Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-550/2022 04.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı MMC-nin vəkili və nümayəndəsi Nümayəndə3, cavabdeh "xxxx" MMC-nin vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 253/2022 nömrəli iş üzrə 16 mart 2022-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə və Təminat İdarəsi) məhkəməyə müraciət edərək, əqdin etibarsız hesab edilməsinə görə ləğv edilməsi əsası ilə deyil, məhkəməyə müraciət edərkən verilmiş ilk iddia tələbinin təmin edilərək alqısatqı müqaviləsi üzrə onun tərəfindən 330 KVA gücündə generatorun alınması üçün cavabdehə ödənilən 49.147 manat məbləğdə pulun, ilk mediasiya prosesində iştirak üçün onun tərəfindən ödənilmiş haqqın 50% hissəsi kimi 100 manat və 30 manat dövlət rüsumu olmaqla, cəmi 49.277 manat məbləğdə pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehdən 49.147 manat məbləğdə pul vəsaitinin, mediasiya xərclərinin əvəzi olaraq 100 manat məbləğdə pul vəsaitinin və dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğdə pul vəsaitinin tutularaq iddiaçıya qaytarılması qət edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, maddi hüquq nomrası ilə bağlı pozuntunun olub-olmaması ilə bağlı heç bir arqument irəli sürmür, çünki məhkəmə qətnaməsində iddiaçının mübahisələndirdiyi generatorun cavabdeh tərəfindən satılması sübut olunmur. Sadəcə məhkəmə öz fərziyyələri ilə iddiaçının iddiasının sübut edildiyi qənaətinə gəlmişdir. Bu səbəblə də hər hansı maddi hüquq normasının pozulması arqumentinə istinad edilməyəcək, çünki əks halda iddianın sübut edildiyini qəbul etmiş olur. Bu isə məntiqi deyil. Ona görə də qətnamədə yalnız yol verilən prosessual hüquq pozuntuları ilə bağlı mövqeyini əsaslandıracaq. İddiaçı ilk öncə sübut etməlidir ki, AR Ədliyyə Naziliyinə satdığı generatoru cavabdehdən almışdır. Bununla bağlı iddiaçı məhkəməyə nə alqı-satqı müqaviləsi, nə də təhvil-təslim aktı təqdim etmişdir. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi 2019-cu ilin may ayında bağlanmış alqı-satqı müqaviləsində cavabdehin ona AKSA markalı generator satması öz əksini tapmır. Həmin müqavilədə sadəcə 330 kv-lıq generatorun satılması qeyd edilmiş, markası ilə bağlı hər hansı şərt müqaviləyə daxil edilməmişdir. Təqdim edilən generatorun markası ilə bağlı elektron qaimədə heç bir məlumat yoxdur. Nə də ki, müqavilə üzrə alınmış generatorun təhvil-təslim aktı yoxdur ki, həmin akt əsasında təqdim edilən generatorun markası müəyyən edilsin. Bu səbəblə də iddiaçının Ədliyyə Nazirliyinə satdığı generatoru cavabdehdən aldığı generator olması sübut olunmur. İddiaçı ərizəsində istinad edir ki, üçüncü şəxs kimi işə qoşulmuş Ədliyyə Nazirliyinin nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, guya həmin generatoru cavabdehin nümayəndələri gəlib quraşdırmışdır. Bununla bağlı da məhkəməyə hər hansı sübut təqdim edilməyib. Çünki, üçüncü şəxsin nümayəndəsi belə bir rəsmi sənədin olmadığını bildirdi. O, yalnız şifahi olaraq bildirdi ki, guya cavabdehin nümayəndələri həmin generatoru quraşdırmışdır. Bununla bağlı hər hansı sübut olub-olmadığını soruşduqda, o, olmadığını bildirdi. Lap fərz olunsa ki, üçüncü şəxs bu halı sübut etsə belə yenə də həmin generatorun cavabdeh tərəfindən iddiaçıya satılan generator olmasını təsdiq edə bilməz. Çünki, cavabdehlə üçüncü şəxs arasında həmin generatorun cavabdehdən alınmasını təsdiq edən hər hansı rəsmi sənəd yoxdur. Təəssüflər olsun ki, məhkəmə qətnaməsində iddiaçının qeyd etdiklərini sübut kimi dəyərləndirib və yekun nəticəyə gəlmişdir ki, guya iddiaçının iddia tələbi sübut olunur. Birincisi, məhkəmə hansı əsasla üçüncü şəxsin ifadəsini sübut kimi dəyərləndirmişdir. Halbuki, üçüncü şəxsin ifadəsi hər hansı sübutla öz təsdiqini tapmır. Belə ki, üçüncü şəxs bildirir ki, guya cavabdehin iki nümayəndəsi mübahisəli generatorun quraşdırılmasında iştirak etmişdir. Halbuki, məhkəmə zalında həmin faktı təsdiq edəcək hər hansı yazılı sübutun olmamasını bildirdi. Belə olan halda necə sübut olunur ki, cavabdeh tərəf həmin generatoru quraşdırmışdır. Yazışmalarda açıqca görünür ki, iddiaçı mübahisəli generatorun 2019-cu il buraxılışlı olduğunu özü təsdiq edir. Lakin həmin yazışmada cavabdehin nümayəndəsinin göndərdiyi (iddia edilən) gömrük bəyannaməsində isə generatorun 2015-ci il buraxılışlı olduğu öz təsdiqini tapır. Necə ola bilər ki, iddiaçının iddia etdiyi AKSA markalı generatorun buraxılış ili 2019-cu ildir, lakin cavabdehin göndərdiyi bəyannamədə isə buraxılış ili 2015-ci ildir. Təkcə bu fakt iddiaçının iddiasını alt üst edir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin vəkili və nümayəndəsi şikayəti müdafiə edib, ona uyğun izahat vermiş, iddiaçının vəkili və nümayəndəsi şikayəti qəbul etməyib, təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İşdən müəyyən edilir ki, xx.xx.2019-cu il tarixli **********2567 nömrəli gömrük bəyannaməsinə əsasən, “X1 Hırdavat San ve Dış.Tic.Ltd.Şti” tərəfindən "xxxx" MMC-yə göndərilmiş 1 ədəd “Aksa” markalı gücü 330 KVA olan sıxılmadan alışan porşenli daxili yanma mühərrikli elektrogenerator - AD 330KVA (Buraxılış: 2015-ci il) Azərbaycan Respublikasının gömrük sərhədindən keçmişdir. İddiaçı (icraçı) ilə AR Ədliyyə Nazirliyinin Maliyyə və Təminat İdarəsi (sifarişçi) arasında xx.xx.2019-cu il tarixdə 196 nömrəli mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi bağlanmışdır. Müqavilənin: 2.1-ci bəndinə görə, tərəflər təsdiq edirlər ki, sifarişçi AR Ədliyyə Nazirliyinin struktur qurumlarına kompüter və digər avadanlıqların satın alınması üçün LOT 3 üzrə icraçının 125.135,46 manat (18% ƏDV ilə birlikdə) məbləğdə tender təklifini qəbul etmişdir; 2.2-ci bəndinə əsasən, icraçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satın alınan kompüter və digər avadanlıqların təhvil verilməsini öhdəsinə götürür. Göndərilmiş mallar (yerinə yetirilmiş işlər və ya göstərilmiş xidmətlər) icraçının tender təklifinə və bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, icraçı aşkar olunan qüsurların müqavilənin xüsusi şərtlərində göstərilmiş qaydada aradan qaldırılmasına təminat verir; 2.3-cü bəndinə görə, sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların (işlərin və ya xidmətlərin) icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür; 7-ci bəndinə əsasən, göndərilən mallar və ya göstərilən xidmətlər tenderin əsas şərtlər toplusunda nəzərdə tutulmuş standartlara, bu cür standartlar göstərilmədiyi (olmadığı) hallarda isə malların və ya xidmətlərin mənşə ölkəsində qüvvədə olan standartlara uyğun olmalıdır. İcraçı malların və ya xidmətlərin tələb olunan standartlara uyğunluğunu müvafiq sənədlərlə təsdiq etməlidir. xx.xx.2019-cu il tarixdə 196 nömrəli müqaviləyə əlavə edilmiş qiymətlərin razılaşdırma protokoluna əsasən müqavilədə nəzərdə tutulmuş malların - o cümlədən 1 ədəd Generator 330 KVA “AKSA” dəyəri 58.000 manat olmaqla, ümumi qiymət ƏDV daxil 125.135,46 manat müəyyən edilmişdir. Cavabdeh (satıcı) ilə iddiaçı (alıcı) arasında xx.xx.2019-cu il tarixdə 19/2305 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin: 2.1-ci bəndinə əsasən, satıcı bu müqavilədə nəzərdə tutulan bütün malların bu müqavilə ilə müəyyənləşdirilmiş dəyərini satıcıya ödəməyi öhdəsinə götürür; 2.2-ci bəndinə görə, satılan mallar tərəflər arasında imzalanmış müqaviləyə əsasən EVHF və elektron qaimə-faktura əsasında rəsmiləşdirilir; 3.2.2-ci bəndinə əsasən, alıcıya satılan malların keyfiyyətli olmasını təmin etməsi; 3.2.5-ci bəndinə görə, müqavilə ilə üzərinə götürdüyü digər vəzifələrin yerinə yetirilməsini və onların pozulmasına yol verilməməsini öhdəsinə götürməsi satıcının vəzifələrindəndir; 3.3.2-ci bəndinə əsasən, müqavilə ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımi qaydada icra olunmasını və onların pozulmasına yol verilməməsini satıcıdan tələb etmək alıcının hüquqlarındandır; 3.4.2-ci bəndinə görə, malların qiymətini bu müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada satıcıya ödəmək alıcının vəzifələrindəndir; 6.1-ci bəndinə əsasən, bu müqavilə tərəflərin imzaları və möhürü ilə təsdiq edildiyi andan hüquqi qüvvəyə minir və xx.xx.2021-ci il tarixədək qüvvədədir. Bu müddətdən sonra tərəflərdən hər hansı birinin təşəbbüsü ilə bir həftə ərzində müqaviləyə xitam verilməzsə, müqavilənin müddəti eyni şərtlərlə və eyni müddətdə uzadılmış hesab edilir; 7.1-ci bəndinə görə, bu müqavilə üzrə vəzifələrini icra etməyən və ya lazımi qaydada icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Cavabdeh tərəfindən müqavilə əsasında ümumilikdə (14.382 manat ƏDV daxil) 94.282 manat (ƏDV-siz 79.900 manat) məbləğdə müxtəlif adda malların (1 ədəd 850212000-Generator 330 KVA; 3 ədəd - **********-Generator 70-77 KVA) təqdim edilməsinə dair xx.xx.2019-cu il tarixli EAAX 641740 nömrəli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə iddiaçıya göndərilmişdir. xx.xx.2019-cu il tarixli 19/2305 nömrəli alqı-satqı müqaviləsinə əlavə edilmiş qiymətlərin razılaşdırma protokoluna əsasən müqavilədə nəzərdə tutulmuş malların - 1 ədəd Generator 330 KVA qiyməti 41.650 manat, 3 ədəd Generator 70-77 KVA (1 ədədin qiyməti 12.750 manat olmaqla) 38.250 manat, ümumi məbləğ ƏDV daxil 94.282 manat müəyyən edilmişdir. Cavabdeh tərəfindən verilmiş hesab-faktura ilə təsdiq edilir ki, cavabdeh tərəfindən təqdim edilmiş malın dəyəri ƏDV daxil olmaqla (14.382 manat ƏDV daxil) 94.282 manat (ƏDV-siz 79.900 manat) manat təşkil edir. xx.xx.2019-cu il tarixli 005AZ**********009 nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, iddiaçı tərəfindən cavabdehə 79.900 manat məbləğdə pul vəsaiti ödənilmişdir. AR Ədliyyə Nazirliyinin Maliyyə və Təminat İdarəsi tərəfindən iddiaçıya xx.xx.2020cı il tarixli 8/125 nömrəli məktub ünvanlanaraq qeyd edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 196 nömrəli satınalma müqaviləsi əsasında iddiaçı tərəfindən Ədliyyə Nazirliyinə təqdim edilmiş 330 KVA gücündə “AKSA” markalı generatorun işində ciddi qüsurlar aşkara çıxmış, dəfələrlə qəfil dayanmalar, qısa qapanmalar müşahidə edilmiş, generatorun müxtəlif detallarında çatlar yaranmışdır. Təqdim edilən 330 KVA gücündə generatorun qüsurlu olması bu generatorun aralarında bağlanmış xx.xx.2019-cu il tarixli 196 nömrəli satınalma müqaviləsinin şərtlərinə uyğun gəlmədiyini, lazımi standartlara cavab vermədiyini göstərmişdir. Bu barədə bir neçə dəfə şifahi məlumat verilsə də, məsələnin həlli istiqamətində heç bir tədbir görülməmişdir. Ona görə də iddiaçı tərəfindən satılmış qüsurlu generatorun 10 gün ərzində yenisi və keyfiyyətlisi ilə əvəz edilməsi xahiş edilmişdir. AR Ədliyyə Nazirliyinin Maliyyə və Təminat İdarəsi tərəfindən “AKSA” şirkətinin idarə heyətinin rəhbərliyinə xx.xx.2021-cı il tarixli 8/196 nömrəli məktub ünvanlanaraq göstərilmişdir ki, Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2019-cu il tarixdə 2019-cu ildə istehsal olunmuş “AKSA” markalı (model “AD330”, seriya nömrəsi “AD 7320035”, 330 KVA, alternator seriya nömrəsi “557139524”) generator alınmışdır. Generator quraşdırıldığı vaxtdan bu günədək cəmi 4 saat 12 dəqiqə işləmiş, bu müddət ərzində şaxtalı hava müşahidə edilməmiş, lakin mühərrik blokunun üst hissəsi çatlamış və nəticədə antifriz sızıntısı baş vermişdir. Qeyd olunan hadisənin baş verməsinə səbəb generator istehsal olunduğu zaman keyfiyyətsiz mühərrik blokunun quraşdırılması ehtimal olunur. Bununla əlaqədar qüsurun aradan qaldırılması üçün əvəzsiz ehtiyat hissəsinin təmin edilməsinə köməklik edilməsi xahiş edilmiş və istismar müddəti ərzində generatora daimi texniki servis xidməti göstərilməsi bildirilmiişdir. “AKSA” Generator Sənayesi A.Ş. Ədliyyə Nazirliyinin xx.xx.2021-cı il tarixli məktubuna xx.xx.2021-ci il tarixli məktubla (e-mail: Elektron ünvan 1) cavab olaraq bildirmişdir ki, Ədliyyə Nazirliyinin servis tələbindən sonra şirkətlərinin rəsmi distribyutoru X3. tərəfindən 1 ədəd generator dəstinə edilən nəzarətdə “Aksa” AD330 model 330 KVA generatorun üzərindəki “Doosan” P126Tİ-İİ və AK5240 alternator etiketlərinin bu generatora aid olmadığı aşkar edilmiş, mövcud generatorun alternator və mühərrikinin hansı şirkət tərəfindən istehsal edildiyi müəyyən edilməmişdir. Ədliyyə Nazirliyinin tələbi ilə şirkət tərəfindən mövzu ilə əlaqəli ətraflı araşdırma başladılmış, sözügedən generator və alternatorun üzərində olan şirkətlərinin adı, loqotipi və ticarət nişanı məlumatlarının şirkətlərinin izni və xəbəri olmadan qanunsuz olaraq istifadə edildiyi və sözügedən məhsulların şirkətlərinin istehsalı olmadığı, kabinənin şirkətləri ilə heç bir əlaqəsi olmadığı və saxta olduğu müəyyən edilmişdir. Mühərrikin etiketinin üstündə olan “X2.Ltd” markası ilə bağlı edilən araşdırmalarda da göstərilən seriya nömrəsində mühərrikin qeydiyyatda olmadığı öyrənilmişdir. 30-xx.xx.2021-ci il tarixlərdə iddiaçının əməkdaşı ilə cavabdehin (cavabdehin rəsmi saytında qeyd edilmiş mobil nömrə +**********22) əməkdaşı arasında aparılmış “WhatsApp” yazışmaları ilə təsdiq edilir ki, iddiaçının əməkdaşı cavabdehdən (4 ədəd) “Aksa” generatorlarının rəsmi (real) istehsalçı şirkətinin və həmin şirkətin sözügedən əmtəə nişanından qeyri-qanuni istifadə edib-etmədiyinin dəqiqləşdirilməsini, həmin generatorun hansısa rəsmi alış sənədinin (gömrük bəyannaməsi və digər sənəd) təqdim edilməsini tələb etmiş, istehsalçı şirkət tərəfindən sorğuya rəsmi cavab verilməsi üçün generatorun modelinin və seriya nömrəsinin onlara göndərilməsinin vacib olduğu bildirilmiş, xx.xx.2019-cu il tarixli 641740 nömrəli elektron qaimədə qeyd edilən 4 ədəd generatorun modelinin və seriya nömrəsinin iddiaçıya e-maillə göndərilməsi xahiş edilmiş, cavabdeh tərəfindən “Aksa” markalı generatorun Azərbaycan Respublikasına gətirilməsini təsdiq edən gömrük bəyannaməsinin, eləcə də digər sənədlərin (mənşə şəhadətnaməsi) fotoşəkilləri iddiaçıya göndərilmişdir. Cavabdehin direktoru R.Abdullayevin adından (email: Elektron ünvan 2) elektron poçt vasitəsilə iddiaçıya (email: Elektron ünvan 3) ünvanlanmış xx.xx.2019-cu il tarixli təklifdən görünür ki, iddiaçıya 1 ədəd motoru “Doosan” markalı alternatoru “AKSA” markalı gücü AD330 KVA olan “AKSA” markalı (təklifin yuxarısında powered by: “AKSA” yazılmışdır) generator təklif edilmişdir. Təklifdə həmin generatorun qiyməti ƏDV xaric 23.000 ABŞ dolları göstərilmişdir. Beləliklə, iddiaçı tərəfindən AR Ədliyyə Nazirliyinə satılmış 330 KVA-lıq generatorun cavabdehdən alınmış generator olub-olmaması, iddiaçı ilə cavabdehin arasında məhz “AKSA” markalı generatorun alqı-satqısı barədə razılığın olub-olmaması və cavabdeh tərəfindən iddiaçıya “AKSA” markalı generatorun əvəzinə üzərinə “AKSA” nişanı vurulmuş istehsalçısı bəlli olmayan generatorun təqdim edilib-edilməməsi kimi hallar işin mübahisəli hallarını təşkil edir. Tərəflər arasında məhz “AKSA” markalı generatorun alqı-satqısı barədə razılaşmanın mövcud olub-olmaması məsələsi ilə bağlı qeyd olunmalıdır ki, mübahisəli alqı-satqı müqaviləsində generatorun markası qeyd olunmasa da, müqavilənin bağlandığı tarixdə cavabdehin direktorunun adından elektron poçt vasitəsilə iddiaçıya göndərilmiş məktubda mühərriki “DOOSAN” markalı alternatoru “AKSA” markalı olan “AKSA” şirkəti tərəfindən istehsal olunmuş 330 KVA-lıq generatorun təqdim edilməsinə dair təklif verilmişdir. Digər tərəfdən, iddiaçı tərəfindən Ədliyyə Nazirliyinə satılmış generatorda qüsur aşkar edildikdən sonra (2021-ci ilin martında) tərəflər arasında aparılmış “whatsapp” yazışmalarından da görünür ki, iddiaçının əməkdaşı tərəfindən mübahisəli alqı-satqı müqaviləsi üzrə verilmiş e-qaiməyə əsasən təqdim edilmiş generatora aid sənədlərin göndərilməsi xahiş edildikdən sonra cavabdehin əməkdaşı tərəfindən “AKSA” markalı generatorun Azərbaycan Respublikasına gətirilməsinə dair gömrük bəyannaməsinin şəkli iddiaçı tərəfə göndərilmişdir. E-mail və “whatsapp” yazışmalarının həqiqiliyi cavabdeh tərəfindən mübahisə edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır; Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır; Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur; Maddə 579.1. Əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur; Maddə 580.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyaları müqaviləyə uyğun gəlməyən çeşiddə verdikdə alıcı onları qəbul etməkdən və ödəməkdən imtina edə bilər, ödəmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər; Maddə 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur; Maddə 587.2-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Maddə 588.1. Əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. MPM-in: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, alqı-satqı müqaviləsinə əsasən çeşidi və keyfiyyəti müqaviləyə uyğun gələn əşyanın verilməsi ilə bağlı öhdəliyi pozaraq, icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu, o cümlədən əşyanın alıcıya verilməzdən əvvəl yaranan qüsurları üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçının ödədiyi pul məbləğini qaytarmalıdır. Belə ki, iş materiallarından müəyyən edildiyi kimi, cavabdeh tərəfindən iddiaçıya və sonradan iddiaçı tərəfindən Ədliyyə Nazirliyinə təqdim edilmiş mübahisəli generator qısa müddət işlədikdən sonra işində ciddi qüsurlar aşkara çıxmış, bəzi detallarında çatlar yaranmış, bununla bağlı Ədliyyə Nazirliyi tərəfindən “AKSA” şirkətinə müraciət edilmiş və müraciətə cavab olaraq bildirilmişdir ki, Ədliyyə Nazirliyinin servis tələbindən sonra şirkətin rəsmi distribyutoru X3. tərəfindən 1 ədəd generator dəstinə keçirilən yoxlamada “Aksa” AD330 model 330 KVA generatorun üzərindəki “Doosan” P126Tİ-İİ və AK5240 alternator etiketlərinin bu generatora aid olmadığı aşkar edilmiş, mövcud generatorun alternator və mühərrikinin hansı şirkət tərəfindən istehsal edildiyi müəyyən edilməmiş, göstərilən seriya nömrəsində mühərrikin qeydiyyatda olmadığı öyrənilmişdir. Bununla da, işin göstərilən halları ilə təsdiq olunur ki, tərəflər öz aralarında “Aksa” markalı mühərriki “Doosan” markalı alternatoru “Aksa” markalı olan 330 KVA-lıq generatorun alqı-satqısı barədə razılığa gəldikləri halda, cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş generator tərəflərin barəsində razılığa gəldikləri göstərilən çeşid və keyfiyyət tələblərinə cavab verməmiş, təqdim edildiyi tarixdən bir neçə ay sonra da generatorda digər qüsurlar (mühərrikində çatlar) aşkarlanmışdır. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Əvvəlcə, şikayətin iddiaçının Ədliyyə Nazirliyinə satdığı generatoru cavabdehdən aldığı generator olmasının sübut olunmaması barədə dəlili əsassızdır. Belə ki, üçüncü şəxs Ədliyyə Nazirliyinin nümayəndəsinin birinci instansiya məhkəməsində verdiyi izahatı ilə təsdiq olunur ki, mübahisəli generator cavabdehin işçiləri tərəfindən təhvil verilmiş, generator quraşdırdıqdan sonra isə işə salınması cavabdehin işçiləri tərəfindən həyata keçirilmişdir. Bununla yanaşı, cavabdehin mövqeyində alqı-satqı müqaviləsinə əsasən təqdim edilmiş gücü 330 kva olan generatorun markası ilə bağlı ziddiyyətli məqamlar mövcuddur. Belə ki, cavabdeh iddiaçı ilə aralarında əldə edilmiş razılığa görə iddiaçıya “AKSA” markalı generatorun satılmalı olmasını inkar etsə də, iddiaçıya satılmış generatorun markasını dəqiq göstərə bilməmişdir. Cavabdeh əvvəlcə iddiaçıya başqa markalı generator satdığını bildirsə də, daha sonra generatorun markası barədə dəqiq məlumatının olmadığını göstərmişdir. Halbuki, hər bir generator onu digər eyni adlı mallardan fərqləndirməyə imkan verən identifikasiya göstəricilərinə (istehsalçının adı, model, güc, seriya nömrəsi) malik, eləcə də qiyməti yüksək olan mal olduğundan satıcının satılmış generator barədə məlumata malik olmaması məntiqli və inandırıcı deyil. Cavabdeh iddiaçıya email vasitəsilə göndərilmiş təklifdə qeyd olunan qiymətlə müqavilədə göstərilən qiymətin fərqləndiyini və bu halın iddiaçıya təklifdə göstərilən generatorun deyil, başqa generatorun satılmasını təsdiq etdiyini bildirsə də, fərqli markalı generatorun təqdim edilməsi ilə bağlı iddiaçıya təklif verməsini təsdiq edən sübutları Məhkəməyə təqdim etməmişdir. Şikayətin iddiaçının iddia etdiyi generatorun buraxılış ilinin 2019, lakin cavabdehin göndərdiyi bəyannamədə buraxılış ilinin 2015-ci il olmasına dair dəlili də əsaslı deyil. Belə ki, tərəflər arasında yazışmalardan göründüyü kimi, sözügedən gömrük bəyannaməsinin fotoşəkli məhz mübahisəli müqavilə üzrə verilmiş xx.xx.2019-cu il tarixli 641740 nömrəli elektron qaimədə qeyd edilən 4 ədəd generatorun modelinin və seriya nömrəsini təsdiq edən sənədlərin göndərilməsi barədə iddiaçının xahişinə cavab olaraq göndərilmişdi. Apellyasiya şikayətinin məhkəmənin hansı əsasla üçüncü şəxsin ifadəsini sübut kimi dəyərləndirməsi, üçüncü şəxsin ifadəsinin hər hansı sübutla öz təsdiqini tapmaması barədə dəlili də əsassızdır. Belə ki, üçüncü şəxs Ədliyyə Nazirliyinin nümayəndəsi birinci instansiya məhkəməsində verdiyi, iş üzrə toplanmış digər sübutlarla üst-üstə düşən və mötəbər sayılmaması üçün heç bir əsas müəyyən edilməyən, izahatında qeyd etmişdir ki, iddiaçı ilə bağladıqları alqı-satqı müqaviləsinə əsasən aldıqları 330 kva-lıq generator cavabdeh tərəfindən onlara (Ədliyyə Nazirliyinə) təhvil verilmiş, quraşdırılma idarənin əməkdaşları tərəfindən həyata keçirilmişdir. Quraşdırdıqdan sonra çalışmağa başlaması üçün işə salınma düyməsinə basılmalı idi. Bununla bağlı iddiaçıya müraciət etmiş, onlar da bildirmişlər ki, generatoru kim gətiribsə, o da işə salmalıdır. Cavabdehin işçisi kimi özünü təqdim edən iki şəxs gəlmiş və generatoru işə salmışdır. Həmin iki nəfərdən şifahi formada zəmanət talonunu verməyi xahiş etsələr də, bildirmişlər ki, daha sonra təqdim edəcəklər. Bu günədək hər hansı sənəd təqdim edilməmişdir. Bir müddət sonra, mart ayında servis şirkətinə generatorun yerləşdiyi yerin nəm olması səbəbilə müraciət edilmiş, servis şirkəti generatorun mühərrikinin blokunda çat olduğunu bildirmişdir. Həqiqətən də çat var idi. İddiaçıya müraciət edilmiş, araşdırma zamanı məlum olmuşdur ki, üzərində “Aksa” yazılmasına baxmayaraq generator həmin firmaya aid deyil. Halbuki onlara şifahi olaraq da “Aksa” firmasına aid generatorun gətirələcəyi bildirilmişdi. Generator 2019-cu ilin yay aylarında quraşdırılmış, qüsurlu olması 2020-ci ilin mart ayında məlum olmuşdur. MPM-in: Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qətnamənin ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-253/2022 nömrəli iş üzrə 16 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-550/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-550/2022
04.07.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver