Məhkəmə qərarları › İş №2-2(103)-548/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-548/2022

21.06.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-548/2022 21.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-642/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 06/3237/YİLİZ nömrəli X3 Müqaviləsinin ləğv edilməsi, İddiaçı MMC-yə məxsus “BMW 523İ” minik markalı **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobilin öz mülkiyyətçisinə qaytarılması, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 06/3237/YİLİZ nömrəli X3 müqaviləsinə əsasən yaranmış 22.878,43 manat əsas borc, 1.874,76 manat mükafat borcu, 220,41 manat cərimə faizi cəmi 24.973,6 manat lizinq borcu məbləğinin, 200 manat ilkin mediasiya prosesində iştirak üçün iddiaçı tərəfindən ödənilmiş xərc və 382,57 manat dövlət rüsumlarının əvəzi Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-642/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 6.08.2021-ci il tarixli, 06/3237/YİLİZ saylı X3 Müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan “BMW523İ” minik markalı **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh MMC-dən alınaraq İddiaçı MMC-yə qaytarılması, Cavabdeh MMC-dən xx.xx.2021-ci il tarixli, 06/3237/YİLİZ saylı X3 Müqaviləsi üzrə 5.706,69 manat (beş min yeddi yüz altı manat altmış doqquz qəpik) məbləğində əsas borc, 1.874,76 manat (bir min səkkiz yüz yetmiş dörd manat yetmiş altı qəpik) məbləğində mükafat borcu, 220,41 manat (iki yüz iyirmi manat qırx bir qəpik) məbləğində dəbbə pulu, cəmi 7.801,86 (yeddi min səkkiz yüz bir manat səksən altı qəpik) manat məbləğində pul vəsaiti, mediasiya xərclərinin əvəzi olaraq 120 (yüz iyirmi) manat və dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddia verilərkən artıq ödənilmiş 328 manat məbləğində dövlət rüsumunun iddiaçıya qaytarılması və qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir. İddiaçı MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin cavabdeh tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın təmin olunmamış hissəsində yoxlanılır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, lizinq verən İddiaçı MMC ilə lizinq alan Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixli 06/3237/YİLİZ nömrəli X3 müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən lizinq verən təsviri bu müqavilədə göstərilən 1 ədəd, 2010-cu il buraxılışı olan, “BMW 523İ” markalı, mühərrik X4XFP1545AC483446 nəqliyyat vasitəsini lizinq alana 35 ay müddətinə lizinqə vermişdir. İddiaçı bildirir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmiş və onun müqavilə üzrə əsas borcu 22.878,43 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının həddində iddia rədd edilməlidir. Belə ki, əsas borcun tutulması barədə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 747.1-ci maddəsi təşkil edir. Həmin maddədə göstərilmişdir ki, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. İş materiallarından da müəyyən olunur ki, cavabdeh müqavilə öhdəliklərini lazımınca icra etməyərək, ödəniş qrafikinə əsasən lizinq ödənişlərini ardıcıl olaraq iki dəfədən artıq ödəməmişdir. Bununla belə kollegiya hesab edir ki, əsas borcun tutulması hissəsində iddia tam təmin edilə bilməz. Belə ki, birinci instansiya məhkəməsi düzgün olaraq həmin hissə ilə bağlı qeyd etmişdir ki, Mülki Məcəllənin 385.1, 386, 442, 448.1, 747.1, 748-1.12 və 748-1.12.4-cü maddələrinin məzmunundan və mübahisəli müqavilənin şərtlərindən də göründüyü kimi maliyyə lizinqi müqaviləsinin şərtlərinə görə lizinq ödənişləri tam ödənildikdən sonra lizinq obyekti lizinq alanın mülkiyyətinə keçir. Bu baxımdan maliyyə lizinqi müqaviləsində müəyyən edilmiş lizinq ödənişlərinə lizinq obyektindən istifadəyə görə haqq və lizinq verənin mükafatı ilə yanaşı lizinq obyekti olan əmlakın dəyəri də daxil edilir. Hazırkı halda isə aydındır ki, lizinq alanın öhdəliklərini lazımi qaydada icra etməməsi ilə əlaqədar lizinq müqaviləsi ləğv edildiyindən və lizinq obyektinin lizinq verənə qaytarılması qət edildiyindən lizinq alanın həmin müqavilədən irəli gələn qalan lizinq müddəti ərzində lizinq obyektindən istifadə etmək və eyni zamanda lizinq ödənişlərini tam ödədikdən sonra həmin lizinq obyektinə mülkiyyət hüququnu əldə etmək hüquqlarına xitam verilmişdir. Mülki Məcəllənin 750-ci maddəsinə görə lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. İddiaçı "xxxx" QSC isə hazırkı iddia ərizəsində müqavilənin ləğv edilməsindən sonrakı müddət üçün hesablanmış faizlərin (mükafatın) ödənilməsini tələb etməsə də, bütün lizinq müddəti üçün hesablanmış lizinq ödənişləri üzrə əsas məbləğin (yəni lizinq obyektinin tam dəyərinin) ödənilməsinə dair tələbi irəli sürmüş və bu zaman onun mülkiyyətində qalmış lizinq əmlakının qalıq dəyərini və qənaət edilmiş digər xərcləri nəzərə almamışdır. Göründüyü kimi hazırkı iddianın tam təmin edilməsi iddiaçının lizinq müqaviləsi üzrə ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə artıq gəlir etməsinə, bununla da əsassız varlanmasına səbəb olacaqdır. Digər tərəfdən, Mülki Məcəllənin 424.2-ci maddəsinə görə müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Göstərilən normanın məzmunundan da göründüyü kimi müqavilə ləğv edildikdən sonra tərəflərin həmin müqavilə üzrə yeni öhdəlikləri yaranmır. Odur ki, sözügedən normanın tələbləri baxımından da lizinq verən yalnız müqavilənin ləğv edildiyi tarixədək olan dövrdə yaranmış öhdəliklərin (əsas və faiz borcunun) ödənilməsini tələb etməkdə haqlıdır. İş materiallarında olan ödəniş qrafikindən də göründüyü kimi cavabdeh tərəfindən qətnamənin qəbul edildiyi tarixə mübahisəli lizinq müqaviləsi üzrə 18 aylıq müddət üçün hər ay 1209,89 manat olmaqla cəmi 21.778 manat məbləğində lizinq ödənişi (əsas məbləğ və mükafat daxil olmaqla) ödənilməli idi. Həmin ödənişin 12682,26 manat hissəsi əsas borc və 9095,74 manat hissəsi isə mükafat (faiz) borcu təşkil edir. Maliyyə arayışından isə görünür ki, cavabdeh tərəfindən mübahisəli lizinq müqaviləsi üzrə əsas borcdan 6975,57 manat və faiz (mükafat) borcundan 6791,24 manat məbləğində ödəniş edilmişdir. Göstərilən hallara əsasən müəyyən edilir ki, qətnamənin qəbul edildiyi tarixə cavabdehin iddiaçıya gecikdirilmiş əsas borcu 5.706,69 manat (12682,26- 6975,57=5706,69) təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilməmiş və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmışdır. Eyni zamanda iddiaçının öz iddiasının əsası kimi istinad etdiyi hallarla apellyasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının göstərdiyi dəlillərə qiymət verildiyini və məhkəmə kollegiyasının birinci instansiya məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə tam razı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, işin halları və maddi hüquq normalarının tətbiqi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və birinci instansiya məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Digər dəlillərə dair qeyd olunur ki, məhkəmə istənilən məsələnin aydınlaşdırılması üçün deyil, yalnız xüsusi bilik tələb olunan sualları izah etmək üçün ekspertiza təyin edə bilər (MPM-in 97.1-ci maddəsi). Hazırki işdə isə lizinq müqaviləsi üzrə əsas borcun hesablanması üçün xüsusi bilik tələb olunmur. Çünki sadə riyazi hesablama aparmaqla heç bir çətinlik olmadan həmin borcun hesablanması mümkündür. Qətnamənin əsaslandırıcı hissəsində iddiaçının adının yanlış göstərilməsi isə qətnamənin ləğvi üçün əsas ola bilməz. Belə ki, Mülki Prosessual Məcəllənin 387.1-ci maddəsində təsbit edilmişdir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Lakin qeyd olunan yanlışlığın texniki olması aşkardır və MPM-in 228.2-ci maddəsinə uyğun olaraq həmin yanlışlığın düzəldilməsi mümkündür. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-642/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi iddianın təmin olunmamış hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar