,47 manat. 2.3. Odur ki yuxarıda qeyd olunanlara əsasən, 20525,95 manat dəyərində borc məbləği cavabdeh tərəfindən iddiaçıya bu günədək ödənilməmiş və cavabdeh tərəfindən tərəflər arasında imzalanmış müqavilə üzrə öhdəliklər pozulmuşdur. Beləliklə, müqavilə üzrə 20525,95 manat əsas borc məbləği, illik 5% ilə hesablanmaqla 1026,29 manat, öhdəliyin gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün 0,2% həcmində 17639,39 manat gecikdirmə faizi, ümumilikdə 39191,63 manat borc məbləği yaranmışdır. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445, 462, 597, 598-ci və s. maddələri göstərilmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1386/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 03 fevral 2023-cü il tarixli müqavilə üzrə 20525,95 manat əsas borc, 1100 manat cərimə məbləği olmaqla ümumilikdə 21625,95 manat məbləğində pulun Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir. İddia qalan hissədə təmin edilməmiş, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 115 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 320 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 03 fevral 2023-cü il tarixli F030223NB1111S nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı müqavilənin şərtlərinə uyğun olaraq, sürtkü yağlarını və filterləri cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə həmin malı qəbul etməyi və malın dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin malların təhvil-qəbulu və ödəniş şərtlərinə əsasən malların qaimə-faktura və (və ya) təhvil-təslim aktı əsasında cavabdehin Bakı şəhərində yerləşən anbarına verilməsi, ödəniş şərtlərinin qiymətlərin razılaşdırılması protokolunda göstərilməsi, həmin protokolda belə şərtlər göstərilmədikdə mallar təhvil verildikdən sonra 5 təqvim günü ərzində ödənişlərin edilməsi razılaşdırılmışdır. İddiaçı 03 fevral 2023-cü il tarixli F030223NB1111S nömrəli alqı-satqı müqaviləsi üzrə 20525,95 manat əsas borcun tutulmasını tələb edir. Cavabdeh əsas borc məbləğini qəbul etdiyini bildirir. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alqı-satqı müqaviləsi olub, iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir. Beləliklə, məhkəmə hesab etmişdir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlmişdir ki, iddia tələbi əsas borca münasibətdə təmin olunmalı, 03 fevral 2023-cü il tarixli F030223NB1111S nömrəli alqısatqı müqaviləsi üzrə ƏDV daxil olmaqla 20525,95 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir. İddia ərizəsində iddiaçı həmçinin 17639,39 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulmasını xahiş etmişdir. 28. 03 fevral 2023-cü il tarixli F030223NB1111S nömrəli alqı-satqı müqaviləsinin 7.3- cü bəndinə əsasən, ödəniş hər gecikdirilmiş gün üçün ümumi məbləğin 0,2% həcmində cərimə ödəməyi “Alıcı” öz öhdəsinə götürür. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar). İş materialları ilə müəyyən edilmişdir ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl mübahisənin pretenziya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır. Həmçinin müqavilə üzrə verilən mallar üçün cavabdeh tərəfindən hər hansı ödənişin edilməməsinə baxmayaraq, iddiaçı da uzun müddət sonra – xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab etmişdir ki, cavabdehlərdən tutulmalı cərimə məbləğinin 1100 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddia tələbi cərimənin tutulması hissəsində qismən təmin edilməli, 1100 manat məbləğində cərimə Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir. İddiaçı gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmaqla 1026,29 manat məbləğində pulun da cavabdehdən tutulmasını tələb edir. Lakin əvvəla qeyd edilməlidir ki, Mülki Məcəllənin 445.7-ci maddəsinin tətbiqi üçün kreditorun digər əsaslardan çıxış edərək pul məbləğini tələb edə bilməsi istisna olunur. Hazırda iddiaçı 03 fevral 2023-cü il tarixli F030223NB1111S nömrəli alqı-satqı müqaviləsinin 7.3-cü bəndlərindən çıxış edərək müqavilə ilə nəzərdə tutulmuş dəbbə pul məbləğini tələb edir. Digər tərəfdən, Mülki Məcəllənin zərər və dəbbə pulunun nisbətindən bəhs edən 466-cı maddəsinə görə, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Hazırkı işin hallarında görünür ki, Mülki Məcəllənin 445.7-ci maddəsi ilə tələb edilən məbləğ dəbbə pulu ilə tam əhatə olunur. Bu halda isə Mülki Məcəllənin 466-cı maddəsinə əsasən də 1026,29 manat məbləğində pulun tutulması mümkün deyildir. Belə olan halda, məhkəmə hesab etmişdir ki, hazırkı iş üzrə Mülki Məcəllənin 445.7- ci maddəsi tətbiq edilməklə 1026,29 manat pul məbləğinin tutulması hissəsində iddia rədd edilməlidir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni AR Mülki Məcəlləsinin 442, 445.7, 448.1, 448.2, 462.1, 467, 567, 597.1, 600.1, 600.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

10. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın əsas borc hissəsinin təmin edilməsi, cərimə hissəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, malın cavabdehə təhvil verilməsi barədə təhvil-təslim aktı məhkəməyə təqdim edilməyib. Əsas borc məbləği mübahisəlidir. İddiaçı iddianı əsaslandırarkən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Əsas borc hissəsində iddia əsassızdır və rədd edilməlidir. Əsas borc iddia hissəsində iddia rədd olunduğuna görə 5% pul tələbi və cərimə məbləği hissəsində , vəkil xərci və dövlət rüsumu hissəsində iddia rədd edilməlidir. E-qaimə sübut sayıla bilməz. Konstitusiya məhkəməsinin plenumumun qərarına əsasən e-qaimə, digər sübutlar, təhviltəslim aktı ilə təsdiq edildikdə sübut sayıla bilər. Hesab edir ki, cərimə məbləği süni olaraq şişdirilmiş məbləğdir. Cavabdehin nümayəndəsi məhkəmə icasında bu faktları qeyd edilməsinə baxmaraq, birinci instansiya məhkəməsinin qətnaməsi ilə Cavabdeh MMC-dən 20525,95 manat məbləğində əsas borcun və 1100 manat məbləğində cərimənin iddiaçının xeyrinə alınması qət edilmişdir. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi birinci instansiya məhkəməsi maddi və prosesual hüquq normalarını pozmaqla qətnamə qəbul etmişdir. Odur ki, hesab edir ki, birinci İnstansiya Məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi üzrə əsas borc təmin edilməli, cərimə hissəsi isə rədd edilməlidir. Bildirir ki, işə baxan məhkəmə işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, cavabdehin məhkəmədə verdiyi ekspertiza vəsatətini təmin etməmiş, məhkəməyə təqdim olunan sənədləri düzgün araşdırmamış, nəticədə isə iş üzrə ədalətsiz, qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Bu pozuntular isə birinci instansiyasi məhkəməsinin qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

12. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

13. Tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

14. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. -398.1-ci maddəsinə görə müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. -448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. -567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -598.1-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

15. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Apellyasiya baxışının hədləri:

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

17. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

18. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edildiyindən və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin tələb hissəsində cavabdeh qətnamənin ləğv edilməsini və dəbbə pulu hissəsində iddianın rədd edilməsini xahiş etsə də, apellyasiya şikayətindin əsaslandırıcı hissəsində əsas borcun əsaslılığını da mübahisələndirmiş, yəni apellyasiya şikayətinin dəlilləri qətnamənin iddia təmin edilən hissədə ləğv edilməsinə və iddianın tam rədd edilməsinə yönəldilmişdir. Odur ki, qətnamənin əsaslığı iddia tələbinin təmin edilmiş hissəsində yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

20. Belə ki, İddiaçı ilə Cavabdeh arasında 03 fevral 2023-cü il tarixli F030223NB1111S nömrəli alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqavilə üzrə iddiaçı tərəfindən mallar təqdim edilmiş, malların təqdim edilməsinə dair təhvil-təslim aktları imzalanmış və elektron qaimə-fakturalar göndərilmişdir. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməyərək təqdim edilmiş malların dəyəri olan 20525,95 manat məbləğində pul vəsaitini ödəməmişdir. Hazırda iddiaçı sözügedən borcun, öhdəliyin icrasının gecikdirilməsinə görə dəbbə pulunun cavabdehdən tutulmasını tələb edir.

21. Göründüyü kimi hazırkı halda iddia tələbinin qanuni əsaslarını Mülki Məcəllənin 567 və 598.1-ci maddələri təşkil edir.

22. Belə olan halda məhkəmə kollegiyası alqı-satqı münasibətlərində kreditor olan iddiaçının borclu olan cavabdehdən təqdim edilmiş malların dəyərinin ödənilməsini tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, 20525,95 manat məbləğində əsas borcun tutulması hissəsində iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

23. İddianın malların dəyərinin ödənilməsi öhdəliyin gecikdirilməsinə görə dəbbə pulunun tutulması hissəsi ilə bağlı kollegiya tərəflər arasında bağlanmış müqavilənin 7.3cü bəndində cavabdeh tərəfindən malın dəyərini ödəmək öhdəliyinin vaxtında icra edilməməsinə görə dəbbə pulunun ödənilməsinin razılaşdırıldığını, işin yuxarıda göstərilən halları ilə cavabdehin malın dəyərini ödəmək öhdəliyinin icrasını gecikdirilməsinin öz təsdiqini tapdığını, eləcə də məhkəmə tərəfindən müəyyənləşdirilmiş dəbbə pulu məbləğinin tənasübsüz surətdə yüksək olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi dəbbə pulunun tutulması hissəsində də iddianı təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir.

24. Cavabdeh iş üzrə malların təhvil-təslim edilməsini təsdiq edən təhvil-təslim aktlarının təqdim edilməməsi barədə dəlillər irəli sürsə belə, iş materiallarından göründüyü kimi iddiaçı tərəfindən mübahisəli alqı-saqı müqaviləsi üzrə malların verilməsi faktını təsdiq edən təhvil-təlim aktları məhkəməyə təqdim edilmişdir. Cavabdeh isə apellyasiya şikayətində həmin aktların mötəbərliyini şübhə altına alan hər hansı bir hala istinad etməmişdir. Odur ki, məhkəmə kollegiyası həmin dəlilləri əsassız hesab edir.

25. Məhkəmə xərcləri ilə bağlı kollegiya bildirir ki, birinci instansiya məhkəməsi haqlı olaraq məhkəmə xərclərini ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq tərəflər arasında bölüşdürərək, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 115 manat pul vəsaitinin cavabdehdən tutulmasını qət etmişdir.

26. Digər tərəfdən iş materiallarına əsasən müəyyən edilir ki, hüquqi yardımın göstərilməsi haqqında EM-1937VK-14402/24 saylı xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən hüquqi yardım ilə bağlı haqq 320 manat məbləğində müəyyən edilmiş və həmin məbləğ Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülmüşdür. Belə olan halda məhkəmə kollegiyası həmin hissədə də birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır ki, cavabdehdən iddiaçının xeyrinə hüquqi yardıma çəkilmiş xərclərə görə 320 manat məbləğində pulun tutulması ağlabatandır.

27. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin (mübahisələndirilən hissədə) ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

28. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

29. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1386/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum cavabdehin özünə aid edilsin.

Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar