Məhkəmə qərarları › İş №2-2(103)-555/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-555/2024

02.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-555/2024 02.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X5 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1085/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. Quba şəhəri, 22-ci məhəllə, H.Əliyev prospekti ünvanında yerləşən qeyri-yaşayış sahəsi (152,3 kv.metr) İddiaçı mülkiyyətindədir.

2. İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixli icarə müqaviləsi bağlanmışdır.

3. Müqaviləyə əsasən iddiaçı Quba şəhəri, 22-ci məhələ, H.Əliyev prospekti ünvanında yerləşən 152,3 kv.m qeyri-yaşayış sahəsinin 75 kv.metr hissəsini cavabdehə icarəyə verməyi öhdəsinə götürür.

4. Müqavilənin 3-cü bəndinə görə icarə müddəti xx.xx.2020-ci ilədək müəyyən edilir və onun bitməsinə 1 (bir) ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha 1 (bir) il müddətinə uzadılmış hesab edilir.

5. Müqavilənin 8-ci bəndinə görə müqavilənin ləğv edilməsi tərəflərin 1 ay qabaqcadan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir.

6. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə xx.xx.2021-ci il tarixli əlavəyə əsasən aylıq icarə haqqının məbləği olan 1000 manat məbləğə dəyişiklik edilərək 1163 manat müəyyən edilmişdir.

7. İddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixdə xəbərdarlıq göndərilərək, icarə müqaviləsinin müddətinin uzadılmayacağı barədə xəbərdarlıq edilmiş, icarə sahəsinin xx.xx.2023-cü il tarixədək boşaldılması tələb edilmişdir.

8. Cavabdeh tərəfindən iddiaçıya göndərilmiş 13 oktyabr 2023-cü il tarixli 3117-01/D- 2023 saylı məktubdan görünür ki, xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə icarəyə götürülmüş obyektin boşaldılması barədə bildirişə cavab olaraq icarə obyektinini boşaldılması üçün xx.xx.2023-cü il tarixədək möhlət verilməsi xahiş edilmiş, icarə sahəsinin xx.xx.2023-cü il tarixdə icarə obyektinin geri təhvil veriləcəyi göstərilmişdir.

9. İcarə obyekti xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən boşaldılmışdır.

10. Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(027)-848/2023 nömrəli qətnaməsi ilə iddiaçı X1 Cavabdeh MMC-yə qarşı icarə müqaviləsinə xitam verilməsi, icarə obyektindən çıxarılma və maddi ziyanın ödənilməsi tələbinə dair iddia təmin edilməmişdir.

11. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(105)-1568/2023 saylı qərardadı ilə iddiaçı X1 apellyasiya şikayəti qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(027)-848/2023 saylı qətnaməsi ləğv edilmiş və iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir.

12. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(119)-1409/2023 saylı qərardadı ilə iddiaçı X1 Cavabdeh MMCyə qarşı icarə müqaviləsinə xitam verilməsi, icarə obyektindən çıxarılma və maddi ziyanın ödənilməsi tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

13. İddiaçı Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında olan Quba şəhəri, 22-ci məhəllə, Heydər Əliyev prospektində yerləşən, ümumi sahəsi 152,3 kv.m olan qeyriyaşayış sahəsinin 75 kv.m sahəsinin icarəyə verilməsinə dair 11 oktyabr 2019-cu il tarixli icarə müqaviləsi üzrə 28 noyabr 2022-ci il tarixli ilkin müqavilə üzrə həmin tarixdən 07 fevral 2023-cü il tarixədək 2300 manat, 07 fevral 2023-cü il tarixdən 14 noyabr 2023-cü il tarixədək 2600 manat, cəmi 28.910 manat vurulmuş maddi ziyan, 210 manat mediasiya xərci və 10.000 manat mənəvi ziyana görə cəmi 39.120 manat pul vəsaitinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. İddiaçı bildirir ki, o, icarə müqaviləsinin 8-ci bəndinə əsasən icarə müqaviləsinin ləğv edilməsi və icarə obyektinin boşaldılması, eyni zamanda tələbin icra edilməməsinə görə vurulan ziyanla bağlı məsuliyyət daşımaları barədə ekspres poçt vasitəsilə cavabdehə ərizə göndərmiş, həmin ərizə xx.xx.2022-ci tarixdə cavabdeh tərəfindən qəbul edilmiş, lakin onun tələbləri yerinə yetirilməmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə icarə obyektini boşaltmışdır. Hazırda icarə müqaviləsi üzrə 28.910 manat manat cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Belə ki, iddiaçı icarə obyekti barədə 28 noyabr 2022-ci il tarixdə X7 ilə 72 kv.m sahəni əvvəlcə aylıq 2300 manat olmaqla (ilkin müqavilə üzrə), daha sonra razılaşma əsasında 07 fevral 2023-cü il tarixli müqaviləyə düzəlişə dair müqavilə ilə aylıq 2600 olmaqla icarəyə vermək barədə notarial qaydada müqavilələr bağlamışdır. Cavabdehin təqsiri üzündən həmin müqavilələrin reallaşması mümkün olmamış və iddiaçıya xeyli miqdarda maddi ziyan vurulmuşdur. Bundan başqa cavabdeh tələb olunan müddətdə icarə obyektini boşaldıb iddiaçıya təhvil vermədiyindən o, məhkəmələrə müraciət etmək məcburiyyətində qalmaqla mənəvi iztirab sarsıntı keçirmişdir.

15. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, xx.xx.2023-cü ildə notarial qaydada bağlanılmış müqavilə və həmin müqaviləyə düzəlişə dair əqd uydurma əqddir, yəni etibarsızdır. İddiaçı tərəfindən təqdim edilmiş müqaviləyə düzəlişə dair müqavilədə xx.xx.2022-ci il tarixli ilkin müqaviləyə istinad edilsə də, həmin müqavilənin surəti və ya əsli iddia ərizəsinə qoşma sənədlərə əlavə edilməmişdir. Quba şəhəri, 22-ci məhəllə, Heydər Əliyev prospektində yerləşən, ümumi sahəsi 152,3 kv.m olan qeyriyaşayış sahəsinin icarə haqqı vergi daxil olmaqla 1163 manat olduğu halda ilkin müqavilədə aylıq 2600 manat göstərilmişdir. Əsas icarə müqaviləsi üzrə icarə münasibətləri davam etdirilərkən digər şəxslərlə ilkin icarə müqaviləsi bağlamaq və gələcəkdə icarəyə verilib-verilməyəcəyi sual atında olan, icarə münasibətlərinə qanunvericiliyə uyğun qaydada xitam verilib-verilməyəcəyi məlum olmayan əmlak üzrə başqa şəxslər qarşısında öhdəlik götürmək yolu ilə müqavilənin bağlanılması mülki qanunvericiliyə ziddir və etibarsız əqddir. İlkin müqavilə mahiyyəti Cavabdeh MMC-yə qarşı qanunsuz olaraq maddi ziyan (əldən çıxmış fayda) tələbi irəli sürməkdən ibarətdir. Bundan əlavə cavabdeh tərəfindən iddiaçının sağlamlığının pozulmasına səbəb olan heç bir hüquqa zidd əmələ yol verilmədiyindən mənəvi zərərin əvəzinin ödənilməsi qəbul edilməzdir. Həmçinin, iddianın əsas məqsədi vaxtilə cavabdehin işçisi və xx.xx.2019-cu il tarixli icarə müqaviləsini imzalamış və işdən ayrıldıqdan sonra haqsız rəqabət nəticəsində tək bu iş üzrə deyil, Quba- Xaçmaz ərazisində bir neçə icarəyəverənlə uydurma əqdlər bağlayan X3 dövlətin əsas faəliyyət qollarından biri olan səhiyyə faəliyyətinə maneələr yaratmasından ibarətdir.

16. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, onun cavabdehə qarşı 28 noyabr 2022-ci il tarixli ilkin müqavilə üzrə həmin tarixdən 07 fevral 2023-cü il tarixədək 3061 manat, 07 fevral 2023-cü il tarixdən 14 noyabr 2023-cü il tarixədək 14400 manat olmaqla, 17061 manat vurulmuş maddi ziyan, 210 manat mediasiya xərci və 10000 manat mənəvi ziyana görə cəmi 27271 manat pul məbləğinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Cavabdeh iddia tələbinin həcminin azaldılması barədə ərizəyə etiraz edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixli ilkin müqavilənin 3.2-ci bəndindən aydın görünür ki, İddiaçı və X6 arasında əsas müqavilənin bağlanma tarixi xx.xx.2024-cü il olaraq göstərilmişdir. Lakin, iddiaçı həmin müddəti gözləmədən cavabdehə ilkin müqavilənin bağlandığı gün bildiriş göndərməklə icarə sahəsinin boşaldılmasını tələb etmiş, əks təqdirdə iddiaçının özünün xx.xx.2024-cü il tarixdə elektron məhkəmə kabineti vasitəsilə məhkəməyə təqdim etdiyi vəsatətlərdə də qeyd etdiyi kimi icarəçinin qeyriqanuni olaraq icarə obyektindəki kommunal xidmətləri kəsməklə və digər yollarla hədə-qorxu gəlmiş, bununla Azərbaycan Respublikası Mülki Məcəlləsinin təməl prinsip və müddəaları üzrə pozuntulara yol vermiş və hüquqlarından sui-istifadə etmişdir. Eyni zamanda, ilkin müqavilənin şərtlərinə iddiaçı tərəfindən əməl edilməmiş, xx.xx.2024-cü il tarix gözlənilmədən digər şəxslərlə icarə müqaviləsinin bağlanması cavabdehdən əsassız qaydada pul tələblərinin irəli sürülməsini bir daha sübut edir. Cavabdeh iddiaçı ilə bağlanmış icarə müqaviləsi müddətində icarə müqaviləsinin şərtlərinə əməl etmiş və icarə haqqının tam qaydada icarəyə verənə ödənilməsini sübut edən ödəniş tapşırıqlarını elektron məhkəmə kabineti vasitəsilə məhkəməyə təqdim etmiş və bununla bağlı iddiaçının heç bir etirazı olmamışdır. İddianın əsasının təşkil edən halların sübut edilməsi ilə əlaqədar iddiaçı tərəfindən iddia ərizəsinə heç bir mötəbər sübut əlavə edilməmişdir.

18. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1085/2024 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.

19. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

20. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, hazırki mübahisə predmeti icarə haqlarının ödənilib-ödənilməməsi ilə bağlı deyil. Mübahisə predmeti tərəflər arasında razılaşdırılmış icarə müqaviləsi üzrə icarə müqaviləsinin 8-ci bəndinə əsasən müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqcadan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilməsi nəzərdə tutulduğundan iddiaçı bu hüququndan istifadə etmiş, lakin cavabdeh icarə sahəsini vaxtında boşaldıb təhvil vermədiyi üçün müqavilə üzrə öhdəliyini pozaraq iddiaçıya xeyli miqdarda ziyan vurmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur. Etiraz iddiaya dair etiraza uyğun əsaslandırılmışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdi, cavabdehin nümayəndəsi Nümayəndə isə apellyasiya şikayətinə etiraz etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

23. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

24. Həmin Məcəllənin 417.1-ci maddəsinə əsasən müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir.

25. Həmin Məcəllənin 417.2-ci maddəsinə əsasən əgər tərəflər müqavilənin şərtlərini müfəssəl müəyyənləşdirmişlərsə, bunlar müqavilənin standart şərtləri sayılmır.

26. Hmin Məcəllənin 417.3-cü maddəsinə əsasən tərəflərin bilavasitə razılaşdırdıqları şərtlərə standart şərtlərə nisbətən üstünlük verilir.

27. Həmin Məcəllənin 689.1-ci maddəsinə əsasən kirayə müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət bitdikdə xitam verilir.

28. Həmin Məcəllənin 689.2-ci maddəsinə əsasən əgər kirayə müqaviləsində müddət müəyyənləşdirilməyibsə, kirayə hüquq münasibətlərinin istənilən iştirakçısı bu Məcəllənin 690-cı maddəsinin göstərişlərinə uyğun olaraq müqavilənin ləğvinə dair bildiriş verə bilər.

29. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

30. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

31. Həmin Məcəllənin 704.1-ci maddəsinə əsasən əgər hər hansı torpaq sahəsinin, hüququn və ya müəssisənin icarəsi müqaviləsi bağlanarkən icarə müddəti müəyyənləşdirilməyibsə, müqavilənin ləğvinə yalnız azı altı aylıq xəbərdarlıq müddətini gözləmək şərti ilə ilin sonunda yol verilir.

32. Həmin Məcəllənin 705-ci maddəsinə əsasən əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir.

33. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

34. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.

36. Belə ki, maddi zərərin ödənilməsi barədə tələblərin qanuni əsasını Mülki Məcəllənin 705-ci maddəsi təşkil edir. 37.Həmin maddənin tələblərinə əsasən əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. 38.İddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi halları və qeyd olunan maddənin dispozisiya şərtlərini nəzərə alaraq kollegiya hesab edir ki, iddianın əsaslı hesab edilməsi üçün müəyyən edilməlidir ki, tərəflər arasında bağlanmış icarə hüquq münasibətlərinə xitam verilmiş, lakin cavabdeh icarəyə götürdüyü obyekti qaytarmamış və nəticədə iddiaçıya zərər dəymişdir.

39. Kollegiya hesab edir ki, hazırki işdə həmin hallar müəyyən edilmir.

40. Belə ki, ilk müəyyən edilməli olan hal tərəflər arasında bağlanmış icarə hüquq münasibətlərinə xitam verilib-verilməməsi ilə bağlıdır.

41. İddiaçı hesab edir ki, icarə müqaviləsinin ləğv edilməsi barədə cavabdehə göndərdiyi ərizə xx.xx.2022-ci tarixdə cavabdeh tərəfindən qəbul edildiyinə görə tərəflər arasında bağlanmış icarə müqaviləsinin 8-ci bəndinə əsasən həmin tarixdən icarə müqaviləsi ləğv edilmişdir.

42. Məhkəmə kollegiyası həmin dəlilləri əsasız hesab edir.

43. Belə ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin 3-cü bəndinə görə icarə müddəti xx.xx.2020-ci ilədək müəyyən edilir və onun bitməsinə 1 (bir) ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha 1 (bir) il müddətinə uzadılmış hesab edilir.

44. Müqavilənin 8-ci bəndində isə müəyyən edilmişdir ki, müqavilənin ləğv edilməsi tərəflərin 1 ay qabaqcadan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir.

45. Hazırki işin halları da ondan ibarətdir ki, xx.xx.2022-ci il tarixə 1 ay qalmış tərəflər icarə müqaviləsinin pozulmasına dair heç bir təklif irəli sürməmişlər. Belə olan halda isə icarə müddəti daha 1 il müddətinə, yəni xx.xx.2023-cü il tarixədək uzadılmışdır.

46. Eyni zamanda, tərəflər arasında bağlanmış müqavilədə icarə müddəti bitənədək müqavilənin vaxtından əvvəl ləğv edilməsi qaydası müəyyən edilməmişdir.

47. Mülki Məcəllənin 689.1 və 704.1-ci maddələrinin birgə təfsirindən də müəyyən edilir ki, icarə müqaviləsi üzrə müddət müəyyən edilibsə, icarə hüquq münasibətlərinə həmin müddət bitdikdə xitam verilir.

48. Eyni zamanda, tərəflər arasında bağlanmış müqavilənin 8-ci bəndindəki qayda dəqiq müəyyən edilməmiş və həmin qaydanın müqavilənin 3-cü bəndinə və ya müqavilənin vaxtından əvvəl ləğv edilməsi hallarına aid olması konkret göstərilməmişdir.

49. Kollegiya hesab edir ki, müqavilənin 8-ci bəndində müəyyən edilən şərt müqavilənin vaxtından əvvəl ləğv edilməsinə əsas vermir.

50. Belə ki, həmin bənddə müəyyən edilən şərt mahiyyət etibarı ilə Mülki Məcəllənin 417.1-ci maddəsində göstərilən müqavilənin standart şərtlərinə aiddir. 51.Müqavilənin 3-cü bəndində müəyyən edilən şərt isə müfəssəl şərtləndirildiyinə görə Mülki Məcəllənin 417.2-ci maddəsinə əsasən müqavilənin standart şərtləri sayılmır. 52.Mülki Məcəllənin 417.3-cü maddəsində də təsbit edilmişdir ki, tərəflərin bilavasitə razılaşdırdıqları şərtlərə standart şərtlərə nisbətən üstünlük verilir.

53. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçının istinad etdiyi hallar əsassızdır və tərəflər arasında bağlanmış icarə müqaviləsi xx.xx.2022-ci tarixdə ləğv edilməmişdir. 54.Ona görə də, cavabdehlə bağlanmış müqaviləyə əsasən icarə hüquq münasibətləri davam etmiş və cavabdehin icarə obyektini geri qaytarmaq öhdəliyi yaranmamışdır. 55.Belə olan halda isə iddiaçıya zərər dəyməsi istisna edilir və iddiaçı tərəfindən təqdim edilmiş ilkin müqavilə və s. sübutlara qiymət verilməsinə zərurət yoxdur.

56. Eyni zamanda, işin mübahisəsiz hallarına görə iddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixdə xəbərdarlıq göndərilərək, icarə müqaviləsinin müddətinin uzadılmayacağı barədə xəbərdarlıq edilmiş, icarə sahəsinin xx.xx.2023-cü il tarixədək boşaldılması tələb edilmiş, cavabdeh tərəfindən iddiaçıya göndərilmiş cavab məktubunda görünür ki, icarə obyektinini boşaldılması üçün xx.xx.2023-cü il tarixədək möhlət verilməsi xahiş edilmiş, icarə obyekti xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən boşaldılmış və həmin tarixə qədər tərəflər arasında bağlanmış müqavilə üzrə müəyyən edilən icarə haqqı tam olaraq iddiaçıya ödənilmişdir.

57. Bu baxımdan kollegiya hesab edir ki, maddi zərərin ödənilməsi barədə iddia rədd edilməlidir.

58. Mənəvi zərərin tutulması barədə tələblərə dair kollegiya qeyd edir ki, Mülki Məcəllədə mənəvi zərərin ödənilməsi məsələlərini birbaşa müəyyən edən normalar mövcud deyil.

59. Bununla yanaşı “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarında həmin məsələlərə aydınlıq gətirilmişdir.

60. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli Qərarında göstərilmişdir ki, qanunverici bir sıra normativ hüquqi aktlarda maddi zərərlə yanaşı mənəvi zərərin mövcudluğunu qəbul edir və belə zərəri yetirən şəxsin məsuliyyətini nəzərdə tutur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 7.0.36, 57, 60-cı, Əmək Məcəlləsinin 290-cı, «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Qanunun 12-ci maddələrində və digər qanunlarda mənəvi ziyanın ödənilməsi barədə müddəalar vardır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» qanunun 12-ci maddəsində istehlakçıların bu qanunda nəzərdə tutulan hüquqları istehsalçı (icraçı, satıcı) tərəfindən pozularsa, istehlakçıya dəyən mənəvi ziyanın təqsirkar tərəfindən ödənilməsi nəzərdə tutulmuşdur...Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.

61. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli Qərarında isə göstərilmişdir ki, mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir... Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər...Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir...Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

62. Beləliklə, qeyd olunan Qərarlarda əks olunan hüquqi mövqelərə görə mənəvi zərərin ödənilməsi barədə iddia ya qanunvericilikdə birbaşa göstərilən hallarda, ya da deliktlərdən irəli gələn tələblərdə irəli sürülə bilər.

63. Müqavilə öhdəliklərinin pozulması isə delikt hesab olunmur, həmçinin qanunvericilikdə hər hansı müqavilə (istehlakçı ilə bağlanmış müqavilələr istisna olunmaqla) və ya icarə müqaviləsi üzrə öhdəliklərin pozulmasına görə mənəvi zərərin ödənilməsi nəzərdə tutulmamışdır.

64. Ona görə də, həmin tələblər özü-özlüyündə əsassız olduğuna görə sübutlar araşdırılmadan rədd edilməlidir.

65. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

66. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1085/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçının çəkdiyi məhkəmə xərcləri onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar