Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-552/2024 13.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi X5, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdеh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “kredit borcunun silinməsi və bu barədə müvafiq məlumatın "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2- 2(113)-796/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı cavabdеhə qarşı cavabdeh tərəfindən iddiaçıya əsassız hesablandığı 75.000 manat əsas, 40.000 manat cərimə borcu olmaqla cəmi 115.000 manat kredit borcunun silinməsi və bu barədə müvafiq məlumatın "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-796/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
3. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-796/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
4. Apellyasiya şikayəti belə əsaslandırılmışdır: Azərbaycan Respublikası Baş X4 Cinayətlər Məhkəməsinə ünvanladığı xx.xx.2022-ci il tarixli 20/240 nömrəli məktubundan görünür ki, xx.xx.2020-ci il tarixdə 70.000 manat və xx.xx.2020-ci il tarixdə 5.000 manat olmaqla cəmi 75.000 manat məbləğində pul vəsaiti Baş Prokurorluğun depozit hesabına ödənilmiş və daha sonra həmin vəsait dövlət büdcəsinə köçürülmüşdür. Qeyd olunanlardan göründüyü kimi "xxxx" MMC-nin Agentlik qarşısında 124.341.33 manat əsas məbləğ üzrə borcdan 75.000 manat dövlət büdcəsinə ödənildiyindən həmin məbləğ əsas borc məbləğindən silinməli olsa da cavabdeh Agentlik bunu etməmişdir. Cavabdeh təşkilat dövlət büdcəsindən maliyyələşdirildiyinə görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin göstərişinə əsasən qeyd edilən 75.000 manat dövlət büdcəsinə ödənilmişdir. Qeyd olunanlardan göründüyü kimi "xxxx" MMC-nin cavabdeh Agentliyə əsas borc üzrə 49.341.33 manat borcu vardır. B u n d a nbaşqa cavabdeh Agentlik tərəfindən "xxxx" MMC-yə əsassız olaraq 40.000 manat cərimə hesablanmışdır. Belə ki işin faktiki hallarından göründüyü kimi ayrılmış kredit məbləğinə görə cinayət işi başlanıldığından borc qalmış məbləğin ödənilməsi üzrlü səbəbdən yubanmışdır. Cavabdeh Agentlik isə heç bir əsas olmadan kredit müqavilələri ilə nəzərdə tutulmuş maksimum məbləğdə cərimə pulunu "xxxx" MMC-yə hesablasa da, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Hesab edirəm ki, cavabdeh Agentliyin hesabladığı əsas borcla və cərimə borcu ilə bağlı hissəsi yuxarıda qeyd edilən hissədə əsassızdır. Hazırda "xxxx" MMC-nin Agentlik qarşısında əsas borc üzrə 49.341.33 manat, faiz borcu üzrə üzrə 6.631.04 manat olmaqla cəmi 55.972.37 manat borcu qalmışdır. Göründüyükimi iddia əsaslı olduğu halda məhkəmə iddianı təmin etməməklə yuxarıda qeyd edilənlərin normaların tələblərini pozmuşdur. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)- 87/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Aqrar Kredit və İnkişaf Agentliyinə dəymiş zərər kimi 75.000 manat pul "xxxx" MMC tərəfindən cinayət işi getdiyinə görə Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına köçürülmüş və bu hal da məhkəmə tərəfindən nəzərə alınmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
5. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X13 apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi.
7. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
9. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
10. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
11. Həmin Məcəllənin 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
12. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
14. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərinin qətnamənin ləğv edilməsinə yönəldiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
15. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşaraq onlara münasibətdə aşağıdakıları qeyd edir.
16. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti ilə iddiaçı arasında bağlanmış 10 sentyabr 2018-ci il tarixli Xidmətin Vəsaitindən istifadə edilməsinin şərtləri haqqında müqaviləyə əsasən iddiaçıya 200.000 (bir yüz min) manat həcmini aşmamaq şərti ilə kredit xətti müəyyən edilmişdir.
17. Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2022-ci il tarixli 20/240 saylı məktubundan görünür ki, Korrupsiyaya qarşı Mübarizə Baş idarəsin İstintaq idarəsində aparılan cinayət işi üzrə dəymiş ziyana görə "xxxx" MMC tərəfindən xx.xx.2020-ci il tarixində 70.000 manat və 11.1.2020-ci il tarixində 5.000 manat olmaqla, cəmi 75.000 (yetmiş beş min) manat məbləğində pul vəsaiti Baş Prokurorluğun depozit hesabına ödənilmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(100)-87/2021 saylı hökmünə və Xüsusi Müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəyinə əsasən həmin vəsait dövlət büdcəsinə köçürülmüşdür.
18. İddiaçının cavabdehə ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-22-2/2-2252/2023 saylı məktubundan görünür ki, “Amin Kredit ittifaqı" MMC-nin Agentlik qarşısında 2023-cü il 31 oktyabr tarixinə əsas məbləğ üzrə 124 341.33 (bir yüz iyirmi dörd min üç yüz qırx bir manat 33 qəpik) manat, faiz borcu üzrə 6 631.04 (altı min altı yüz otuz bir manat 4 qəpik) manat və cərimə borcu üzrə 40 000 (qırx min) manat həcmində öhdəlikləri mövcuddur. Eyni zamanda bildirir ki, X8 ayrılmış kreditlə bağlı açılan cinayət işi üzrə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına köçürülmüş 75 000,00 (yetmiş beş min) manat həcmində pul vəsaiti Agentliyin müvafiq hesablarına köçürülmədiyindən həmin vəsaitin borc üzrə mühasibat qalığından (124341.33 manat) silinməsi aparılmamışdır.
19. İddiaçının cavabdehə ünvanlanmış xx.xx.2021-ci il tarixli 22/xx/xx-4204 saylı məktubundan görünür ki, Agentliyin vəsaiti hesabına müvəkkil kredit təşkilatı olan "xxxx" MMC vasitəsilə heyvandarlığın inkişafı məqsədilə X8 ayrılmış 200 000 (iki yüz min) manat həcmində kredit vəsaitinin təyinatdan kənar istifadəsi ilə əlaqədar cinayət işi açılmışdır. Qeyd olunan iş üzrə təşkilatınız tərəfindən Agentliyin xəzinə hesabına 125000 (bir yüz iyirmi beş min) manat ödəniş edilmişdir. Eyni zamanda müraciətinizdə göstərilən 75000 (yetmiş beş min) manat məbləğində ödənişin müvafiq hüquq mühafizə orqanlarının depozit hesabına köçürülməsi məsələsi ilə bağlı bildirir ki, həmin vəsait zərərçəkmiş olaraq Agentliyə ödənilməmişdir. Hazırda “Amin Kredit İttifaqı" MMC-nin Agentlik qarşısında 75000 (yetmiş beş min) manat ödənilməmiş vəsait və borc ödənişinin gecikdirilməsinə görə 20000 (iyirmi min) manat hesablanmış cərimə borcu olmaqla, cəmi 95000 (doxsan beş min) manat borcu qalmışdır.
20. İş materiallarında olan X14 və X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(100)-87/2021 nömrəli hökmü ilə müəyyən edilmişdir ki, X15 03 avqust 2001-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Şəmkir bölgə şöbəsi tərəfindən dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı Şəmkir rayonunun Çaparlı kəndi olan "xxxx" MMCnin (VÖEN **********) Müşahidə Şurasının sədrinin 10 sentyabr 2009-cu il tarixli 12 nömrəli əmri ilə İdarə heyətinin sədri vəzifəsinə təyin edilməklə, 10 sentyabr 2009-cu il tarixdən həmin vəzifədə işləyərkən MMC-nin 14 iyun 2001-ci il tarixdə təsdiq edilmiş Nizamnaməsinə əsasən cəmiyyətin işinə aid əmrlər və digər sərəncamlar vermək, müvafiq qanuna əsasən cəmiyyətin nümayəndəsi kimi çıxış etmək, cəmiyyətin mülkiyyət və fondlarını idarə etmək, ümumi yığıncaq tərəfindən verilən hər hansı tapşırığı yerinə yetirmək və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs qismində, habelə, 10 sentyabr 2018-ci il tarixli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidməti (Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2018-ci il 413 nömrəli Fərmanı ilə yaradılmış Aqrar Kredit və İnkişaf Agentliyi) ilə imzalanmış “Xidmətin vəsaitindən istifadə edilməsinin şərtləri haqqında” müqavilənin 1.1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidmətinin vəsaitlərinin istifadə qaydaları”na əsasən, xidmətin vəsaitlərinin istifadəsi üzrə Müsabiqə Komissiyasının xx.xx.2015-ci il tarixli 1 nömrəli protokolu əsasında vəsaitin kənd təsərrüfatı subyektlərinə çatdırılması məqsədilə müvəkkil kredit təşkilatı qismində seçilmiş "xxxx" MMC-nin rəhbəri kimi müvafiq müqavilənin 5-ci maddəsinə əsasən, xidmətin vəsaiti hesabına kredit almaq məqsədi ilə müraciət etmiş müvafiq subyektlərin qeydiyyatını aparmalı, onların investisiya tələbatını müəyyən etməli və bu barədə Xidmətə hesabat verməli, layihələrin gözlənilən ünvanda təyinatı və sair məsələlər üzrə ilkin ekspertizası və nəzərdə tutulan digər tələbləri 15 gün ərzində icra etməli, kreditləşdirilməsinə dair qərar qəbul edilmiş müvafiq subyektlər haqqında məlumat və vəsait ayrılması barədə sifarişi Xidmətə təqdim etməli, kreditləşdirilməsi məqsədəuyğun hesab edilməyən layihələri isə yazılı olaraq izah edilməklə geri qaytarmalı, Xidmət tərəfindən köçürülmüş vəsaiti bir iş günü ərzində borcalanla müvafiq müqavilə bağlamaqla onun bankdakı hesabına köçürməli, onlara vəsaitlərdən istifadə etmək hüquqlarını təsdiq edən bildiriş təqdim etməli və bu barədə Xidmətə məlumat verməli, mütəmadi olaraq borcalanların monitorinqini aparmalı və Xidmətə rüblük hesabat təqdim etməli, monitorinq zamanı qaydalarda nəzərdə tutulmuş şərtlərin pozulması halları aşkar edildikdə borcalanlara kreditlərin və faiz borclarının vaxtından əvvəl geri qaytarılması barədə müvafiq göstəriş verməli olduğu halda tanışı olmaqla "xxxx" MMC-nin Kredit komissiyasının üzvü X14 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və əlbir olduğu Akif Həsənov üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, onlara etibar edilmiş külli miqdarda özgə əmlakını qulluq mövqeyindən istifadə edərək mənimsəməklə talamağa dair aralarındakı cinayətkar niyyətə uyğun olaraq, 2018-ci ilin avqust ayında cəmiyyətin ofisinin yerləşdiyi ünvan 4 ünvanında guya birgə sahibkarlıq fəaliyyəti – fermer təsərrüfatı ilə məşğul olmaq adı ilə Akif Həsənovun qardaşı olmaqla cinayətdən xəbərsiz olan X6 adına "xxxx" MMC vasitəsilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidmətindən 200.000 (iki yüz min) manat məbləğində güzəştli dövlət krediti götürüb hər hansı təsərrüfatla məşğul olmamaqla həmin məbləği öz aralarında bölüşdürmək barədə Akif Həsənovla razılığa gəlib, həmçinin, bunun üçün Asif Həsənovun cinayətkar niyyətdən xəbərdar olmamaqla sonuncunun zəruri sənədlərə imza etməsini Akif Həsənov özünün təmin edəcəyini öhdəsinə götürdükdən sonra rəhbəri olduğu Cəmiyyət ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidməti arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən həmin Xidmətin cəmiyyətə etibar edəcəyi pul vəsaiti hesabına fermer təsərrüfatının yaradılması məqsədilə 200.000 (iki yüz min) manat məbləğində pul vəsaitinin illik 7% dərəcə ilə, 24 aylıq güzəştlə 5 illik müddətə götürülməsi üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə müraciət edib, bununla əlaqədar, həmçinin, "xxxx" MMC-nin Kredit Komissiyasının xx.xx.2018-ci il tarixli 08 saylı protokolunu imzalamaqla möhürləyib, kredit məbləğinin ayrılmasının təmin edilməsi üçün guya X6 istifadəsində müvafiq təsərrüfat obyektlərinin olması görüntüsü yaratmaq məqsədilə sonuncunun Samux rayon sakinləri - X12, X16 və X7 etibarnamələri əsasında X1 Samux rayonu Qarayeri qəsəbəsində 0,58 01 ha torpaq sahəsinin icarayə götürülməsi haqqında xx.xx.2018-ci il tarixli, Samux rayon sakini X3 Samux rayonu Qarayeri qəsəbəsində 0,89 ha torpaq sahəsinin icrayə götürülməsi haqqında xx.xx.2018ci il tarixli müqavilələrin Akif Həsənov tərəfindən özünə təqdim edilməsi əsasında Asif Həsənovun heyvandarlığın inkişafı yönümlü investisiya layihəsinin rəsmi sənəd sayılan və günü qeyd edilməməklə sentyabr 2020-ci il tarixli nömrəsiz qısa xülasəyə 2018-ci ilin sentyabr ayında istintaqla müəyyən edilməyən gündə cəmiyyətin həmin ünvanda yerləşən ofisində Asif Həsənovun icarəyə götürdüyü müvafiq torpaq sahələrindəki təsərrüfatının istifadəsində guya 950 kv.metrlik mal-qara saxlamaq üçün bina, 1 ədəd artezian quyusu, 5 ədəd su çəni, 4 ədəd vaqon, 25 ədəd yem qablarının olduğu, təsərrüfatın elektrik və su xətləri ilə təchiz olunduğu, təsərrüfatda 1 nəfər zobaytar və 8 nəfər işçinin işlədiyi, yeni layihə ilə 10 iş yerinin açılmasının gözlənildiyi barədə tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil edərək imzalayıb "xxxx" MMC-nin möhürü ilə təsdiqləyərək Akif Həsənovla qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifə saxtakarlığı yolu ilə hazırladıqları rəsmi sənədi, habelə, "xxxx" MMC-nin Kredit Komissiyasının xx.xx.2018-ci il tarixli 08 saylı protokolunu, xx.xx.2018 və xx.xx.2018-ci il tarixli həmin icarə müqavilələrini Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidmətinə göndərdikdən sonra həmin Xidmət tərəfindən kredit vəsatinin ayrılması məqsədəmüvafiq hesab edilib xx.xx.2018-ci il tarixli 04/114 nömrəli təhriri məruzə ilə kredit ayrılaraq "xxxx" MMC-nin "xxxx" ASC-nin Gəncə filialında olan AZ 48İBAZ******************** nömrəli bank hesabına xx.xx.2018-ci il tarixdə ödəniş tapşırığı əsasında 200.000 (iki yüz min) manat köçürüldükdən sonra həmin gün köçürülmüş 200.000 (iki yüz min) manat pul vəsaitini qeyd edilən filialda olan "xxxx" MMC-nin AZ48İBAZ******************** nömrəli bank hesabından Asif Həsənovun həmin filialda olan AZ57İBAZ******************** nömrəli hesabına xx.xx.2018-ci il tarixli 18/73 nömrəli ödəniş tapşırığı əsasında köçürüb cinayətdən xəbərsiz X19 şəhəri, H.Əliyev prospekti 696 ünvanda yerləşən "xxxx" ASCnin Gəncə filialında qardaşı Akif Həsənovun sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaxın qohumu olduğundan heç bir əmlak və sair məsuliyyət daşımayan zamin qismində zəruri sənədləri imzalamasına ehtiyac olduğunu bildirərək sonuncu ilə birlikdə həmin filiala gedib, Asif Həsənovun hesabdan xx.xx.2018-ci il tarixdə 15000 manat, xx.xx.2018-ci il tarixdə 54543 manat, xx.xx.2018-ci il tarixdə 35100 manat, xx.xx.2018-ci il tarixdə 23637 manat, xx.xx.2018-ci il tarixdə 15000 manat, xx.xx.2018-ci il tarixdə 29090 manat, xx.xx.2018-ci il tarixdə 17460 manat, xx.xx.2018-ci il tarixdə 10170 manat olmaqla, ümumilikdə 200.000 (iki yüz min) manatın məxaric edilməsi barədə məxaric sənədlərini imzalayıb filialın xəzinəsindən 200.000 (iki yüz min) manatı götürməsindən sonra həmin pul vəsaitini qeyd edilən ofisində Akif Həsənovla öz aralarında bölüb şəxsi ehtiyaclarına xərcləyib qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə etməklə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidmətinə (hazırkı adı ilə Aqrar Kredit və İnkişaf Agentliyinə) məxsus olmaqla ona etibar edilmiş 200.000 (iki yüz min) manat məbləğində özgə əmlakını külli miqdarda ziyan vurmaqla mənimsəməklə talayıb, Akif Həsənovla qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddətdə cəmiyyətin ofisində cinayət əməllərinin üstünün açılmaması kimi tamah və vahid şəxsi niyyətlə Asif Həsənovun götürdüyü kredit üzrə təsərrüfat fəaliyyəti barədə rəsmi sənədlər hesab olunan cəmi 5 ədəd monitorinq aktlarına bilə-bilə yalan məlumatlar daxil etməklə, o cümlədən, xx.xx.2019-cu il tarixli 19/06 nömrəli monitorinq aktında 2018-ci ilin 4-cü rübü üzrə - guya 228 baş mal-qara alınmasının kreditin təsnifatı olduğu, yem alındığı, tövlənin bərpa olunduğu və xammal alındığı, 10 yeni iş yerinin olduğu, kredit öhdəliyi üzrə vəziyyətin qənaətbəxş olduğu, xx.xx.2019-cu il tarixli 19/21 nömrəli monitorinq aktında 2019-cu ilin 1-ci rübü üzrə - guya 228 baş mal-qara alınmasının kreditin təsnifatı olduğu, yem alındığı, tövlənin bərpa olunduğu və xammal alındığı, 10 yeni iş yerinin olduğu, kredit öhdəliyi üzrə vəziyyətin qənaətbəxş olduğu, xx.xx.2019-cu il tarixli 19/41 nömrəli monitorinq aktında 2019-cu ilin 2-ci rübü üzrə - guya 228 baş mal-qara alınmasının kreditin təsnifatı olduğu, yem alındığı, tövlənin bərpa olunduğu və xammal alındığı, 10 yeni iş yerinin olduğu, kredit öhdəliyi üzrə vəziyyətin qənaətbəxş olduğu, xx.xx.2019-cu il tarixli 19/63 nömrəli monitorinq aktında 2019-cu ilin 3-cü rübü üzrə - guya 228 baş mal-qara alınmasının kreditin təsnifatı olduğu, yem alındığı, tövlənin bərpası tam həyata keçirilib və əlavə xammal alındığı, 10 yeni iş yerinin olduğu, kredit öhdəliyi üzrə vəziyyətin qənaətbəxş olduğu, xx.xx.2020-ci il tarixli 03/20 nömrəli monitorinq aktında 2019-cu ilin 4-cü rübü üzrə - guya 228 baş mal-qara alınmasının kreditin təsnifatı olduğu, yem alındığı, tövlənin bərpası tam həyata keçirilib və əlavə xammal alındığı, 10 yeni iş yerinin olduğu, kredit öhdəliyi üzrə vəziyyətin qənaətbəxş olduğu barədə bilə-bilə yalan məlumatları qeyd edib müvafiq aktları imzalayıb möhürləməklə qabaqcadan əlbir olan bir qrup şəxs qismində təkrarən vəzifə saxtakarlığı yolu ilə hazırladıqları həmin rəsmi sənədləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidmətinə (Aqrar Kredit və İnkişaf Agentliyinə) göndərib, uzun müddət ərzində cinayət əməllərinin gizlədilməsinə nail olub, həmin hərəkətləri, habelə götürdüyü 200.000 (iki yüz min) manat kredit məbləğindən rəhbəri olduğu "xxxx" MMC vasitəsilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidmətinə (Aqrar Kredit və İnkişaf Agentliyinə) heç bir məbləğ ödəməməsi və həmin ödəmənin həyata keçirilməsi üçün sahibkarlıq fəaliyyəti üzrə heç bir tədbir görməməsi nəticəsində Xidmətin (Agentliyin) normal fəaliyyətinin pozulmasında ifadə olunan qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla Akif Həsənovla qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir.
21. İddiaçının tələbi bundan ibarətdir ki, cinayət işi çərçivəsində dövlət büdcəsinə ödənilmiş 75 000 manat 10 sentyabr 2018-ci il tarixli kredit müqaviləsi üzrə borcdan silinməli və 40 000 manat dəbbə pulu silinməlidir. İddiaçı əsas kimi cavabdehin büdcə təşkilatı olmasını və 75 000 manat pulun dövlət büdcəsinə ödənilməsini gətirmişdir. Cavabdeh isə onların hesabına həmin məbləğ oturmadığından iddianı qəbul etməmişdir.
22. İşin müəyyən edilmiş faktiki hallarına əsasən tərəflər arasında 10 sentyabr 2018-ci il tarixli kredit müqaviləsi bağlamış, kredit ayrılaraq "xxxx" MMC-nin "xxxx" ASC-nin Gəncə filialında olan AZ 48İBAZ******************** nömrəli bank hesabına xx.xx.2018-ci il tarixdə ödəniş tapşırığı əsasında 200.000 (iki yüz min) manat köçürüldükdən sonra həmin gün köçürülmüş 200.000 (iki yüz min) manat pul vəsaitini qeyd edilən filialda olan "xxxx" MMC-nin AZ48İBAZ******************** nömrəli bank hesabından Asif Həsənovun həmin filialda olan AZ57İBAZ******************** nömrəli hesabına xx.xx.2018-ci il tarixli 18/73 nömrəli ödəniş tapşırığı əsasında köçürüb cinayətdən xəbərsiz X19 şəhəri, H.Əliyev prospekti 696 ünvanda yerləşən "xxxx" ASC-nin Gəncə filialında qardaşı Akif Həsənovun sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaxın qohumu olduğundan heç bir əmlak və sair məsuliyyət daşımayan zamin qismində zəruri sənədləri imzalamasına ehtiyac olduğunu bildirərək sonuncu ilə birlikdə həmin filiala gedib, Asif Həsənovun hesabdan xx.xx.2018-ci il tarixdə 15000 manat, xx.xx.2018-ci il tarixdə 54543 manat, xx.xx.2018-ci il tarixdə 35100 manat, xx.xx.2018-ci il tarixdə 23637 manat, xx.xx.2018-ci il tarixdə 15000 manat, xx.xx.2018-ci il tarixdə 29090 manat, xx.xx.2018-ci il tarixdə 17460 manat, xx.xx.2018-ci il tarixdə 10170 manat olmaqla, ümumilikdə 200.000 (iki yüz min) manatın məxaric edilməsi barədə məxaric sənədlərini imzalayıb filialın xəzinəsindən 200.000 (iki yüz min) manatı götürməsindən sonra iddiaçının direktoru olan X15 həmin pul vəsaitini qeyd edilən ofisində Akif Həsənovla öz aralarında bölüb şəxsi ehtiyaclarına xərcləyib qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə etməklə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidmətinə (hazırkı adı ilə Aqrar Kredit və İnkişaf Agentliyinə) məxsus olmaqla ona etibar edilmiş 200.000 (iki yüz min) manat məbləğində özgə əmlakını külli miqdarda ziyan vurmaqla mənimsəməklə talamışdır. Cavabdeh cinayət işi üzrə zərərçəkmiş şəxs qismində prosesə cəlb olunmuşdur. Bundan sonra cinayət işi üzrə qəbul edilmiş hökmlə 75.000 (yetmiş beş min) manat məbləğində pul vəsaiti dövlət büdcəsinə köçürülmüşdür.
23. Qeyd edilən hallar müqavilə, hökm, məktub və digər sənədlərlə təsdiq edilmişdir.
24. Hökmlə müəyyən edilmişdir ki, iddiaçı tərəfin kredit müqaviləsini bağlamaqda məqsədi kredit məbləğini mənimsəmək olmuşdur. Belə ki, iddiaçı tərəfindən sözügedən kredit müqaviləsinin sırf görünüş üçün, yəni həqiqətdə heç bir hüquqi nəticə yaratmaq niyyəti olmadan edilən iradə ifadəsi nəticəsində bağlandığı təsdiq edilmişdir.
25. MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
26. Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
27. Mülki Məcəllənin 337.1-ci, 337.3-cü və 337.4-cü maddələrinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
28. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, 10 sentyabr 2018-ci il tarixli kredit müqaviləsi özlüyündə bağlandığı andan etibarsız əqd olmuşdur.
29. Etibarsız əqdin nəticələrinin nədən ibarət olması Mülki Məcəllənin 337.5-ci maddəsində göstərilir. Həmin maddəyə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
30. İddiaçı etibarsız əqdin etibarsızlığından doğan nəticəni, yəni kredit məbləğinin cavabdehə qaytarılması vəzifəsini (200 000 manatın 125 000 manat hissəsinin qaytarılmasını cavabdeh məktubla etiraf etmişdir) yerinə yetirmiş, 75 000 manat pul vəsaiti isə cinayət işi çərçivəsində dövlət büdcəsinə qaytarmışdır. Kredit dövlət orqanı tərəfindən verildiyindən, həmin vəsait dövlət büdcəsindən ayrıldığından və son nəticədə dövlət büdcəsinə qayıtdığından iddiaçı cavabdeh qarşısında kredit məbləğini qaytarmaq öhdəliyini yerinə yetirmişdir. Öhdəliyin yerinə yetirilməsi öhdəliyin (əqdin etibarsızlığından doğan) xitamına səbəb olur.
31. Birinci instansiya məhkəməsi qeyd edilən işin faktiki hallarına uyğun olmayan hüquq normalarını tətbiq etmiş, tərəflər arasında yaranmış hüquq münasibətlərini düzgün müəyyən etməmişdir.
32. Bundan başqa kollegiya iddia tələbinin cərimə pulunun silinməsinə dair hissəsini qismən əsaslı hesab edir. Belə ki, cavabdehin təqdim etdiyi hesabdan çıxarışdan görünür ki, etibarsız hesab olunmuş əqd üzrə (10 sentyabr 2018-ci il tarixli kredit müqaviləsi) 20 000 manat cərimə məbləği hesablanmışdır. İddiaçının iddia etdiyi 40 000 manat cərimə məbləğindən yalnız 20 000 manat hissəsi silinməli, digər 20 000 manat hissənin isə silinməsi üçün heç bir hüquqi əsas mövcud deyildir. Belə ki, bu cərimə məbləği digər etibarlı kredit müqavilələri əsasında hesablanmışdır.
33. Bununla belə, məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçının hazırkı tələbləri irəli sürməkdə məqsədi, yəni təmin etmək istədiyi mənafe cavabdeh qarşısında borc öhdəliyinin olmamasının təsbit edilməsidir. İddiaçı, bunu apellyasiya baxışında da açıqca ifadə etmişdir. İddiaçının “öhdəliklərə xitam verilməsi barədə qərar qəbul edilsin” tələbi də əslində bu mənafeyi təmin etməyə yönəlmiş təsbitetmə iddiasıdır.
34. Mülki Prosessual Məcəllənin 385.1.1-ci və 385.1.4-cü maddələrinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi həmin qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
35. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
36. Ona görə də, Kollegiya iddiaçının tələbini və haqlı mənafeyini, yuxarıdakı mövqeyini nəzərə alaraq hesab edir ki, iddia qismən edilməli, iddiaçının cavabdeh qarşısında borc öhdəliyinin (75.000 manat əsas, 20.000 manat cərimə borcu) olmaması təsbit edilməklə həmin borc silinməli, borc öhdəliyinin olmaması barədə məlumatın "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir.
37. Məhkəmə xərcləri ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun və mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qismən təmin edildiyindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş rüsumu isə iddiaçıya aid edilməlidir.
38. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 385.1.1, 385.1.4, 388, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-796/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdеh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən iddiaçıya əsassız hesablanmış 75.000 (yetmiş beş min) manat əsas borc məbləği, 20.000 (iyirmi min) manat dəbbə pulu silinsin və bu barədə müvafiq məlumatın "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilməsi vəzifəsi cavabdehin üzərinə qoyulsun. İddia qalan hissədə rədd edilsin. İddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumu 205 AZN və mediasiya xərci 211 AZN cavabdehdən tutularaq iddiaçıya ödənilsin. İddia qismən təmin edildiyindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş rüsum 202.5 AZN isə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.