Məhkəmə qərarları › İş №2-2(103)-551/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-551/2025

23.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-551/2025 23.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X6 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə, iddiaçının nümayəndəsi X4 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-319/2025 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit sazişi müqaviləsinə əsasən bank borcluya 36 ay müddətinə, illik 21% olmaqla 30000 manat məbləğində kredit verilmişdir. Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 zamin kimi müqaviləni imzalamışlar. Həmin Müqavilənin: 3.1-ci maddəsinə əsasən nağd pul krediti, müqavilə ilə müəyyən olunan şərtlər Müştəri tərəfindən icra edildikdən, kənar maliyyələşdirmə olduqda isə kredit vəsaitləri Bankın sərəncamına verildikdən sonra Bank tərəfindən Müştərinin müvafiq Kredit sazişi ilə müəyyənləşdirilən cari hesabına köçürmə yolu ilə verilir. 3.2-ci maddəsinə əsasən kreditin verilmə tarixi və müddətinin axımı kredit məbləğinin Müştərinin Kredit sazişində göstərilən ssuda hesabında uçotu aparıldığı ilk gündən başlanılır. 3.3-cü maddəsinə əsasən müqavilə üzrə verilmiş nağd pul krediti və ona hesablanmış faizlər ödəniş cədvəlinə əsasən Müştəri tərəfindən Banka nağd və ya köçürmə yolu ilə kredit müddətində tamamən qaytarılır. Xidmət şərtlərinin xüsusi hissəsi və Kredit sazişlərində göstərilən hallarda ödəniş cədvəli həmçinin digər kredit növləri üzrə də tərtib edilə bilər. 3.4-cü maddəsinə əsasən faizlər kreditin verilmə tarixindən etibarən kredit tam məbləğdə faktiki qaytarılan günədək Kredit sazişi ilə müəyyənləşdirilən ssuda hesabı üzrə borc məbləğinə aylıq 30, illik isə 360 gün hesabı ilə gündəlik olaraq hesablanır.Müqavilə hər iki tərəfin imzası və bankın möhürü ilə təsdiq edilmişdir. 7.4.1-ci maddəsinə əsasən müştəri müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə Bankın ilk tələbi ilə zaminliklə təmin edilmiş öhdəliyi dərhal icra edir. 7.4.2-ci maddəsinə əsasən zaminliklə təmin edilmiş öhdəliklərin icrası üçün bütün əmlakı ilə məsuliyyət daşıyır. 7.4.3-cü maddəsinə əsasən bankın tələbini ödəyənədək bu barədə Müştərini xəbərdar edir, özünə qarşı iddia irəli sürüldükdə isə Müştərini işdə iştirak etməyə cəlb edir. 7.4.4-cü maddəsinə əsasən zaminliklə təmin edilmiş öhdəlik üzrə əsas borc, faizlər, cərimə məbləği borcun tutulması üzrə məhkəmə xərcləri və Müştərinin öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Banka dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla Bank qarşısında Müştəri ilə eyni həcmdə birgə məsuliyyət daşıyır.

2. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2022-ci il tarixli kredit sazişi müqaviləsinə əsasən Cavabdeh1 23429,25 manat əsas, 3135,74 manat faiz və 799.08 manat məbləğində cərimə borcu var.

3. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 oktyabr 2024-cü il tarixli, 3-16-16/2-9/7772/2024 saylı ekspert rəyinə əsasən Cavabdeh1 İddiaçı ASC -yə olan borcu xx.xx.2024-cü il tarixə əsas kredit borcu 23266.22 manat, faiz borcu 3007.27 manat təşkil edir. Ekspertiza tədqiqatlarının dəyəri 100 manat təşkil edir.

Birinci instansiya məhkəməsindəki icraat:

4. İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada İddiaçı ASC-nin xeyrinə 23429.25 manat məbləğində əsas borcun, 3135.74 manat məbləğində faiz borcunun, 799.08 manat məbləğində cərimə borcunun, cəmi 27364.07 manat borcun və 173 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli Kredit sazişi müqaviləsinə əsasən bank Borcluya 36 ay müddətinə, illik 21% olmaqla 30000 manat məbləğində kredit vermişdir. Hazırda borclu “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit şərtlərinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən müddətlər kredit alan tərəfindən 2 (iki) aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 (iki) dəfə pozulduqda bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İddia ərizəsinə tələbimizin sübutu kimi kredit müqaviləsi, ödəniş cədvəli, pulun kredit alana verilməsini təsdiq edən sənəd (kassa məxaric orderi), kredit alanın şəxsiyyətini təsdiq edən sənədin surəti, borc barədə maliyyə arayışı, iddia ərizəsini imzalayan bankın nümayəndəsinin buna səlahiyyəti olması barədə etibarnaməsi, bankın əməkdaşı olması barədə əmək kitabçasından çıxarış, bankın sədrinin həqiqətən hazırda sədri olması barədə Vergilər Nazirliyinin “hüquqi şəxslərin qeydiyyatı barədə reyestr”dən çıxarış əlavə edilmişdir.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-319/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada “Bank VTB (Azərbaycan)” ASC -nin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 23266,22 manat əsas borc, 3007,27 manat faiz borcu və 700 manat cərimə borcu və dövlət rüsumunun əvəz olaraq 173 manat tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilməsi qət edilmişdir. Qalan hissədə iddia rədd edilmişdir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaitinin 70 manat hissəsi cavabdehlərdən müştərək qaydada, 30 manat hissəsi isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X3, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməli olduğu müəyyən edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (kreditor) ilə Cavabdeh1 (borc alan) arasında xx.xx.2022-ci il tarixli kredit müqaviləsi bağlandığı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 zamin kimi müqaviləni imzaladıqları məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir. İddiaçı ASC həmin müqaviləyə əsasən Cavabdeh1 36 ay müddətinə, illik 21% olmaqla 30000 manat məbləğində kredit vermişdir. İddiaçı göstərilən razılaşma ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh1 razılaşma üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə cavabdehin iddiaçıya kredit müqaviləsi üzrə əsas və faiz borcu yaranmışdır. Həmçinin müqavilə üzrə zaminllər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişlər. Bununla yanaşı məhkəmə qeyd etmişdir ki, kredit razılaşması üzrə əsas və müqavilənin xitam verildiyi tarixə əsas və faiz borcunun məbləğinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş və ekspert rəyi ilə X5 İddiaçıçıq Səhmdar Cəmiyyətinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 02.0562024-cü il tarixə (pretenziya məktubunun göndərildiyi tarixə) əsas borcu 23266.22 manat, faiz borcu 3007.27 təşkil etməsi müəyyən edilmişdir. Məhkəmə MPM-in 206.1-ci maddəsinə əsasən, ekspert rəyini tətqiq edərək belə qənaətə gəlmişdir ki, hazırkı halda məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud deyil, odur ki, həmin rəy iş üzrə sübut qismində qəbul edilməlidir.Odur ki, məhkəmə hesab etmişdir ki, kredit müqavilələri üzrə əsas və faiz borcun tutulması hissəsində qismən, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə (pretenziya məktubunun göndərilən tarixə) 23266.22 manat, faiz borcu 3007.27 manat faiz borcu Cavabdeh1 bankın xeyrinə tutulmalıdır. Bundan əlavə iddiaçı kredit müqaviləsi üzrə əsas borcu ödəniş planına uyğun qaytarmadığına görə Cavabdeh1 hesablanmış 799.08 manat məbləğində cərimə (dəbbə) pulunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür. Məhkəmə hesab etmişdir ki, Cavabdeh1 ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə də haqlıdır. Dəbbə pulunun məbləğinə gəldikdə məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələblərini əsas görürməklə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 700 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə zamin Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə borc alan Cavabdeh1 bütün öhdəliklərinə zamin durduqlarından həmin öhdəliklərə görə borc alanla birgə məsuliyyət daşıdıqlarını nəzərə alaraq hesab etmişdir ki, İddiaçı ASC kredit müqaviləsi üzrə borcun (kredit, faiz və dəbbə pulu borcu daxil olmaqla) müştərək (birgə) qaydada borc alan və zaminlərdən tutulmasını tələb etməkdə də haqlıdır. Məhkəmə xərclərinə dair hissədə məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən 173 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. Odur ki, hazırkı qətnamə ilə iddiaqismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 173 manat məbləğində pul vəsaiti cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə hazırkı qətnamə ilə iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq hesab etmişdir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaitinin 70 manat hissəsi cavabdehlərdən müştərək qaydada, 30 manat hissəsi isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X3, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni AR Mülki Məcəlləsinin 385.1, 386, 442, 443.1, 448.1, 462.1, 467, mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739, 743, 470.1, 472.1, 472.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

9. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti vermiş, qətnamənin iddia tələbinin faiz və cərimə borcu barədə təmin edilmiş hissəsində rədd edilməsi ilə bağlı yeni qətnamənin qəbul olunmasını xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin mətnindən göründüyü kimi, öhdəliyin predmetini pulun ödənilməsi, əmlakın verilməsi, işin görülməsi, xidmətlərin göstərilməsi və ya müəyyən hərəkətdən çəkinmək kimi konkret hərəkət və ya hərəkətsizlik təşkil edir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

12. Məhkəmə iclasında verdiyi izahatda iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz etdi, təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

13. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrini səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

14. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. -470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. -472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. -472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739 və 741-ci maddələrinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. - Mülki Prosessual Məcəllənin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. -206-cı maddəsinə görə ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır.

Apellyasiya baxışının hədləri:

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

16. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

17. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti vermiş, qətnamənin iddia tələbinin faiz və cərimə borcu barədə təmin edilmiş hissəsində rədd edilməsinə dair yeni qətnamənin qəbul olunmasını xahiş etmişdir. Odur ki, MPM-in 372.6cı maddəsinin tələblərini, apellyasiya şikayətlərinin dəlillərini habelə digər proses iştirakçıları tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin kredit müqaviləsi üzrə faiz və dəbbə pulu üzrə borcun tutulmasına dair iddianın təmin edilmiş hissəsində yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

19. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə illik 21 faizlə 36 ay müddətinə 30000 manat kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə kreditalanın öhdəliklərinin təminatı olaraq cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 zamin durmuşlar. Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəlikləri lazımi qaydada icra etmədiyindən həmin müqavilə üzrə banka borcu yaranmışdır. Hazırda İddiaçı ASC həmin müqavilə üzrə borcun cavabdehlərdən müştərək qaydada tutulmasını tələb edir.

20. Kredit müqaviləsi üzrə iddiaçının tələb etdiyi dövr üçün (xx.xx.2022-xx.xx.2024cü il tarixədək olan müddət üçün) faiz borcunun məbləğinə gəldikdə məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Cavabdeh1 həmin borcların məbləğini müəyyən etmək üçün birinci instansiya məhkəməsi iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirmişdir. Ekspert rəyi ilə Cavabdeh1 İddiaçı ASC-yə pretenziya məktubunun göndərildiyi tarixə, yəni xx.xx.2024-cü il tarixə ödənilməli faiz borcunun 3007,27 manat məbləğində olması müəyyən edilmişdir.

21. Məhkəmə kollegiyası MPM-in 206.1-ci maddəsinə əsasən, ekspert rəyini tədqiq edərək belə qənaətə gəlir ki, hazırkı halda məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud deyil, odur ki, birinci instansiya məhkəməsi həmin rəy iş üzrə sübut qismində qəbul etməklə cavabdehlərdən müştərək qaydada tutulmalı olan faiz borcunu həmin rəyə əsasən müəyyənləşdirməkdə haqlı olmuşdur.

22. Tələbin dəbbə pulunun tutulması hissəsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan, iddiaçı mübahisəli müqavilə üzrə dəbbə pulunun tutulmasını tələb etməkdə haqlıdır.

23. Dəbbə pulunun məbləğinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tutulacaq dəbbə pulunun məbləğini müəyyən edərkən Mülki Məcəllənin 467-ci maddəsinin tələblərini əsas götürərək tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə almışdır. Odur ki, birinci instansiya məhkəməsinin müəyyənləşdirdiyi 700 manat məbləğində dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından onun azaldılması üçün əsas yoxdur.

24. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin (mübahisələndirilən hissədə) ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

25. Məhkəmə xərclərinə münasibətdə kollegiya qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.

26. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-319/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu Cavabdeh1 özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar