Məhkəmə qərarları › İş №2-2(103)-550/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-550/2020

12.11.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-550/2020 12.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, X1 və iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı (VÖEN:232603902) Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi tələbin dair» kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-447/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı oğlu Cavabdehnə qarşı iddia ərizəsi ərizə ilə məhkəməyə müraciət edərək, 2019-cu ilin iyun ayının sonuna qədər qazdan istifadəyə görə əsassız hesablanmış 22.296,87 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə cavabdehin Salyan rayonu, Qaraçala kəndində istixanada iddiaçıya məxsus **********00050 abonent kodu altında istifadə edilən qaz sayğacının yoxlanılması barədə xx.xx.2019-cu il tarixli akta əsasən G-250 markalı 80109853 nömrəli sayğacın korrektorunun sönməsi nəticəsində arxivlərin pozulduğu, mexaniki hissədən faktiki olaraq keçən qaz həcminin elektron hissədə qeydə alınmadığı müəyyən edilmişdir. Həmin akt əsasında 2019-cu ilin iyun ayının sonuna iddiaçıya 22.296,87 manat qalıq borcunun olması qeyd edilmişdir. Halbuki, İstixanada qazdan yalnız qış aylarında istifadə olunur.2018-ci ilin dekabr ayında 6228 manat, 2019-cu ilin yanvar ayında keçən ilin dekabr ayı üçün 6129 manat, 2019-cu ilin fevral ayında 3000 manat, 2019-cu ilin mart ayında 2700 manat, 2019-cu ilin aprel ayı 2600 manat, 2019-cu ilin may ayı 5200 manat ödəniş edilmişdir. Abonentin saldosunda hər il üçün orta ödəniş məbləği 22-25 min manat civarındadır. Qışın sərt keçdiyi illərdə belə bu qədər sərfiyyat olmamışdır. İstixananın ərazisi böyüdülməmiş, fəaliyyət əvvəlki illərdə olduğu kimi həyata keçirilmişdir. Odur ki, ödənilmiş 19629 manat həcmində sərfiyyatdan əlavə hesablanmış 22296,87 manat qalıq borc real deyildir və əsassız hesablandığından silinməlidir. Sayğacda olan nöqsan cavabdeh tərəfindən hər ay üçün qazdan istifadəyə görə ödəniş hesablanarkən aşkar edilə bilərdi, bu zaman sayğacın elektron hissəsində uyğunsuzluq olduğu müəyyən edilərdi. Bu da cavabdehin səhlənkarlığıdır, iddiaçı buna görə məsuliyyət daşımır. Əsassız hesablanmış 22.296,87 manat qalıq borcun silinməsi ilə bağlı pretenziya qaydasında müraciət edilmiş, lakin cavabdeh tərəfindən hər hansı cavab verilməmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-447/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh tərəfindən iddiaçıya hesablanmış 21.346,80 manat məbləğində borcun silinməsi qət olunmuşdur. Həmin qətnamə ilə razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmamış, iş üçün əhəmiyyəti olan hallar sübut olunmamış, məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uygun olmamışdır, cavabdehin mülahizələrinə əsaslanaraq səhv qətnamə qəbul etmişdir. Belə ki, xx.xx.2019-cu il tarixində iddiaçıya məxsus istixananada istismarda olan G-250 markalı, qaz sayğacı işləmədiyi üçün “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli akt əsasında istismardan çıxarılmış, əvəzinə müvəqqəti olaraq G-160 markalı, 75Q18715 nömrəli qaz sayğacı quraşdırılmışdır. Çıxarılmış G-250 markalı, 80109853 nömrəli qaz sayğacına Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasında baxış keçirilmiş, sayğacın korrektorunun sönməsi nəticəsində arxivlərinin pozulması, mexaniki hissədən keçən 88893 m3 qaz həcminin qeydə alınmaması barədə rəy verilmişdir. Laboratoriya tərəfindən verilmiş rəy əsasında sayğacın mexaniki hissədən keçən 88893 m3 qaz həcmi 2.15 koreksiya əmsalına vurulmuş və sayğacın korrektorunun işlədiyi müddətdə qeydə aldığı 84386 m3 qaz həcmi hesabatdan çıxarılmışdır. Hesabat aşağıda göstərilən qaydada aparılmışdır: 2.15 (korreksiya əmsalı)x 88893 m3 (mexaniki hissənin qeydə aldığı qaz sərfi)= 191120 m3 - 84386 m3 (korrektorunun işlədiyi müddətdə qeydə aldığı qaz sərfi) = 106734 m3 Qeydə alınmamış qaz sərfinin hesablanaraq abonentin hesabına işlənməsi üçün ******* nömrəli xx.xx.2019-cu il tarixli akt tərtib olunmuş və mart ayı üçün iddiaçının hesabına daxil edilmişdir. Məhkəmə qətnamədə iddia tələbinin qismən təmin edilməsini “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında“ Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması ilə əsaslandırmaqla səhv qənaətə gəlmişdir. İstixanada heç bir yoxlama keçirilməmiş, istixanada istismarda olan qaz sayğacı işləmədiyi üçün istismardan çıxarılmış və müvvəqqəti sayğac quraşdırılmış və laboratoriya rəyinə əsasən akt tərtib edilmiş və qeydə alınmayan qaz sərfi hesablanmışdır. Məhkəmə əsassız olaraq qaz sayğacının çıxarılmasını yoxlama kimi qiymətləndirmişdir. Bundan əlavə məhkəmə qətnamədə sayğacda olan nöqsanların məhz iddiaçının təqsirindən baş verməsi ilə bağlı Cavabdeh İB-yi tərəfindən sübut təqdim edilmədiyini qeyd etmişdir. Sayğac iddiaçının vəsaiti hesabına alınmış və istixanasına quraşdırılmışdır. “Qaz təchizatı haqqında” Qanunun 4cü maddəsinin 2-ci bəndinə əsasən Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş"X4"nda dəyişikliklər edilməsi barədə Nazirlər Kabinetinin xx xxxxx 2016-cı il tarixli 180 nömrəli qərarının 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar." Bakı Kommersiya məhkəməsi qətnamə qəbul edərkən qeyd edilənləri nəzərə almamış və nəticədə maddi və prossesual hüquq normalarını düzgün tətbiq etməyərək səhv qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X.Salahov apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə etmiş, iddiaçının nümayəndəsi Vəkil isə onunla razılaşmamış, iddiaçıya hesablanmış əsssız oluduğunu vurğulayaraq birinci instansiya məhkəməsinin qətnaməsini qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrində dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına və tərəflərin nümayəndələrinin izahatlarına əsasən İddiaçı ona məxsus istixanada tərəflər arasında təbii qazın alqı-satqısı barədə müqavilə əsasında təbii qazdan istifadə etdiyi işin mübahisələndirilməyən halıdır. İddia ərizəsinə və cavabdehin apellyasiya şikayətinin dəlillərinə əsasən işin mübahisələndirilən hallarına görə - xx.xx.2019-cu il tarixində cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus istixananada istismar edilən G-250 markalı qaz sayğacına baxış keçirilərək “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli akt əsasında istismardan çıxarılaraq «Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyası»nda müayinəyə götürülmüş və laboratoriya tərəfindən «sayğacın korrektorunun sönməsi nəticəsində arxivlərinin pozulması, mexaniki hissədən keçən 88893 m3 qaz həcminin qeydə alınmaması» barədə rəy verilmiş və iddiaçıya 106734 m3 həcmdə qeydə alınmamış qaz sərfiyyatı hesablanaraq onun abonent hesabına işlənməsi barədə ******* nömrəli xx.xx.2019-cu il tarixli akt tərtib edilməklə, mart ayı üçün iddiaçının hesabına 21346,80 manat (106734 m3 x0,20m) borc məbləği daxil edilmişdir. Bununla əlaqədar birincisi, məhkəmə kollegiyası qeyd edir ki, işdə olan mübahisələndirilən ******* nömrəli xx.xx.2019-cu il tarixli Aktda iddiaçıya məxsus obyektə yoxlama keçirilən zaman G-250 markalı sayğacın korrektorunun sönməsi nəticəsində arxivlərin pozulduğu, mexaniki hissədən faktiki olaraq keçən qaz həcminin elektron hissədə qeydə alınmadığı təsbit olunsa da, həmin sayğıcın üzərindəkin plomblara müdaxilə olunduğu aşkar olunması barədə qeydlər mövcud deyil. Belə olan halda, iddiaçının sayğacın korrektorunun sönməsinə gətirib sıxaran hüquqazid hərəkətlərinin mövcudluğundan söhbət gedə və bu baxımdan sayğacın korrektorunun sönməsi onun təqsirinə yozula bilməz. Çünki, “X4”nın 4.9-cu bəndinə uyğun olaraq istehlakçının zədələnmiş qaz sayğacını təmir etmək, həmin qaz sayğacını təmir etmək mümkün olmadıqda dəyişdirmək və quraşdırmaq, habelə dövlət yoxlanılmasından keçirmək qaz təchizatçısının üzərinə düşən bir vəifəsidir. Bu mənada, cavabdehin aşkar etdiyi həmin hal, iddiaçının hüquqa zidd hərəkəti, bununla da onun mülki hüquq pozuntusu törətməsi kimi qiymətləndirilməsi istisna edilir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə isə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunvericiliyin tələblərindən də göründüyü kimi, şəxsin üzərinə hüquqa zidd hərəkət və hərəktsizliyi, daha konkret ziyan vurulmasında təqsiri sübuta yetirilməyincə onda mücərrəd bir ziyanın əvəzinin ödənilməsi tələb oluna bilməz. Cavabdeh tərəfindən də konkret halda, mübahisəli obyektdə quraşdırılan qaz sayğacındakı qeyd olunan qüsurların iddiaçının təqsiri üzündən əmələ gəlməsi, yəni onun sayğacın hesablama mexanizmlərinə müdaxiləsi, bununla da «Qazdan istifadə «Qaydaları»nı pozması sübuta yetirilmir. Odur ki, hüquqazidd hərəkəti sübuta yetirilmədiyi halda, cavabdeh tərəfindən ona 21.346,80 manat məbləğində borc hesablanması və ödənilməsinin ondan tələb olunması əsassızdır. Bundan əlavə, qeyd olunmalıdır ki, cavabdeh tərəfindən iddiaçıya məxsus obyektdə qaz sayğacına keçirilən texniki baxış qanunvericiliyə də uyğun olmamışdır. Belə ki, cavabdehin mübahisələndirilən aktında aydın şəkildə təsbit olunur ki, istehlakçıya məxsus qeyri-yaşayış sahəsində təbbii qazın uçotu və «X4»na riayət olunması yoxlanılmışdır. Belə olan halda, «X4nın» 2.10-cu bəndinə əsasən sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki baxış keçirilir. Azərbaycan Respublikasının Qanununda, o cümlədən, «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» Qanunun 1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsinə aparılan yoxlama yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusudur. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Həmin Qanunun 2-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə, aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən, araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ-hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-13.4-cü maddələrinə əsasən sahibkarlıqda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Sahibkarlıq sahəsinə aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə görə isə yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. Qanunvericiliyin qeyd olunan tələbləri baxımından, konkret halda qaz təchizatı sahəsində təbii inhisarçı olan Cavabdeh İB - sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçıya məxsus obyektdə təbii qazın uçotu və təbii qazdan istiafadə qaydalaına (TQİQ) riayət olunma vəziyyəti ilə bağlı apardığı yoxlama da məhz –Ədliyyə Nazirliyi tərəfindən aparılan Vahid məlumat reyestrində qeydə alınması təmin etdikdən sonra həyata keçirə bilərdi. Lakin, iş materiallarından göründüyü kimi, cavabdeh qanununvericiliyin qeyd olunan tələblərinə riayət etməmiş, yoxlama (baxış) əvvəlcədən Ədliyyə Nazirliyində Vahid məlumat reyestrində qeydə alınmadan həyata keçirilmişdir. Qanunvericiliyin qeyd olunan tələblərinə müvafiq olmayan bu cür yoxlamanı (baxışın) hüquqi nəticələri ola bilməz, əhəmiyyətsizdir. Bu baxımdan da iddiaçıya hesablanmış 21.346,80 manat borc məbləği qanunsuzdur. Beləliklə də qeyd olunanlar birmənalı onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddianın qismən təmin olunaraq, iddia tələbinin 21.346,80 manat məbləğində hissəsində silinmənin qət olunması, qalan hissədə isə rədd edilməsi işin hallarına, maddi hüquq normalarına uyğun olan nəticədir. Bu mənada, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin iddiaçı tərəfindən «X4»ının pozulduğunu və məhkəmə tərəfindən qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini və gəldiyi nəticənin əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-447/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrində dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 372, 382, 384, 392, 393, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-447/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi (mübahisələndirilən hissələrində) dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar