Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-55/2021 18.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1452/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Zirə bağları ünvanında yerləşən və ona məxsus olan istixanalara **********50010001 saylı abonent kodu ilə verilən təbii qaz üçün əsassız olaraq yazılmış 6112 manat, həmçinin **********0000001 saylı abonent kodu ilə verilən təbii qaz üçün əsassız olaraq yazılmış 4524 manat borclar üzrə ödənilmiş məbləğlərin geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-1452/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında Bakı şəhəri, Xəzər rayonu, Zirə bağları ünvanında yerləşən və iddiaçıya məxsus olan istixanalara dair 2 ədəd təbii qazın alqı-satqısı müqaviləsi bağlanmışdır. İstixanalarda quraşdırılan **********50010001 abonent kodlu GPG17113990 smart sayğac üzrə 6112 manat, həmçinin eyni ərazidə quraşdırılmış **********0000001 abonent kodlu GPG12410170 smart sayğac üzrə 4524 manat borc hesablanmışdır. İddiaçı bildirir ki, qeyd olunan borclar əsassız olaraq hesablanmışdır. Belə ki, hər iki sayğac üzrə əvvəlcə böyük sayğacda qeydə alınan sərfiyyat təkrarən yenidən abonent kodları göstərilən sayğaclarda da (kiçik sayğaclarda) qeydə alınmışdır ki, bu da əsassız borcun yaranmasına səbəb olmuşdur. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddia tələbində göstərilən hər iki sayğac üzrə istifadə edilmiş təbii qazın dəyəri iddiaçı tərəfindən smart kart vasitəsilə ödənilmişdir. Lakin iddiaçıya məxsus obyektə quraşdırılmış ana sayğacdan keçən təbii qaz həm iddiaçı tərəfindən qeyd olunan iki sayğacı, həm də iddiaçıya məxsus digər istixana sahəsini qazla təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 1092.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan maddədə göstərilən “varlanmış şəxs” və “mərhum olan” anlayışları isə Mülki Məcəllənin 1091-ci maddəsində göstərilmişdir. Həmin maddənin tələblərinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2). Hazırkı işdə də qeyd olunan maddənin dispozisiya şərtlərinin mövcudluğu müəyyən olunur. Belə ki, iş materiallarına və tərəflərin izahatlarına əsasən müəyyən olunur ki, iddiaçıya məxsus istixanalar iki xətt vasitəsilə təbii qazla təchiz olunur və hər xətdə biri mexaniki, digəri smart tipli, ümumilikdə isə iki xətt üzrə 4 ədəd sayğac quraşdırılmışdır. Eyni zamanda hər iki sayğac üzrə əvvəlcə mexaniki sayğacda qeydə alınan sərfiyyat təkrarən yenidən abonent kodları göstərilən smart tipli sayğaclarda da qeydə alınır. Cavabdehin nümayəndəsi də bu halı mübahisələndirmir. Eyni zamanda iş materiallarında bunu təkzib edən hallar mövcud deyildir. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya məxsus istixanaya verilən təbii qazın sərfiyyatı mexaniki sayğaclarda hesablandıqdan sonra onun bir hissəsi eyni xətt üzrə quraşdırılmış digər smart-kart tipli sayğacda təkrarən ikinci dəfə hesablanmış və iddiaçı da onun dəyərini təkrarən ödəmişdir. Bununla da, cavabdeh iddiaçının hesabına əsassız varlanmışdır. Bununla yanaşı kollegiya hesab edir ki, iddia tam təmin edilə bilməz. Belə ki, Mülki Məcəllənin 1095-ci maddəsində təsbit olunmuşdur ki, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı yalnız hazırki iddianın irəli sürüldüyü xx xxx 2020-ci il tarixdən əvvəlki 2 il üçün olan əsassız hesablanmış borcun silinməsini tələb etməkdə haqlıdır. İş materiallarında olan **********0000001 saylı abonent kodu üzrə abonentin saldosuna əsasən müəyyən olunur ki, həmin kod üzrə 2018-ci ilin iyul ayından xx xxxx 2019-cu il tarixədək 1218 manat məbləğində ödəniş edilmişdir. Həmçinin **********50010001 saylı abonent kodlu abonentin saldosuna əsasən müəyyən olunur ki, həmin kod üzrə xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək 1652 manat məbləğində ödəniş edilmişdir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı **********50010001 saylı abonent kodu üzrə ödənilmiş 1652 manat və **********0000001 saylı abonent kodu üzrə ödənilmiş 1218 manat, ümumilikdə 2870 manat məbləğində pul vəsaitinin geri qaytarılmasını tələb etməkdə haqlıdır. Ona görə də, iddia qismən təmin edilməldir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə iddia qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1452/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Zirə bağları ünvanında yerləşən istixanada **********50010001 saylı abonent kodu üzrə ödənilmiş 1652 manat və **********0000001 saylı abonent kodu üzrə ödənilmiş 1218 manat məbləğində pul vəsaiti İddiaçı geri qaytarılsın. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-55/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-55/2021
18.02.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver